
Filologiya elmləri doktoru, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli ilə media savadlılığından danışdıq.
Fuad Babayev: Tədbirimizə hazırlıq mərhələsində rastıma çıxan bir araşdırmada oxudum ki, məşhur MQİMO-nun (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) – red.) beynəlxalq jurnalistika fakültəsinin məzunlarının cəmi 10 faizi media sahəsində işləyir. Bizdə vəziyyət necədir?
Vüqar Zifəroğlu: Artıq 8 ilə yaxındır ki, biz bu statistikanı aparırıq. İldən ilə dinamika özünü göstərir. Məsələn, 2023-cü ildə 46 faiz, 2024-cü ildə 47 faiz məzun jurnalistikaya yönəlib və rəsmi şəkildə çalışır. Təbii ki, bura əsgərlik xidmətinə gedən məzunlarımızı, təhsilini davam etdirənləri daxil etmirik. Onlar da xidmətdən qayıtdıqdan sonra əksəriyyəti media sektoruna yönəlir. Bu il isə artıq 50 faizin üstündə nəticə gözləyirik. Məzunlarımızın neçə faizinin birbaşa jurnalistika ilə məşğul olması bizim özümüz üçün də maraqlıdır. Bizim Müdafiə nazirliyinin mətbuat xidmətində, AzTV-də, Real TV-də, ARB 24-də, Muz Tv-də, AzərTAC-da, “Trend”də, “525-ci qəzet”, “Şərq”, eləcə də digər aparıcı informasiya agentliyi və saytlarda işləyən çoxsaylı tələbə və məzunlarımız var.
Təmkin Məmmədli: Tələbələr özləri tapırlar bu işləri?

Vüqar Zifəroğlu: Xeyr. Media orqanları, telekanallar bizə müracət etdikdə marağı olan tələbələri həmin işlərə yönləndiririk. Bu yaxınlarda bir neçə tələbəmiz Modern.az, Avtosfer.az saytlarında əməkdaşlığa başlayıb. BDU-nun Jurnalistika fakültəsi ilə “ARB 24” televiziyası arasındakı əməkdaşlıq çərçivəsində keçən il universitetdə “NewsLab” otağının açılışı olub. Artıq 3 ildir ki, ARB 24 kanalı ilə bu proqram çərçivəsində əməkdaşlığımız var. Bu layihənin məqsədi Jurnalistika fakültəsinin tələbələrinin praktiki vərdişlərini artırmaq və onların işlə təmin olunmasını asanlaşdırmaqdır. Kamera, canlı yayım aparatı, kompüter və digər lazımi avadanlıqlarla təchiz olunan studiyadan “ARB 24 NewsLab” təlim proqramı müddətində dərslərin daha yaxşı mənimsənilməsi üçün də istifadə edilir. Təbii ki, hər bir media quruluşunun özünün informasiya siyasəti, informasiyanı təqdimetmə formaları və strategiyası var. ARB 24 bu meyarlar əsasında seçdiyi tələbələrə öz bazalarında təlim keçir. Bu təlimləri müvəffəqiyyətlə bitirən tələbələrimiz isə telekanalda işlə təmin olunur. Ötən il 7 tələbəmiz ARB 24-də işə götürülüb.
Fuad Babayev: Tələbələrin 3-cü və ya 4-cü kursda oxuduğu dövrdə işlə təmin olunması, məzunlarınızın əhəmiyyətli hissəsinin öz talelərini jurnalistika ilə bağladığını deməyə əsas verir?
Vüqar Zifəroğlu: Burada belə bir məqam var. Bizdə elə tələbələr var ki, onlar ictimaiyyətlə əlaqələr sektoruna maraq göstərirlər. Hazırda ictimaiyyətlə əlaqələr, PR çox dəbdə olan bir sahədir. Amma nəzərə almaq lazlmdır ki, ictimaiyyətlə əlaqələr sektoru jurnalistika olmasa da, onunla paralel gedən istiqamətdir.
Fuad Babayev: İctimaiyyətlə əlaqələrə də jurnalistika demək olar.
Qulu Məhərrəmli: İctimaiyyətlə əlaqələr təbliğata yaxındır, onda bir qədər məmur tipajı var. Jurnalistikanın əsas məqsədi dəqiq informasiya verməkdir. İctimaiyyətlə əlaqələr bölməsində çalışan əməkdaş öz təşkilatı qarşısında öhdəlik daşıyır.
Təmkin Məmmədli: O artıq bitərəf ola bilmir.
Qulu Məhərrəmli: Bəli. İctimaiyyətlə əlaqələr jurmalistika ilə eyni kommunikasiya landşaftındadır, lakin jurnalistika deyil. Ona görə də onları fərqləndirmək lazımdır. Hazırda BDU-da bizim fakültənin adının dəyişdirilərək “Jurnalistika və Kommunukaisya” adlandırılması gündəmdədir. Misal üçün İstanbul Universitetində jurnalistika və ictimayyətlə əlaqələr İletişim fakültəsində tədris olunur.
Fuad Babayev: Bakı Dövlət Universitetindən başqa hansı ali təhsil müəssisələrində jurnalistika tədris olunur?
Qulu Məhərrəmli: Əvvəllər təxminən 12 universitetdə jurnalistika fakültəsi fəaliyyət göstərirdi. Hesab edirəm ki, özəl ünuversitetlərdə jurnalistika fakültələrinin bağlanması çox yanlış qərar idi. BDU-dan başqa Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində və Naxçıvan Dövlət Universitetində jurnalistika tədris olunur.
Fuad Babayev: Mediada intensiv çalışan şəxslərin neçəsinin jurnalist təhsilinə malik olması haqqında sizdə statistik məlumatlar var?
Vüqar Zifəroğlu: Elə bir statistika bizdə yoxdur.
Qulu Məhərrəmli: Yəqin ki, belə bir statistikaMedia Agentliyində (Medianın İnkişafı Agentliyi-red.) olar. Çunki Media Reyestrində bütün məlumatlar öz əksini tapır.
Fuad Babayev: Bəzən sosial mediada elə adamları izləyirik ki, onların nəinki jurnalistika, ümumiyyətlə heç təhsilləri yoxdur.

Qulu Məhərrəmli: İnternetin meydana çıxması, yeni media mühitinin yaranması, blogerlik (Yutub, TikTok və s.) fəaliyyəti günümüzün reallığıdır. Bunların hamısı məlumatlandırma platfosrmasında jurnalistikaya yaxın olan media subyektləridir. Amma bu media vasitələrini biz peşəkar jurnalistikaya aid etmirik. Əgər blogerin məqsədi cəmiyyəti məlumatlandırmaq, ona yeniliklər barədə bilgi verməkdirsə, bu jurnalistika fəaliyyəti sayılır. Biznes və əyləncə üzərində qurulmuş blogerlik fəaliyyətini isə UNESCO jurnalistika hesab etmir.
Fuad Babayev: Bizim jurnalistika fakültəsinin tədris proqramları müasir dövrün çağırışlarına cavab verirmi?
Vüqar Zifəroğlu: Maksimum dərəcədə reallıqla ayaqlaşmağa çalışırıq. Tədris proqramları mütəmadi şəkildə yenilənir. Zatən bunu etməsək olmur. Jurnalistika sürətlə dəyişir. Bu yenilikləri izləmək, eyni zamanda tədrisdə istifadə etmək, bütün bunlar haqqında tələbələrə bilikər vermək olduqca əhəmiyyətlidir.
Qulu Məhərrəmli: İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə hər bir şəxs artıq informasiya mənbəyidir. BBC-də xüsusi kurslarda əməkdaşlara “mobil jurnalistika” öyrədilir. Yəni indi heç bir məhdudiyyət yoxdur. Amma burada söhbət informasiyanın nə dərəcədə peşəkarlıqla verilməsindən gedir. Əksər bloger və ya sosial şəbəkə istifadəçisinin təqdim etdiyi informasiyada təhlil olmur, bu məlumatlarda sadəcə hər hansı fakt və ya hadisə öz əksini tapır. Bugün ənənəvi medianın məlumat qaynaqlarından biri də sosial şəbəkədir. Burada media savadlılığı çox mühüm əhəmiyyət kəsb edir. Media savadlılığı təkcə jurnalsitlərə deyil, hər bir kəsə, hər bir sosial media iştirakçısına aiddir. İkinci Qarabağ müharibəsində dezinformasiya və dəqiqləşdirilməmiş məlumatların yayılmaması, hərbi hissələrin dislokasiyası ilə bağlı məlumatların paylaşılmaması ilə bağlı ictimayyətə edilən müraciətlər rüşeym halında olsa da media savadlılığının fraqmentləri idi. Bütün bunlarla yanaşı biz sosial şəbəkələri də qadağan edə bilmərik. Obrazlı şəkildə sosial medianı türkəçarə, ənənəvi medianı isə peşəkar həkim kimi xarakterizə edə bilərik. Sosial mediada verilən hər hansı informasiya peşəkar media platformasında dəqiqləşdirilməli və təhlil edilməlidir. Media savadlılığı ona görə lazımdır ki, insanlar informasiyanı tanısınlar, medianın verdiyi məlumatı başa düşsünlər.
Fuad Babayev: Media savadlılığı auditoriyaya daha çox lazımdır.
Qulu Məhərrəmli: Orta məktəblərin yuxarı siniflərində “Media savadlılığı” dərsi keçirilməlidir. Media artıq yaydan çıxmış oxdur. Biz həmin oxu hansı istiqamətə yönəltməyi dəqiq bilməliyik. Peşəsi jurnalist olmayan şəxs bilməlidir ki, onu maraqlandıran hər bir hadisəni çəkib yaymaq olmaz. İnsanların media savadlılığı sahəsində ən bəsit biliyi olmalıdır.
Fuad Babayev: Media savadlılığı əslində elementar məntiqə söykənir.
Vüqar Zifəroğlu: Tamamilə, haqlısınız. Media savadlılığı — yəni informasiya mənbələrinin təhlili, xəbərin doğru olub-olmadığını müəyyənləşdirmək, manipulyasiya və təbliğatın fərqinə varmaq bacarığı — elementar məntiqdən keçir. Bir xəbərin doğruluğunu araşdırmaq üçün insan səbəb-nəticə əlaqəsi qurmağı, ümumi və xüsusi nəticə çıxarmağı, ziddiyyətləri və boşluqları aşkarlamağı bilməlidir. Bu isə məntiqin əsas funksiyalarıdır. Hə, burada bir məqamı da vurğulamaq lazımdır, media savadlılığı cəmiyyətə, informasiya savadlılığı isə jurnalistlərə yönəlib.
Fuad Babayev: Media savadlılığı informasiya istehlakçısına, informasiya savadlılığı isə informasiya istehsalçısına aiddir.
Vüqar Zifəroğlu: İnformasiya savadlılığı özündə informasiya ilə iş prosesini, jurnalist fəaliyyətini, peşəkarlığı, meyarlarla bağlı məqamları ehtiva edir. Media savadlılığı isə artıq cəmiyyətin informasiyaya münasibəti, onu təhlil etmək qabiliyyətidir.
Təmkin Məmmədli: Cəmiyyətdə media savadlılığının artırılması da belə demək mümkünsə, jurnalistlərin boynuna düşür.
Qulu Məhərrəmli: Media savadlılığı daha ümummilli, informasiya savadlılığı isə daha spesifik səciyyə daşıyır. Əslində informasiya savadlılığı təkcə jurnalistlər üçün deyil, ümumilikdə mediada çalışanlar üçündür. Mediada çalışmayanlar da informasiyanın nə olduğunu bilməlidirlər. Con Vivianın “Kütləvi kommunikasiya mediası” kitabında media və informasiya savadlılığı geniş izah olunur.
Fuad Babayev: Azərbaycan dilində nəşr olunub?
Vüqar Zifəroğlu: Bəli, bu kitabı bizim universitetin müəllimləri tərcümə edib.
Qulu Məhərrəmli: Rusiya, Türkiyə kimi qonşu dövlətlərdə “Media savadlılığı” orta məktəblərdə tədris edilir.
Vüqar Zifəroğlu: Böyük Britaniyanın orta məkətblərində “Media savadlılığı” otən əsrin 40-cı illərindən, Türkiyədə isə 1970-ci illərdən tədris olunur. Biz də dəfələrlə bildirmişik ki, media savadlılığı yuxarı siniflərdə tədris edilməlidir, bu çox önəmılidir.
Təmkin Məmmədli: Bəs Rusiyadan başqa postsovet məkanından belə bir praktika var?

Vüqar Zifəroğlu: Mən bildiyim qədər yoxdur. Təkcə Rusiyada media savadlılığı ilə bağlı xüsusi proqramlar həyata keçirilir. Amma məsələn, Qərbdə, Türkiyədə olduğu kimi media savadlılığı orta məktəb tədris proqramına salınmayıb.
Qulu Məhərrəmli: Tədbirlərin birində mənimlə yanaşı əyləşmiş Elm və təhsil naziri Emin Əmrullayev məndən soruşdu ki, Qulu müəllim, indiki şəraitdə jurnalistika fakültəsinə ehtiyac var? Mən nazirə sübut etməyə çalışdım ki, peşəkar və həvəskar medianı, sosial media iştirakçılarını bir-birindən fərqləndirmək lazımdır. Jurnalistika fakültəsi məhz peşəkar jurnalistlər yetişdirir. Mən özüm vətəndaş jurnalistikası anlayışına qarşıyam. Çünki, vətəndaş mediası var, vətəndaş jurnalistikası yoxdur. Bu sərhədləri dəqiq bilmək lazımdır.
Vüqar Zifəroğlu: Jurnalistika təhsili ilə bağlı məsələyə diqqəti cəlb etmək istəyirəm.Hazırda Özbəkistanda Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti fəaliyyət göstərir. Kifayət qədər ciddi nəticələri var. Və ya ABŞ-da (Columbia University Graduate School of Journalism, Northwestern University Medill School of Journalism, Berkeley – Graduate School of Journalism və s), Böyük Britaniyada (University of Westminster School of Media and Communication), Fransada (Sciences Po – École de journalisme), ümumiyyətlə dünyanın bir çox aparıcı ölkələrində jurnalistika ilə bağlı ali məktəblər var.
Fuad Babayev: Müxtəlif media təsisatlarının jurnalist məktəbləri təşkil etməsi hansı zərurətdən yaranır?
Qulu Məhərrəmli: Belə təlim kurslarına bizi də dəvət edirlər. Bu təlimlərdə müvafiq media təsisatları öz standartlarına uyğun kadr hazırlayırlar. BBC-də də belə təlim kursları var. Hətta bəzi media qurumları özlərinin təlim kitabçalarını da nəşr edirlər. Xaricdəki universitetlərdə nəzəriyyə və praktika, elmi-tədqiqat və tədris vəhdət təşkil edir. Bizim jurnalistikamızın ən ciddi problemlərindən biri təbliğatla jurnalistikanı qarışdırmaqdır. Jurnalistikanın prinsipləri fərqlidir. Amma bunu çox zaman bir-birindən ayıra bilmirlər. Universitetlərin maddi-texniki bazasını gücləndirmək lazımdır ki, onlar heç kimin təsirindən asılı olmayan kadrlar yetişdirsinlər. Misal üçün bir neçə il bundan əvvəl Bakı Dövlət Universitetində TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – red.) köməkliyi ilə təxminən 2 milyon manat dəyərində tele-radio studiyası yaradılıb.
Fuad Babayev: Jurnalistika fakültəsində?
Vüqar Zifəroğlu: Bəli, tədris tele-radio studiyası 2015-ci ildə Jurnalistika fakülətsində yaradılıb.
Qulu Məhərrəmli: İndi universitet rəhbərliyi bu studiyanı genişləndirmək istəyir. Mən London universitetində olarkən gördüm ki, Jurnalistika fakültəsində 20 montaj studiyası fəaliyyət göstərir, tələbələr universitetin nəzdində qəzet buraxırlar. Həmin tələbələr qəzetləri üçün reklamı da özləri tapırlar. Yəni ən optimal və real iş universitetlərin bazasını gücləndirməkdir. Universitetlərdə heç bir media qurumuna aid olmayan, yalnız jurnalistikanın, xəbərçiliyin əsaslarını öyrənən, konvergensiya (Media texnologiyaları və platformalarının, bazarlarının, müxtəlif növ kütləvi informasiya vasitələrinin, jurnalistika funksiyalarının inteqrasiyası – red.) prosesini mənimsəyə bilən jurnalistlər hazırlanmalıdır. Məhz belə hazırlıqlı kadrlar istənilən media qurumunda fəaliyyət göstərə bilərlər.
Təmkin Məmmədli: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində özündə yeni informasiya texnologiyalarını, sosial medianı, süni intellekti birləşdirən Konvergent jurnalistika tədris edilir?
Vüqar Zifəroğlu: Nəinki tədris olunur, hətta müasir media texnologiyalarının Azərbaycan jurnalistikasında tətbiq məsələləri ilə bağlı hazırda bizm 2 doktarantımız elmi iş yazır. Mətbuat Şurası və Medianın İnkişafı Agentliyinin keçən il təşkil etdikləri tədbirdə bizim bu 2 doktorantın çox gözəl təqdimatları oldu. Onların təqdimatı məqalə şəklində bir çox saytlarda verildi. Jurnalistlərimizin müasir çağırışlara nə dərəcədə cavab verməsi, onların konvergensiya prosesinə qoşula bilməsi, media kapitanlarımızın yeni texnologiyalardan istifadə etməsinə mane olan amillər hazırda Azərbaycan mediası üçün öz aktuallığını qoruyan məsələlər sırasındadır.
Fuad Babayev: Yeni texnologiya dedikdə, votsapdan söhbət gedir?
Vüqar Zifəroğlu: Yeni texnologiya dedikdə daha çox VR (virtual reallıqlar – red.) nəzərdə tutulur. Mən 2021-2022-ci illərdə Türkiyədə keçirilmiş Türk Dövlətlərinin Media Forumunun iştirakçısı olmuşam. Onlar artıq “Metaverse”nin (Metaverse — virtual reallıq cihazları vasitəsilə, kompüterlər, android cihazları və 3D cihazları sayəsində insan idrakının süni fiziki mühitə daxil olması – red. ) jurnalistikaya təsirindən danışırlar. Və ya süni intellektin jurnalistikaya təsiri məsələsi hazırda ciddi müzakirə olunur.
Təmkin Məmmədli: Bugün artıq suni intellekt, ChatGPT (Süni intellekt tərəfindən hazırlanmış və 30 noyabr 2022-ci ildə istifadəyə verilmiş geniş dil modelinə əsaslanan tətbiq – red.) vasitəsilə xəbərlər hazırlanır, məqalələr yazılır.
Vüqar Zifəroğlu: Bugün süni intellekt faktiki olaraq ciddi çəkildə mediaya müdaxilə edir. Süni intellekt, rəqəmsallaşma, böyük data analitikası və digər texnologiyalar jurnalistikanın ənənəvi üsullarını yenidən formalaşdırır. Burada bir maraqlı məqam da var: Beynəlxalq jurnalistikada süni intellektin tətbiqi prosesi, peşəkar fəaliyyətin səmərəliliyini artırmaqla yanaşı, həm də yeni etik və praktik problemləri gündəmə gətirməkdədir. Gələcəkdə jurnalistika sahəsində süni intellekt və insan əməyi bir-birini tamamlayan ünsürlər olaraq varlıqlarını qoruyacaqlar. Jurnalistikanın mahiyyəti tənqidi düşüncə və etik prinsiplər üzərində qurulduğu üçün süni intellekt insan jurnalistləri tam əvəz etmək əvəzinə, onların işini asanlaşdıran bir vasitə olaraq qalacaq.
Qulu Məhərrəmli: Ona görə də ChatGPT-nin hazırladığı məqalələrdə xüsusi işarə olmalıdır. Biz bilməliyik ki, bu materilı ChatGPT hazırlayıb, yoxsa jurnalist. Hazırda lövbəri dərinə salınmış “kopi-past” mediamız indi də ChatGPT-nin yaxasından yapışıb. Əsas məsələ odur ki, jurnalistlər süni intellektdən düzgün istifadə etsinlər. Bizim fakültədə “Multimedia və elektron kommunikasiya” kafedrası var.

Vüqar Zifəroğlu: Yeri gəlmişkən, həmin kafedranın müdiri də Qulu müəllimdir.
Qulu Məhərrəmli: “Televiziya radio jurnalistikası” kafedrasının adını dəyişib “Multimedia və elektron kommunikasiya” qoyduq. Sizin qeyd etdiyiniz yeni texnologiyalar bu kafedrada tədris olunur. Amma bu yeni fənnləri tədris edəcək müəllimlər tapmaq lazımdır.
Fuad Babayev: “Tsereteli üçün ideya” məqaləmdə yazmaq istəyib, yaza bilməyən media mənsubuna “Özünüsenzura”adlı heykəl yaratmağı təklif etmişəm. Ümumiyyətlə, özünüsenzura ilə mübarizə aparmaq mümkündür?
Qulu Məhərrəmli: Özünüsenzuranı yaradan media mühitidir. Axtarışda olan, həqiqətə doğru gedən və onu yaymaq istəyən jurnalistdə özünüsenzura olmur. Özünüsenzura mediada daha çox təşəbbüssüz kütləni təşkil edən hissədir. Siz də, mən də, Vüqar da mediada çalışmış adamlarıq. Biz nəyi və necə yazmağı anlayırıq.
Vüqar Zifəroğlu: Biz sosial məsuliyyətimizi anlayırıq. Ümumiyyətlə peşəkar jurnalist cəmiyyət qarşısında daşımalı olduğu sosial məsuliyyət hissini unutmamalıdır. Jurnalistikanı necə xarakterizə edirik? Jurnalistika – cəmiyyətə təsir etmək gücünə malik sosial siyasi institutdur.
Qulu Məhərrəmli: Bəzən elə bir ciddi jurnalist ehtirası gəlir ki, həmin məsələ ilə bağlı araşdırma aparırsan. O yolda səni heç nə saxlaya bilmir, heç bir özünüsenzuraya yol vermirsən. Özünüsenzura sakit çoxluğun fəaliyyət prinsipidir. Kiminsə xoşuna gəlməmək və ya qrantdan məhrum olmaq qorxusu kimi psixoloji məqamlar, maddi problemlər də özünüsenzuranı yaradan şərtlərdir. Burada şəxsi xarakter, cəsarət, prinsipiallıq da mühüm əhəmiyyət kəsb edir. Cəsarət, prinsipiallıq nümayiş etdirə bilməyən medianın hörməti də olmur.
Vüqar Zifəroğlu: Sosial məsuliyyətini anlayan jurnalist öz peşəkar vəzifəsini vicdanla yerinə yetirməlidir. Jurnalistlik heç də xaotik fəaliyyət demək deyil.
Fuad Babayev: Əlbəttə.
Vüqar Zifəroğlu: Peşə etikası normalarında obyektivlik, dəqiqlik, vicdanlılıq kimi prinsiplər sosial məsuliyyət hissinin bünövrəsini təşkil edir.
Təmkin Məmmədli: Jurnalistlərin peşə etikası var. Bəs məmurların media mənsubları ilə davranışını tənzimləyən normativlər var?
Vüqar Zifəroğlu: “Media haqqında” qanunda bu məsələlər nəzərdə tutulub.
Təmkin Məmmədli: “Media haqqında” qanuna əsasən hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaradılmalıdır. Amma reallıqda bu məsələ çox zaman arzuolunan səviyyədə olmur.
Vüqar Zifəroğlu: Bu artıq məmurun mediaya münasibətindən, onun mediaya nə qədər açıq olmasından, jurnalistlərlə ünsiyyətə nə qədər maraqlı olmasından asılıdır. Əslində hər bir məmur jurnalistlə ünsiyyətdə maraqlı olmalıdır. Çünki media onun özünü və mənsub olduğu qurumu cəmiyyətə təqdim edən bir sistemdir.
Təmkin Məmmədli: Əgər ictimaiyyətə açıqlanmasından çəkinəcəyi məsələlər yoxdursa…
Vüqar Zifəroğlu: Təbii.
Fuad Babayev: Azərbaycan mediası 150 illik yubileyə media savadlılığı müstəvisində hansı problemlər və pozitiv nailiyyətlərlə gedir?
Qulu Məhərrəmli: Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” faktiki olaraq Axundovdan sonra cəmiyyətə, tarixə yeni baxışdır. Zərdabinin Axundovdan fərqi odur ki, o təkcə problemləri göstərməklə kifayətlənmədi, həm də qollarını çirmələyib qaranlıqda bir şam yandırdı. Qəzetin missiyasını müəyyənləşdirən Zərdabi göstərdi ki, hər qəzet aid olduğu vilayətin güzgüsü olmalıdır. Bizim üçün də mediaya yanaşmada önəmli olan bu məqamdır. Ədəbiyyat kamil insan yetişdirməyə çalışır. Medianın isə əsas qayəsi cəmiyyəti məlumatlandırmaq, maarifləndirmək, ona bir məfkurə verərək başqa millətlərin arasında öz yerini göstərmək idi. Zərdabinin ən böyük dərdi, qayğısı bu idi ki, inkişaf etməyən millətlər inkişaf edən millətlərin nökəri olacaq. Yəni XIX əsrin axırlarında bundan böyük çağırış yox idi. “Əkinçi”dən təxminən 50 il sonra Azərbaycan öz istiqlalını qazandı. Əlbəttə, “Əkinçi”dən sonra gələn dalğa, XX əsrin əvvəllərindəki sosial-iqtisadi amillər, böyük ədəiblər, ideoloqlar bu siyasi xətti apararaq istiqlala nail oldular. Ona görə medianın tarixi baxımdan millətə verdiklərini danmaq olmaz. Bügün cəmiyyətə xidmət edən yaxşı media nümunələri olduğu kimi, ancaq öz mövcudluğu haqqında düşünən media qurumları da var. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyildiyi kimi medianın mövcudluğu bizim üçün çox böyük bir dəyərdir.
Vüqar Zifəroğlu: Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Jurnalistika fakültəsində 2018-ci ilin may ayında “Füyuzat mərkəzi” açılıb. “Respublika” qəzetinin baş redaktoru, rəhmətlik Teymur Əhmədov bu işdə bizə kömək etdi. “Füyuzat mərkəzi” mətbuat tarixi otağıdır. Xüsusi olaraq qeyd edim ki, bizim fakültədə Mətbuat Şurası otağı fəaliyyət göstərir. Etika komissiyasının sədri Qulu müəllim, Şikayətlər komissiyasının sədri isə mənəm. Hər iki komissiyanın iclasları tələbələrin və baş redaktorların iştirakı ilə birbaşa fakültədə, MŞ otağında keçirilir.
Təmkin Məmmədli: Bu iclasların dövriliyi necədir?
Vüqar Zifəroğlu: Demək olar ki, ayda bir dəfə keçirilir. Eyni zamanda Jurnalistika fakültəsində ARB 24 telekanalının canlı yayım otağı açılıb. Otaqda ARB 24 tərəfindən gündəmin ən müxtəlif mövzularına dair BDU alimləri ilə canlı yayımlar təşkil olunur. Həmçinin fakültənin tələbələri canlı yayım prosesi ilə yaxından tanış olmaq imkanı qazanırlar. Bunlardan başqa fakültədə “Xalq qəzeti”nin “Debat otağı”, Medianın İnkişafı Agentliyinin 50 nəfərlik media təlim otağı da fəaliyyət göstərir. AZƏRTAC-la razılaşma əsasında fakültəmizdə “nyus-rum”un açılışını ilə bağlı da razılıq əldə edilib.
Fuad Babayev: Vüqar müəllim, mediamızın 150 illik yubileyi ilə bağlı sizin fakültədə hansı tədbirlər nəzərdə tutulub?
Vüqar Zifəroğlu: Bəli, şübhəsiz ki, bu yubiley bizim fakültədə də yüksək səviyyədə qyed olunacaq. Media kapitanları və tanınmış jurnalistlərlə tələbələrimizin görüşləri təşkil ediləcək. 14-16 may tarixlərində BDU ilə Türkiyənin Üsküdar Universiteti Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək. Ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezisin qəbul olunduğu konfransda 100-dən artıq qonağın iştirakı gözlənilir. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsinin təşkili nəzərdə tutulub.

Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 2 may 2025-ci ildə baş tutub.