…Ermənilərin türklərə, müsəlmanlara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi 1905 və 1918-ci illər qətliamları, soyqırımı hadisələri ilə başlayır, 1948-53-cü illərin zorakı deportasiyası və 1988-ci ldən başlayan proseslərlə, 1992-ci il Xocalı qətliamı ilə davam edir.
Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlar arasında özünün kütləviliyi və yayılma miqyasına görə 1918-ci il 31 Mart soyqırımı ən dəhşətli hadisələrdən biri kimi tarixə düşüb. Əlbəttə, dünyanın bir çox xalqları müxtəlif dövrlərdə bu və digər dərəcədə qətliamlarla qarşılaşmaq acısını yaşayıblar. Lakin bu qətliamlar ya hansısa hakimiyyət tərəfindən siyasi məqsədlərlə törədilib, ya da böyük müharibələrin acı nəticələri kimi tarixə düşüb. Ancaq ermənilər dünyada bəlkə də yeganə xalqdırlar ki, azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərində sıravisindən tutmuş ən yüksək məqamlı şəxsinə qədər hər biri bu hadisələrdə bu digər formada iştirak ediblər. Bir sözlə, ermənilər soyqırımı cinayətlərində bir millət olaraq iştirak ediblər. Dünyada ikinci belə bir xalq yoxdur.
Mart soyqırımının həm geniş mənada ictimailəşməsi, həm də tarixşünaslığımızda daha ətraflı araşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. 1998-ci il martın 26-da imzaladığı Fərmanla Ulu öndər Heydər Əliyev mart hadisələrinin əsl tarixi qiymətini vermişdir. Adı çəkilən Fərmanla “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” kimi tarixiləşdirilmıiş, bütün dünyanın diqqəti bu faciəyə yönləndirilmişdir. Əlbəttə, 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti bu günləri “milli matəm günü” kimi qeyd etmişdir. Lakin qətliamın “soyqırımı” adlandırılması və bu faciəyə siyasi qiymətin verilməsi Ulu öndərin məlum Fərmanı ilə həyata keçirilmişdir.
1918-ci il Mart soyqırımından bəhs edərkən proseslərin kökünü bir az əvvəldə-1905-ci il hadisələrində axtarmaq lazımdır. Əslində, ermənilər qətliamın bünövrəsini, planlarını 1905-ci ildə qoymuşdular. 1918-ci il soyqırımı bu planın davamı və bir mərhələsi idi. 1905-ci il hadisələrindən sonra da ermənilər yeni qətliamlar törətmək planlarını həyata keçirmək üçün fürsət gözləyirdilər. Belə fürsət 1917-ci ilin sonunda Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə yarandı…
1917-ci il oktyabr çevrilişi və kommunistlərin hakimiyyətə gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların birləşdikləri “Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər təşkil etməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açmaqla hadisələrin qızışmasının əsasını qoydu. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri Bakının azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrinə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər planlarına rusları da alət etməyi bacarmışdılar. Onlar rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı bilinmirdi. Erməni quldurları heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk olduğu üçün dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarını yandırırdılar. Hətta İçəri şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetləri redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər.
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsini ermənilər hələ 1918-ci ilin yanvarında planlaşdırırdılar. Həmin vaxt müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb yaratmışdı. Bu gərginlikdən istifadə edən ermənilər silahlı toqquşmalar yaratmağa cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Ermənilər bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Prosesin əsas təşkilatçılarından olan Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 müsəlman hərbiçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə edən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Bu qərara etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımına başlandı.
Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamları belə təsvir edir: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər”.
Milli sülhə və birliyə qarşı “sinfi mübarizə” və “sinfilik” mövqeyindən çıxış edən S.Şaumyan başda olmaqla Bakı bolşevikləri “Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına” çevirmək yolunu seçdilər. Onlar daşnaqlarla birlikdə “antisovet qiyamına”, “əksinqilaba” qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu, müsəlmanlara, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi mənbələrə görə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış İstintaq Komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri yalnız Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər. S.Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.
Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən xeyli sayda arxiv materialı var. Bu materiallar arasında 1918-ci il noyabrın 22-də Təcili Araşdırma komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ ilə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə əlaqədar məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma Komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar.
Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin törətdikləri cinayət və qətliamların miqyasını bir daha göstərir. Təcili Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə, hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmiş, qırğına əvvəlcədən hazırlıq görülmüşdür.
Quba qəzasında da hadisələr eyni müstəvidə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirirdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm… Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”.
Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar, yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırımı zamanı 30 minə yaxın adam öldürüldü.
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
Ermənilərin geniş planı bütün Azərbaycanı işğal etmək idi. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması ermənilərin bütün planlarını alt-üst etdi.
Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın siyasəti idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf edir: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik… Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi… “Daşnaksütyunun” da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.
Bu və digər faktlar sübut edir ki, ermənilər qətliam cinayətlərini törətməklə kifayətlənməyib, rəsmi tarixi sənədlərdə belə onu etiraf etməkdən utanıb çəkinməyiblər. Bütün bunları ümumiləşdirərək, qeyd etmək lazımdır ki, ermənilərin xalqımıza qarşı törətdikləri bütün qətliam hadisələri birləşdirilib öyrənilməklə yanaşı, bütöv bir soyqırımı kimi dünyaya tanıdılmalıdır. İstər 1905, istər 1918-ci il hadisələri, istərsə də Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqıırımı kimi bütöv bir proses halında dünyada yayılmalıdır.
Taleh Turqut,
“İki sahil” qəzeti, 16 mart 2015-ci il