Sentyabrın 28-də Düşənbədə MDB ölkələri liderlərinin iştirakı ilə təşkilatın sammiti baş tutdu. Birlik ölkələrinin liderləri qarşılıqlı əməkdaşlığın aktual məsələlərini müzakirə etdilər. Siyasi əməkdaşlığı nizamlayan, humanitar, təhlükəsizlik sahəsində sənədlərə, həmçinin MDB çərçivəsində fəaliyyətin nizamlanmasını nəzərdə tutan hüquqi və təşkilati-kadr təminatının təkmilləşdirilməsinə yönəlik sənədlərə baxıldı.
Məsləhətləşmələrin nəticələrinə əsasən sənədlər paketi, o cümlədən 2019-2023-cü illərdə cinayətkarlığa qarşı mübarizə tədbirlər Dövlətlərarası Proqram, kosmik məkanın dinc məqsədlər naminə tədiq olunmasını və istifadəsini nəzərdə tutan MDB Konvensiyası imzalandı. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünü qeyd etmək üçün tədbirlər planı da razılaşdırıldı. (http://mirperemen.net)
Sammitin gedişində ikitərəfli görüşlər, o cümlədədn də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa görüş keçirildi.
“Bu gün Azərbaycan dövləti postsovet məkanında gedən inteqrasiya proseslərində çox fəal surətdə iştirak edir. Aydındır ki, bu məkanda əsas inteqrasiya platforması MDB-dir. İşğalçı Ermənistan dövlətini çıxmaq şərtilə ölkəmizin MDB üzvləri ilə əməkdaşlığı hər keçən gün daha da möhkəmlənməkdədir. Təşkilatda dominant statusa sahib olan Rusiya dövlətinin Azərbaycanla qarşılıqlı hörmət və ehtirama söykənən strateji tərəfdaşlıq münasibətləri ölkəmizin MDB məkanındakı yeri və rolunun bariz nümunəsi kimi dəyərləndirilməlidir. Xəzər dənizinin hüquqi status probleminin Azərbaycanın arzu etdiyi formada öz həllini tapması da bu aspektdən qiymətləndiriləsi çox vacib məqamdır”, – MDB-nin Düşənbə sammitini qiymətləndirərkən politoloq Ceyhun Əhmədli belə deyib.
Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışarkən C.Əhmədli Paşinyanın bu görüşün təşəbbüskarı olmasını Ermənistan rəhbərliyinin danışıqların formatının dəyişdirilməsi fikrindən daşınması kimi səciyyələndirdi: “Ölkəmizin başçısı cənab İlham Əliyevin də iştirak etdiyi Düşənbə sammiti Azərbaycan diplomatiyasının növbəti zəfəri kimi yaddaşlara həkk olundu. Belə ki, baş nazir seçildiyi gündən etibarən Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi iştirak etməsində təkid edən Nikol Paşinyan Düşənbə şəhərində Azərbaycanın uğurlu diplomatik gedişləri qarşısında öz acizliyini növbəti dəfə etiraf etməli oldu. Paşinyanın özünün Azərbaycan Prezidentinə yaxınlaşaraq təmas yaratmaq cəhdləri ondan xəbər verirdi ki, Ermənistan rəhbərliyi danışıqlar formatının dəyişdirilməsi fikrindən daşınıbdır. Bu, əslində obrazlı dildə desək, hürən itin sonradan quyruq bulamasına çox bənzəyir. Azərbaycanın artan təzyiqlərinə tab gətirə bilməyən Nikol Paşinyan Qarabağla bağlı daxili auditoriyaya hesablanmış pafoslu fikirlərindən geri addım ataraq danışıqlar prosesindəki əvvəlki formatın davam etdirilməsinə razılıq vermək məcburiyyətində qaldı. Tərəflər cəbhə xəttində gərginliyin azaldılması üçün substantiv danışıqların aparılmasına razılıq verdilər. Artıq görüşün müsbət nəticələrini biz hiss etməkdəyik. Belə ki, cəbhə xəttində gündəlik baş verən düşmən təxribatlarının sayında ciddi azalma müşahidə olunmaqdadır. Xülasə, uzun fasilə verildikdən sonra Düşənbə şəhərində Ermənistan hakimiyyətini danışıqlar masası ətrafına gətirməyə nail olduq. Bundan sonrakı mərhələdə əsas diqqət iki ölkə rəhbəri arasındakı yüksək səviyyəli görüşlərin təşkilinə yönələcək”.
Politoloq Ramiyə Məmmədova Düşənbə sammitinin ən böyük rezonans doğuran hadisəsi kimi Azərbaycan və Ermənistan liderlərinin görüşünü vurğulayır: “Düşənbə görüşü bir neçə aspektdən yadda qalıb. Lakin ən böyük rezonans doğuran hadisə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü oldu. İlham Əliyevlə görüşün təşəbbüskarı kimi çıxış edən Paşinyan görünür ki, bəzi siyasi məsələləri, xüsusilə də Dağlıq Qarabağ problemini həll etmədən daxili və xarici siyasətdə uğur qazana bilməyəcəyini anlayıb. Ermənistantanda həlli bir-birinə bağlı olan yetərincə ciddi siyasi və iqtisadi problemlər mövcuddur. Həmin problemlər də blokadada yaşamasından, ölkə iqtisadiyyatının tənəzzülə uğramasından irəli gəlir. İşğalçı siyasəti üzündən Azərbaycan və Türkiyə Ermənistanla sərhədlərini qapayıb və bu ölkə regionda həyata keçirilən nəhəng layihələrdən təcrid olunub. Məsələnin ciddiliyini anlayan Paşinyan Azərbaycan lideri ilə birbaşa görüşlərin zəruriliyini başa düşüb”.