Əbəs yerə deyilmir ki, tarix heç nəyi silmir. Tarix saxtakarlığı sevmir, faktlara əsaslanır. Tarixi həqiqətlər, faktlar təsdiqləyir ki, ermənilər müxtəlif dövrlərdə havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçirmişlər. Hər zaman bu reallığı unudublar ki, tarixi saxtalaşdırmaqla, yalanlarına həqiqət donu geyindirməyə cəhdlər etməklə heç nəyə nail ola bilməzlər. Çünki tarix var. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra çoxəsrlik tariximizin hər bir səhifəsinin öyrənilməsi və təbliği qarşıya prioritet məsələ kimi qoyuldu. Ulu Öndərin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, Ermənistanın əsil simasının dünya ictimaiyyətinə çatdırılması oldu. Ermənilər yalanlarının ayaq tutub yeridiyi, yəni, dünyanın Azərbaycan haqqında məlumatsız olduğu vaxtlarda erməni diasporunun gücü sayəsində özlərini “yazıq, məzlum, döyülən, əzilən” millət kimi təqdim etmişdilər. 1993-cü ildən sonrakı dövr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlarla zəngin bir dövrdür. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman həqiqətlərə işıq salınmasında əhəmiyyətli rol oynadı. Bir daha sübut olundu ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilib. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, insanlar işgəncələrə məruz qalıb, onlara qəsdən fiziki qüsurlar yetirilib. Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Əliabbas Salahzadənin “Mart soyqırımı – insanlığın faciəsi” adlı məqaləsində alıb.
O vurğulayıb ki, 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanıdılmamalıdır: “Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bunlar tarixdir. Ermənilər özlərinə saxta tarix yazsalar da hər zaman fakt qarşısında aciz olublar. Hadisələrə ən böyük dəyəri zaman özü verir. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, yeni araşdırmalar aparılır, faktlar üzə çıxarılır. Hər bir fakt erməni vəhşiliyinin təqdimatıdır. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir”.
Ermənistanın əsassız torpaq iddialarının 1988-ci ildə yenidən baş qaldıraraq Qarabağ münaqişəsinin yaranmasına səbəb olduğunu deyən deputat əlavə edib: “Azərbaycan 30 il dünya güclərindən ədalət gözlədi. Bəzi dünya gücləri öz maraqlarını həyata keçirmək üçün işğalçı Ermənistandan bir vasitə kimi bəhrələndiklərindən erməni sevgisini nümayiş etdirib onlara dəstəkləri ilə münaqişənin həlli prosesinin 30 il uzanmasına səbəb oldular. Yenə də son sözü tarixi ədalət və beynəlxalq hüquq dedi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi tariximizin Zəfər səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli Azərbaycan Ordusu dünya güclərinin 30 ildə edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, tarixi ədalət və ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan tarixi torpaqlarına qovuşmaqla sübut etdi ki, real həqiqətlərə, tarixi faktlara əsaslan siyasət uğurlara yol açır, ədalətin, beynəlxalq hüququn maraqların arxasında əriməsinə imkan vermir. Azərbaycan ən yüksək tribunalardan ermənilərin zaman-zaman həyata keçirdikləri soyqırımı və deportasiya siyasətini faktlar əsasında dünya ictimaiyyətinə çatdırıb və bu gün də çatdırır. Son 30 ilin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı erməni vəhşiliyinin bariz nümunəsidir. Ermənilərin Xocalı soyqırımını törətməkdə məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımız azad edilməklə yeni reallıqlar yaradıldı. “Dəmir yumruq” qalib gəldi. Azərbaycan tarixi Qələbəsi ilə regionu, dünyanı erməni faşizmindən xilas etdi”.
Şəhidlərimizin, soyqırımı qurbanlarının ruhunun şad olduğunu qeyd edən Ə.Salahzadə vurğulayıb: “Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması hər birimizi qürurlandırır. Bu gün qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır. Ötən ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Ötən il Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad, bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi, Xocalı soyqırımının 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi, ölkə Prezidentinin Novruz tonqalını Xankəndi şəhərində “Zəfər” meydanında alovlandırması və sair kimi biri-birindən qürurverici hadisələr tarixi ədalətin təntənəsidir. Tarixi ədalətə əsaslanaraq son iki ildə Qərbi Azərbaycana qayıdışımız günün müzakirə edilən məsələləri sırasındadır. Bu istəyimizə də zamanında nail olacağıq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, çünki tarix var, sənədlər var, xəritələr var”.
29.03.2024, AZƏRTAC