Uydurma erməni soyqırımına “inanan” şəxslərdən biri də misirli araşdırmaçı Məhəmməd Rüfətdir.
İsgəndəriyyə Universitetinin professoru Məhəmməd Rüfət “Misirdə Erməni Cəmiyyətinin tarixi” (1999), “Osmanlı dövlətində Erməni məsələsi: 1878-1923” (2002), “Ermənilər Misirdə 1896-1961” (2003), İnsan irqinin məhv edilməsi: Soyqırım konvensiyasına hazırlıq çərçivəsində tutarlı sənədlər əsasında iş: 1946-1948” (2007), “Son etiraz: XX əsrin soyqırımı” (2010) və ərəb dilində yazılmış digər əsərlərin müəllifidir.
Ermənilərin tarixinə olan böyük marağı nəticəsində demək olar ki, bütün araşdırmalarını ermənilərə tarix yazmağa həsr edən bu şəxs ciddi-cəhdlə dünyanı olmayan bir hadisəyə 1915-ci il “soyqırımı”na inandırmağa çalışır.
Bu məqaləni Məhəmməd Rüfətin araşdırmalarında rast gəldiyimiz yanlış tezislərdən bəzisinin təkzibi üzərində qurmuşuq.
1-ci tezis: Ermənilər Osmanlı imperiyasının tərkibində azadlıq tələb etməmiş!!! Sadəcə olaraq daxili islahatlar arzusunda olmuşlar. Bitlis, Ərzurum, Van, Harbut, Sivas, Diyarbəkirin bir hissəsi isə “6 erməni vilayəti” kimi qələmə verilir.
XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə qədər Osmanlı dövlətində yaşayan ermənilərin təşkil olunmuş, sistemli, separatçı şüarlarla müşayət olunan çıxışlarına təsadüf olunmur, lakin qeyd olunan dövrdə “şərq məsələsi”nin gündəmə gəlməsi, Rusiya, İngiltərə, Fransa və Avstriyanın (1867-ci ildən Avstriya-Macarıstan) osmanlı ərazilərini ələ keçirmək uğrunda apardıqları mübarizənin kəskinləşməsi vəziyyəti dəyişdi. Qeyd olunan dövlətlər, həmçinin regionda özünə yer almağa çalışan ABŞ, öz niyyətlərini reallaşdırmaq üçün osmanlı təbəələri olan xristianlardan, o cümlədən ermənilərdən, bir vasitə kimi istifadə edirdilər.
Rusiya İstambulu ələ keçirmək arzularını XIX əsrdə də yaşadırdı. Qeyd olunan əsrin ilk onilliklərində Cənubi Qafqazı ələ keçirən çar hökuməti, Osmanlının şərq vilayətlərinə də sahib olmağa can atırdı. Bu məqsədlə bu ərazilərdə, xüsusilə Ərzrum, Sivas, Diyarbəkr, Van, Bitlis və Harput vilayətlərində yaşayan ermənilər arasında təbliğat aparılır, onlar osmanlı hökumətinə qarşı çıxışlara təhrik edilir, qeyd olunan vilayətlərə münasibətdə “Qərbi Ermənistan”, “Türkiyə Ermənistanı” kimi ifadələrdən istifadə olunurdu. Ermənilərin Balkan mənşəli olmalarını və bu ərazilərə miqrasiya nəticəsində gəlmələrini unudanlar, onları əsassız olaraq regionun avtoxtonları hesab edir, ermənilərin saxta məlumatlarına əsaslanaraq, şərq vilayətləri əhalisinin tərkibində ermənilərin həmişə üstünlüyə malik olduqlarını iddia edirlər. Şübhəsiz ki, daha ciddi tarixi faktlar bunun əksini sübut edir. Məsələn, erməni patriarxlığı 1895-1896-cı illərdə altı şərq vilayətində 1.053.992 nəfər erməninin yaşadığını, Osmanlı hökuməti bu rəqəmin 564.774 nəfərə, hökumətin tapşırığı ilə statistik məlumatlar toplamış Vital Kuinet 668.917 nəfərə, ingilis H.F.B. Linch isə 601.573 nəfərə bərabər olduğunu bildirirdilər (Bax: Гюрюн К. Армянское досье. с. 128). Oxşar vəziyyət sonrakı illərdə də təkrarlanırdı. Bəli, erməni saxtakarlığı göz qabağındadır və Ərzrum, Sivas, Diyarbəkr, Van, Bitlis və Harputu erməniləşdirməyə çalışanların bunu nəzərə almaları yaxşı olardı.
2-ci tezis: Ermənilərin islahat tələbləri Osmanlı imperiyasının səhlənkarlığı ucbatından həyata keçirilməyib, sırf buna görə Erməni ziyalıları “ermənilərin gələcəyi üçün” Rusiyadan kömək istəyiblər.
1856-cı ildə Osmanlı dövlətində islahatlar haqqında fərman verildi, etnik və dini azlıqların hüquqlarını genişləndirmək istiqamətində tədbirlər həyata keçirildi. Ermənilər hökumətin yaratdığı bu əlverişli vəziyyətdən istifadə edərək, Erməni Konstitusiyası hazırladılar və ermənilərin dini, mülki və mədəni həyatını tənzimləyən bu konstitusiya 1863-cü ildə sultan tərəfindən də qəbul edildi. Türkiyəni despotizmdə, islahatlar yolu seçməməkdə günahlandıranlar nəzərə almalıdırlar ki, nə Rusiya, nə İngiltərə, nə də Osmanlını parçalamağa çalışan digər iri dövlətlər özlərinə tabe etdikləri etnik azlıqlara münasibətdə belə bir addım atmamışdılar. Erməni tarixçisi L. Nalbandyan bu konstitusiyaya belə qiymət verirdi: “…konstitusiya Türkiyədə xalq təhsilinin əsasını qoydu, liberal ideyaları yayan ədəbi intibahın meydana gəlməsinə kömək etdi və son nəticədə, osmanlı idarəçiliyinə qarşı müxalifətin güclənməsinə gətirdi” (Bax: «Армянский геноцид». Миф и реальность. с. 133).
Qeyd olunan müxalifət, milli ideyaya deyil, daha çox xaricdəki himayədarlarına bağlı idi. Məsələn, XIX əsrin 60-cı illərinin əvvəllərində Zeytun rayonunda əhalini üsyana çağıran Hovakim maliyyə dalınca Rusiyaya gedərkən ələ keçmiş və edam edilmişdi. Yenə bu rayondakı iğtişaşların iştirakçısı, özünü sonuncu Kilikiya sülaləsinin varisi hesab edən Levon adlı frıldaqçı kömək üçün Fransa hökumətinə müraciət emişdi. Zeytunda baş vermiş iğtişaşlara toxunan L. Nalbandyan qeyd edirdi ki, “…Zeytun üsyanı Konstantinopoldakı, 1860 və 1861-ci illərdə Rusiyadan Türkiyə paytaxtına gəlmiş Mikael Nalbadyanın təsir göstərdiyi müəyyən erməni ziyalıları ilə birbaşa əlaqədar idi. (Bax: «Армянский геноцид». Миф и реальность. с. 134-135).
XIX əsrin 60-cı illərindən başlayaraq Osmanlı dövlətinin şərq vilayətlərində yaşayan ermənilər arasında gərginliyin artması bilavasitə çar Rusiyasının təxribatları ilə bağlı idi. Hələ 1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında imzalanmış Küçük Qaynarca sülh müqaviləsinə əsasən sonuncu Osmanlı ərazisindəki xristian əhalini himayə etmək hüququ almışdı. Buna oxşar müddəalar iki dövlət arasında imzalanmış sonrakı müqavilələrdə də yer almışdı və Rusiya bundan Osmanlının daxili işlərinə qarışmaq üçün məharətlə istifadə edirdi.
Osmanlı dövlətinin daxilində isə ermənilərin hökumətə qarşı çıxmaları üçün əlahiddə bir səbəb yox idi, əksinə digər etnoslarla müqayisədə onlar hətta müəyyən üstünlüyə malik idilər. Erməni Konstitusiyası ermənilərin ictimai-mədəni həyatda fəal iştirakını təmin edirdi, onların iqtisadi imkanları kifayət qədər yüksək qiymətləndirilirdi. Fransız müəllif Marsel Leartın XIX əsrin ortalarına aid olan məlumatları deyilənləri sübut edir: Anadoludakı 166 sahibkardan 141 nəfəri erməni, 13 nəfəri türk, 9800 nəfər köşk sahibi və sənətkardan 6800 nəfəri erməni, 2550 nəfəri türk, xarici ticarətlə məşğul olan 150 nəfərdən 127 nəfəri erməni, 23 nəfəri türk, 153 nəfər sənayeçidən 130 nəfəri erməni, 20 nəfəri türk, 37 nəfər bankirdən 32 nəfəri erməni idi. Burada 2088 nəfər müəllimi və 81226 nəfər şagirdi olan 803 erməni məktəbi fəaliyyət göstərirdi (Bax: Гюрюн К. Армянское досье. с. 102).
Bütün bunlara baxmayaraq, erməni xəyanətkarlığı öz işini görür, çar Rusiyasının planlarına uyğun olaraq Osmanlıya arxadan zərbə vurulurdu. İngiltərənin Anadoludakı baş konsolu C.V. Vilson 1880-ci il iyunun 16-da İstambuldakı ingilis səfiri Georg Gosçenə göndərdiyi gizli məktubda ermənilərin qriqorian, katolik və protestant olaraq üç məzhəbə bölündüklərini və bir-biri ilə rəqabət apardıqlarını, onların son dərəcə qarışıq xarakterli, kəndli ermənilərin ağır başlı, tutumlu, çalışqan və qazanc düşkünü, eyni zamanda elmsiz, əxlaqsız, fanatik, dar görüşlü olduqlarını, elmə və tərəqqiyə qarşı çıxan, cahil, savadsız və şəhvət düşkünü olan keşişlərin təsiri altına düşdüklərini bildirirdi. İngilis konsul ermənilərin Rusiyaya meylləndiklərini, lakin İngiltərənin onlara pul qazanmaq üçün şərait yaradacağı təqdirdə Rusiyaya olan rəğbətin aradan qalxacağını xüsusi olaraq vurğulayırdı”. İngilis diplomatlar Rusiyanın Osmanlı təbəəsi olan ermənilər arasında təbliğat apardığını da diqqətdən qaçırmırdılar: 1876-cı ildə “yüksək vəzifə tutan bir erməni ingilis səfiri cənab Henri Elliota, erməni toplumu arasında təbliğat aparanın Rusiya olduğunu söyləmişdi” (Bax: Salahi R. Sonyel. Osmanlı devletinin yıkılmasında azınlıkların rolü. Ankara, 2014, s.334-335). Bəli, Osmanlı dövləti özünün şərq sərhədlərində çox təhlükəli qüvvələrlə üzləşmişdi: bir tərəfdə hər şeyi hərb, diversiya, təxribat yolu ilə həll etməyə çalışan çar Rusiyası, digər tərəfdə cahil, pul düşgünü, müstəqil fikri olmayan, başqalarının əlində alətə çevrilən ermənilər. Bu iki qara qüvvənin birləşməsi isə daha təhlükəli idi.
3cü tezis: Ermənilər öz məsələlərinin sülh yolu ilə həll olunmadığını görüb məcburiyyətdən üsyan etdilər.
XIX əsrin sonlarından başlayaraq, ermənilər əsas mübarizə vasitəsi kimi terrordan geniş istifadə edirlər. Onlar saxta və mifik iddialara əsaslanaraq “Böyük Ermənistan” yaratmaq naminə günahsız insanları məhv etməkdən çəkinmirdilər və bu gün də bu yolu davam etdirirlər. Avstriya tarixçisi Erik Fayql “Erməni mifomaniyası” əsərində yazır “…erməni terrorizminin kökləri tarixə səhv baxışlar üzərində qərar tutur… Müasir erməni terrorçularının özünəməxsusluğu ondan ibarətdir ki, tarix (daha doğrusu onların tarixə olan öz baxışları) onlar üçün yeganə səbəbdir” ( Bax. Мархулиа Г. Нуриева Ш. «Многострадальная Армения»: мифы и реальность, Баку, 2011, c. 9-10).
1887-ci ildə Cenevrədə erməni tələbələri tərəfindən yaradılmış “Hnçaq” partiyasının proqramında deyilirdi: “İnqilabi hökumət qarşıya qoyulan məqsədlərə çatmaq üçün aşağıdakı metodlardan istifadə etməlidir: təbliğat, təşviqat, terror, təxribatçı qruplar yaratmaq. Türkləri, kürdləri istənilən şəraitdə öldürmək, öz məqsədlərinə xəyanət edən ermənilərə heç vaxt aman verməmək, onlardan qisas almaq” ( Bax. Мархулиа Г. Нуриева Ш. «Многострадальная Армения»: мифы и реальность, c. 102). Nəzərə almaq lazımdır ki, bu, erməni tələbəsinin, “ziyalısının” düşüncə tərzi idi. Ermənilərin digər partiyaları da terroru, talanı əsas mübarizə vasitəsi kimi seçmişdilər. Bu sahədə Daşnaksütyun partiyasını xüsusi qeyd etmək lazımdır.
4-cü tezis: Osmanlı İmperiyası 1894-1896-cı illərdə repressiyalara və sürgünlərə əl atdı. Bunun nəticəsində minlərlə erməni həlak oldu. Neçə min erməni isə ərəb dövlətlərinə, Rusiya carlıgına, Balkanlara, Avropaya və Amerikaya sürgün olundu.
Xaricdən himayə olunan bu terrorçu təşkilatlar XIX əsrin 90-cı illərində Osmanlı dövlətinin daxilində qarışıqlıq yaratmağa, etnik zəmində iğtişaşlar törətməyə və beynəlxalq aləmin diqqətini cəlb etmək üçün bundan təbliğat vasitəsi kimi istifadə etməyə çalışırdılar. 1895-1896-cı illərdə vəziyyət son dərəcə təhlükəli xarakter almışdı. İstambuldakı ingilis səfiri bildirirdi ki, “Erməni komitələri yeni qırğın törətməkdə qərarlıdırlar, müxtəlif yerlərdə üsyan hazırlıqları haqqında söhbətlər gəzir” (Bax: Гюрюн К. Армянское досье. с. 102). 1995-ci il ərzində ermənilər Merzifonda, Amasyada, Trabzonda, Ərzincanda, Ərzrumda, Diyarbəkrdə, Xarputda, Maraşda və s. yerlərdə insan ölümü ilə müşayət olunan iğtişaşlar törətmişdilər. 1896-cı il avqustun 26-da daşnakların Osmanlı bankı üzərinə təşkil etdikləri hücum erməni terrorunun getdikcə genişlənməsindən xəbər verirdi.
5-ci tezis: Erməni üsyankarları öz strategiyalarını dəyişdi, Əbdülhəmid rejimini devirmək üçün “Türk Gəncləri” qrupu ilə birləşdilər. Beləliklə, 1908-ci il iyulun 24-də çevriliş oldu.
1905-ci il iyulun 21-də daşnaklar sultan Əbdülhəmidə qarşı uğursuz sui-qəsd həyata keçirdilər. Avtomobilə qoyulan bomba sultanın gəlişindən tez partlamışdı. Terrorçular sultan tərəfindən əfv olunmuşdular. Erməni terroru 1908-ci ildə “Gənc türklərin” Osmanlı dövlətində hakimiyyətə gəlməsindən sonra da davam etmişdi.
6-cı tezis: 1915-ci ilin fevralında Osmanlı dövləti Erməni soyqırımını həyata keçirməyi qərara aldı. Həmin ilin martında ermənilərin əsas müqavimət mərkəzlərini dağıtmaq qərarına gəldi. 1915-ci ilin aprelin 24-də axşam vaxtı 200-dən artıq intellektual erməniləri yığaraq hamısını öldürdülər. Buna görə də mayda ermənilərin ruslara kömək etdiklərini bəhanə edərək onları xəyanətdə günahlandırdı və yerli dinc və silahli əhalini onlardan qorumaq adı ilə erməniləri öz vətənlərindən deportasiya etmək qərarı alındı. 1915-ci ildə ermənilər 3 min ildən artıq yaşadıqları Anadolu və Kilikiya torpaqlarından bir dəfəlik deportasiya olundular. Ermənilərin deportasiya edilməsinin səbəbi onların xəyanət etmələri deyildi, bu sadəcə bir bəhanə idi. Ermənilərdən azad olmaqla Osmanlı imperiyası Qafqaza regionuna və Xəzər dənizinə Osmanlı imperiyasının və digər türk xalqlarının sahib olmasını planlamışdı.
Birinci dünya müharibəsi illərində ermənilərin xəyanətkarlığı bütün detalları ilə üzə çıxdı. Osmanlı təbəəsi olaraq, Türkiyə ilə müharibə vəziyyətində olan Rusiyaya yardım etmək xəyanətdən başqa bir şey deyildi. Erməni partiyaları Türkiyənin düşmənləri ilə gizli əlaqələr qurur, təxribatlar hazırlayırdılar. Bunu nəzərə alan Osmanlı daxili işlər naziri 1915-ci il aprelin 24-də İstanbul və digər böyük şəhərlərdəki erməni komitələrini dərhal bağlamaq, onların rəhbərlərini həbs etmək, sənədlərini ələ keçirmək barədə əmr verdi. Həmin gün 600 nəfər həbs olunmuş, sonradan onların bəziləri mühakimə olunsa da, əksəriyyəti sərbəst buraxılmışdı. Buna baxmayaraq, ermənilər öz xəyanətlərindən əl çəkməmişdilər. Van hadisələri bunu aydın şəkildə sübut edir.
Amerika tarixçisi Stenford Şou qeyd edir ki, 1915-ci ilin aprelində “Rusiyanın Qafqaz ordusu Van istiqamətində hücuma başlayır. Bu orduya çoxlu sayda erməni könüllüləri daxildir… Aprelin 28-də İrəvandan hərəkətə başlamış… mayın 14-də onlar Vana çatmış və növbəti iki gün ərzində yerli müsəlman əhalinin kütləvi qırğınını həyata keçirmişlər… Vanda rusların müdafiə etdikləri erməni dövləti yaradılmışdı… Bu faciəli hadisələrə qədər Van şəhərinin erməni əhalisi 33.789 nəfər, yəni bütün əhalinin cəmi 42%-ni təşkil edirdi”. Digər tarixçi Valiy bu hadisəni belə şərh edir: “1915-ci ilin aprelində erməni inqilabçıları Van şəhərini ələ keçirdilər və orada Aram və Varelunun komandanlığı altında erməni qərargahı yaratdılar… mayın 6-da, rayon müsəlmanlardan tamamilə təmizləndikdən sonra, onlar şəhəri rusların üzünə açdılar”. 1915-ci il mayın 18-də rus çarı “sədaqətlərinə görə Vanın erməni əhalisinə təşəkkür etmiş və Aram Manykyanı Vanın rus qubernatoru təyin etmişdir. İyulda türk ordusu Vanı işğaldan azad edərkən, 200 min erməni geri çəkilən ruslarla birlikdə Zaqafqaziyaya qaçmışdılar. (Bax. Малевил Ж. Армянская трагедия 1915 г. Баку, 1990, с. 22-23).
Belə xəyanətlərin qarşısını almaq məqsədilə, Osmanlı hökuməti erməniləri şərq vilayətlərindən dövlətin digər ərazilərinə köçürmək barədə qərar qəbul edir və təxminən 700 min nəfər köçürməyə məruz qalır. Köçürmə prosesində ermənilərin bir hissəsi, təxminən 300 min nəfər müxtəlif səbəblərdən həyatlarını itirmişlər. 1915-ci ildə 1,5 mln. erməninin qəsdən öldürülməsi barədə iddiaların heç bir əsası yoxdur, çünki müharibə ərəfəsində Türkiyədə, xarici mənbələrin məlumatına görə təxminən 1,3 – 1,5 mln. nəfər erməni yaşamışdı (Bax: Гюрюн К. Армянское досье. с. 114-115). Ermənilərin itkisindən danışarkən, türklərin itkilərini unutmaq olmaz. Müharibə illərində hərbi əməliyyatlar zamanı təxminən 550-600 min nəfər türk ölmüşdü. Bundan başqa, 2 mln. nəfərdən çox mülki türk əhalinin həyatına aclıq və xəstəliklər, erməni və yunan dəstələrinin quldur basqınları nəticəsində son qoyulmuşdu (Bax: Гюрюн К. Армянское досье. с. 271).
Bütün bunlar Türkiyəyə qarşı əsassız, daha çox siyasi məqsədlə irəli sürülən “soyqrım” iddialarının saxta olduğunu sübut edir.
7-ci tezis: Mustafa Kamalın dövründən isə (1918) ermənilər Anadolu bölgəsindən, 6 erməni vilayətindən və Klikiyadan çıxarıldı. Özlərinə “Vətən bölünməz” şüarını seçməklə erməni torpaqlarını qəsb etdilər.
Müharibədən sonrakı dövrdə yüz minlərlə erməni, Mustafa Kamal Atatürkün banisi olduğu Türkiyə Cümhuriyyətində yaşamış, bütün vətəndaş hüquqlarından istifadə etmiş və bu vəziyyət bu gün də davam edir.
Məqalənin yazılmasında istifadə olunan ərəbdilli mənbələri təqdim etdiyinə görə Samirə Səfərovaya minnətdarlığımızı bildiririk.
Aqil Şahmuradov
xüsusi olaraq 1905.az üçün