1905.az portalının bu dəfəki həmsöhbəti tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlıdır.
– Məhərrəm müəllim, bizim tarix elmi erməniliklə qonşu olmağımızın bütün təzahürlərini araşdıra və Qarabağ savaşından sonrakı mövcud boşluqları doldura bilibmi?
– Adətən biz çar Rusiyası dövründəki təqdiqatlardan danışmırıq. Bu mövzular o dövrdə qadağan olunduğundan araşdırılmayıb. Sovet dövrünün ən böyük saxtakarlıqlarından biri də dostu düşmən, düşmənin isə dost kimi təqdim edilməsi olub. Məsələn, 1918-ci ilin mart soyqırımını törədən insanlar bizə qəhrəman kimi təqdim ediliblər. Guya bu soyqırım bizim xoşbəxt gələcəyimiz üçün törədilib. Qafqaz İslam Ordusunu isə düşmən kimi tanıtdırmağa çalışıblar. Yəni biz araşdıranda bunlardan başlamalıyıq.
Mən tarixçi kimi sizin saytın adını görəndə bildim ki, burada bizim üçün çox gərəkli mövzular araşdırılmaya bilməz. Bizim qondarma erməni soyqırımına əks arqument gətirə biləcəyimiz materiallara ehtiyacımız var.
Əsas faciələrimiz 1828-ci il Türkmənçay müqaviləsindən sonra, ermənilərin köçürülməsi ilə başlayıb. Bura köçürülən ermənilər çar Rusiyası dövründə böyük güzəştlərə malik idilər. Ermənilərin müsəlmanlara qarşı yönləndirilməsinin əsas səbəbkarı çar Rusiyası olub. Bakıda baş verən hadisələrə diqqət edək. 1904-cü ildə baş verən hadisələrə baxsaq, görərik ki, həmin ildə “Mazut konstitusiyası” imzalanıb. Bu neft-mədən sahibkarları ilə fəhlələr arasında olan müqavilə idi. Müqaviləyə görə burjuaziya fəhlələr qarşısında bir çox öhdəlikləri yerinə yetirməyə söz verir. Bilirsiniz ki, 1905-ci il fevralın 6-9-da 3 gün Bakıda müsəlman erməni qırğını törədilib. Məsələn, bolşevik təbliğatı bu qırğının fəhlə hərəkatını daxildən parçalamaq məqsədilə törədildiyini deyirdi. Amma biz 1905 və 1918-ci illəri müqayisə etsək görərik ki, bu qırğınların mənbəyi əslində eyni yer və səbəbdir. Bakıda törədilən 3 günlük qırğına çar jandarmı müdaxilə etməmişdi. Burada məqsəd hər iki xalqa “çar olmasa, bir-birinizi qırarsınız” “məntiq”ini göstərmək idi. Əsas məsələ isə təbii ki, müsəlman əhalinin gözünü qorxutmaq olub. Hər iki qırğını müqayisə etsək, görərik ki, məsələn, Şamaxıda Stepan Lalayan ən vəhşi qırğın törədən şəxlərdən biri olub. Hətta Məşədi Əzizbəyov Nəriman Nərimanova bu hadisələri ağlaya-ağlaya danışır və deyirmiş ki, ömründə belə dəhşət görməyib. Əlbəttə, bunların arxasında da çar Rusiyası dayanırdı. Amma 1918-ci ildə çar Rusiyası yox idi axı. 1917-ci ildə hakimiyyətə gələn Müvəqqəti hökumət vacib olan məsələləri həll edə bilmirdi. Torpaq məsələsini və milli məsələni. Bolşeviklər isə bilirsiniz ki, boşluqlardan istifadə etməyi məharətlə bacarıblar. Populist şüarlarla. 1917-ci il fevral burjua inqilabi ölkədə nisbətən demokratik mühit yarada bilmişdi. Noyabrda Müəssislər Məclisinə seçkilərdə Müsavat partiyası qalib gəldi. Deməli, artıq Müvəqqəti hökumətin yaratdığı şəraitdə milli partiyalar, milli və siyasi şüur inkişaf edirdi. Bakı kimi zəngin bir şəhərə sahib olmaq əlbəttə hər kəsin arzusu idi. Burada isə maneə milli qüvvələr idi. Deməli, soyqırım məsələsi hökumətdə boşluq yaşanan kimi reallaşmağa başlayırdı. 1918-ci ilin mart hadisələrini və 1988-ci ildən sonra ermənilərin Qarabağda törətdiklərini müqayisə edin. Hər iki hadisə hakimiyyətdə boşluq yaranan ərəfədə baş vermişdi.
– Amma Qarabağ məsələsini ermənilər dəfələrlə ortaya atmışdılar…
– Bəli, hər dəfə də hakimiyyətdə boşluq, zəiflik meydana çıxanda. 1918-ci il hadisələri zamanı çar devrilmişdi, hakimiyyət zəif idi. Ermənilər də bundan istifadə edib qırğın törətmişdilər. Digər boşluq 1946-cı ildə yaranmışdı. Ermənilər Stalinə müraciət edərək Qarabağın Azərbaycandan ayrılıb Ermənistana verilməsini ortaya atmışdılar. Bu dövrdə Mir Cəfər Bağırovun xidmətləri danılmazdır. Məhz onun sayəsində Borçalı və Ermənistanda Əzizbəyov rayonu məsələsi qaldırılmışdı. Xruşşovun dövründəki daxili siyasətdə müəlayimləşmə zamanı Qarabağ məsələsi qalxanda, o, çox gözəl cavab verərək demişdi ki, ermənilərə geriyə-Ermənistana qayıtmaları üçün istədikləri qədər yük maşını verməyə hazırdır. Heydər Əliyevin dövründə – 1969-1982-ci illərdə bir dəfə də olsun torpaq iddiası məsələsi ortaya atılmamışdı. Çünki hakimiyyət kifayət qədər güclü idi.
– 1905-ci il hadisələri zamanı azərbaycanlılar arasında təşkiatlanma prosesi getdi. “Difai” partiyası yarandı və hadisələrin qarşısının alınmasında, ermənilərə layiqli cavab verilməsində böyük rol oynadı. 1917-ci ildə isə Müsavat seçkilərdə qalib gəldi. Yəni təşkilatlanma davam edirdi. Amma 1905-06-cı illərdə “Difai”nin oynadığı rolu hansısa təşkilat öz üzərinə götürə bildimi?
– Təşkilatlanma var idi. Məsələn Milli Ordunun yaranması özü təşkilatlanmanın nəticəsi idi. O vaxt Rusiyada və başqa ölkələrdə oxuyan azərbaycanlılar təhlükəni hiss edib, kitab-dəftərlərini qablaşdıraraq gəlmişdilər Vətənə. Yəni artıq Bakıda təhlükəni görən qüvvələr soyqırımın qarşısını almaq üçün təşkilatlanmanın vacib olduğunu görə bilirdilər. Məsələn, Talışınskinin rəhbərliyi ilə Milli Ordu yaradılmasına başlandı. Çəmbərəkənddə. Şaumyan könüllülərin sayının artdığını gördü və Bakı Soveti qərar verdi ki, bu proses dayandırılsın. Bundan sonra Milli Ordunun yaranması prosesi Lənkəranda davam etdi. O zaman varlı təbəqənin nümayəndələri, o cümlədən Hacı Zeynalabdin Tağıyevin oğlu da bu dəstələrə qoşulmuşdu. Mart qırğınının törədilməsində bəhanə də elə Lənkəranda Milli Orduda Tağıyevin oğlunun təsadüf nəticəsində həlak olması oldu. Bilirsiniz ki, o vaxt müsəlmanlar orduya çağırılmırdılar. Lakin görəndə ki, orduda boşluqlar var başladılar müsəlmanları da orduya çağırmağa. Bu ordunun adı “Vəhşi (dikaya) diviziya” idi. Bizim Milli Ordunun özülünü orada xidmət edən müsəlmanlar təşkil edirdilər. General Talışınski diviziyanın rəhbərlərindən biri idi. Həmin əsgərlər Bakıya “Evelina” gəmisində Tağıyevin oğlunun cənazəsini gətirəndə Bakı Sovetinin dəstəsi gəmini mühasirəyə alıb bu adamları tərk-silah etmək istədi. Bilirdilər ki, onlar tərki-silah olunmayacaqlar və müharibə başlayacaq. Bu bir növ bəhanə oldu.
– Bəs Şamaxı soyqırımına nə təkan verdi?
– 1918-ci il soyqırımı ilk dəfə Şamaxıda başlayıb. Yanvar ayında rus-türk cəbhəsindən rus ordusu silahlarını yığıb Bakıya gəlirdi. Çünki Lenin hakimiyyətə gələn kimi müharibənin dayandırılmasını tələb etmişdi. Rus ordusunun hissələri kəndləri qarət edib, insanları öldürə-öldürə gəlirdi. O vaxt bilirsiniz ki, Zaqafqaziya Seymi var idi. Orada qərar qəbul edildi ki, belə bir qaniçən ordunu Bakıya buraxmaq olmaz. Buna görə də Şəmkir stansiyasında onların qarşısı alındı. Seym ordusu ilə rus ordusu arasında döyüş oldu. Sağ qalanlar da gəldilər Bakıya. Bu, soyqırımının başlanmasına təkan verən hadisələrdən biri olub. Bakıya gələn ordunun əksər üzvləri ermənilər idi. Bundan əlavə Bakıda həm də daşnak ordusu vardı. Bunun qarşısında duracaq ordu olmadığı üçün təcili sürətdə Milli Ordu yaradıldı. Onlar Bakıya gələndən sonra mart ayında 400 erməni əsgəri Şamaxıya qayıdırdı. Bu zaman Müsəlman Komitəsi sadəlövhlüklə Bakıdan Şamaxıya teleqram vurur ki, erməni əsgərlər evlərinə qayıdırlar, onları səmimi qarşlayın. Həmin quldur dəstəsi isə kəndlərdə qırığın törədə-törədə Şamaxıya yaxınlaşırdı. İndiki Bico kəndində onlar yerli əhali tərəfindən müqavimətə rast gəlirlər. Və ilk dəfə həmin kənddə erməni dəstələrindən də yaralananlar və ölənlər olur. Qeyri-rəsmi məlumatlara görə, 400 erməni əsgərindən cəmi 2 nəfər sağ qalır. Bu sözlərin dəqiqliyi müəyyən şübhələr doğurur. Bundan sonra Zaqafqaziya Seyminə dəhşətli qırğınlarla bağlı məlumat daxil olanda Ziyadxanovun rəhbərliyi ilə 110 nəfərlik atlı dəstə Şamaxıya köməyə gəlir. Tiflisdən. Aprelin əvvəlində Şamaxıda 3-cü qırğın başlayır. Və Bakı Kommunası burada da fəal iştirak edir.
Əslində bizə tarixi saxtalaşdırıb təqdim ediblər. Məsələn, 1989-ci ildə Ziya Bünyadovun “ Əfsanə və əfsanə yaradan” məqaləsindən sonra ayıldıq ki, sən demə, heç əslində 26 komissar-filan olmayıb. Vəzirov, Nərimanov komissar olub, amma bizə həmişə 4 komissarı təbliğ ediblər. Biri erməni, biri rus, biri gürcü, biri də azərbaycanlı. Vəzirovun adını ona görə çəkmirdilər ki, o sol eser idi. Əzizbəyov icə əslində heç komissar deyildi. Bəs, 26 komissar rəqəmi necə əmələ gəlib? Bayıl həbsxanasında yemək vermək üçün adi bir siyahı olub – 26 nəfərdən ibarət. Orada Şaumyanın, Əzizbəyovun da adları olub, əlavə başqa şəxslərin də. Həmin şəxsləri Krasnovodska (indiki Türkmənbaşı – red.) aparanda 26 nəfərdən ibarət bir siyahı çıxır. Yəni təsadüfən yaranan bir siyahı sonradan bir bir qəhrəmanlıq nümunəsi kimi təbliğ edilirdi.
– Amma onların 26-nın da adı ensiklopediyalarda var. Soyadları və vəzifələri ilə birgə.
– Amma siz onların Bakıdakı fəaliyyətinə də nəzər yetirin. Axı onların heç bir fəaliyyəti olmayıb.
– İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesindəki Baltaçıoğlu obrazı indiyə kimi yadımızda qalıb… Bu gün bizim tarixçilərimiz yazarların, ssenari müəlliflərinin ixtiyarına zəruri faktları yetərincə verə bilirlərmi?
– Mənim “Qaradağlı faciəsi” kitabım nəşr edilib. Və mən bunu hər yerdə təbliğ edirəm. 1992-ci il fevralın 17-də baş vermiş faciədir bu. Orada bir epizod var. Qaradağlıda Telman Tağıyev adlı qəhrəmanımız olub. Bir kənd yalnız öz qüvvələri hesabına müdafiə olunub. Sonuncu gülləsinə kimi. Ermənilər bir müddətdən sonra kənd sakinlərindən tələb edirlər ki, silahları təhvil verin və kənd əhalisinə toxunmayacaqlar. Guya onlara yalnız kənd lazımdır. Əvvəl müdafiçilər arasında narazılıq olsa da, onlar silahları təhvil verirlər. Lakin Telman Tağıyev cibində bir ədəd qumbara gizlədə bilir. Atası deyir ki, səni bu qumbaraya görə öldürə bilərlər. Ermənilər silahları təhvil alarkən bu qumbara üzə çıxmır. Kənddən çıxarkən onları bəzilərini öldürmək, bəzi kənd sakinlərini isə əsir almaq məqsədi ilə saxlayırlar. Bu zaman Telman Tağıyev ermənilərin dəstə halında olduğu yerə qaçaraq, özünü də oarda olan bütün erməniləri də öldürür. Bu hadisənin şahidləri var. Görün, o bu hərəkəti ilə neçə adamı xilas edib, özü amma şəhid olub.
Biz belə faktlardan istifadə edib filmlər çəkə, sosial çarxlar hazırlaya bilərik. Yəni burada dövlət səviyyəsində sifarişlər olmalı, müəyyən təşkilatçılıq səviyyəsində işlər həyata keçirilməlidir ki, bu faktlarla dünyaya həqiqətimizi çatdıra bilək. Bizə vacib olan məsələlər qalıb kənarda, əyləncə, məişət mövzusunda seriallar çəkməyə vəsait xərcləyirik.
Məsələn, Aqil Abbasın ssenarisi ilə “Dolu” filimin çəkilişindən hər kəsin xəbəri var. Aqil Abbasın ürəyi yanır ki, bu ssenarini yazıb. İnanın ki, o filmin çəkilişləri aparılan ərazilərdə yaşayanlar tank, top görəndə torpaqlarımızın qaytarılacağına inanıblar. Yəni insanlarımızda torpağa qayıtmağa inam, istək var. Məsuliyyətsə hər birimizin üzərinə düşür. Amma səlahiyyətli qurumlar buna dəstək olmalıdır. Ən azı maliyyə cəhətdən.
Aynur Hüseynova
1905.az