Gecə saat 2-dir.
Həyətdəki “Təzə ət” köşkünün yaxınlığındakı dirəyə pərçim edilmiş dana çox güman ki, sübh tezdən edam ediləcəyini bildiyindən xarakterik səslər çıxarır. Bu səslər məhəllənin unikal akustik imkanları sayəsində “Yura dövrü parkı”ndakı dinozavrların çıxardığı səsləri xatırladır. Əlbəttə ki, səsi çıxardanın dana olduğunu hamı yaxşı bildiyindən heç kim əndişələnmir…
Elə həyətdə qızğın müzakirələr aparan gənclər də Stiven Spilberqə xeyli pul gətirmiş filmi xatırlayacaq qədər sadəlövh və həm də məlumatlı deyillər. Onların başı söhbətə qarışıb. Xoşbəxtlikdən, bu şəxslərin küçənin ortasındakı, hamının sevə-sevə “besedka” adlandırdığı köşkdə, özü də gecə saat 2-də nəyi (nələri?) müzakirə etdikləri aydın eşidilmir. Amma, açıq-aşkar hiss olunur ki, gənclərin əhval-ruhiyyəsi yaxşıdır. Üstəlik, mütəmadi olaraq onların mobil telefonlarına zənglərin də gəldiyi eşidilir. Bu isə öz növbəsində başqa bir məhəllədə də ən azı bu kampaniyaya bənzər daha bir qrupun mövcudluğunu təsdiqləyir. Və daxil olan zənglər də əslində kampaniyalar arasında olan canlı bağlantıdan başqa bir şey deyil…
Bu arada 1982-2012-ci illərdə lazım ola biləcəyindən xeyli çox sayda istehsal olunmuş “VAZ-2107”-lərdən ən azı biri məhəlləyə daxil olur. Təbii ki, maşının bütün şüşələri aşağı endirilib və avtomobilin salonundan 3 belə nəqliyyat vasitəsinə bəs edəcək gücdə mahnı səsi eşidilir. Amma, “nol-yeddi” məhəllədə çox yubanmır. Böyük ehtimalla, yetkinlik yaşına çatdığı müəyyən şübhələr doğuran sürücü bu gecə hələ onlarla belə məhəllərdən keçmək niyyətindədir…
Bu orta statistik Bakı məhəlləsinin gecə səslərindən bəziləridir. Və elə bu səslər şəhərimizin heç zaman yatmayan şəhərə çevrildiyini sübut edir.
Amerika Birləşmiş Ştatlarındakı Nyu-York kimi. Nyu-York da heç zaman yatmır. Hər halda, Manhettendə bu belədir.
Və Nyu-Yorkda 20 000 mindən çox restoran, dünya miqyaslı 150 muzey, 50 000-dən artıq mağaza var.
Nyu-Yorkdakı Mərkəzi park Monako knyazlığından böyükdür.
Hə, bu şəhərdəki yeraltı saxlanclarda dünyadakı bütün qızıl külçələrinin təqribən dörddə biri saxlanılır.
Yeri gəlmişkən, Nyu-Yorkda gecə olanda Bakıda gündüz olur. Əvəzində, nyu-yorklular işləyəndə, biz yatırıq. Heç zaman yatmayan şəhərdə ümumiyyətlə yuxulamaq mümkündürsə.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 94-95)