Deyəsən, məmləkətin informasiya “istehlakçı”sı oxumaq xatirinə oxumağa, dinləmək xatirinə dinləməyə, baxmaq xatirinə baxmağa məhkum edilib. Əgər oxucumuzun, dinləyicimizin və tamaşaçımızın çeşidli xəbərlərlə, sadəcə olaraq, ətalət qüvvəsinin təsiri ilə tanış olması ilə razıyıqsa, fenomeni izah etməliyik. Şərti olaraq “maraq defisiti” kimi səciyyələndirilməsi mümkün olan fenomen, yəqin ki, belə izah edilə bilər:
– kütləvi informasiya vasitələrinin şərh və təhlil etdikləri həyat özü maraqsızlaşıb;
– bu məmləkətin informasiya “istehlakçı”sını maraqlandırmaq, sadəcə olaraq, mümkün deyil;
– həyat özü maraqlıdır, sadəcə olaraq, qəzetlər, jurnallar onu maraqlı tərzdə əks etdirə bilmirlər.
Gəlin etiraf edək ki, həyatın maraqsızlaşması ağlabatan deyil. Həyat kifayət qədər maraqlıdır. Dogrudur, həyatın maraqlılıq “əmsal”ı xeyli aşağı düşüb. Və bu gün yenidənqurmanın ilk illərinin informasiya Klondaykı da yoxdur. Başı “şirvan” axtarışına qarışmış vətəndaşı maraqlandırmağın qeyri-mümkünlüyündə müəyyən həqiqət var. Çətinliklə dolanan, addimbaşı heysiyyəti təhqir olunan vətəndaşın hansısa partiyanın (“partiya”nın?) hansısa partiya (“partiya?) ilə hansısa sənədi (“sənəd”i?) imzalaması ilə bağlı xəbərlə maraqlanacağı real deyil. Amma bu şəxsin, ümumiyyətlə, heç nə ilə maraqlanmaması da mümkün deyil axı. O, hökmən nə iləsə maraqlanır. Görəsən, nə ilə? Zənnimcə, bəzi (“əksər?) kütləvi informasiya vasitələrinin bu sualı cavablandırmaqda açıq-aşkar çətinlik çəkmələri göz qabağındadır. Və əgər “maraq defisiti” fenomeninin mövcudlugunu qəbul ediriksə, günahı IV hakimiyyətimizdə axtarmalıyıq. IV hakimiyyətin günahı baş verənləri maraqlı tərzdə çatdıra bilməməkdir. Vəssalam.
Şübhəsiz ki, istənilərsə, IV hakimiyyətin oxucunu, dinləyicini, tamaşaçını maraqlanıdrmaq üçün əlindən gələni əsirgəmədiyini sübuta yetirmək olar. Dogrudan da, metro stansiyalarını kriminal dünyanın nüfuzlu şəxslərinin açıqlamalarını oxuculara “təklif” edən qəzet satıcılarının səsi başına götürüb. Məmləkət mediasının ulduz falları tərtibçiləri sırasında yeri olan, ulduzların “açıqlama”larını bəziləri kimi havadan yazmayan Səbuhi Rəhimli mənimlə söhbətində əsas yeri öncəgörməlrə ayıran qəzetin kifayət qədər ugurla satıldğını demişdi. Bir neçə il bundan əvvəl skanvord qəzetlərinin qeyri-adi kommersiya uguru əldə etmələri, yəqin ki, yadınızdadır. Bu siyahını uzatmaq da olar. Ən əsası odur ki, IV hakimiyyətin oxucunu, dinləyicini, tamaşaçını maraqlandırmaq üçün səy göstərməsini inkar etmək olmaz. Bəs problem nədədir?
– medianın informasiya mənbələri kəmiyyətcə az və əksər hallarda keyfiyyətcə zəifdir. On haldan doqquzunda, Azərbaycan məmurundan oxucunu, dinləyicini, tamaşaçını maraqlandira biləcək məlumat almaq mümkün deyil. Bir çox hallarda sözü kəlbətinlə çəkmək lazım gəlir;
– informasiya müstəvisində “mina basdırılmış sahə”lər çoxdur. Yasaq bollugu xəbər menyusunu əməlli-başlı kasadlaşdırıb;
– bəzi yazarların informasiya “istehlakçı”sının maraq dünyası barədə təsəvvürləri azıxantropun məişəti haqqında olan bilgiləri qədər natamamdır. Onlar adi vətəndaşı nələrlə maraqlandırmağın mümkün oldugunu sadəcə olaraq təsəvvür etmirlər.
İstənilərsə, bu siyahını da uzatmaq olar. Lakin ehtiyac varmı? Ehtiyac olsa-olsa aşağıdakı adi məqamların bütün yazarlar tətəfindən mənimsənilməsindən ibarət ola bilər:
– bu məmləkətin sakinləri “siyasətçilərin tam əksəriyyəti adam aldatmaq sahəsində peşəkarlaşıb” məntiqini qəbul ediblər, avtomatik olaraq permanent surətdə görüşən, barışan və küsüşən siyasət mənsublarının fəaliyyətini maraqsızlaşdırır. Öz sıralarında, guya, on minlərlə adamı birləşdirən “partiya”ların fəaliyyəti olsa-olsa bir neçə yüz nəfəri maraqlandıra bilər. Odur ki, əslində “virtual” mövcud olan siyasət adamlarından əl çəkmək lazımdır;
– 10-12 “şirvan”lıq donlugu olsa da, 30-40 minlik “Mersedes”i o tərəf-bu tərəfə sürən məmurdan heç kəs, ya da demək olar ki, heç kəs heç nə gözləmir. Onun rəhbərlik etdiyi sahədə qurdun quzu ilə otlaması barədə mülahizə və açıqlamaları sadəcə olaraq maraqlı deyil;
– Məmləkətin informasiya “istehlakçı”sını, deyəsən, dolanışıqla bağlı yeniliklərədn başqa heç nə ilə maraqlandırmaq mümkün deyil.
Vəssalam. Əsl marağı yaratmaq üçün əsl problemləri işıqlandırmaq lazımdır. Cəngəllik qanunlarının əməlli-başlı işlədiyi cəmiyyətdə duruş gətirmək üçün dəridən-qabiqdan çıxan adi azərbaycanlıların problemlərini.
Fuad Babayev
“Şərq” qəzeti, 25 noyabr 1999-cu il, № 134 (310)