Gözəl Jurnalistimiz Məmməd Nazimoğlu günlərin bir günü çayxanada əyləşib dostları ilə dərdləşirmiş. Bu zaman qonşu masadan bığ yeri təzəcə tərləmiş bir cavan həmsöhbətlərinə müraciətlə üçüncü romanı üzərində işləməyə başladığını söyləyir. Rəhmətlik bu “bəyanat”ı eşidib çox təəccüblənmişdi…
Gənc yazar Məhsul Dar növbəti, sayca altıncı romanını bitirən kimi hekayələr toplusu üzərində işləməyə başlamışdı. Topluda düz 16 hekayə olmalı idi. İlin hər ayına bir hekayə həsr olunacaqdı, üstəlik 4 fəslin də hər birinə ayrıca əsər. Bu ideyanın orijinallığına heç kim, hətta həftə səkkiz-mən doqquz onun haqqında hədyanlar yazan həmkarları da şübhə edə bilməzdilər. Odur ki, hekayələr toplusunu sadəcə olaraq “Aylar və fəsillər” adlandırmaq qərarına gəlmişdi. Onun əksər romanlarının, lap dəqiqi 6 romanından beşinin əsas qəhrəmanı olan Kölgə bu hekayələrin hamısında hökmən yer alacaqdı. Amma deyək ki, “Yanvar sazağı”nda Kölgə nimdaş paltolu bir kişi olmalı idi, “Avqustda bişən qora”da gödək ətəkli, yaraşıqlı bir qız. O ki qaldı fəsillərə həsr olunan hekayələrə, burada da məsələ həllini tapmışdı. Qış fəslinə həsr olunan “Soyuqluq” adlı hekayədə də Kölgə köhnə paltolu qoca kişi idi, intəhası bu kişinin paltosu “Yanvar sazağı”ndakı qocanın paltosu kimi qara deyildi, boz idi, üstəlik cibləri də yekə idi bu paltonun. Yay fəslinə həsr etdiyi “Cırhacır”da elə “Avqustda bişən qora”dakı Kölgə qız idi qəhrəman. Fərq o idi ki, bu qızların arasında, fəslə həsr olunan hekayədəki xanım kimi gödək ətək geyinmirdi, dar şalvar geyirdi. Üstəlik, şalvarın arxa cibinin üzərində pişik şəkli vardı. Hə, bir də bu qız plastik əməliyyat eləyib dodaqlarını necə deyərlər, yekəltmişdi. Və, qəhrəmanlardan biri, hansı ki, Kölgənin dostu idi və hekayələrin hamısında əlbəttə ki, vardl, “Avqustda bişən qora”dakı qıza adətən “Mini yubkalı ceyran” deyə müraciət edəcəkdisə, elə həmin personaj “Cırhacır”dakı qızı başqa cür çağıracaqdı.
4 ayın içində 6 roman yazandan sonra 16 hekayəni yazmaq asan bir iş idi. Bir problem vardı ki, üzvü olduğu “Yaza-Yaza Azanlar” təşkilatının məsul katibi olduğundan “Aza-Aza Yazanlar” təşkilatı ilə aramsız mücadiləyə də xeyli vaxt ayırmalı olurdu. Hərdən fikirləşirdi ki, adətən çayxanalarda cərəyan edən bu ədəbi mübarizələr oxucularını ən azı 3, bəlkə hətta 4 romandan, bir də heç olmasa 2 hekayələr toplusundan məhrum eləyib. Hərçənd ki, bu onu o qədər də qayğılandırmırdı. Ona görə ki, hələ gənc idi, vaxt çoxdu və bir də “Həftənin günləri”, eləcə də “21 dost” hekayələr toplularını ondan başqa kim yarada bilərdi ki?
Doğrudan da, kimin ağlına gələ bilər ki, bazar ertəsindən istirahət gününə kimi, hər günə bir hekayə həsr eləsin? Üstəlik də, hekayənin qəhrəmanı da gün özü olsun? Novatorluq deyil bu, bəs nədir? Yəni “Birinci gün” hekayəsinin qəhrəmanı Bazar Ertəsi oğlu Günovdur, yəni bir növ ümumiləşdirilmiş bir obrazdır. Və o bazar ertəsi işə tələsən adamlara qoşulub yol gedir, danışır… Necədir? Ya da Şənbə bəy? Və ya Bazar müəllim? Cümə Axşami də pis deyil. Necə obrazlardır? Bəs “21 dost” hekayələr toplusunun ideyası necə, pisdir guya? 21 dostun hərəsi bir əsrdir, təsəvvür eləyirsiniz də? Və bunların 20 nəfəri 100 yaşlı qocalardır, amma 21-ci dostun cəmi 13 yaşı var. Əlbəttə, ona görə ki, indi 2013-cü ildir. Əla demək olar, yoxsa yox? Əlbəttə olar. Əgər neçə müddətdən bəri yığılıb qalmış “kəsir”lərdən yaxa qurtara bilsə, bir də Nobel alana qədər ev kirəsi məsələsini həll etmək alınsa, doğrudan da hər şey əla olar.
30 iyun 2013-cü il