Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili və BDU-nun doktorantı Ceyhun Əhmədli ilə Rusiyadakı son durumu müzakirə etdik.
Fuad Babayev: Yeni il başlayandan sonra, yanvarın 3-də İran generalı Qasım Süleymaninin İraq ərazisində öldürülməsi, sonra İranın İraq ərazisində ABŞ bazalarına zərbə endirməsi və İran ərazisində Ukraynaya məxsus mülki təyyarənin vurulması diqqətimizi cənuba yönəltmişdi. Ancaq son günlər Rusiyada yaşananlar diqqətimizi şimala yönləndirdi. Rusiyada nə baş verir?
Ceyhun Əhmədli: Rusiyada cərəyan edən son hadisələrlə bağlı müxtəlif səpkili şərhlər, təhlillər verilir. Məsələn, Qərb yönümlü liberal dairələrin analizlərinə nəzər yetirsək, tutaq ki, “The Washington Post” qəzetində dünən (16.01.2020-ci il – red.) dərc olunan məqaləyə baxsaq, görərik ki, əsas şərhlər Prezident Vladimir Putinin 2024-cü ildən sonrakı yolunun açılması istiqamətindədir. Yəni Qərbdə hesab edirlər ki, Putinin 2024-cü ildə sonuncu prezidentlik dövrü başa çatdığına və növbəti dəfə prezident seçilə bilməyəcəyinə görə o, konstitusiyaya dəyişikliklər etməklə öz hakimiyyətini daha uzaq müddətə təmin etmək istəyir.
Amma fərqli yanaşmalar da var və hesab edirəm ki, kifayət qədər ağlabatandır. Qeyd etmək lazımdır ki, Rusiyada daha çevik dövlət idarəçilik sisteminin təşkili son vaxtlar geniş vüsət alıb. Əslində bu, mövcud Rusiya reallığının bir tələbinə çevrilib. Çünki ölkədə sosial-iqtisadi vəziyyət kifayət qədər gərgindir. Məsələn, 2019-cu ildə ÜDM-in artım göstəricisi cəmi 1.3 faiz təşkil edib ki, qlobal geosiyasi ambisiyaları olan bir ölkə üçün bu, çox acınacaqlı vəziyyətdir. Hesab edirəm ki, Nazirlər Kabinetinin istefaya getməsi, Baş Nazirin istefaya göndərilməsi də bu reallıqdan irəli gəlir ki, artıq, Nazirlər Kabineti ölkədə iqtisadi inkişafı təmin edə bilmir. Nəzərə alsaq ki, Rusiyaya Qərbdən sanksiyalar da davam etməkdədir, doğrudur, İran-ABŞ münasibətləri müəyyən qədər o sanksiyaları arxa plana atıb, amma tam əminliklə deyə bilərik ki, son dövlər Qərbdən gələn təzyiqlər şimal qonşumuzda olduqca mənfi nəticələr doğurub.
Fuad Babayev: O cümlədən, qaz bazarında da vəziyyət ürəkaçan deyil.
Ceyhun Əhmədli: Əlbəttə. Belə olan halda, həmin o sanksiyaların miqyasını kiçiltmək, ölkə daxilindəki sosial narazılığın siyasi müstəviyə çıxmasının qarşısını almaq məqsədi ilə konstitusion dəyişikliklərin edilməsi labüd olur. Bu baxımdan, hesab etmək olar ki, V.Putinin yanvarın 15-də səsləndirdiyi 11 maddədən ibarət olan dəyişikliklər paketi Rusiya dövlətinin inkişafı, daha da demokratikləşməsi və dövlət orqanlarının çevikliyinin artırılması məqsədinə xidmət edir.
Fuad Babayev: Dmitri Medvedyevin hakimiyyət olimpini tərk etməsi, hərçənd ki, onun başqa bir işə – Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinə təyin olunacağını deyirlər, və onun yerinə Rusiya Federal Vergi Xidmətinin rəisi Mixail Mişustinin gətirilməsi barədə nə deyə bilərsiniz? Sosial şəbəkələrdə belə bir məlumata rast gəlmişəm ki, yeni baş nazirin anası ermənidir.
Əhməd Əlili: Bu xəbər daha çox erməni saytlarında yayılıb. Amma hələ ki, təsdiq olunmayıb. Ermənilər deyirlər ki, onlardan biridir. Marqarita Simonyan isə hətta yazıb ki, Rusiya dövlətçiliyinin xilası bizim orada nə qədər çox olmalarından asılı olacaq. Ənənəvi erməni ambisiyası ortadadır ki, Rusiyanı onlar xilas edir. Ümumiyyətlə, Qafqaz xalqları içərisində həm gürcülər, həm də ermənilər ayrı-ayrı vaxtlarda iddia edirlər ki, onlar olmasaydı, Rusiya olmazdı. Həmkarım iqtisadi sahələləri açıqladı və düşünürəm ki, bu səbəb əsas xətdir, ancaq bununla yanaşı, bir neçə istiqamətdə öz fikirlərimi demək istərdim. Əvvəla, çox yaxşı vurğuladınız ki, fikrimiz İranda qalmışdı, hazırda Rusiyaya yönəlib. Amma əlavə edərdim, ABŞ-da da maraqlı proseslər gedir.
Fuad Babayev: Donald Trampın impiçment məsələsi artıq Senata getdi.
Əhməd Əlili: Bəli. Yəni hal-hazırda bizim cəmiyyətin özündə, həm də Azərbaycandan kənarda informasiya yükünün hədsiz dərəcədə artdığını görürük. Bunun özü bir işarədir. İnformasiya yükü həm keyfiyyət, həm də kəmiyyət baxımdan elə bir mərhələyə gəlib çatıb ki, bəzən bir informasiyanı əxz etməyə imkan olmur. Bu da onu göstərir ki, müəyyən bir transformasiya baş verir.
Rusiyanın daxilində dəyişikliklər gözlənilirdi. Son 3 ildə həm Avropanın, həm də Amerikanın aparıcı araşdırma təşkilatlarının hamısında bu, qırmızı xətlə keçirdi. Bunu nəyə əsasən deyirdilər. Doğrudur, dəyişikliklər gözlənilsə də, heç kim bunun indi və bu sürətlə baş verəcəyini gözləmirdi. Yəni ekspertlərin 60-70 faizi Rusiya dövlətinin dəyişikliklər ərəfəsində olduğunu deyirdi, amma bildirirdilər ki, 2020-ci il başlanğıcdır və dəyişikliklər yalnız 2024-cü ilə yaxınlaşdıqca baş verəcək.
Ceyhun Əhmədli: Bir məsələyə toxunmaq istərdim. Qeyd etdim ki, Qərb dairələri bunu Putinin məqsədli şəkildə atdığı addım kimi qiymətləndirirlər. Amma nəzərə almaq lazımdır ki, Vladimir Putin Rusiya siyasətində böyük fiqurdur. O, istəsə idi, bunu 2023-cü ilin sonunda da edə bilərdi. Bir-neçə ayın içərisində konstitusiya da, dövlət idarəçilik sistemi də dəyişərdi. Ancaq indiyə təsadüf etməsi çox maraq doğurur: niyə məhz indi –yəni dörd il əvvəl. Bu dəyişikliyin arxasında duran səbəb – bayaq qeyd etdiyim obyektiv reallıqlardır, heç də Putinin gələcəyi ilə bağlı deyil.
Əhməd Əlili: Burada bir məqam var ki, bunlar gözlənilirdi və hamı deyirdi ki, dəyişikliklər olacaq. Ancaq bilirik ki, real siyasi analitik bir söz deyirsə, müəyyən bir metodoloji əsaslandırması olmalıdır ki, nəyə görə oldu. Burada bir neçə faktor var. Rusiya 2011-ci ildən Yaxın Şərqdə olan aktiv müharibələrdə iştirak edir və məram da ondan ibarətdir ki, Rusiyanı bu və ya digər formada hərbi eskalasiya bölgələrinə çəkmək, onun müəyyən iqtisadi və diplomatik resurslarını tükətmək və bu yolla Rusiyada vəziyyəti ağırlaşdırmaq. Hələ Barak Obama dövründə Rusiyaya sanksiyalar elan edilmişdi və Rusiyanın müəyyən resurslarını tükətmək istiqamətində müəyyən addımlar atılmışdı. Yəni bu, əvvəldən dizayn olunmuş məsələdir. İkinci məqam ondan ibarətdir ki, 2000-ci illər o dövrdür ki, o zaman anadan olan – “Putinin uşaqları” adlı yaş təbəqəsi artıq formalaşıb, yəni lazım olan yaşa çatıb. Tutaq ki, 2000-ci ildə Vladimir Putin hakimiyyətə gəlib, o dövrdə doğulan uşaqların 2020-ci ildə artıq 20 yaşı var.
Fuad Babayev: Əsgərliyini də çəkib gəlib artıq.
Əhməd Əlili: Bəli. Və sosiologiyanın qızıl qaydalarından biri budur ki, cəmiyyətdə yaşlı insanlarla cavan insanların say nisbəti siyasi proseslərə çox ciddi formada təsir edir. Həmin o cavan təbəqə, yeni nəsil sovet dövrünü görməyib və tamam ayrı bir ideoloji qəliblərdə böyüyübdür. Bu proses ilə yanaşı, Putin elitasının da “yaş eroziyası” gedir. Putinin ətrafında olan insanlar vaxtilə sovetlər dövrünün müəyyən bir ideoloji, siyasi strukturunda inkişaf etmiş, müəyyən bir məqama çatmışdılar. Artıq onlar da yaşlanıblar. Yəni yeni nəsil gəlir və köhnə nəslin “yaş eroziyası” məsələsi var. Və 2020-ci illərdə cavan nəslin “kondensat dərəcəsi” artmalı, köhnə nəslin isə azalmalı idi.
Başqa fikir də ondan ibarətdir ki, Rusiyada “televizorlar” və “soyuducular” bir-biri ilə mübarizədədirlər. Və son iki ildə V.Putinin reytinqinin kəskin düşməsini bu “soyuducu” ilə bağlayırlar. İstənilən halda, “soyuducu” sonda qalib gəlməlidir. Ancaq “televizor”a müəyyən müddət uğurlu münasibət göstərilə bilər.
Fuad Babayev: Ancaq texnokratların hakimiyyətə gəlməsinə nə deyirsiniz? Əgər Aleksey Kudrin baş nazir gətirilsə idi, bu, hökumətdə kardinal iqtisadi dəyişikliklər etmək istəyinin təzahürü ola bilərdi. Lakin vəzifəyə bir texnokrat təyin edilir. Bu insan Rusiyada vergi sistemini effektli bir hala gətirib çıxarıb. Hətta orada az qala hər bir kassa aparatı birbaşa serverə birləşdirilib və yeni baş nazir rusiyalıların gəlirlərinə total nəzarəti təmin edənlərdən biridir.
Ceyhun Əhmədli: Vladimir Putinin hakimiyyətə gəldiyi ildən etibarən təyin etdiyi kadrların reputasiyası həmişə aşağı olub. Bu da o səbəbdən qaynaqlanır ki, gələcəkdə özünə alternativ liderin ortaya çıxmasına şərait yaranmasın. Məsələn, Dmitri Medvedyev 2008-ci ildə prezident postuna gətiriləndə, Rusiya cəmiyyətində və bütün dünyada belə bir fikir formalaşdı ki, bu şəxs Putinin siyasi varisi ola bilməz. Bu son hadisələrdən sonra maraqla gözlənilirdi ki, əgər sistematik dəyişikliyə başlanılıbsa, deməli, Putinin siyasi varisinin kimliyi barədə də yaxın vaxtlarda məlumat olacaq.
Fuad Babayev: O da yəqin ki, baş nazir olmalı idi.
Ceyhun Əhmədli: Amma, hər halda olmadı. Çünki Mixail Mişustinin gələcəkdə Rusiyanın ali rəhbəri olacağı ilə bağlı fikir söyləmək ciddi olmazdı. Doğrudur, əgər konstitusiyaya dəyişikliklər edilsə, parlamentin statusu artacaq, səlahiyyətləri genişlənəcək, bu da, nazirlər kabinetinin müəyyən qədər nüfuzunun genişlənməsi deməkdir. Çünki nazirlər kabineti parlament qarşısında məsuliyyət daşıyacaq və Duma tərəfindən təyin olunacaq. Söhbət əgər bu dəyişikliklərdən sonra siyasi varisin kim olacağıından gedirsə, o zaman yeni formalaşacaq strukturun təhlil olunması vacibdir. Yəni Putin və ya gələcək varisi dövlət ierarxiyasında hansı postu tuta bilər. Baş nazir postunu tutmayacaq, çünki baş nazir parlament qarşısında hesabat verəcək, ondan asılı olacaq. Hər halda nə Dumanın, nə də Federasiya Şurasının rəhbəri olmayacaq. Deməli, hazırda məşvərətçi orqan olan Təhlükəsizlik Şurasının (və ya Dövlət Şurası) konstitusion bir quruma çevrilməsi prosesi gedə bilər. Düşünürəm ki, konstitusiya dəyişikliyindən sonra, Putin və ya siyasi varisi həmin ali dövlət orqanının rəhbəri ola bilər. Belə bir versiya var ki, bu Şura keçmişdə Kommunist Partiyasının Siyasi Bürosu səviyyəsində bir quruma çevriləcək. Əgər Təhlükəsizlik Şurası keçmiş Siyasi Büronun bir alternativi olsa, o zaman bu Şuranın rəhbəri heç bir seçkini gözləmədən ömürlük o funksiyanı daşıyacaq. Məhz bu amil gələcək siyasi dəyişikliklər üçün ipucu ola bilər.
Çox guman ki, prezident postu artıq simvolik bir vəzifəyə çevriləcək. Belə olan halda, hansısa dövlət qurumunun çəkisi artmalıdır, bu da çox guman ki, Təhlükəsizlik Şurası olacaq. Çünki bu qurum hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisata çevriləcək. Bu da 2024-cü ildən sonra ya Putinin, ya da onun varisinin hakimiyyəti davam etdirməsi üçün effektiv bir vasitədir.
Əhməd Əlili: Rusiya tarixindən görürük ki, siyasi gedişlər zamanı siyasi mühitdə dəyişikliklər olan müddətdə bu ölkənin daxilində çox maraqlı hadisələr baş verir. Vəzifəyə müəyyən bir fiqur təyin olunur və o elə də güclü olmur. Yəni o zaman güclü olmur ki, dəyişikliklər dövründə hakimiyyəti ələ ala bilsin. Amma o fiqur müəyyən qısa dövr ərzində orada olur ki, hakimiyyətdə transformasiya prosesinin baş verməsinə imkan versin. 2008-ci ildə bu rolu Mixail Fradkov icra etdi. Bu çox önəmlidir. Bilirik ki, Mişustin ambisiyasına görə siyasi oyunçular içərisində top onluğa daxil olan bir şəxs deyil. Bu şəxsi ona görə ora təyin ediblər ki, hal-hazırda müəyyən qruplararası mübarizəni, hakimiyyətin transformasiyasını təmin edə bilsin. Burada maraqlı olan nədir. Bilirik ki, Rusiyada güc orqanlarının və iqtisadi qurumların təmsilçiləri mövcuddur. Vergilər nazirliyi elə bir orqandır ki, onu həm güc strukturu hesab etmək olar, yəni formada gəzirlər, lazım olanda zor tətbiq etmək imkanları da var, amma bununla yanaşı, həmin adam daha çox iqtisadçıdır.
Bu, rus ekspertlərinin yanaşmasıdır. Bu fikri mən də qəbul edirəm. Bu isə Fradkov kimi, hakimiyyətin transformasiyasına imkan verir. Amma nəzərə almaq lazımdır ki, 2024-cü ilə qədər kifayət qədər vaxt var və o zamana qədər hər şeyin Mişustinin nəzarəti altında olacağını hesab etmək düzgün deyil.
Burada Boris Yeltsin erasının son illəri yada düşür. Yadınızdadırsa, həmin illərdə baş nazirlər bir-birini əvəz edirdi.
Yəni bu, Boris Yeltsinə imkana verirdi ki, iqtisadi uğursuzluqlardan özünü qurtarmaq üçün baş nazirin təyinatının uğursuz olduğunu desin. Həmin dövrdə heç kimə məlum olmayan Putin qısa zamanda ardıcıl olaraq üç posta təyin olundu və 31 dekabr 1999-cu ildə Yeltsin çıxış etdi.
Ceyhun Əhmədli: Demək istəyirsiniz ki, proseslərin bu gedişatı yaxın bir neçə il ərzində yeni bir siyasi liderin ortaya çıxması ilə nəticələnəcək.
Əhməd Əlili: Mişustinin orada olması hələ son deyil və proseslər bundan sonra da maraqlı formada inkişaf edə bilər. Səhv etmirəmsə, dörd il əvvəl Putinə çox yaxın məşhur bir rus eksperti demişdi ki, Putin hakimiyyətdə ömürlükdür. O zaman heç bunun işartıları görünmürdü. Amma o, Putinin uzun müddət perspektivdə qalacağını söylədi. Onun dediklərini düşündükcə, görürsən ki, belə əlamətlər mövcuddur. Ancaq burada ortada bir şey də var. Hazırda baş verənlər – Putinin “B” planıdır. Düşünürəm ki, o, əvvəlki formada təkrar olmasa da, “A”planına bu və ya digər formada qayıdacaq. “A” planı ondan ibarət idi ki, Belarus ilə Rusiyanın ittifaq dövləti yaradılır və Putin bu dövlətin rəhbəri səviyyəsinə qalxır, eyni zamanda Rusiyanın özündə də rəhbər qalır. Amma indi “B” planı icra olunur: dövlət şurası yaradılır, Putin və özünə çox yaxın bildiyi ətrafı bura daxil olur. Mişustin bu ətrafa daxil deyil. Putin imkan verir ki, Rusiyanın daxilində bu proseslər baş versin, amma Belarusu əvəz edə biləcək ölkələr axtarır. Bu, klassik rus yanaşmasıdır ki, sovetləri Rusiya, Belarus, Ukrayna və Zaqafqaziya ölkələri yaradıblar, amma Belovej meşəsində (1991-ci il 8 dekabr – red.) Zaqafqaziyanı nəzərə almadılar. Yəni Sovet İttifaqını yaradan Belarus, Rusiya, Ukrayna, Zaqafqaziyadan fərqli olaraq BMT təmsilçiliyində də var idi. Beləliklə, Ukrayna və Belarus artıq bu planda yoxdur. Ukrayna obyektiv səbəblərdən, Belarus isə, hər halda subyektiv səbəblərdən.
Ceyhun Əhmədli: Nəyə görə məhz indiki dövrdə belə siyasi gedişlərin şahidi oluruq. Düşünürəm ki, bunu müəyyən qədər qlobal geosiyasi proseslərlə də əlaqələndirmək olar. Nəzərə alaq ki, Rusiyada baş verən hadisələr qlobal hadisə hesab olunur. Moskva üçün ən arzuolunan nəticə odur ki, atdığı addımlara görə qlobal informasiya müstəvisində ona qarşı təzyiqlərə daha az məruz qalsın. Bu gün istər Yaxın Şərqdəki hadisələr, istər İran-Amerika gərginliyi, o cümlədən ABŞ daxilində çəkişmələrin pik həddə çatması, eyni zamanda 2020-ci ildə ABŞ-da seçkilərin keçirilməsi, Avropa Birliyi daxilindəki məsələlər və s. məsələlər şərait yaradır ki, gələcək planlar məhz indiki dövrdə reallaşdırılsın.
Mişustinin erməni ailəsindən çıxması, gələcəkdə Ermənistanın Rusiyanın onun bir quberniyası, vilayəti olması fikrinə gəldikdə isə, düşünürəm ki, Ermənistanın hazırkı iqtidarının siyasi kursu bu ehtimalı tamamilə istisna edir.
Əhməd Əlili: Elə düşünürlər ki, Paşinyan qərbpərəstdir. Amma amerikalılar, avropalılar onu qərbpərəst hesab etmirlər.
Fuad Babayev: Rusiyada baş verənlər Azərbaycana nə vəd edir?
Ceyhun Əhmədli: Bu gün post-sovet məkanında Rusiyanın siyasi dayaqları əhəmiyyətli dərəcədə zəifləyib. Ukrayna məsələsi, Belarus, Gürcüstan, Ermənistanın özü belə…
O cümlədən, Mərkəzi Asiya ölkələrində Rusiya əleyhinə çıxışları görürük. Məsələn, Qazaxıstanda ilk dəfə keçən il rus dili ilə bağlı narazılıqlar oldu və bu, dövlət səviyyəsində müzakirələrə gətirib çıxardı. Belə bir şəraitdə Rusiya və Azərbaycanın yaxınlaşması meylləri obyektiv reallıqları əks etdirir. Nəzərə alaq ki, yerləşdiyimiz region Rusiyanın cənub sərhədlərini təşkil edir və Rusiya öz sərhədində təhlükəsizliyi hansısa formada təmin etməlidir. İndiki şəraitdə Rusiya bunu nə Gürcüstanla siyasi müttəfiqlik münasibətlərinə girərək edə bilməz, nə də Ermənistanla. Yeganə seçim Azərbaycandır.
Rusiya ilə Azərbaycanı yaxınlaşdıran, bir-birinə bağlayan səbəblər çoxdur. Məsələn, mən indiyə qədər Rusiya rəhbərliyinin hansısa post-sovet ölkələrindən birinin ikinci şəxsini fəxri qarovul dəstəsi düzərək qarşıladığını görməmişəm. İlk dəfə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Rusiyaya səfər edərkən Rusiyanın prezidenti, Federal Şuranın rəhbəri, o cümlədən Baş Naziri ilə təkbətək görüşlər keçirdir. Məncə, bu, ilk belə hadisə idi. Düşünürəm ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etməsi, əməkdaşlığının daha da dərinləşməsi üçün obyektiv şərtlər mövcuddur. Nəzərə alaq ki, hər il qarşılıqlı ticarət dövriyyəsinin artdığını müşahidə etməkdəyik. Birlikdə həyata keçirilən Şimal-Cənub nəqliyyat dəhlizindən tutmuş Xəzər dənizində yataqların işlənilməsinə qədər iki ölkə arasında çoxşaxəli əməkdaşlıq münasibətləri mövcuddur. Həmçinin, Xəzər dənizinin hüquqi statusunun həll olunması da, demək olar ki, Rusiya-Azərbaycan əməkdaşlığının göstəricisidir. Yəni Azərbaycan balansı Rusiya vasitəsilə öz xeyrinə dəyişməyi bacardı və Xəzər dənizinin hüquqi statusunu öz istədiyi çərçivədə reallaşdırdı.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, düşünürəm ki, İrəvan-Moskva gərginliyinin artması gələcəkdə münaqişənin nizamlanması prosesində Rusiyanın Azərbaycanın yanında olmasını şərtləndirə bilər. Lakin başqa tendensiyalar da gedə bilər. Məsələn, keçən il bu mövzu gündəmdə idi: KTMT-də müşahidəçilik statusu yaradılmışdı və bir çox ekspertlər tərəfindən belə bir fikir irəli sürüldü ki, onun yaradılmasına səbəb Azərbaycanın təşkilatda təmsil olunması ilə bağlıdır. Belə bir ehtimal mövcuddur.
KTMT-nin nizamnaməsinə əsasən üzv ölkələrin ərazi bütövlüyü pozulduğu təqdirdə, vahid müdafiə formalaşdırılır. Əgər Azərbaycan indiki nizamnamə ilə KTMT-yə üzv olarsa, bu təşkilat çərçivəsində Ermənistana müharibə elan olunmalıdır. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri bu gün işğal altındadır.
Əhməd Əlili: Ermənistan məsələsinə yenidən qayıtmaq istərdim. Avropa diplomatlarının çox qısqanclıqla yanaşdığı bir məqam – Azərbaycan-Rusiya münasibətlərinin istiləşməsinin pik nöqtəsi noyabrın ortalarından dekabrın ortalarınadək olan dövrü əhatə edir. İndinin özündə də bir çox Avropa ölkələri hesab edirlər ki, Azərbaycan-Rusiya münasibətləri çox sürətlə istiləşməyə doğru gedir. Ancaq cənab Prezidentin son çıxışı zamanı Avropa İttifaqı ilə bağlı aparılan danışıqları xüsusi yada salması və Avropa İttifaqını ayrıca vurğulaması göstərir ki, Avropa İttifaqı ilə aparılan və yarımçıq dayandırılan danışıqların yenidən aktivləşməsi məsələsi ortadadır.
Azərbaycan istənilən coğrafi güc mərkəzləri ilə əlaqə qura bilər. Ona görə burada ortada Avropa İttifaqı da, Qoşulmama Hərəkatı da var, son iki ildə ABŞ-la Azərbaycan arasında hərbi sahədə münasibətlərin güclənməsi də var.
Hazırladı: Mehman İbrahimov, 1905.az