Deyilənə görə çox yaxşı pal-paltar İtaliyada, əsl hörmətə layiq maşınlar da Almaniyada istehsal olunur. Əlbəttə, axtarsan Fransada da, İngiltərədə də və başqa- başqa adı ürəyəyatan ölkələrdə də kefiniz istəyən qədər kostyum da tikirlər, maşın da buraxırlar. Amma, “italyanski” ayaqqabı bam-başqadır. “Nemetski” avtomobillər də ki, dünya dördtəkərliləri arasında özünü çoxdan təsdiq eləmiş, indi dəbdə olan tərzdə desək, birinciliyi haqq eləyən maşınlardı.
Birmənalı şəkildə deyə bilərık ki, çağdaş dünyada kostyum tikilməsi və maşın istehsalı kimi nəcib işlərlə yanaşı başqa işlər də görülür. Və bu işlərin içində xoşagəlməz işlər çoxdur. Özü də bu xoşagəlməz işlərin görülməsi sahəsində ixtisaslaşan ölkələr də var. Və belə ölkələrdən biri də deyəsən Malidir.
Mali haqqında nə bilirik? Daha doğrusu, Fransa Prezidenti cənab Olland bu ölkəyə fransız hərbçilərini gön- dərmək haqqında qərar qəbul edənə qədər nə bilirdik? Bir də, nə baş verdi ki, Paris Mali qoşunlarının “terrorçu elementlər”lə mübarizə aparmasına kömək etmək fikrinə düşdü?
Mali və bu ölkədə baş verənlər haqqında məlumatımız əvvəl də az idi, indi də çox deyil. Amma məlumatlı qəzetlər hələ də mövcuddur. Və bu qəzetlərdən biri, ABŞ-ın “Nyu-York tayms” nəşri Malidə baş verənlərə bir balaca aydınlıq gətirib.
Təfərrüatlara varıb sizi yormaq istəmirəm. Amma qəzet iddia edir ki, son 4 il ərzində ABŞ bölgədə irimiqyaslı antiterror proqramı həyata keçirib və bu işə 520, ola bilsin hətta 600 milyon dollar xərcləyib. Və əsas diqqət də 50 ildən bəri hökümətlə yola getməyən tuareqlərin təliminə yönəldilib. Ötən ilin martında Malinin şimalına Liviya mənşəli yaraqlılar yol tapanda amerikalıların təlim keçdiyi general Amada Sanoqo ölkədə hərbi çevriliş edib. Sonra tuareqlər Malinin şimalında Azavad “dövlət”ini yaradıblar. Sonrası da necə deyərlər göz önündədir.
“Mali malı” kimi bütün dünyaya təqdim edilən “əmtəə”nin mənşəyinə ABŞ qəzetinin bir yazısı ilə aydınlıq gətirilməsi çətin məsələdir. Şübhəli, qaranlıq məqamlar çoxdur.
Allah bütün ləyaqətli adamlara Milanda tikilmiş son dəbli kostyum geyib Ştutqart konveyerindən çıxmış təp- təzə avtomobildə gəzmək qismət eləsin.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 20–21)