Tesla Motors və SpaceX adlı iki məşhur qurumun rəhbəri İlon Mask bildirib ki, onun kosmik kompaniyası artıq 2025-ci ildə insanın Marsa uçmasını təmin edə biləcək. Kosmik gəmi 2024-cü ildə yola düşəcək, 2025-ci ildə də çatacaq dördüncü planetə…
Əgər cənab Mask vədinə əməl edə bilsə, cəmi 9 ildən sonra Marsın “fateh”lərinin adları vaxtilə rəhmətlik Yuqi Qaqarinin adı çəkilən qədər hallandırılacaq…
İyunun 15-dən Azərbaycanda yay turizm mövsümünə start verilir.
“Bizim yol” qəzeti yazır ki, Xaçmaz rayonundakı Nabran qəsəbəsində yerləşən “Palma” İstirahət Mərkəzinin nümayəndəsi Azərbaycanda yay turizm mövsümünə start verildiyi gündən sonra qiymətlərin bahalaşacağını bildirib: “Bir nəfər üçün yer 50 manatdır. İyunun 15-dən etibarən bu qiymət 60 manata olacaq. Bu qiymətə yalnız səhər yeməyi daxildir. Gündə üç dəfə yemək bir nəfər üçün 100 manatdır. Mərkəzdə iki hovuz, atraksionlar və diskoteka fəaliyyət göstərir”.
Qəzetdə ölkəmizin başqa gəzməli, görməli yerlərində istirahət etmə qiymətləri də var…
Batumifun.com saytı yazır ki, iyun ayında Gürcüstanın Batumi şəhərində bir insan 8 gün dincəlmək üçün cəmi 195 dollar ödəyə bilər. Qiymətə aeroportdan transfert, oteldə yaşama, səhər yeməyi və Batumidə yaxtada axşam gəzintisi xərcləri daxildir.
Görəsən İlon Mask kimi uçurdacaq Marsa?
Çox maraqlıdır.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist