1905.az portalının növbəti həmsöhbəti Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlıdır.
– Məhluqə xanım, bu gün Azərbaycan cəmiyyətində əlilə münasibət necədir?
– Sadə dillə desəm uzun yol keçib, vuruşa-vuruşa müsbət nəticələr əldə edə bilmişik. Əlillər haqqında qanuna dəyişikliyin parlamentə verilməsi çox sevindirici haldır. Ancaq yenə də bəzi neqativ hallar var. Məsələn, əlillər arasında yaradıcılıqla məşğul olan insanlar çoxdur. Müəllif hüquqlarının qorunması bildiyimiz kimi önəmli məslələrdəndir. Əsasən də əlilliyi olan şəxslərin yaradıcılıq əsərlərinin müəllif hüquqları qanundan silinərsə həmin əsərlərin mənimsənilməsi ani məsələlərdəndir. Bu qanunun ləğ olunmaması üçün tərəfimizdən təkliflər vermişik. Sovet dövründə əlillərə sağlam vətəndaşlar qədər əmək haqqı verilirdi. Ancaq əmək haqqı tam verilsə də əlil üçün heç bir şərait yox idi. Fiziki maneələr- liftdən, yollardan tutmuş, universitetlərə, məktəblərə girişə qədər maneələr çox idi. Əlil olan şəxs cəmiyyətən izolə olur, evdə oturmaq məcburiyyətində qalırdı.
– Bəs, indi?
– Sovet höküməti əlili evlə, pulla təmin etsə də cəmiyyətə inteqrasiya edə bilmirdi. Bu gün vəziyyət dəyişib, əlbəttə, müsbətə doğru. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən QHT-r cəlb olunmaqla əlilliyi olan uşaqlar üçün reabilitasiya mərkəzləri təşkil olunur. Beləliklə hökumət və Qeyri Hökümət Təşkilatları arasında əməkdaşlıq əlaqələri yaradılaraq Sosial Xidmətlər həyata keçirilir. Müasir dövrdə Azərbaycan Respublikasında digər sahələrdə olduğu kimi sosial xidmət sahəsində də islahatlar həyata keçirilir. Respublikamızda sosial xidmət sahəsində ən çətin vəziyyət əlil uşaqlarla bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssələrində uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı” adlı 2006-2015-ci illəri əhatə edən edən dövlət proqramında dövlət təlim-tərbiyə müəssələrində 21 000 uşağın olduğu göstərilib. Həmin proqramda uşaqların qayğısına qalmaqda çətinlik çəkən ailələrə müvafiq yardımın göstərilməsi, dövlət uşaq müəssələrinin uşaqlar üçün əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, uşaqların ailələrə verilməsini və onların hüquqlarımın qorunmasını təmin edən müvafiq sistemin yaradılması, bu sahədə mövcüd qanunvericilik bazasının təkminləşdirilməsi zərurəti göstərilib. Bütün bunlar sosial xidmətə ehtiyac dinamikasının durmadan artdığını göstərir. (http://news.day.az).
«Sosial xidmət haqqında» Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli Qanunu çətin həyat şəraitində olan şəxslərə sosial xidmət göstərilməsinin zəruriliyini təsbit etmişdir. Qanuna görə çətin həyat şəraiti dedikdə, şəxsin (ailənin) sosial xidmətə götürülməsi üçün əsas yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi hal başa düşülür. Qanunun 7-ci maddəsinə müvafiq olaraq valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlar; sağlamlıq imkanları məhdud olan uşaqlar və baxımsızlıq və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlar çətin həyat şəraitində yaşayan hesab edilir. Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli 103 №-li sərəncamı ilə 2009-cu il Azərbaycanda «Uşaq ili» elan olunmuşdur. Bu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uşaqlara olan böyük diqqət və qayğısının bariz nümunəsidir. Bu çox böyük işdir. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün davamlı sosial layihələrin həyata keçirilməsi gündəmdə duran əsas məsələlərdəndir. Məsələn, Əlillərin Beynəlxalq Əməkdaşlıq Uğrunda cəmiyyəti var. Bu gün Gənclər İdman Nazirliyinin dəstəyi ilə hər il təxminən 10-12 əliliyi olan uşaqlar Türkiyəyə “Gülən Cocuq” festivalına göndərilir. Festifalda iştirak edən əlil uşaqlar müxtəlif sahələr üzrə ölkəni təmsil edir. Məs: mahnı, rəqs, şer, musiqi alətlərində ifa kimi sahələrdə əlilliyi olan uşaqlar cəmiyyətə inteqrasiya olunurlar. Dünyaya çıxış tapırlar. Təsəvvür edirsinizmi lal-kar uşaqlar rəqs edirlər? Ayaqlarının səsi ilə musiqini duyaraq, ritmi tutaraq rəqs edirlər. Mən bunu bilmirdim. Görəndə özüm də heyrətə gəldim. Necə yəni qulaq eşitmir, ancaq ritm tutulur və rəqs edilir, ölkəni təmsil edir?! Bu kimi məsələlərdə fəallıq göstərən əlilliyi olan uşaqlara dəstək olmağımız hər kəsin insani borcudur. Bütün bunlar əlillərin cəmiyyətə inteqrasiyası deməkdir. Sosial şəbəkələrdə də ən çox aktiv olan şəxslər əlillərdir. Paraolimpiya oyunlarını xüsusi qeyd etmək istərdim. Əlillər olimpiya oyunlarında çox yüksək nəticələr göstərirlər. Neçə, neçə əlilliyi olan şəxslər çempion olaraq, dünyada seçilmişlərdən olublar. Azərbaycanı təmsil edərək dəfələrlə müxtəlif növ idman yarışlarında dünya çempionu adına layiq görülən bayrağımızı göylərə qaldıran əlilliyi olan insanlar var. Bütün bunlar Azərbaycan hökumətinin əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğının nəticəsidir.
– Əgər əlillərin vəziyyəti ürəkaçandırsa, o zaman Əlil Qadınlar Cəmiyyətinin fəaliyyəti nədən ibarətdir? Çünki biz öyrəşmişik ki, təşkilat, cəmiyyət problem olanda yaranır.
– Təşkilatın fəaliyyətinə hər zaman ehtiyac var. Azərbaycan hökuməti olaraq əlilliyi olan insanlar üçün həqiqətən çox gözəl qanunlarımız var. Sadəcə cəmiyyətin özündə biganəlik var ki, həmin qanunların icra olunmasında məmur özbaşnalığı, süründürməçilik həddən artıq çoxdur. Cəmiyyətdə nəin ki əlil, hətta sağlam insanlarında nə qədər qarşılaşdığı problemli məsələlər var ki, həlli yollarının tapılmasında çətinliklərlə üzləşirlər. Əlilliyi olan insanlar belə halda təşkilatın dəstəyi olmadıqda yaranan problemin aradan qaldırılmasında çətinlik çəkir. Məsələn: Əmlak, nigah, məşğulluq, səhiyyə, təhsil, əlillik dərəcələrinin verilməməsi və.s kimi ümumiyyətlə üstənilən sahədə gündəlik hər gün nə qədər rastlaşdığımız problemlər var ki, əlilliyi olan insanlar həmin sosial problemlərdən əziyyət çəkirlər, onların haqqı olanı ala bilmirlər. O halda təşkilatın dəstəyinə ehtiyyac duyulur. Təşkilati dəstək isə çətin problemin həllinə daha tez nail olur. Problem çoxdur. Məsələn, əlillərin əlil arabalarinin necə alınması , sənədləşmə işləri kimi məsələləri bilmədiklərindən problemlər yaranır. Birdən-birə nəticəyə nail olmaq olmur. Təəssüf, orqanlarda süründürməçilik çoxdur. İnsanlar sosial təminatı almaqda çətinlik çəkirlər. Birinin qulaq aparatına ehtiyacı var. Onu alana kimi vaxt gedir. Laqeydlik çoxdur.
– Biz soyqırıma, təcavüzə məruz qalmış xalqıq. Qarabağ əlilləri kifayət qədərdir. Bəs, cəmiyyətdə Qarabağ əlilinə münasibət necədir?
– Düşünürəm ki, əlillərin sosial problemlərinin aradan qaldırılması istiqamətində çox böyük işlər görülüb. Məsələn, Gürcüstanda əlilə Azərbaycan manatıyla desəm aylıq 40 manat təqaüd verirlər. Fərqi yoxdur hansı kateqoriryaya aid əlildir. Bizdə fərqlidir. Məsələn, Qarabağ əliləri arasında aylıq 600-700 manata qədər təqaüd alanlar var. Zabitlər daha çox təqaüd alırlar. Sosial təminatları da tam pulsuz ödənilir. Əhali tərəfindən də Qarabağ əlilinə münasibət fərqlidir. Sanki xalq Qarabağ əlilini daha çox qoruyur, ona Vətənin bir müdafiəçisi kimi baxır.
– Və sonuncu sual. Hazırda cəmiyyətiniz hansı layihələr üzərində işləyir və siz əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində nələrin dəyişməsini istərdiniz?
– Bu gün əlillərin məşğulluq məsələsi ən böyük problemlərimizdən biridir. Sağlam adamlarda bu problem varsa görün əlillərə necə çətindir. Son zamanlar Əlil Təşkilatları İttfaqının təkidi ilə əlillərin işlə təmin olunması üçün Azərbaycan höküməti öhdəlik götürüb. Hər iş yerində 4% yer əlilə ayrılır və işlə təmin edilir. Bu çox gözəl haldır. Böyük dönüş yaranıb. Məsələn, Neft Şirkətində 6-7 əlil artıq işlə təmin edilib. ADA Universitetində 2 əlil arabasında, bir nəhər isə gözdən əlil yüksək vəzifə ilə təmin olunublar. Əlbətdə ki, həmin şəxslər ali təhsillidir. Biri mənim qrup yoldaşımdır. Yaxşı vəzifədə çalışır, əlil arabasında olmasına baxmayaraq universitetə gələn mötəbər qonaqları qarşılayır. Bu Avropada da belədir. Əlil insanla sağlam insan arasında heç bir fərq olmalı deyil. Nə yaxşı ki, bu gün bizim əlillərə də belə şərait yaradırlar. Bu gün bütün iş yerlərində əlillərin işlə təmin edilməsi üçün vakansiyalar ayrılır. Biz də CV-lərə baxırıq, uyğun adamların CV-lərini uyğun yerlərə göndəririk ki, əlillər işsiz qalmasın, cəmiyyətə inteqrasiya olsunlar. Narahatçılığımız ayrılan vakansiya yerlərində dövlət qurumlarının olmamasıdır. Niyə bu qanun dövlət qurumlarına şamil edilmir? Hazırda bunun üzərində işləyirik.
– Minnətdarıq, işlərinizdə uğurlar!
Fuad Babayev, Aynur Hüseynova
1905.az