1905.az portalının suallarını “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Məmmədəli Babaşlı cavablandırır.
– Məmmədəli müəllim, gənclərimiz elmi araşdırmalara maraq göstərirlərmi? Sirr deyil ki, ömrünü-gününü elmə həsr edən alimlərimizin donluğu bazarın tələblərindən geri qalır. Bu gələcəyin potensial alimlərini həvəsdən sala bilər axı.
– Etiraf etməliyik ki, bu gün maddiyyətin ön plana keçdiyi bir dövrdə yaşayırıq. Təbii ki, bu da öz növbəsində elmə, elm adamına münasibətdə də özünü göstərir. Bu səbəblə, sosial məsələlərin kölgəsində qalan elmə münasibət də arzu etdiyimiz səviyyədə deyil. Çünki sıravi bir elmi işçinin aldığı maaşla ailənin gündəlik ehtiyaclarını təmin etmək mümkün deyil. Bu da məcburən ikinci, hətta üçüncü iş yerini gündəmə gətirir. Təbii ki, belə olan halda alimdən ciddi elmi nəticələr gözləmək sadəlövhlük olardı. Əgər həqiqətən texnologiya ixrac edən bir ölkə olmaq istəyirsək, o zaman elmə, elmi fəaliyyətə daha çox dəyər vermək məcburiyyətindəyik. Ancaq bunun üçün bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir.İlk növbədə ciddi elmi mühit formalaşdırılmalıdır. Bunun üçün mütləq elmi fəaliyyəti vasitə olmaqdan çıxarmağın, onu məqsədə çevirməyin yollarını axtarıb tapmaq vacibdir. Təsadüfi insanların elmə gəlməsinin qarşısını almaq və elmə məqsəd kimi yanaşan insanların qayğısına qalmaq lazımdır. Bunun üçün çox uzağa getmədən ən yaxın tariximizi-sovet dövrünü xatırlamaq kifayətdir. Həmin dövrdə ciddi elmi mühitlə yanaşı, ictimai şüurda müəllimə,alimə, ümumən ziyalıya hörmət var idi. Bu gün isə bu barədə ancaq keçmiş zamanda danışırıq. Ancaq burada çinlilərin məşhur bir sözünü xatırlamaq yerinə düşər: “Qaranlığı pisləməklə heç nə dəyişməz. Əgər qaranlığın azalmasını istəyirsək hərəmiz bir şam yandırmalıyıq.” Elə isə, ilk növbədə elm adamları özləri prinsipiallıq nümayiş etdirməli, səbəbləri axtaranda ilk növbədə özlərindən başlamalıdırlar. Əgər buna nail ola bilsək, həm ictimai rəydə elmə, alimə münasibətin dəyişəcəyinə, həm də maddi məsələlərin həllini tapacağına ümid etmək olar.
Təbii ki, qeyd etdiyiniz amil gənclərin elmə marağına mənfi təsir göstərməyə bilməz. Ancaq unutmayaq ki, elmi fəaliyyət yolunu seçən gənclərimiz var və onların sayı getdikcə artmaqdadır. Burada şəxsi fədakarlıqla bərabər, ölkə rəhbərliyinin “neft kapitalını insan kapitalına çevirək” çağırışının müstəsna rolu vardır. Gənc alimlərə prezident təqaüdünün verilməsi, dövlət hesabına xaricdə təhsil, xaricdə tədqiqat imkanları nikbinliyimizi daha da artırır. İnanırıq ki, istedad baxımından başqa xalqların nümayəndələrindən heç də geri qalmayan gənclərimizə göstərilən qayğı öz nəticəsini verəcəkdir. Onlar əldə etdikləri təcrübəni Azərbaycan elmiminin inkişafına yönəldəcəklər.
– Çözülmək bilməyən Qarabağ düyünü ilə bağlı araşdırmaların intensiveləşdirilməsi, üstəlik, bu araşdırmalara xarici dil bilən, təşkilati texnikadan yaxşı baş çıxaran, işləmək həvəsli gənclərin cəlb edilməsi üçün nələri etməliyik?
– Ümummilli məsələmiz olan Qarabağ məsələsi ən ümdə problemimizdir. Təəssüf ki, haqqı gücdə görən, zülmə dəstək olan, ədalət hissini itirmiş güclərin hakim olduğu bir dünyada yaşayırıq. Təcrübə də göstərdi ki, həmin gücləri sadəcə bizim neftimiz, qazımız maraqlandırır. Elə isə, bu problemin həlli yenə bizim işimiz olaraq qalır. Bunun üçün təhsil və elm başda olmaq şərti ilə bütün sahələrdə həqiqi mənada inkişafa nail olmalıyıq. Qarabağ həqiqətləri ilə bağlı araşdırmalara da münasibət belə olmalıdır. Bu sahədə problemin mahiyyəti, tarixi və mərhələləri haqda dərin biliklərə malik, mükəmməl dərəcədə xarici dil və informasiya texnologiyalarından lazımınca istifadə edən gənclərə ehtiyac vardır.
Bəs, bu qəbil gəncləri harada axtarmalıyıq? Mənə elə gəlir ki, ilk növbədə ali məktəblərdə təhsil alan, elmi-tədqiqat institutlarında çalışan, nəhayət hal-hazırda xaricdə təhsil alan və ya tədqiqatla məşğul olan gənclərin arasından seçmək mümkündür. Daha sonra onları planlı şəkildə istiqamətləndirmək, dünyanın aparıcı beyin mərkəzlərinə göndərmək, elmi tədbirlərdə iştiraklarını təmin etmək lazımdır. Yəni bu işdə kütləvilikdən daha çox məqsədyönlü fəaliyyət daha səmərəli olardı.
– Ermənistandakı alimlərin, həm də “alim”lərin ən yaxşı halda “Böyük Ermənistan” parametrli sayıqlamaları ayaq tutub yeriyir. Özü də bütün dünyada…
– Bəli, bədnam qonuşularmız ənənələrinə sadiq qalmağa davam edirlər. Əslində, bu da təəccüblü deyil. Dövlət olaraq onların bütün siyasətləri başqalarının torpağına göz dikmək, maddi mədəniyyətini, əqli mülkiyyətini mənimsəmək prisipi üzərində qurulmuşdur. “Böyük Ermənistan” ideyası da ermənilərin xəstə təxəyyülünün məhsuludur. Ancaq bu ideya erməniyə sərf etdiyi qədər, dünyadakı güc mərkəzlərinin də işinə gəlir. Təbii ki, ermənilərin iddiasının yalan olduğunu bildikləri halda onlara havadarlıq edən siyasi, elmi dairələrlə yanaşı, sadəlövh olduqları üçün yalana inanan insanlar da vardır. Bu məsələdə iki istiqamətdə fəaliyyət göstərmək məcburiyyətindəyik. Həm yalanları ifşa etməli, həm də həqiqətləri yaymalıyıq. Etiraf edək ki, bir iddianın yalan olduğunu sübuta yetirmək asan məsələ deyil, kifayət qədər səbrli, soyuqqanlı və təmkinli olmalı, qətiyyən emosiyaya qapılmamalıyıq. Eyni zamanda, erməni yalanlarına inanan, ancaq ədalət hissini, obyektivliyini itirməmiş elm adamları ilə də iş aparmalıyıq. Dövlət qurumlarımız, diplomatlarımız, Heydər Əliyev Fondu, xaricdəki diasporamız bu sahədə kifayət qədər uğurlu işlər görürlər. Bakıda keçirilən forumlar, orada iştirak edən nümayəndələrin təmsil səviyyəsi bunu bir daha sübut edir. Ancaq unutmayaq ki, bu ümumilli misələdə hamımızın fəal iştirakımız vacibdir. İctimai təşkilatlar, fərdlər olaraq milli mənafeyə xidmət etmək borcumuzdur düşüncəsi ilə hərəkət etməli, hər hansı bir dövlət qurumundan təşəkkür, təqdir gözləmədən əlimizdən gələni etməliyik. Başqa sözlə desək, görüyümüz işlərdə səmimi və gözləntisiz olmalıyıq. Unutmayaq ki, səmimiyyət olmayan yerdə nəticə də olmur. Xaricdəki həmkarlarımız, tanışlarımızla şəxsi dostluqlar səviyyəsində əlaqə quraraq ümumi amala doğru addım-addım irəliləməliyik.
– Bir qədər Sizin rəhbərlik etdiyiniz İctimai Birlik haqqında danışaq. Keçdiyiniz yol, gerçəkləşdirdiyiniz layihələr, ən başlıcası isə planlar haqqında.
– Təmsil etdiyim ictimai birlik 2010-cu ildən etibarən fəaliyyət göstərir. Təşkilatın adından da bəlli olduğu kimi, araşdırma aparmağa həvəsi və qabiliyyəti olan istedadlı gənclərlə iş fəaliyyətimizin əsasını təşkil edir. Bu səbəbdən də əsas kontingentimiz magistratura, doktorantura və postdoktorantura mərhələsində olan gənclərdən ibarətdir. İlk növbədə ölkə daxilində və xaricdə təhsillərini davam etdirmək, tədqiqat imkanları əldə etmək istəyənlər üçün məsləhət xidməti təşkil etmişik. Bu da, əsasən, universitet və ixtisas seçimi, dövlət proqramına, ayrı-ayrı ölkələrin, fondların ayırdıqları təqaüdlərdən istifadə etmək, referans məktubların alınması, sənədlərin tərtibi, yazışmaların aparılması, viza üçün səfirliklərə müraciət etmə prosedurası kimi bir növ texniki səciyyə daşıyan məsələləri əhatə edir. Ən başlıcası isə, ictimai birliyin təşkil etdiyi məsləhət xidmətindən bəhrələnərək xarici ölkələrdə təhsillərini davam etdirən gənclərlə əlaqəmizi kəsməməyə çalışırıq. Onlarla mütəmadi şəkildə əlaqə saxlayır, milli bayramlar münasibəti ilə təbriklərimizi ünvanlayırıq. Ölkəmizi, mədəniyyətimizi xarici ölkələrdə layiqincə təmsil etmələrini, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli maraqlarımıza cavab verən diaspora fəaliyyətinə dəstək vermələri istiqamətində fəal şəkildə iştiraklarını diqqət mərkəzində saxlayırıq. Təbii ki, ölkə daxilində magisrtratura və doktorantura pillələrinə qəbul olmuş gəncləri də unutmuruq. Təlim kursları, elmi seminar və konfranslar, dəyirmə masalar, müzakirələr təşkil edirik. Bununla həm də Azərbaycanın mövcud elmi potensialından, alimlərimizin mövcud təcrübəsindən uğurla istifadə edirik. Bu qəbil seminar və təlimlərdə elmi araşdırma üsulları, elmi məqalənin, konfransa təqdim olunan tezis və məruzələrin tərtibi qaydaları, elmi tədqiqatların nəticələrinin ölkə daxilində və xaricdə nəşri ilə əlaqədar tövsiyələr verilir. Ayrı-ayrı ixtisasların özünəməxsus səciyyəvi xüsusiyyətləri nəzərə alınmaqla elmi tədqiqatın dili məsələləri müzakirə edilir. Layihələrə gəlincə, əsasən yerli donorlarla əməkdaşlığa üstünlük veririk. İlk layihəmiz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Azərbaycanda turizm xidmətlərinin mərkəzləşdirilmiş bazasının hazırlanması” layihəsi olubdur. Layihəyə uyğun olaraq Azərbaycanın müxtəlif bölgələrində olan turizm obyektləri, onların yerləşdikləri bölgələr haqqında lazımi məlumatları ehtiva edən veb saytını qurduq. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Lənkəran Dövlət Universitetində icra etdiyimiz “Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları” adlı ikinci layihəmiz də uğurlu oldu. Layihənin əsas məqsədi regionlarda ali təhsil alan gənclərdə elmi tədqiqatlara maraq oyadaraq onları müxtəlif elm sahələrində araşdırmalara təşviq etmək idi. Nəhayət, icra etdiyimiz növbəti layihə “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi”adlı layihə oldu. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə ölkəmizin ikinci böyük şəhəri Gəncədə Azərbaycan Texnologiya Universitetində icra olundu. Layihə çərçivəsində gənc tədqiqatçılara elmi məqalə, məruzə və tezislərin müasir tədqiqat üsullarına uyğun olaraq hazırlanması, tədqiqat zamanı informasiya texnologiyalarından istifadə qaydaları, ixtisaslar üzrə məqalələrin əldə edilməsi üçün beynəlxalq elmi bazaların və rəqəmsal kitabxanaların (Springer, EBSCO, Elseivier, TERENA, IEEE və s.) axtarış imkanlarından istifadə, beynəlxalq indeksli elmi jurnallar və onların elmi məqalələrin nəşrinə olan tələbləri ilə əlaqədar seminarlar verildi, maarifləndirici bukletlər paylanıldı. Nəhayət, hal-hazırda icra etdiyimiz layihəni qeyd etmək istərdim. Bu layihə cari ilin 24-26 aprel tarixləri arasında Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Yazarlar Birliyi ilə birgə təşkil etdiyimiz “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” mövzusunda beynəlxalq konfransın davamı səciyyəsini daşıyır. Konfransda təqdim olunmuş məruzələr toplusunun nəşri və təqdimat mərasiminin təşkili nəzərdə tutulur. Bu ilin noyabr ayında icra edəcəyimiz bu layihə Gənclər və İdman Nazirliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olmuşdur və hal-hazırda layihə ilə bağlı müvafiq işlər görülməkdədir. Gördüyümüz digər işlərə gəlincə, daxili imkanlar hesabına qurduğumuz tədqiqatçılar üçün maraq kəsb edən məlumatları əhatə edən www.azgead.az veb saytını qeyd etmək yerinə düşərdi. Sözügedən saytda magistratura və doktorantura ilə bağlı elan və qəbul qaydaları, mövcud normativ sənədlər, elmi dərəcə və adların verilməsi ilə bağlı Ali Attestasiya Komissiyasının tələbləri, dissertasiya işinin mü-dafiəsi qaydaları, ölkə daxilində, xaricdə təhsil və tədqiqat, nəşr olunma imkanları, layihə və təqaüd, konfrans, məqalə elanları yerləşdirilir. Bundan başqa, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə magistr tələbələri üçün əl kitabçası hazırlayaraq nəşr etdirdik, yenə daxili imkanlar hesabına magistr və doktorantların məqalələrindən ibarət ilk toplu işıq üzü gördü. Növbəti mərhələdə isə doktorantlar üçün əl kitabçası hazırlamağı planlaşdırırıq. Nəhayət, avqust ayının sonunda Azərbaycanda və xaricdə təhsil alan magistr və doktorantların iştirakı ilə çoxdan arzu etdiyimiz elm düşərgəsini təşkil edəcəyik. Elm düşərgəsinin əsas məqsədi gənclərimizi xaricdə təhsil, tədqiqat imkanları barədə məlumatlandırmaq, həmçinin onları ortaq layihələrdə iştiraka, elmi nəşrlər hazırlamağa təşviq etməkdir. Faydalı olacağına inandığımız bu layihəni ənənə halına gətirmək və gələcəkdə də davam etdirmək istəyirik. Gənc tədqiqatçıların yetişməsi üçün gördüyümüz işlərlə yanaşı, onları elmi araşdırma aparmağa da təşviq edir və Qarabağ münaqişəsi ilə bağlı maarifləndirməyə çalışırıq. Bununla əlaqədar olaraq, 2013-cü ilin 30 mart tarixində Azərbaycan Universiteti ilə birlikdə “Gənc alimlərin soyqırımı ilə bağlı olan Türkiyə arxivlərindəki sənədlərlə tanış edilməsi” layihəsi çərçivəsində “Azərbaycanlıların soyqırımı arxiv sənədlərində” mövzusunda beynəlxalq konfrans keçirdik. Azərbaycan, Türkiyə və Gürcüstandan dəvət edilmiş tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən konfransda Anadolu və Azərbaycan türklərinə qarşı erməni millətçələri tərəfindən həyata keçirilmiş soyqırımları ilə bağlı arxiv sənədləri əsasında geniş müzakirələr aparıldı. Yenə bu mövzunun davamı olaraq, Türkiyənin Firat Universiteti nəzdindəki “Ortadoğu Araşdırmaları Mərkəzi” ilə birlikdə həmin mərkəzin ildə iki dəfə nəşr olunan elmi dərgisinin növbəti buraxılışının Dağlıq Qarabağ və Xocalıda törətdikləri vəhşiliklərə həsr edilməsinə nail olduq. Azərbaycanlı və türk alimləri tərəfindən qələmə alınmış elmi məqalələrdə problem hüquqi, siyasi, sosial-iqtisadi və psixoloji aspektdən tədqiqata cəlb edildi. Türk dilində işıq üzü görən dərgi ilk növbədə Türkiyədəki kitabxana və universitetlərə, elmi araşdırma mərkəzlərinə göndərildi. Bu mövzunun davam olaraq bu il 24-26 aprel tarixlərində Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Yazarlar Birliyi ilə birgə “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” adlı beynəlxalq konfrans təşkil etdik. Hər iki ölkədən dəvət olunmuş tənqidçi, tarixçi və yazarların iştirakı ilə keçirilən konfrans böyük maraq doğurdu. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirinin, səfirliyin müşavirlərinin, Şimali Kipr Türk respublikasının Azərbaycan nümayəndəliyinin rəhbərinin də iştitrak etdikləri konfransda geniş müzakirə aparıldı. Acı da olsa etiraf etməliyik ki, müzakirələr nəticəsində bir daha bu sahədə “bədnam qonşularımız” dan geri qaldığımız və hələ görüləsi işlərin çox olduğu ortaya çıxdı. Müzakirələr əsnasında bu mövzuda yazılmış əsərlər bədii sənətkarlıq və elmi obyektivlik baxımından təhlil edildi, indiyənə qədər yazılan əsərlərin bizi nə dərəcədə qane etməsi, bundan sonra ədəbiyyatlarımız qarşısında duran vəzifələr barədə ətraflı söhbət aparıldı. Hal-hazırda sponsor tapacağımız təqdirdə bu konfransın əməli nəticəsi olaraq həm Azərbaycanda, həm də Türkiyədə müxtəlif janrlar üzrə “erməni məsələsi” ilə bağlı yazılacaq əsərlər üçün müsabiqə elan etməyi nəzərdə tuturuq. İnanırıq ki, bu layihəmiz də qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində canfəşənlıq edən erməni millətçilərinin Azərbaycan və türk xalqına qarşı törətdiyi insanlıq faciəsinin masştabına diqqəti cəlb edəcəkdir. Ümumən, son iki ildə bu məsələyə diqqəti artırmamız əbəs deyildir. Məlum olduğu kimi, 2015-ci ilə ermənilər qondarma erməni soyqırımının 100 illiyini qeyd etməklə dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək üçün ciddi-cəhdlə çalışırlar. Bu ərəfədə ermənilərin havadarları rolunda çıxış edın Qərb ölkələrinin, erməni diaspo-rasının Türkiyəyə təzyiqləri artacaqdır. Mümkün olduğu qədər Türkiyə hökumətindən daha çox güzəşt əldə etməyə çalışacaqlar. Bu amili nəzərə alaraq bizim də müvafiq qabaqlayıcı tədbirlər görməyimiz vacibdir. İctimai birlik olaraq biz də imkanlarımız daxilində məhz bu istiqamətdə müəyyən işlər görməyə çalışırıq.
– Sonda şəxsi elmi planlarınızdan danışsaydınız yerinə düşərdi.
– İxtisas etibarı ilə ərəbşünas olduğuma görə hazırda elmi fəaliyyətimi AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq-Qərb” şöbəsində davam etdirirəm. Fəlsəfə üzrə elmlər doktorluğu üçün dissertasiya işi üzərində tədqiqat aparıram. Həmmüəllifi olduğum “Ərəbcə-Azərbaycanca antonimlər lüğəti” nəşrə hazırdır və üzərində son redaktə işləri gedir. Qlobal problemlərin həllində Şərq-Qərb əməkdaşlığının zərurəti və perspektivləri mövzusunda monoqrafiya hazırlamağı planlaşdırıram. Ölkə daxilində və xaricdə keçirilən konfranslarda iştirak etməyə çalışıram. Qismət olarsa, başqa planlarımı da imkan daxilində gerçəkləşdirmək istərdim.
– Minnətdaram.
– Mən də Sizə təşəkkür edirəm. Milli tariximiz, tarixi yaddaşımız üçün lazımlı və nəcib bir missiyanı həyata keçirən 1905.az portalının ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm.
Ümumi işimizdə sizə yeni-yeni uğurlar arzılayıram.
Fuad Babayev,
1905.az