Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, tibb elmləri namizədi Şəhla Balayeva və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Cavidan Quliyevlə məktəblərdə qida təhlükəsizliyindən danışdıq.
Fuad Babayev: Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi iki il əvvəl Gəncə, Göyçay, Saatlı, Lənkəran, Qazax, Qax və Qubanın 25 orta məktəbində sorğu keçirib. Bu rəy sorğusunda həm şagirdlər, həm onların valideynləri, həm müəllimlər, həm də bu təhsil müəssisələrinin yeməkxanalarının işçiləri iştirak ediblər. Sorğunun nəticələrinə görə 1400 nəfər şagirdin təxminən 500-ü dərslərarası fasilədə biskvitlə, şirniyyatla, hazır alınmış paketlənmiş məhsulla, 450 nəfər, yəni 1400 şagirdin üçdə biri kolbasa və yaxud pendirli buterbrodla qidalanır. Əksəriyyəti şagirdlər məktəbə butulkada alınmış su gətirir və yalnız bu respondetlərin 4,13 %-i meyvə yeyir. İndi buna bənzər sorğu keçirilərsə yenə də təxminən belə bir mənzərə yaranar, yoxsa durum fərqlidir?
Şəhla Balayeva: Mən özüm Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, həm də dosentiyəm. Biz daim məktəblərdə həm müayinələr aparırıq, həm də şagird və valideynlər arasında sorğular keçiririk. Müşahidələrimiz onu deməyə əsas verir ki, o tədqiqatları indi də aparsaq yenə də həmin məsələlər aktual olacaq. Ola bilsin faizlər bir qədər fərqli olsun. Amma düzünü desək uşaqların qidalanması heç də səmərəli və düzgün deyildir. Çünki bizim valideynlərimizlə maarifləndirici söhbətlər çox aparılmalıdır. Uşaqların çoxu məktəbə ac gəlirlər, səhər yemədən məktəbə gəlirlər. Bu xüsusilə də yeniyetmə yaşlı uşaqlara aiddir. Uşaqlar məktəbdə çox zaman şirniyyata üz tuturlar. Məktəbdə satışına icazə verilən ərzaq məhsulları zərərli olmasa da xeyirli olduğunu da deyə bilmərik. Çünki həm tərkibində şəkəri çoxdur, həm paketlənmiş olduğuna görə konservantdır. Bütün dünya şirniyyatın xüsusilə də uşaqlar arasında çox istifadəsi haqqında həyəcan təbili çalır. Yəni bu reallığımızdır. Məktəblərdə şirniyyat məhsulları çox satılır. Əslində uşaq qidası süd, su, meyvə və tam dəyərli zülal məhsullarından ibarət olmalıdır. Bir çox məktəblərimizdə artıq hazır menyular əsasında səmərəli qidalanma təşkil edilir.
Fuad Babayev: Biz bu barədə əlbəttə ki, danışacağıq. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 2017-ci ilin aprelində keçirdiyi rəy sorğusuna görə ortaya çıxan mənzərə sizin qənaətizcə bu gün üçün də obyektivdir?
Şəhla Balayeva: Bəli,obyektivdir, amma bir az dəyişiklik ola bilər. Çünki Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi artıq bir neçə ildir ki, məktəblərdə təbliğat və maarifləndirmə ilə məşğuldur. Təhsil Nazirliyi sağlam həyat tərzi bilgilərini tədris edir. O tədrisin tərkibində uşaqlara sağlam qidalanma haqqında məlumatlar verilir.
Fuad Babayev: Aydındır. Əlbəttə bunlar pozitiv dəyişiklilərdir.
Şəhla Balayeva: Bəli, pozitiv dəyişikliklər olur.
Fuad Babayev: Çox gözəl. Cavidan müəllim sizi dinləyək. Məktəblərdə qida təhlükəsizliyi ilə bağlı əsas problem Sizin fikrinizcə nədədir?
Cavidan Quliyev: Əvvəla dəvətiniz üçün təşəkkür edirəm. Sorğunun nəticələrini mən də dinlədim. 2 il ərzində dəyişikliklər təbii ki, vardır. Lakin çox böyük dəyişiklilər olduğunu mən də düşünmürəm. Çünki bu dəyişikliklərin kütləvi surətdə baş verməsi üçün davamlılıq lazımdır, davamlı maarifləndirmə tədbirləri aparılmalıdır. Çünki valideynlərin özləri bəzən düzgün qidalanma meyarlarına əməl etmədikləri üçün uşaqlarına düzgün qidalanma vərdişini tətbiq edə bilmirlər. Valideyn övladına hər hansı bir qida məhsulunun zərərli olduğunu deyirsə, özü də onu kənarda istehlak etməməlidir. Əks təqdirdə həmin məhsulun həqiqətən zərərli qida olduğunu övladına heç vaxt izah edə bilməyəcək. Ona görə də ilk növbədə valideynlər özləri düzgün şəkildə qidalanmalarına riayət etməlidirlər. Biz Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi olaraq məktəblərdə qida təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşırıq. Çünki erkən yaşlarda uşaqlarda qidalanma vərdişinin tətbiq olunması onların sonrakı yaş dövrlərində də düzgün qidalanmasına köməklik edir.
Biz ötən ildən etibarən Agentliyimizin nəzdində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə bir memorandum imzalamışıq. Bu memorandum çərçivəsində təkcə 2018-2019-cu illər ərzində respublikanın 54 fərqli bölgəsində və ümumilikdə 91 ümumtəhsil müəssisəsində, məktəb, universitet və bağçalarda maarifləndirmə tədbirləri həyata keçirilib. Bu maarifləndirmə tədbirləri nəinki Bakı və Bakı ətrafı əraziləri, həmçinin respublikanın müxtəlif bölgələrini də əhatə etdi. Həmin tədbirlərdə Agentliyin və Qida Təhlükəsizliyi İnstitutunun 87 əməkdaşından ibarət mütəxəssislər qrupu öz bilik və təcrübələrini məktəblərlə bölüşdü, müxtəlif videoçarxlar nümayiş olundu.
Fuad Babyev: Əsas problemlər hansılardır? Əvvəla valideynlərin özlərinin qida qəbul etmə ənənələri ürəkaçan deyil. İkincisi, bayaq hörmətli Şəhla xanım qeyd etdi ki, uşaqlar məktəbə yemək yemədən gəlirlə əksər hallarda?
Şəhla Balayeva: Hamısını deyə bilmərəm. Xüsusilə yeniyetmə yaşında, kiçik yaşlı məktəblilər bir qədər valideynindən qorxduğu üçün məcburiyyət qarşısında yeyirlər. Ancaq yeniyetmə yaşına çatanda dərsə yemək yemədən gəlirlər.
Fuad Babayev: Başqa nə problemlər var? Bizim məktəblərin hamısında isti yemək hazırlanması üçün müvafiq avadanlıqlar var?
Şəhla Balayeva: Hamısında deyil.
Cavidan Quliyev: Hamısında yoxdur təbii ki.
Fuad Babayev: Təxminən neçə faiz məktəbdə yemək bişirmək, yemək qızdırmaq, onu qablara qoymaq üçün şərait var?
Şəhla Balayeva: Dəqiq deyə bilmirəm. Bakıda təxminən 2500 məktəb var. O məktəblərin hamısını yoxlayandan sonra dəqiq cavab vermək olar. Yəni belə yoxlama aparılmayıb.
Fuad Babayev: Siz yəqin əminsiniz ki, bir çoxunda yoxdur. Amma onun dəqiq faizini biz də bilmirik.
Şəhla Balayeva: Bəli, yoxdur. Qida hazırlamaq üçün şəraiti olmayan məktəblər var. Ancaq gözəl mətbəx təchizatı, yeməkxanası olan, şagirdlərə çox keyfiyyətli isti xörəklər təqdim edən məktəblərimiz də var.
Təmkin Məmmədli: Onlar dövlət məktəbləridir, yoxsa özəl?
Şəhla Balayeva: Dövlət məktəbləridir. Məsələn: 23 nömrəli məktəb, 132 nömrəli məktəb.
Fuad Babayev: Mən 132 nömrəli məktəbin məzunuyam. O vaxt isti yeməklər verilirdi.
Şəhla Balayeva: İndi də 132-134 nömrəli təhsil kompleksində uşaqlar üçün çox gözəl, səmərəli qidalanma təşkil edilir.
Fuad Babayev: Mətbuatdan oxudum ki, Krasnoyarsk (Rusiyada şəhər-red.) məktəbindəki sistem ixtiyari valideynə məktəb mətbəxini yoxlamağa, nəzarət etməyə imkan verir. Hətta valideyn telefonuna yazılmış proqram vasitəsilə həmin məktəbdə şagirdlərə verilən qidanın istehsal yeri və tarixi haqqında məlumat da əldə edə bilər. Azərbaycan məktəblərində belə bir praktika tətbiq edilirmi?
Cavidan Quliyev: Biz layihə çərçivəsində getdiyimiz məktəblərdə təəssüf ki, dediyiniz proseslə hər hansı bir rastlaşmamışıq. Valideynlərin daha çox məlumat alması üçün bunun çox böyük üstünlükləri var. Qida Təhlükəsizliyi Agentliyi 2018-ci ildən etibarən fəaliyyətə başladığı üçün yeni qurum hesab olunur. Biz də yaxın bir neçə il ərzində analoji proseslərin ölkəmizdə tətbiq olunmasını planlaşdırırıq.
Fuad Babayev: Şəhla xanım, ümumiyyətlə, yeniyetmələrin, gənclərin, məktəbəqədər uşaqların qidalanması ilə bağlı Azərbaycan elmində dissertasiyalar yazılırmı, tədqiqat işləri aparılırmı?
Şəhla Balayeva: Əlbəttə, qidalanma çox böyük bir sahədir. Bura qida məhsullarının düzgün yetişdiriməsi, saxlanılması, tədarük olunması, emal edilməsi və s. bu kimi sahələr aiddir. Qida təhlükəsizliyi insanların peşəsindən, sağlamlıq vəziyyətindən, yaşından, cinsindən asılı olaraq nə cür qida qəbul etməsini əhatə edən çox maraqlı sahədir. Bu sahə üzrə daim elmi təqdiqat işləri aparılır, dissertasiyalar müdafiə olunur. Bizim universitetdə Qidalanma gigiyenası kafedrasında həm uşaqların, həm böyüklərin qidalanmasını öyrənirlər. Uşaqların qidasında yodun çatızmazlığı, yəni mikroelementlərin mövcudluğu ilə bağlı araşdırmalar alarılıb, uşaqların qidalanması anket sorğu, müşahidə və s. vasitələrlərlə tədqiqata cəlb edilib. Elmi tədqiqatlarla yanaşı biz həmçinin digər ölkələrin də təcrübələrini öyrənirik. Hər bir ölkənin məktəbdə qidalanmanın təşkili üzrə öz təcrübəsi vardır. Mən Finlandiyada olanda öyrəndim ki, oradakı bütün məktəblərdə uşaqların qidalanmasını tam təmin etmək üçün dövlət tərəfindən iki dollar pul ayrılır.
Fuad Babayev: Yəni bir qidalanmaya görə hər gün iki dollar.
Şəhla Balayeva: Bəli. Amma Hollandiyada əksinə dövlət tərəfindən qidalanma tam verilmir. Orada uşaqların qidalanması valideynlərin üzərinə düşür. Hollandiyada məktəblərin dietoloqu uşaq məktəbə daxil olduqda valideynlə müqavilə bağlayır. Müqavilənin şərtlərinə görə uşaqları sağlam böyütmək üçün valideynlərə qida rasionu (müəyyən müddət üçün təyin olunmuş qida norması və onun tərkibi – red.) haqqında məlumat verilir. Həmin rasiona uyğun olaraq uşaqların həm evdə qidalanması təşkil edilməli, həm də məktəbə qida qoyulmalıdır. Yəni dövlət tərəfindən qida verilmədiyinə görə valideynlər yemək qutusu hazırlayırlar, məktəbdə isə şagirdlərə təmiz su verilir. Müxtəlif ölkələrdə fərqli təcrübələr var. Mən bilirəm ki, indi Qida Təhlükəsizliyi Agentliyi məktəblərdə südlə qidalanma layihəsi həyata keçirməyə hazırlaşır. Biz həm maarifləndirmə, həm məktəbdə qidanın düzgün təşkili, həm də valideynlərə məsləhətlərin verilməsi istiqamətində fəaliyyət göstərməliyik. Azərbaycan elə bir yerdir ki, burada mənə elə gəlir ki, keyfiyyətli qidalamanı tam asanlıqla təmin etmək olar. Çünki, dörd mövsümün üçündə bizdə təzə meyvələr vardır. Meyvə-tərəvəz, süd, yumurta uşağın qidasında mütləq olmalıdır.
Təmkin Məmmədli: Mağazada satılan sterilizə olunmuş süd nəzərdə tutulur?
Şəhla Balayeva: Əslində təbii südlər nəzərdə tutlur, amma əlbəttə, mağazalarda məhz uşaq qidası üçün nəzərdə tutulan südlər varsa onu da vermək olar. Valideynin əgər düzgün qidalanma haqqında məlumatı varsa o büdcəsinə böyük bir zərər vermədən də övladının normal qidalanmasını təşkil edə bilər.
Fuad Babayev: Keyfiyyətsiz məhsulların məktəblərə yol tapmasına mane olmaq üçün nə iş görülür? Elə etmək olamı ki, heç olmasa qidaya yararsız, mənşəyi məlum olmayan ətdən hazırlanan dönər bilavasitə məktəbin yaxınlığında satılmasın? Bunun mexanizmi varmı?
Cavidan Quliyev: Əslində çox ciddi məsələyə toxunursunuz. Bu bizim də xüsusi nəzarətimizdə olan prosesdir. Tək dönərxanalar deyil, bir çox saxta qidalar tez-tez satışa çıxarılır. İstər Bakıda, istərsə də regionlarda xüsusi sexlərdə qablaşdırılmış içkilər və ət məhsulları istehsal edilir. Biz mütəmadi monitorinqlər keçirməklə onları aşkara çıxarıb ictimaiyyəti məlumatlandırırıq. Lakin belə qısa müddət ərzində onların hamısını eyni zamanda ortaya çıxarmaq təbii ki, bir qədər qədər imkansız görünür. Məktəblərdə bu nəzarəti yerinə yetirmək mümkündür. Məktəbə hansı xammalın və qida məhsulunun daxil olması nəzrətdə saxlamaq olar. Lakin məktəblərin yaxınlığında fəaliyyət göstərən dönərxanaları və ya köşklərdə zərərli enerji içkilərinin satışını ciddi nəzarət altında saxlamaq asan məsələ deyil. Bu prosesin qarşısını almaq üçün bir qədər zaman lazımdır. Ona görə də bu məsələlərdə maarifləndirmənin nə qədər önəmli olduğunu bir daha vurğulamaq istəyirəm. Valideynlər övladlarına ziyanlı, keyfiyyətiz qida məhsullarından uzaq durmağı aşılamalıdırlar. Mən özüm bir neçə dəfə şahidi olmuşam ki, məktəbdən çıxan şagird evə getmək əvəzinə dönərxanaya üz tutur. Dönərlə birlikdə zərərli enerji içkiləri isteklak edirlər. Enerji içkilərinin davamlı reklamı da istər-istəməz məktəbliyə öz təsirini göstərir. Düzdür, dönərlər bu şəkildə reklam edilmir…
Şəhla Balayeva: Dönərin iyi elə reklamdır.
Cavidan Quliyev: Bəli, həqiqətən Şəhla xanım çox doğru vurğuladı. Dönərin iyi özü reklamdır. Həm də məktəblinin həyatı sadəcə məktəb və məktəb yaxınlığındakı ərazidən ibarət deyil axı. Yəni o, günün istənilən saatında müxtəlif yerlərə gedib dönər yeyə bilər. Bizim agentliyin müfəttişləri davamlı olaraq sırf dönərxanalara paylanılan ətlərin keyfiyyətinə nəzarət etmək üçün monitorinqlər keçirirlər. Dönər üçün nəzərdə tutulan ətlərdən nümunələr götürərək müayinələr aparırlar. Lakin gizli şəkildə fəaliyyət göstərən obyektlərin hamısının aşkara çıxarılması üçün müəyyən zaman və bir qədər də vətəndaşların köməyi lazımdır. Vətəndaşlar belə neqativ hallarla qarşılaşdıqda agentliyin qaynar xətt telefon nömrəsi olan 1003-ə zəng vurub məlumat verə bilərlər. Bizə qaynar xətt vasitəsilə dəfələrlə saxta qablaşdırma üsulları və ət məhsulları ilə bağlı şikayətlər daxil olub. Bu mərhələdə vətəndaşların dəstəyi bizim üçün çox önəmlidir.
Fuad Babayev: Ümumiyyətlə, bizim mövcud qanunvericilik valideynə məktəbin mətbəxini yoxlamaq imkanı verir?
Şəhla Balayeva: Əslində hər bir valideynin məktəbdə uşağın şəraiti ilə tanış olmaq ixtiyarı və imkanı var.
Təmkin Məmmədli: Yəni məktəb direktorunun ona mane olmaq hüququ yoxdur.
Şəhla Balayeva: Hər bir valideynin uşağının hansı şəraitdə olmasını yoxlamaq hüququ vardır. Valideynlər məktəb mətbəxindəki qidanı götürüb analizə verə bilməzlər. Amma onların gəlib şəraitə baxmağa, uşaqlarının nə ilə qidalanmağı haqqında məlumat əldə etməyə ixtiyarı vardır. Azərbaycanda əvvəllər məktəblərdə qida üzərində nəzarət Gigiyena və Epidemiologiya Mərkəzlərinin Uşaq-yeniyetmə şöbələrinin səlahiyyətində idi. Hazırda bu səlahiyyətin hamısı Qida Təhlükəsizliyi Agentliyinə verilib və həmin agentlik bu məsələlərlə birbaşa məşğul olur.
Fuad Babayev: Ümumiyyətlə valideynlərə məktəblilərin qidalanması ilə bağlı hansı məsləhətlər vermək olar?
Şəhla Balayeva: Birinci növbədə uşaqlarını körpəlikdən düzgün qidalanmaya öyrəşdirsinlər. Fastfud (tez hazırlana bilən yemək – red.) qidalarına, şirin və qazlı içkilərə, şirniyyata öyrəşdirməsinlər. Yəni körpəlikdən, uşağın ağız dadı formalaşıdığı dövrdən onları düzgün qidalanmağa öyrətmək lazımdır. Əgər uşaqlıqdan stolun üstündə daim şirin içki, şorabalar, şirnilər, çipsilər, konserv materialları, kolbasa məhsulları olarsa əlbəttə uşağın ağız dadı ona öyrəşəcək və gələcəkdə də məktəbdə həmin qidaları axtarmağa başlayacaq. Əgər valideyn körpəlikdən övladını meyvəyə, düzgün qidalanmaya, süd və su içməyə öyrəşdirsə uşaq da məktəbdə onu axtarmağa başlayacaq.
Fuad Babayev: Deməli əslində bu proses məktəbə qədər başlayır.
Şəhla Balayeva: Bəli. Hətta, məktəbə qədər də yox, körpəlikdən. Bizim valideynlər uşaqlara şirin çay, şirin su, hətta südün içinə də şirni qatıb verirlər. Əslində isə bu şəkildə qidalanma uşağa ziyandır. Südün öz dadı var, çay ümumiyyətlə uşaqlara olmaz. Uşaqlara meyvə və yaxud onun püresinin verilməsi məsləhətdir. Əgər körpə anadan olandan düzgün qidalansa uşaq məktəbdə də düzgün qidalanacaq, yəni onun özü şirniyə üstünlük verməyəcək.
Fuad Babayev: Cavidan müəllim, valideynlərə olan tövsiyələrə sizin əlavələriniz var?
Cavidan Quliyev: Mən buna bir olmuş hadisə ilə münasibət bildirmək istəyirəm. Həzrəti Mövlanədən bir valideyn soruşur ki, bəs mən övladımı necə düzgün tərbiyə edə bilərəm. Həzrəri Mövlanə də ona cavab verir ki, sən özün düzgün yaşasan övladına tərbiyə verməyinə ehtiyac yoxdur. Çünki o sənin güzgündür, sən necə yaşayırsansa o da elə yaşayacaq. Qidalanma da həmçinin bunun kimidir. Düzgün qidalanma bizim kiçik yaşdan etibarən istər əqli, istər fiziki, istər psixoloji inkişafımıza birbaşa təsir edir. Valideynlər özləri ilk növbədə GMO (genetik modifikasiya olunmuş orqanizm– red.) məhsullarından, hansısa bir aqrokimyəvi maddələrin çox tətbiq olunduğu qida məhsullarından və yaxud da zərərli qidalardan uzaq durmalıdırlar. Mən valideynlərə məsləhət görərdim ki, uşaqlarının məktəb çantasına mağazadan alınmış paketlənmiş qida deyil, evdə bişirilən yeməkdən qoysunlar. Mən özüm şahidi olmuşam ki, bəzi valideynlər övladının çantasına fastfud məhsulları qoyur və yaxud da ki, həftə sonu istirahətini fastfud satılan yerlərdə keçirirlər. Yəni valideyn özü belə yerlərdan uzaq olmalıdır ki, övladı da ondan nümunə götürsün.
Fuad Babayev: Biz hər şeyi valideynin öhdəsinə buraxdıq. Bəs çoxsaylı təhsil işçilərinə, məktəb direktorlarına, dərs hissə müdirlərinə, həkim və psixoloqlara nəyi tövsiyə edə bilərik?
Şəhla Balayeva: Əslində dövlət tərəfindən təsdiq edilmiş qanunda məktəblərdə satışına icazə verilən ərzaq məhsullarının siyahısı var.
Təmkin Məmmədli: Bu sovet dövründə qalan siyahıdır?
Şəhla Balayeva: Yenilənmişdir. Həmin siyahı üzrə məktəblərdə ərzaqların satışını və istifadəsini təşkil etmək olar. Bundan başqa qanun şəklində olmasa da metodik tövsiyələrdə məktəblilərin qidalanmasını təşkil etmək üçün nümunəvi menyular verilir. Yəni yaxşı olardı ki, məktəblər həmin menyuya uyğun olaraq qidalanmanı təşkil etsinlər. Əslində şagirdlərə isti yemək təklif edə bilən məktəblərdə qidalanma bu menyulara uyğun təşkil olunur. Sadəcə bir az diqqəti artırmaq və nəzarəti gücləndirmək lazımdır. Məktəb rəhbərliyi və müəllimlər daha çox təbliğat işi ilə məşğul olmalıdırlar.
Cavidan Quliyev: Hazırda yeni qanunvericilikdə orqanizm üçün zərərli qida məhsullarının yeməkxanalarda və məktəblərin mətbəxlərində satışı qadağan olunub.
Ümumiyyətlə şəkərli və qazlı içkilərin satışına demək olar ki, icazə verilmir. Mən öz məktəb illərimi xatırlayıram. Bizim dövrümüzdə bu qida məhsullarının satışı çox rahat şəkildə həyata keçirilirdi. Hazırda məktəblər öz yeməkxanalarında buna nəzarət edə bilərlər. Lakin məktəbətrafı ərazilərdəki obyektlərdə şagirdlər üçün qadağan olunmuş məhsullar satılır. Məktəb rəhbərliyi çalışmalıdır ki, uşaqların həmin ticarət obyektlərə gedişi əlçatan olmasın. Ən azından uşaqlar tədris aldığı müddət ərzində həmin qida məhsullarından müəyyən qədər uzaq dura bilərlər. Bundan başqa maarifləndirmə tədbirləri kimi yaxşı olar ki, uşaqlara düzgün qidalanmanın orqanizmə necə faydalı olması, zərərli qida məhsullarına aludəliyin isə onlarda hansı fəsadlar yaradacağı barədə kiçik səhnəciklər nümayiş etdirilsin. Məlum həqiqətlər səhnəciklər vasitəsilə göstərilsə uşaqlar onu daha yaxşı dərk edə bilərlər. Biz öz layihələrimiz çərçivəsində uşaqlara hər hansı bir videoçarx və ya zərərli vərdişin fəsadları ilə bağlı kiçik səhnəcik göstərdikdə onun necə maraqla qarşılanmasının şahidi olmuşuq. Belə tədbirlər zamanı uşaqların sual-cavaba qatılması bizdə çox böyük bir motivasiya yaradırdı. Belə tədbirlər uşaqları doğru yola təşviq edə bilər.
Şəhla Balayeva: Keçən tədris ilində mən 18 nömrəli məktəbdə keçirilən belə bir tədbirə dəvət edilmişdim. Həmin məktəbdə “Kök günü” adlı tədbir hazırlanmışdı.
Fuad Babayev: Yəni söhbət bildiyimiz yerköküdən gedir?
Şəhla Balayeva: Bəli. Yerkökü haqqında yaxşı bir tamaşa qoyulmuşdu. Həmin maraqlı səhnəcikdə uşaqlar çox gözəl oynayırdı. Səhnəcikdə müxtəlif tərəvəz və meyvələr yer almışdı, şahzadə rolunda isə yerkökü idi. Həmin tədbirdə desertdən tutmuş çörəyə qədər kökdən hazırlanmış müxtəlif yeməklər var idi.
Fuad Babayev: Uşaqlara nəyi tövsiyə edə bilərsiniz?
Cavidan Quliyev: Əvvəla, valideyn özü o məhsullardan uzaq durmalıdır. Mənim yaxından tanıdığım bir insan təsəvvür edin ki, hədsiz dərəcədə fastfud məhsullarına, şəkərli və qazlı içkilərə meyillidir. O övladının başqa otaqda başını qataraq özü fastfudla qidalanır. Övladından gizlin həmin yeməklərdən yeyən valideyn öz uşağını zərərli qida məhsullarından necə uzaq tuta bilər?
Şəhla Balayeva: Tövsiyə ancaq maarifləndirmə ola bilər. Yəni uşaqları başa salmaq, düzgün qidalanmamanın fəsadlarını, nəticələrini göstərmək lazımdır. Mən tam razıyam ki, burada yenə əsas rolu valideyn oynayır. Valideyn əgər körpəlikdən övladını düzgün qidaya alışdırsa heç bir uşaq şirniyyat istəməyəcək.
Materialda www.google.com saytının fotosundan istifadə edilmişdir.
Hazırladı: Təmkin Məmmədli, Aydan Abaslı, 1905.az
Söhbət 20 sentyabr 2019-cu il tarixdə baş tutub.