1905.az portalının suallarını tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı cavablandırdı.
– Məhərrəm müəllim, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ötən ildən bəri həyata keçirdiyi layihə, Qafqaz İslam Ordusunun bizim könüllülərlə birgə bolşevik-daşnak işğalçılarına qarşı apardığı mübarizənin tədqiqinə həsr olunmuş layihə barədə danışaq.
– Qafqaz İslam Ordusunun Azərbaycan hərbiçiləri ilə birlikdə 1918-ci iin may-sentyabr aylarında göstərdikləri qəhrəmanlıqlarla dolu şərəfli tarixi hər bir azərbaycanlı dərindən öyrənməli və qürur hissi duymalıdır. Bu tarixin dərində öyrənilməsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı (26 mart 1998-ci il), Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” (16 may 2017), “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” (18 yanvar 2018-ci il) sərəncamları və digər sənədlər münbit şərait yaradıb.
AVCİYA bu şərəfli tarixi araşdırmaq və təbliğ etmək üçün 2016-cı ilin oktyabrından “Tariximizin qəhramanlıq səhifəsi – Göyçay döyüşləri” adlı geniş bir layihəyə start verib. Göründüyü kimi bizim assosiasiya Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”\nə hazırlığı hələ 2016-cı ilin oktyabrından başlayıb. Bu şərəfli tarixin yaranmasının əsasını qoyan, müharibənin gedişində əsaslı dönüşün başlağıcı qoyan Göyçay döyüşləri layihəmizin ana xəttini təşkil edir. Layihənin rəhbəri, AVCİYA Prezidenti, Şamaxının millət vəkili, Elxan Süleymanov layihəyə hərtərəfli dəstək verməklə yanaşı, bu işi layiqincə yerinə yetirmək üçün qarşımızda çox ciddi vəzifələr qoymuşdu. Layihə ilə bağlı biz arxiv materialları, müxtəlif kitab və məqalələrdən materiallar toplamaqla yanaşı, şifahi tarixi faktların toplanmasına da böyük önəm verirdik. Layihə çərçivəsində AVCİYA üzvləri Göyçay, Kürdəmir, Ucar, Ağsu, İsmayıllı rayonlarının müxtəlif kəndlərində ezamiyyətdə olmuş, əhalinin yaşlı təbəqəsi ilə söhbətlər etmiş, onlarından müsahibələr götürülmüşdü.
– Bu layihə çərçivəsində iki kitab dərc edilib.
– Bəli, toplanmış materiallar əsasında 2017-ci ilin may ayında “Tariximizin qəhramanlıq səhifəsi – Göyçay döyüşləri” adlı birincı kitabımız işıq üzü gördü. Kitabda 1918-ci ilin iyun-iyul aylarında Göyçay qəzasında düşmənə qarşı ölüm-dirim mübarizəsindən bəhs olunur.
Layihə çərçivəsində 2017-ci ildə “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi- Göyçay döyüşləri ( iyun-iyul 1918-ci il)” kitabı nəşr edilib. 2017-ci il iyunun 30-da Göyçay rayonunun Heydər Əliyev Mərkəzində AVCİYA prezidenti, Şamaxının Millət Vəkili Elxan Süleymanov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Türkiyənin Azərbaycandakı səfirliyinin katibi Abdullah Tüylü və başqa rəsmi şəxslərin iştirakı ilə kitabın təqdimatı keçirildi. Tədbir öncəsi mərasim iştirakçıları əvvəlcə Bığır və Qarabaqqal kəndləri ərazisində 1918-ci ilin iyun döyüşləri zamanı şəhid olmuş türk əsgərlərinin məzarlarını ziyarət edib, abidələri önünə əklil və gül dəstələri qoyublar.
Həmin tədbirdə AVCİYA Prezidenti, Şamaxının millət vəkili, Elxan Süleymanov Göyçay ictimaiyyətinə layihəni davam etdirəcəyimizlə bağlı məlumat verdi.
Bundan sonra tədqiqat işləri davam etdirildi. Bu işdə bizə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin nümayəndələri yaxından köməklik göstərdilər. Məhz onların köməkliyi ilə 1918-ci ilin may-sentyabr aylarında qəhrəmanlıqla şəhid olmuş 900 nəfərdən siyahısını əldə edə bildik. 2017-ci ilin iyunudan başladığımız araşdırmaların nəticəsində bu yaxında, ikinci kitab olan “Göyçay döyüşləri -Türkiyə tarixşünaslığında” kitabı işıq üzü gördü.
İkinci kitab da Göyçayda təqdim edildi. Hacı Rəhim Əfəndi adına Qaraman tam orta məktəbinin 115 illiyinə həsr edilmiş tədbirdə. Qeyd edim ki, Hacı Rəhim Əfəndi tanınmış maarifçi və xeyriyyəçi olub və ötən əsrin əvvəllərində onun səyi ilə Göyçay qəzasında bir neçə rus-tatar məktəbi açılıb. Qaraman kənd məktəbini də 1903-cü ildə o yaradıb. Ötən il həmin məktəbin binası Hacı Rəhim Əfəndinin nəvəsi Elxan Süleymanov tərəfindən yenidən inşa edilib.
– Göyçay döyüşlərinin əhəmiyyətlilik əmsalı çox böyük olub. Bu barədə bir qədər də danışmağınızı xahiş edirik.
Bu ölüm-dirim mübarizəsi zamanı Göyçay uğrundan döyüşdə top, tüfənglə yanaşı əlbəyaxa süngü döyüşü də olub. Bu da mübarizənin necə ağır keçdiyini sübut edir. Özü də bu döyüşlər zamanı qəhrəman əsgərlərimiz silah, sursat, ərzaq sarıdan korluq çəkməklə yanaşı, ən çox əziyyət çəkdikləri problem su problemi, susuzluq idi. Nuru paşa məsələnin ciddiliyini görüb bu məslə ilə bağlı yerli sakinlərə müraciət də etmişdi. Göyçay döyüşü Azərbaycan tarixinin şərəfli, qəhrəmanlıq səhifələrindən biridir. Bu döyüşdəki qələbə ilə düşmənin hücumu dayandırıldı, müharibənin gedişində əsaslı dönüşün başlanğıcı qoyuldu. Müəyyən mənada bu döyüşü dövlətin və millətin taleyində oynadığı rola görə II dünya müharibəsinin gedişində əsaslı dönüş olmuş Stalinqrad vuruşması ilə də müqayisə etmək olar. Miqyasına görə bu iki döyüş arasında çox böyük fərq olmasına baxmayaraq, əhəmiyyətinə görə çox böyük oxşarlıq var. Göyçay döyüşündəki qələbənin böyük strateji, siyasi və beynəlxalq əhəmiyyəti ondan ibarət idi ki, bu qələbə ilə xalqın yenidən soyqırıma məruz qalmasının, Cümhuriyyətin beşikdəcə boğulmasının qarşısı alındı. Bundan başqa bu döyüşlə Bakının düşməndən azad olunmasının və Azərbaycan Xalq Cümhuriyyətinin dünya ölkələri tərəfindən tanınmasının əsası qoyuldu.
– Türkiyə tarixşünaslığında Göyçay döyüşləri ayrıca deyil, digər hadisələrlə birlikdə araşdırılıb. Türkiyəli araşdırmaçılar daha çox hansı məqamlara diqqət yetiriblər?
– Türkiyə tarixşünaslığında Göyçay döyüşləri ayrıca deyil, digər hadisələrlə birlikdə araşdırılıb. Lakin qardaş ölkə tarixşünaslğında bu hadisələrin “Göyçay döyüşləri”, “Göyçay müharibələri” başlığı altında verilməsi qardaş Türkiyə tarixçilərinin bu mövzuya necə həssaslıqla yanaşdığını sübut edir.
“Göyçay döyüşləri”nə aid mövcud Azərbaycan və Türkiyə tarixşünaslığının oxşar və fərqli cəhətləri var. Oxşar cəhətlər ondan ibarətdir ki, hər iki tarixşünaslıqda mövzuya çox böyük həssaslıqla, obyektiv yanaşılıb. Fərqli cəhətlər isə ondan ibarətdir ki, bu mövzu kommunist rejimi imkan vermədiyindən Azərbaycanda əsasən XX əsrin sonlarında başlanan milli-azadlıq hərəkatı və müstəqilliyin bərpasından sonra tədqiq olunmağa başlanıldığı halda, qardaş Türkiyədə hadisələrin baş verdiyi dövrdən başlayaraq tədqiq edilib.
Göyçay döyüşləri ərəfəsi regionun ictimai-siyasi vəziyyəti araşdırarkən məlum olur ki, Azərbaycan tarixçiləri bu problemi əsasən sovet Rusiyasının, Bakı sovetinin regionda anti-Azərbaycan fəaliyyəti kontekstindən tədqiq ediblərsə, qardaş Türkiyə tarixçiləri Almaniyanın Gürcüstan və Ermənistanla birlikdə Qafqaz İslam Ordusnun cənubi Qafqaza, o cümlədən Azərbaycana gəlməsinə qarşı düşmən fəaliyyəti kontekstindən araşdırıblar. Buradan belə nəticəyə gəlmək olar ki, “Göyçay döyüşləri ərəfəsi regionun ictimai-siyasi vəziyyəti” mövzusunda iki qardaş ölkənin tarixşünaslığı bir-birini tamamlayır.
Fikrimizcə hər iki qardaş ölkənin tarixçiləri bundan sonra da bu mövzuda tədqiqatlarını davam etdirməli, Azərbaycan tarixnin bu dövrünə aid şanlı səhifələrini ağ ləkələrdən təmizləməlidirlər.
– Göyçay döyüşlərini yenicə yaranmaqda olan Azərbaycan Ordusu üçün də ilk sınaq meydanı saymaq olardımı?
– Göyçay döyüşünə qədər də Azərbaycan əsəgər və zabitləri rus, erməni-bolşevik qüvvələrinə qarşı döyüşlərdə iştirak edib qəhrəmanlıqlar göstərmişdilər. Əvvəl Azərbaycan hərbiçiləri “Zaqafqaziya Seymi”nin hərbi birliklərinə daxil idi. 1918-ci ilin yanvarında cəbhədən qayıdan rus hərbçilərinin Şamxor stansiyasında tərkisilah edilməsində, İsmayıl bəy Ziyadxanovun başçılığı ilə 1918-ci ilin mart qırğınları zamanı ilə Şamxıda dinc əhalinin müdafiəsində fəal iştirak etmişlər. Bundan başqa Qafqaz İslam Ordusu gələnə qədər Hacıqabul istiqamətində də erməni-bolşevik qüvvələrinə qarşı döyüşlərdə Azərbaycan döyüşçüləri qəhrəmanlıqlar göstərmişlər. Lakin daha fəal əməliyyatlar, daha böyük qəhrəmanlıqlar Göyçay döyüşlərindən başlayıb.
– Bu döyüşlərdə yerli azərbaycanlı əhalinin iştirakı ilə bağlı faktlar varmı?
20 iyunda Göyçaya gəlmiş 5-ci Qafqaz Dviziyanın tərkibində 225 zabit, 5277 piyada əsgər var idi. Azərbaycan Cümhuriyyəti qüvvələri isə 30 zabit, 727 əsgərlə təmsil olunurdu. Qarşılarındakı erməni-bolşeviklərin qüvvələri isə 10.000 nəfərdən çox idi. Orduya könüllülərin toplanması ilə bağlı edilən çağrışlara cavab olaraq qısa bir zamanda ətraf kəndlərin əhalisindən çoxlu sayda könüllü orduya yazıldı. Bütün bunlar Azərbaycan milli ordusunun formalaşmasında mühüm əhəmiyyətə malik idi.
Türkiyə tarixşünaslığında Qafqaz İslam Ordusnun strukturu, onun tərkibində olan Azərbaycan Ordusu Hərbi korpusları, o cümlədən Müsüslü və Göyçay bölüyünün rəhbərləri haqqında aşağıdakı məlumat verilib:
Azərbaycan Ordusu Hərbi korpusları: Azərbaycan Ordusu Hərbi korpusları komandanı – Əliağa Şıxlinski, Şimal bölük komandiri – fəxri polkovnik Osman, Arkaz bölüyü komandiri – Əlixanzadə Qayıtmaz, Gümrü (Aleksandropol) bölüyü komandiri – polkovnik Məhməd, Salyan bölüyü komandiri – mayor Əhməd Həmdi, Müsüslü bölüyü komandiri – polkovnik leytenant Həbib Səlimov, Nuxa-Zaqatala dairəsi komandiri – polkovnik Yusif, Göyçay bölüyü komandiri – mayor Rəcəb, Maştağa bölüyü komandiri – polkovnik leytenant Həsən, Maştağa stansiyası komandiri – mayor Tofiq , Gəncə milisi komandiri – leytenant Haqqı, Tofiq bəy bölüyü komandiri – mayor Tofiq, Qarayazı süvari alayı komandiri – polkovnik leytenant Nuh, Süvari alayı komandiri – mayor Zihni, Ləzgi süvari alayı komandiri – polkovnik leytenant Nüsrət Mirzə Qaçar, Xaçmaz bölüyü komandiri – polkovnik leytenant Səadəddin, Qazax məntəqəsi komandiri – polkovnik leytenant Kamal
Göründüyü kimi Qafqaz İslam Ordusunun tərkib hissəsində Azərbaycan Ordusu Hərbi korpusları bütün döyüşlərdə iştirak etmiş, qardaş türk əsgərləri ilə birlikdə qəhrəmanlıqlar göstərmişlər.
– Layihə davam etdiriləcəkmi?
– Fikrimcə bu layihənin davam etdirilməsinə ciddi ehtiyac var. 1918-ci ilin may-sentyabr aylarında Qafqaz İslam Ordusu Azərbaycan hərbi korpusları ilə birlikdə 10000-dən artıq şəhid vermişlər. Bunlardan 1130 nəfəri yalnız Bakı uğrunda döyüşlərdə həlak olmuşdur. Düşmənə qarşı aparılmış döyüşlərdə şəhid olmuş qəhrəmanların çox az hissəsinin dəfn oldunduğu məzarlar məlumdur. Lakin əksəriyyətinin məzarları naməlum olaraq qalır . Hətta Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra bərpa olunmuş türk məzarlıqlarında dəfn olunmuş şəhidlərin adları naməlumdur. Gələcəkdə şəhidlərin adlarını bərpa etmək, dəfn olunduğu məzarlıqları üzə çıxarmaq, bu naməlum qəhrəmanları xalqla tanıtmaq sahəsində işlərin davam etdirilməsinə ciddi ehtiyac var. İnşallah biz bu işləri davam etdirəcəyik.
Fuad Babayev, 1905.az