Müsahibimiz tarix üzrə fəlsəfə doktoru Mahur Qəribovdur.
– Mahir müəllim, 1918-ci il Ermənistan-Gürcüstan müharibəsi haqqındakı tədqiqatlarınız barədə danışaq. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluq dövrünə təsadüf edən bu müharibə tarixşünaslığımızda araşdırılıbmı?
Həqiqətən Dağlıq Qarabağ münaqişəsi mövzusu Azərbaycan tarixi üçün çox taleyüklü bir məsələdir. Çünki Azərbaycan torpaqlarına qarşı, bizim ərazilərimizə qarşı qonşuların ərazi iddiaları var və bu tarixin müxtəlif dövrlərində özünü büruzə verib. Biz elə əsrin əvvəllərinə nəzər saldıqda aydın şəkildə görürük ki, bu məsələlər əvvəlcədən planlaşdırılmış şəkildə ermənilər tərəfindən aparılıb. Onlar dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq məqsədi ilə qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürüblər və çox təəssüf ki bu siyasət bu günə qədər də mərhələli şəkildə həyata keçirilir. 1918-ci il hadisələrinə baxanda Dağlıq Qarabağ məsələsindən əvvəl ermənilərin Gürcüstana qarşı müharibəsinin şahidi oluruq. Bəzən gürcü dostlarımızla Dağlıq Qarabağ münaqişəsi haqqında danışanda onlar bildirirlər ki, bu Azərbaycanla Ermənistan arasında olan bir məsələdir, bizi buna qarışdırmayın. Amma onlara 1918-ci ildə Ermənistanla Gürcüstan arasında baş vermiş müharibədən sual verəndə danışmağa başlayırlar. Hətta bununla bağlı onlar sənədli filmlər də hazırlayıblar. Belə filmlərdən biri də “Müharibə” adlanır. Rus dilinə tərcümə edilmiş həmin filmdə müharibə xəritələrlə, faktlarla tamaşaçıya çatdırılır. Biz də 1918-ci il Ermənistan-Gürcüstan müharibəsi haqqında İctimai televiziyada “Qafqaz tarixi– erməni məkri” adlı sənədli film hazırladıq. Bir tarixçi kimi hazırladığım sənədli filmlərdə ona diqqət edirəm ki, efirə gedən material, səslənən fikir sənədə, mənbəyə əsaslansın. Biz bu filmdə xəritələrlə də göstəririk ki, ermənilər hansı istiqamətdən hücum ediblər, hansı əraziləri tutublar və döyüşlər hansı bölgələrdə olub.
– Sizdən əvvəl bu mövzuya müraciət olunubmu, araşdırılıbmı?
Çox geniş şəkildə araşdırılmayıb. Mən də onu vurğulamaq istəyirəm ki, biz Qarabağ məsələsinin səbəblərinə, tarixi kökünə baxanda əslində onun ermənilər tərəfindən işğalçılıq siyasəti olduğunu görürük. Bu işğalçılıq siyasəti bizdən də əvvəl Gürcüstana qarşı başlamışdı. Biz bu məsələni üzə çıxarmalıyıq. Bildiyimiz kimi 2018-ci il Cənab prezidentin Sərəncamı ilə Cümhuriyyət ili elan olunub.
– Zaqafqaziya Seymi dağıldıqdan sonra Ermənistanla Gürcüstan arasında başlamış sərhəd münaqişəsinin mahiyyəti nədən ibarət idi? Kaçaznuninin rəhbərlik etdiyi Ararat hökuməti Gürcüstanın hansı ərazilərinə iddia edirdi?
Zaqafqaziya Seymi dağıldıqdan sonra Gürcüstan, Azərbaycan və Ermənistan müstəqillik qazandılar. Bu tarixdən sonra Ermənistanla Gürcüstan arasında başlanmış sərhəd münaqişəsi daha da gərginləşdi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kv.km ərazisinə Cənubi Borçalı da daxil idi. Yəni o ərazilər də Azərbaycanın mirası idi, Azərbaycanın torpağı idi. Müstəqilliyin ilk günlərində Gürcüstan hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstanın sərhədlərini müəyyən etmək adı altında mövcud vəziyyəti dəyişmək cəhdləri Azərbaycan hökumətinin müqaviməti ilə qarşılaşdı. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Məmməd Həsən Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz edərək Gürcüstan hökumətinin xarici işlər idarəsinin başçısına yazırdı: “Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan hissələrinin əhalisi öz nümayəndələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə etdiklərini nəzərə alaraq, mənim hökumətim gürcü hökumətinin yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin saxlanması naminə Borçalı qəzasının hüdudlarından qoşun hissələrini çıxarmaq, Azərbaycan ərazisinin yuxarıda qeyd edilən hissələrinin tutulması haqqında sərəncamı ləğv etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir”. Məlumdur ki, daha çox azərbaycanlılar yaşayan ərazilər, xüsusilə Borçalı bölgəsi həmin dövrdə həm Ermənistanın, həm də Gürcüstanın maraq dairəsində idi. 1918-ci ildə mayında elan edilmiş Cümhuriyyətimizin əsas məqsədi azərbaycanlıların daha çox yaşadığı Şimali Azərbaycanı, dövləti qoruyub saxlamaq, sərhədlərini gücləndirmək idi. Bu məqsədlə də Osmanlı dövləti ilə hərbi müqavilə imzaladı və Qafqaz İslam Orsusunun köməyi ilə 15 sentyabrda Bakı daşnak və bolşeviklərdən təmizləndi. O dövrdə Cümhuriyyət Borçalı bölgəsini, azərbaycanlılar yaşayan Gürcüstan ərazisini qorumaq iqtidarında deyildi. Məlimdur ki, Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Borçalı bölgəsinin Azərbaycan ərazisi olması barədə Ermənistana xüsusi olaraq nota verib.
– Həmin ərazilərin, yəni Cənubi Borçalınını və Loru-Pəmbəyin etnik tərkibi və demoqrafiyası haqqında nə demək olar? Ermənilərin bu ərazilərə iddia etməsi nə ilə bağlı idi?
– İş orasıdır ki, həmin dövrdə o ərazidə yaşayan insanların əksəriyyəti azərbaycanlılar – qarapapaq türkləri idi. Ermənilərə gürcülər yaşayan ərazilərə nisbətən azərbaycanlıların məskunlaşdığı əraziləri işğal etmək daha asan idi. Əsas səbəb bu idi. O dövrdə təbii ki, Gürcüstan ərazisində müxtəlif xalqları yaşayırdı, orada daha çoxluq təşkil edənlər isə məhz azərbaycanlılar
– Faiz etibarı ilə onu ifadə etmək mümkündür?
– Burada mən faiz səsləndirsəm o dövr üçün yalnış Çoxluq etibarı ilə məsələn həmin dövrdə Loru-Pəmbək, Alaverdi, Şorali bölgəsində, Şulaverdə,Uzunlarda, Voronsovkada, Qızılhacılıda yaşayanların əksəriyyəti azərbaycanlılar idi. Ermənilərin məqsədi bu torpaqları ələ keçirmək idi. Ona görə də döyüşlər məhz bu ərazilərdə gedirdi.
– Yəni bu ərazilər etnik tərkib etibarı ilə əsasən azərbaycanlılardan ibarət olmasına baxmayaraq Gürcüstanın tərkibində idi.
– Məsələ ondadır ki, həmin torpaqlar mübahisəli ərazi idi. Yəni həm Azərbaycanda, həm Gürcüstanda, həm də Ermənistanda Cümhuriyyət yaranmışdı. Amma əraziləri müəyyənləşdirmək baxımından mübahisəli torpaqlar, ərazilər var idi.
– Mahir müəllim, bu mübahisəli ərazilərlə bağlı Ermənistan niyə Azərbaycanla deyil, Gürcüstanla müharibə edirdi? Gürcüstana müharibə elan olunmuşdu, yoxsa hərbi əməliyyatların miqyasına görə onu müharibə kimi dəyərləndiririk?
– O dövrdə təbii ki, müharibə elan olunmaq söhbəti yox idi. Amma, o əraziləri tutmaq üçün “Dro” ləqəbli Drastamat Kanayanın (Drastamat Kanayan (1883-1956) – terrorçu, hərbi cinayətkar. I dünya müharibəsi zamanı türklərə qarşı vuruşan və dinc əhaliyə qarşı kütləvi qırğınlar törədən erməni dəstələrindən birinə başçılıq edib. O, 1920-ci ildə Qarabağda Azərbaycan ordusuna qarşı döyüşlərdə məğlubiyyətə uğrayaraq geri çəkilib. 1920-ci ilin noyabrında Ermənistan respublikasının hərbi naziri olub – red.) rəhbərliyi ilə böyük bir ordu hücuma başlamışdı. Müharibənin birinci mərhələsi 1918-ci il oktyabrın 17-də, ikinci mərhələsi isə 1918-ci ilin dekabr ayının17-də başlayır. Gürcüstan hökuməti 1918-ci ilin dekabr ayının18-də Ermənistana ünvanladığı notada bu ölkə ilə bütün əlaqələri kəsir. Bununla Gürcüstan Ermənistanın hücumlarını elan olunmamış müharibəsi kimi qiymətləndirir. Bu müddət ərzində ermənilər azərbaycanlılar yaşayan Şorali, Kobali bölgələrinə də hücum edirlər. Oktyabrın 20-də Gürcüstanda hakimiyyətdə olan menşevik hökuməti həmin əraziyə zirehli qatar vasitəsilə böyük bir ordu göndərib və onlar erməniləri geri oturdublar. 1918-ci ilin dekabrındakı döyüşlər daha geniş miqyasda olub. Qeyd edim ki, bir gün ərzində o döyüşlərdə 100 gürcü əsgəri həlak olmuşdu.
– Bəs əks tərəfdən həlak olanlar nə qədər idi?
– İlk döyüşdə ermənilər tərəfdən itki çox deyildi. Amma 30 dekabr tarixli döyüşdə ermənilər 230 nəfərə yaxın əsgər itirmişdilər.
– Bu müharibədə yerli azərbaycanlılar da iştirak edirdi?
– Bu müharibədə azərbaycanlılar gürcülərlə birlikdə ermənilərin işğalçılıq siyasətinə qarşı vuruşublar. General Sulikidzenin rəhbərliyi ilə bu döyüşlərdə çoxlu sayda azərbaycanlılar şəhid olublar. Onlar Tiflisdəki Qardaşlıq qəbirstanlığında dəfn olunub.
– Bu müharibədə yerli azərbaycanlıların iştirakı ilə bağlı fikrinizi bilmək istərdim. Azərbaycanlılar bu müharibədə necə iştirak edirdilər? Onlar könüllülərdən ibarət özünümüdafiə dəstələri idi? Onları təşkilatlandıran var idi?
– Azərbaycanlılar bilirdi ki, ermənilər həm Azərbaycan, həm də Gürcüstan torpaqlarına iddialıdırlar və gürcülərlə bir yerdə o döyüşlərdə iştirak edirdilər. Onlar könüllü surətdə döyüşürdülər. Onları təşkilatlandıran yox idi. Çünki, o dövrdə Azərbaycan Xalq Cümhuriyyəti daha çox Qarabağda döyüşlər aparırdı.
– Yeri gəlmişkən, Ermənistan-Gürcüstan müharibəsində Azərbaycan Xalq Cümhuriyyətinin mövqeyi nədən ibarət idi?
– Azərbaycan Xalq Cümhuriyyəti ermənilərin niyyətlərini bilirdi. Həmin dövrdə Zəngəzurda, Qarabağda döyüşlər gedirdi. Çar Rusiyasının yetişdirdiyi erməni generallar müharibə siyasəti aparırdılar. Amma, bölgədə əmin-amanlığın yaradılması, məsələlərin sülh yolu ilə həlli ilə bağlı fikirlər də var idi. Cümhuriyyətin tanınmış ictimai-siyasi xadimləri Gürcüstanın mövqeyini dəstəkləyirdilər. Çox sevindirici haldır ki, 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti döyüşlərdə üç böyük qələbə əldə etmişdi. Bir Zəngəzurda, bir Əsgəranda, bir də 1920-ci ildə Şuşada. Bu üç böyük qələbə o dövrdə ermənilərin işğalçılıq siyasətinin qarşısını almışdı. Şuşada Azərbaycan hərbçilərini, Həbib bəy Səlimovu şəxsən tərbik edən Səməd bəy Mehmandarov deyirdi ki: “Mən çox döyüşlərdə olmuşam. Amma bu cəsur əsgərlər çox böyük iş gördülər və onlara analarının südü halal olsun”. Bunlar bizim hərb tariximizin şanlı bir səhifəsidir.
– Bölgəni daim maraq dairəsində saxlayan Rusiya, Böyük Britaniya, Fransa kimi dövlətlər hansı tərəfi dəstəkləyirdilər? İki xristian dövlətdən hansına üstünlük verilirdi? Yəni məsələyə bu aspektdən yanaşmanızı istərdim.
– Çar Rusiyasının mövqeyi məlum idi.
– Artıq bolşevik Rusiyası da formalaşırdı.
– Bəli. Əvvəlcə Çar Rusiyasının mövqeyi təbii ki, Ermənistanı bir dövlət kimi formalaşdırmaq idi. Çünki hələ Pyotorun vaxtından onların Rusiyanın cənubunda bir istinadgah yaratmaq fikirləri var idi. Qriboyedovun, Şavrovun əsərləri də bunu sübut edir. Yəni təbii ki, Rusiya birmənalı şəkildə ermənilərin tərəfində idi və onları silahla təmin etmişdi və hətta hazırlamışdı. Əgər o dövrdə azərbaycanlılar hərbi xidmətə çağırılmırdısa, ermənilərdən generallar yetişdirilirdi və onların rus dilini bilməsi bəhanə idi. Amma əslində azərbaycanlılardan da rus dilini bilənlər var idi. Amma onlara hərb sənətini öyrənməyə çox da imkan verilmirdi.
– Bəli, yalnız Şıxlınski, Mehmandarov, Naxçıvanski kimi müəyyən zadəgan nəsillərinin belə bir imkanı vardı.
– Doğrudur. Amma, Ermənistan-Gürcüstan müharibəsinin dayandırılmasında məhz İngiltərə və Fransa amili əsas amil oldu. Təbii ki, Fransa və İngiltərə iki xristian ölkəsinin bir-birilə müharibəsini xoş qarşılamırdılar. Məhz onların işə qarışmağı ilə bu müharibə dayandırılır və artıq 1918-ci il dekabrın 31-dən atəşkəs elan edilir. 1919-cu il yanvarın 17-də isə onlar arasında bu ərazinin necə bölünməsi haqqında razılıq əldə olunur. Borçalınının şimal hissəsi Gürcüstanın, cənub hissəsi isə Ermənistanın tərkibinə daxil olur. Loru-Pəmbək bölgəsi isə neytral ərazi olaraq qalır. 1921-ci ilin iyun ayında neytral ərazi olan Loru-Pəmbək bölgəsi də Ermənistana verilir.
– Yəni bu dövlətlərin konkret dəstəklədiyi tərəf yox idi. Onların ortaq mövqeyi neytrallığı qorumaq idi.
– Bəli. Onlar məsələyə neytral yanaşırdılar ki, məsələni öz aranızda sülh yolu ilə həll edin. Amma təbii ki, orada azərbaycanlılar yaşadığına görə qəbul edilən qərar bizim xeyrimizə deyildi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti öz mövcudluğunu qoruya bilsəydi ola bilsin ki, həmin ərazilərin də təhlükəsizliyini təmin edəcəkdi. 1920-ci ilin 29 noyabr tarixli qərarı ilə Azərbaycanın Zəngəzur bölgəsinin sovetləşməyə hədiyyə olaraq Ermənistana birləşdirilməsi də həmin dövrdə Rusiyanın Azərbaycanın əleyhinə olan qüvvələrin mövqeyini dəstəklədiyini bir daha sübut edir. O dövrdə Azərbaycanı qoruya biləcək yeganə qüvvə Türkiyə Cümhuriyyəti hələ yaranmamışdı, onların özlərinin taleyi qeyri-müəyyən idi. Tarixə nəzər salanda Qarabağ müharibəsindən əvvəl ermənilərin işğalçılıq siyasətinin məhz Cənubi Borçalıdan başladığını görürük. Bu gün də bütün dünyada ermənilər Dağlıq Qarabağda xalqların öz müqəddəratını təyin etməsindən danışırlar. Bu necə öz müqəddəratını təyin etməkdir ki, Ermənistan adlı dövlət var. Bu dövlət yarandığı gündən Gürcüstana ərazi iddiaları irəli sürüb, onunla müharibə edib. Bu faktın özü də sübut edir ki, ermənilərin dediyi öz müqəddəratını təyin etmək deyil, sırf, “Böyük Ermənistan” dövləti yaratmaq ideyasına xidmət edən işğalçılıq siyasətidir.
Təmkin Məmmədli, 1905. az
Müsahibə ilk dəfə 30 oktyabr 2018-ci ildə dərc olunub.