Bir neçə gün əvvəl Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində “Rənglərlə Qarabağa səyahət” adı altında başlayan sərgi və mədəniyyət tədbirləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, tədbirlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının tərəfdaşlığı ilə həyata keçirilən “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində təşkil olunub.
Qeyd edək ki, sərgidə tanınmış rəssamlar Rafail Əlizadə, Yusif Mirzə, Vüqar Əli, Günel Ağakişiyeva, Toğrul Ağayev, İqbal Həsənəlizadə, Nərminə Uluxanova, Nərmin Abdullayeva, Leyla Orucova, Abbas Məmmədov və Səadət Abdullayevanın əsərləri nümayiş olunub.
Sərginin bağlanışına həsr olunmuş mərasim Kuala-Lumpur Şəhər İncəsənət Qalereyasının direktoru Maizon Ömərin çıxışı ilə başlanıb.
Layihə rəhbəri, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva layihə çərçivəsində Kuala-Lumpurda son bir neçə gündə həyata keçirilən tədbirlər, 30 ilə yaxın düşmən işğalı altında qalan Şuşa şəhərinin Azərbaycan xalqının tarixi keçmişi və mədəni həyatında tutduğu mövqe barədə məlumat verib. O, Azərbaycan rəssamlarının Şuşa mövzusunda çəkdikləri əsərlərdən ibarət sərginin təşkilində zəhməti olanlara təşəkkür edib.
Gənc müğənni Zeynəb Nəcəfovanın Şuşa və Qarabağ mövzusunda ifa etdiyi mahnılar tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.
Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanov bağlanış mərasimində çıxış edərək, Şuşanın erməni işğalı altında olduğu illəri xatırladıb, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına göz yummasından ürək ağrısı ilə danışıb. Üç onilliyə yaxın düşmən tapdağı altında olan tarixi Qarabağ torpaqlarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunmasından bəhs edib.
Tədbirdə İspaniya, Zambiya və Seneqalın Malayziyadakı səfirləri, habelə Türkiyə və Polşa səfirliklərinin məsul nümayəndələri iştirak ediblər.
Layihə rəhbəri Ş.Nağıyeva sərgidə nümayiş olunan hər bir rəsm əsəri barədə diplomatlara ətraflı məlumat verib.
Mərasimin yekununda ölkəmizin turizm imkanlarını nümayiş etdirən videoçarxlar nümayiş olunub.