
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə beynəlxalq tədris platforması “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır.
AZƏRTAC xəbər verir ki, jurnalistika sahəsində fəaliyyət göstərən peşəkarlar, eyni zamanda, bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün nəzərdə tutulan təşəbbüs çərçivəsində ilkin olaraq “Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramı keçiriləcək.
Təlimdə iştirak üçün gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri müraciət edə bilərlər.
Təlimlərdə “Euronews” telekanalının tanınmış mütəxəssisləri – 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya, 13 dildə fəaliyyət göstərən 70-dən çox sosial media hesabını idarə edən komandanın rəhbəri Fatih Yetim və “Euronews Georgia”da baş texnologiya direktoru kimi çalışan, 19 ildən çox təcrübəyə malik Archil Mikadze kimi peşəkarlar təlimçi qismində çıxış edəcəklər.
Layihə çərçivəsində “Rəqəmsal xəbər toplanması və “data” əsaslı jurnalistika”, “Rəqəmsal video strategiyası və yeni formatlar”, “Sosial media və “YouTube” idarəetməsi”, “Jurnalistlər üçün innovativ təcrübələr: süni intellekt alətləri, SEO və məlumatın vizuallaşdırılması”, “Mobil jurnalistika” modulları üzrə tədris aparılacaq.
Proqramda yüksək nailiyyət göstərən iştirakçılar “Euronews” kanalında təcrübə keçmək imkanı əldə edəcəklər.
Son müraciət tarixi iyunun 12-dir. İştirak şərtləri və seçim meyarları ilə buradan tanış olmaq mümkündür.