Soyqırımı bir millətin faciəsi deyil, bütün insani dəyərlərin ayaq altına atıldığı fəlakətdir. Buna görə hər bir millət, hər bir fərd, hətta onu öz milləti törətmiş olsa belə, soyqrımlara qarşı çıxmalıdır. Ancaq tarix göstərir ki, erməni millətçiləri öz qəddar ata-babalarının əməllərindən utanmaq əvəzinə onlardan “dərs alır”, hər fürsətdə azərbaycanlılara qarşı yeni vəhşiliklər törətməkdən çəkinmirlər…
Əslində ermənilərlə qonşu olduğumuza görə nə iqtisadi məkanı, nə də taleyimizi qınamalıyıq. Çünki bu qonşuluğu yaradan başqa səbəblər və səbəbkarlar olub. Azərbaycanın erməni bəlası, azərbaycanlılara qarşı törədilən soyqırımlarının bünövrəsi XVIII əsrdən – I Pyotr dövründən qoyulub. O zamandan çarizmin münbit torpaqları, dənizləri ələ keçirmək siyasəti ölkəmiz, millətimiz üçün böyük faciələr yaratdı. 1721-ci ildə Qafqaza yürüş edən, iki il sonra Bakı da daxil olmaqla Azərbaycanın Xəzəryanı ərazilərini işğala məruz qoyan I Pyotrun qoşunları yerli əhalinin müqaviməti ilə qarşılaşdı. Çar siyasət işlədərək Azərbaycanın tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması göstərişini verdi: “Onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun”.
XIX əsrin birinci yarısında Rusiya ilə İran arasında olan iki müharibənin – 1804-1813-cü illərdə və 1826-1828-ci illərdə baş verən müharibələrin ən böyük ağrısını azərbaycanlılar çəkdi. Həmin müharibələrin sonunda imzaladıqları müqavilələrlə (12 oktyabr 1813-cü ildə Gülüstan və 10 fevral 1828-ci ildə Türkmənçay) Azərbaycanın torpaqlarını ikiyə böldülər, ölkənin şimalına Rusiya, cənubuna İran sahib çıxdı. Ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Onlar İrəvan, Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər qədim Azərbaycan torpaqlarında yerləşdirilirdi. Amma bununla da həmin ərazilərdə ermənilərin sayca azərbaycanlıları üstələməsinə nail ola bilmədilər. 1886-cı ildə elə təkcə Gəncə quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i erməni kəndi idi. İrəvan qəzasında əhalinin 66 faizini azərbaycanlılar, 34 faizini ermənilər təşkil edirdi.
Müstəmləkəsinə çevirdiyi Şimali Azərbaycanın ərazilərinə sistemli şəkildə digər xalqları köçürən çarizmin bu məsələdə ermənilərə “üstünlük” verməsinin səbəbi I Pyotrun dövründən başlayaraq həyata keçirilən planlar, düşüncələr idi. I Pyotrun tarixi vəsiyyətinə istər çar, istərsə də bolşevik Rusiyası böyük əhəmiyyət verdi. Ermənilərin isə bu siyasətdə öz maraqları var idi. Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə onun köməyi ilə ələ keçirəcəyi tarixi Azərbaycan torpaqlarında yoxdan böyük bir erməni dövləti yaratmaq niyyətində idilər.
Şərq xalqları içərisində yaşamış, onların dilini, adət-ənənələrini, psixologiyasını yaxşı bilən ermənilərin çar hakimiyyətini qane edən bir xüsusiyyətləri də şəraitə tez uyğunlaşmaq bacarıqları idi. 1828-ci ildən çar Rusiyasının sayəsində torpaqlarımıza ayaq açan ermənilər əvvəlcə özlərinə sığınacaq tapdılar, yerləşdilər. Zaman keçdikcə iddiaları artmağa başladı. Bu işdə yenə ən böyük yardımı öz himayədarlarından alırdılar. Çarizmin bu “xeyirxahlığının” əvəzini ermənilər can-başla verirdilər. XX əsrin əvvəllərindən azərbaycanlılara qarşı törədilən qətliamlara bu məkrli niyyətlər səbəb oldu. Zaman-zaman ictimai-siyasi vəziyyətin gərginləşdiyini, imperiyanın ucsuz-bucaqsız ərazilərində iğtişaşların, inqilabi hərəkatın yüksəldiyini, yerli xalqların azadlıq duyğularının gücləndiyini, öz hakimiyyətinə qarşı təhlükə yarandığını görən çar Rusiyası milli münaqişələrə rəvac verdi.
XX əsrin ilk illərində Rusiyada baş verən iki mühüm hadisə imperiyanın istilası altında yaşayan xalqların tarixində xüsusilə böyük rol oynadı. 1904-cü ilin dekabrında Rus-yapon müharibəsində yaşanan Port-Artur məğlubiyyəti Romanovlar sülaləsinin hakimiyyətinə ciddi zərbə vurdu. Bunun ardınca Qanlı Bazar günü adı ilə tarixə düşən faciə – 1905-ci ilin 9 yanvarında dinc nümayişçilərin hökumət qüvvələri tərəfindən atəşə tutulması siyasi hadisələrin daha da kəskinləşməsinə, inqilabi hərəkatın genişlənməsinə gətirib çıxardı. Çarizm məhvə sürüklənirdi. Belə çətin vaxtlarda hakimiyyət imperiyanı qoruyub saxlamaq üçün bütün vasitələrə əl atırdı. 1905-ci ilin əvvəllərindən hakimiyyət etirazçılara qarşı sərt tədbirləri gücləndirdi. İmperiyanın ucqarlarında milli oyanışın, milli özünüdərkin azadlıq istəyi ilə nəticələnəcəyindən təşvişə düşən çarizm çaxnaşmalar yaratmaqla əhalini əsas məqsədindən uzaqlaşdırmağa çalışır, bunun üçün millətlər arasında qarşıdurma yaradır, milli münaqişələri alovlandırırdı.
Hələ XIX əsrin sonlarından çarizmin himayəsi altında olan ermənilərin siyasi təşkilatları, ideologiyaları yaranırdı. Yəni erməni millətçiləri yerli xalqlara qarşı uzunmüddətli, kütləvi qırğınlar törətməyə həm maddi, həm də psixoloji cəhətdən hazırlanırdılar. Ermənilərin hərbi dəstələri toplanır, çar Rusiyası tərəfindən gizli silahlandırılırdı. 1905-ci ildə – çar Rusiyasında böhranın dərinləşdiyi vaxtda erməni silahlı dəstələri hərəkətə keçdi. 1905-1907-ci illərdə yerli əhaliyə qarşı genişmiqyaslı soyqırımı aktını həyata keçirmək üçün ermənilər lazım olan gücü, silah-sursatı çar Rusiyasından almışdılar. Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırıldı, uşaqdan böyüyədək kimsəyə aman verilmədi. Həmin illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun 75 azərbaycanlı kəndi ermənilər tərəfindən talan edildi. 1907-ci ildən sonra isə azərbaycanlılara qarşı repressiyalar gizli şəkildə aparıldı.
XX əsrin ikinci onilliyində Rusiyanın daxilində ictimai-siyasi ziddiyyətlər daha da kəskinləşdi, tətillər, mitinqlər imperiyanı bürüdü. Çarizmin müstəmləkəsində yaşayan millətlərin haqq səsləri yenidən ucaldı. Azərbaycanda da milli özünüdərk hissi güclənirdi. Bunun qarşısını almaq üçün məkrli siyasətin yeni səhifələri yazılır, ermənilərin azərbaycanlılara qarşı hücum planları qurulurdu.
1914-cü ildə Birinci Dünya müharibəsi başladı. Ermənilər yenə qarışıqlıqdan öz xeyirləri üçün istifadə etməyə çalışdılar. 1890-cı ildə yaradılmış və bu müddət ərzində maddi cəhətdən möhkəmləndirilmiş, yaxşı təşkilatlandırılmış “Daşnaksütyun” partiyası yerli türk-müsəlman əhalini məhv edərək Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizinədək olan bölgədə Ermənistan adlı dövlət qurmaq xülyasında idi. Əvvəlcə Osmanlı ərazisi hədəf seçildi. Birinci Dünya müharibəsində ermənilər həmin əraziyə daxil olan rus ordusu ilə birləşərək on minlərlə silahsız insanı qətlə yetirdilər. Türk ordusu bütün gücünü toplayaraq rus ordusunun hücumlarının qarşısını ala bildi. Osmanlı ərazisində xəyallarını gerçəkləşdirə bilməyən erməni daşnak qüvvələri rus ordusu ilə birlikdə geri çəkildilər və qədim Azərbaycan torpaqlarına üz tutdular…
Birinci Dünya müharibəsi başlayandan çarizm erməni silahlı dəstələrinin hazırlanmasını daha sistemli şəkildə həyata keçirirdi. 1917-ci ildə Qafqaz cəbhəsi dağılandan və rus ordusu geri çəkiləndən sonra hərbi hissələr öz silahlarını erməni dəstələrinə verdilər. Qafqaz cəbhəsindən geri qayıdan rus əsgərləri də vətənlərinə getmək əvəzinə Bakıda saxlanıldı. Bu məsələdə Şaumyan xüsusi fəallıq göstərirdi. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə toplandı.
O vaxtlar üç yüz illik Romanovlar sülaləsinin hakimiyyəti artıq süquta uğramışdı. Belə ki, 1917-ci ilin Fevral burjua-demokratik inqilabı nəticəsində çarizmin hökmranlığına son qoyulmuş, həmin ilin oktyabrında isə V.İ.Lenin başda olmaqla bolşeviklər hakimiyyəti zorla ələ keçirmiş, fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki imperiyanı bərpa etmişdilər.
1900-cü ildən Kommunist Partiyasının üzvü olan Stepan Şaumyan türklərə nifrət bəsləyən erməni millətçisi idi. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunan S.Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti xeyli gərginləşdirdi. Onun başçılıq etdiyi bolşeviklərdən ibarət Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Dekabrın 16-da S.Şaumyan V.İ.Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olundu. Bununla da bolşeviklər Bakıda hakimiyyəti ələ almaq adı ilə erməni silahlı qüvvələrinə məkrli niyyətlərini həyata keçirməyə meydan verdilər.
1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi daha geniş vüsət aldı. Şaumyan başda olmaqla Bakı Soveti daşnak qüvvələri ilə birgə hərəkət edirdi. Daşnaklarla bolşeviklərin ittifaqına erməni kilsəsi yardım göstərir, erməni ziyalıları yaxından iştirak edirdilər.
S.Şaumyan hələ 1918-ci ilin yanvarında azərbaycanlılara qarşı qırğın törətməyə cəhd göstərdi. Şəmkir ətrafında müqavimət göstərən milli-demokratik qüvvələrə güc tətbiq edildi. Bakıdakı milli-demokratik qüvvələrə qarşı soyqırımı törətməyə səy göstərildi. Amma qüvvələrinin buna yetmədiyini görüb Şaumyan planını təxirə saldı.
Özünəməxsus ərazisi, paytaxtı olmayan ermənilər artıq İrəvan quberniyasında, Zəngəzurda və Qarabağın bir hissəsində azərbaycanlılara qarşı dəhşətli qətliamlara başlamışdılar. 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasının 199 kəndi tamamilə yandırılmış, dağıdılmış və boşaldılmışdı. Həmin ərazidə yaşayan 135 min azərbaycanlının bir hissəsi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları yurdundan qaçmaq məcburiyyətində qalmışdı.
1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük hissəsinin səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Şaumyan başda olmaqla bolşevik qüvvələri, Erməni Milli Şurası və “Daşnaksütyun” rəhbərləri növbəti qətliamlara hazır idilər. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az olduğunu, zəif silahlandıqlarını yaxşı bilən Şaumyan məkrli planlarının həyata keçirilməsi üçün daha əlverişli şəraitin yaranmasını gözləyirdi.
1918-ci ilin 3 martında bağlanan Brest-Litovsk sülh müqaviləsi Rusiyanı qoşunlarını işğal etdiyi Qars, Ərdəhan və Batumdan çıxarmağa məcbur etdi. Türkiyə dövləti bu vilayətlərin boşaldılmasını tələb etdi. İran və Türkiyə cəbhəsindən geri dönən yaxşı silahlanmış rus və erməni əsgərlərinin bir hissəsi Bakıda yerləşdirildi. Şaumyan həmin qüvvələrdən də azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırdı. Daşnakların yaratdığı Erməni Milli Şurası həmin vaxt kifayət qədər böyük siyasi gücə malik idi. Onlar da məqsədlərinə çatmaq üçün Bakıda bolşeviklərlə birləşdilər. Şaumyan bütün qüvvələri səfərbər edərək hələ də fürsət gözləyirdi…
O zaman Azərbaycanın iki bölgəsində – Gəncədə və Lənkəranda Milli Ordunun formalaşdırılması ilə bağlı işlərə başlanılmışdı. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev də Lənkəranda Milli Ordu sıralarında xidmət edirdi. O, 1918-ci ilin martında həlak oldu. Məhəmməd bəyin dəfn mərasimi martın 27-nə təyin edildi. Mərasimdə iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlməli idi. Şaumyan dərhal hadisə ilə bağlı Leninə məlumat verdi və çox keçmədi ki, ondan teleqram aldı. Teleqramda bildirilirdi: “Hörmətlı yoldaş Şaumyan! Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnız imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir.
Bütün dostlara xoş arzular və salamlar. V.Ulyanov (Lenin)”.
Teleqramın Bakıya yetişməsindən bir neçə gün sonra – martın 27-də Məhəmməd Tağıyevin cənazəsini 48 əsgər və zabit “Evelina” gəmisində Lənkərandan Bakıya gətirdi. Gözlədiyi məqamın çatdığını düşünən S.Şaumyan başçılıq etdiyi ermənilərin köməyi ilə təxribatlara başladı. Dəfn mərasimindən sonra əsgər və zabitlər gəldikləri gəmi ilə geri qayıtmalı idilər. Gəminin körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər dəstənin tərksilah olunmasını tələb etdilər. Şaumyanın göstərişi ilə Milli Ordunun əsgər və zabitlərinin silahları alındı və həbs olundular. Azərbaycan əhalisinin buna etiraz əlaməti olaraq küçələrə çıxacağına Şaumyan əmin idi. Gözlədiyi kimi də oldu. 1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Bir tərəfdə silahsız azərbaycanlılar, digər tərəfdə hər cür silahla təchiz olunmuş böyük ordu üz-üzə gəldi. 1918-ci il martın 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi azərbaycanlılara ilk atəşi açdı.
…31 mart səhəri qanla açıldı. Bolşevik-daşnak dəstələri azərbaycanlıların sıx yaşadığı Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücuma keçdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər də bombalamağa başladı. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge komissiyanın sədrinə o günü belə təsvir edəcəkdi: “Yaxşı silahlanmış və təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər… Ermənilər müsəlmanların evlərinə soxulur, evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar”. Dərdli Bakı 1918-ci ilin 31 martında tarixinin ən faciəli səhifələrini yaşayırdı…
Zöhrə FƏRƏCQIZI,
“Azərbaycan”