Milli Ordu günü ərəfəsində tarix üzrə elmlər doktoru Mehman Süleymanov suallarımız cavablandırdı.
–Mehman müəllim, Milli Ordu Günü niyə məhz 26 iyunda qeyd edilir?
-1918-ci il iyun ayının 26-da Azərbaycan hökumətinin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı. 1998-ci ilin may ayında isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə həmin tarix Azərbaycan Ordusunun yaradılması günü kimi qəbul olunub.
–Azərbaycan ordusunun tarixi haqqında bizim insanlarımızın məlumatlılıq səviyyəsini necə qiymətləndirmək olar?
-Təkcə Azərbaycan ictimaiyyətinin deyil, ordu mövzusuna müraciət edən və ya bu mövzuda yazan müəlliflərin əksəriyyətinin hazırlılıq səviyyəsi arzuolunan həddə deyil. 2018-ci ildə Azərbaycan ordusunun 100 illik yubileyi ilə əlaqədar kütləvi informasiya vasitələrində çoxsaylı yazılar gedirdi. Bu yazıların əksəriyyətində təhriflərə rast gəlmək mümkün idi. Mən bir misal deyim. İsrafil bəy İsrafilov ( 1893-1945, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, İkinci Dünya Müharibəsinin iştirakçısı – red.) Azərbaycan Xalq Cümhuriyyəti ordusunun alay komandiri olub. O Cümhuriyyətin işğalından sonra xaricə gedib. Sonradan isə sovet kəşfiyyatı tərəfindən tutularaq SSRİ-də güllələnib. Təsəvvür edin ki, İsrafil bəy İsrafilov alay komandiri kimi Cümhuriyyət ordusunun daxilindəki proseslərin içərisində idi. Vilayət Quliyev “Polkovnik İsrafil bəyin xatirələri”ni “525-ci qəzet”in saytında çap etdirmişdi. Mən onun xatirələrinə bir şərh yazdım. Bu proseslərin birbaşa iştirakçısı olmasına baxmayaraq İsrafil bəy İsrafilovun xatirələrində bir sıra qeyri-obyektiv məlumatlar da yer alıb. Mən mövcud arxiv sənədləri əsasında bu yanlışlıqları üzə çıxardım. Məsələn o Ağdam alayından danışır, amma Cümhuriyyət ordusunun Ağdam alayı olmayıb, Ağdaş alayı olub. Bundan başqa əsaslandırdım ki, İsrafilovun yazdığı tarixdə Səməd bəy Mehmandarov artlq istefa verdiyi üçün Qarabağa səfər edə bilməzdi. Demək istəmirəm ki, İsrafil bəy İsrafilov bunu qəsdən edib. Qeyd etmək istəyirəm ki, hətta bu prosesin iştirakçısı olan insanlar da belə təhriflərə yol verə bilər. Çox təəssüf ki, yazdıqlarımızı oxuyan yoxdur.
–Ordunun tarixi bəzən belə demək mümkünsə, yaxsı mənada da təhrif oluna bilər. Söhbət ordu tarixinin qəhrəmanlaşdırılmasından gedir. Məsələn bildiyimiz qədər tarixdə 28 panfilovçu olmayıb. Amma təbliğat onu brendə çevirə bilib. Yaponiya İmperiyasının hərbi donanmasının ABŞ-ın Havayda yerləşən Pearl Harbor hərbi dəniz bazasına hücumundan bəhs edən “Pörl Harbor “ və ya II Dünya müharibəsində Normandiyaya qoşun çıxarılmasının qəhrəmanlaşdırıldığı “Sıravi Rayanı xilas etməli” filmləri də bu qəbildəndir. Bəs bizim ordunun tarixi ilə bağlı təhriflər hansı xarakter daşıyır? Bu təhriflər onu böyütməyə, yoxsa kiçiltməyə xidmət edir?
-İcazənizlə Cümhüriyyət ordusunun əhəmiyyətini vurğulayım. Sonra Sizin sualınıza cavab verim. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın dövlətçilik tarixində tamamilə yeni bir mərhələdir. Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyski 1918-ci ilin dekabr ayında parlamentin bir neçə iclasında çıxışı zamanı deyib ki, Azərbaycan hökumətinə qarşı əgər təcavüz olmasa belə biz gərək öz ordumuzu formalaşdıraq. Cümhuriyyətin ordu quruculuğu bizim üçün ilk növbədə müstəqil dövlətin müstəqil atributunun formalaşdırılması baxımından siyasi və tarixi əhəmiyyət kəsb edir. Digər tərəfdən Azərbaycan Xalq Cümhuriyyəti özü dövlətçilik tariximizdə yeni bir mərhələ olduğu kimi Xalq Cümhuriyyətinin ordu quruculuğu da dövlətimizin hərb tarixində yeni bir mərhələ təşkil edir. Çünki, ordu tamamilə fərqli, demokratik bir sistemdə, demokratik sistemin siyasəti əsasında və qəbul edilmiş qanunlar əsasında formalaşırdı. Cümhuriyyət ordusu bizim sonuncu müstəqil dövlətlərimiz olan Azərbaycan xanlıqları dövründəki qoşunlardan keyfiyyət və mahiyyət etibarilə fərqlənirdi. Cümhuriyyət ordusu müasir, sivil və nizami bir ordu idi. Bundan başqa Cümhuriyyət ordusu Azərbaycan dövlətinin, xalqının və Azərbaycan ordusunun rəhbərliyinin siyasi, hərbi iradəsinin, istəyinin nəticəsi idi. Yeri gəlmişkən Cümhuriyyətin Hərbi nazirliyi indiki Muzey Mərkəzinin arxasındakı küçədə yerləşib, Səməd bəy Mehmandarovun həmin binanın 2-ci mərtəbəsində kabineti olub (1919-cu il iyun ayının sonlarında Bakıya köçürülən Hərbi Nazirlik Krasnovodsk və Merkuri küçələrinin (indiki Zərifə Əliyeva və Səməd Vurğun küçələri) kəsişdiyi binada yerləşib – red.).
–Təəssüf ki, indiyə kimi həmin binanın üzərinə bu barədə xatirə lövhəsi vurulmayıb.
-Ordunun qəhrəmanlığının şişirdilməsi ilə bağlı sualınıza cavab olaraq demək istəyirəm ki, bəzən Cümhuriyyət ordusunun gördüyü işləri bir qədər qabartmaq üçün təhriflərə yol verilir. Məsələn, bir çox yazılarda oxuyuruq ki, Cümhuriyyətin 40 minlik ordusu olub. Yəni göstərmək istəyirlər ki, qısa bir müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti 40 minlik ordu yarada bilib. Əslində isə bu rəqəm doğru deyil, gerçəklikdə ordumuzun sayı göstərilən rəqəmin 50 faizini təşkil edirdi. Digər tərəfdən bu qədər fantastik rəqəm yazmaqla Cümhuriyyətin tarixi əhəmiyyətini şişirtməyə də ehtiyac yoxdur. Bəs niyə faktiki olaraq 20 minlik ordu, 40 minlik ordu kimi təqdim olunur? Azərbaycanın həmin dövrdə 40 minlik ordu toplamaq imkanı vardı. Amma həmin şəxsləri sadəcə toplamaqla ordu yaratmaq mümkün deyil, ordunun infrastrukturu, geyimi, yatacaq yeri, silahı, həmin şəxslərə təlim verəcək zabitləri olmalıdır. Bununla bağlı Mehmandarovun planına əsasən 1920-ci ilə qədər hərbi məktəblərdə yetişdiriləcək zabitlərin sayı, həmin zabitlərin sayına uyğun insanların səfərbərliyə cəlb edilməsi və müvafiq infrastrukturun yaradılması nəzərdə tutulurdu. 1920-ci ilin sonuna kimi Azərbaycan ordusu 40 min nəfər olacaqdı. Demoqrafik potensial buna imkan verirdi, sadəcə ordunun formalaşması üçün lazım olan şərtlərin hazırlanması lazım idi. Bu da tədricən ola bilərdi. Bəzən 1920-ci ilin aprel işğalı zamanı Yalamada 350 nəfərin bolşeviklərə qarşı qəhrəmanlıq göstərməsindən yazırlar. Bu rəqəm də həqiqəti əks etdirmir. Mən anlaya bilmirəm bu rəqəmi haradan götürə bilərlər. Yalamada olan şəxsi heyətin konkret sayı haqqında heç bir yerdə məlumat yoxdur. Amma biz təxmini hesablaya bilərik. Məlumdur ki, o zaman Cümhuriyyət ordusunun əsas hissəi Qarbağda müharibə aparırdı, şimala ordu göndərməyə imkan yox idi. Azərbaycanın hərbi rəhbərliyinin ora ancaq 4-cü Quba alayından 4 bölük göndərməyə imkanı çatdı. Bundan başqa Yalamada topçu və Maliyyə nazirliyinə tabe olan gömrük işlərinə nəzarətedən jandarma bölüyü də olub. Biz o dövrdəki reallığa görə hər bir bölüyün tərkibində neçə nəfər adam olduğunu bilirik. Hesablamalarımıza görə orada təxminən 700 nəfərlik bir qüvvə mövcud olub. XI Qırmızı Ordunun komandanlığının da rapotlarında sərhədi keçəndə 600 nəfər Cümhuriyyət əsgəri, 31 nəfər isə Cümhuriyyət zabiti ilə qarşılaşmaları barədə məlumata rast gəlirik.
–Yalamada qanlı döyüş olub?
-XI Qırmızı Ordu Yalamanı keçəndən sonra Azərbaycan bölmələri müqavimət göstərmyə çalışıb. Azərbaycan bölüklərindən biri Yalamada, biri Şirvanda, 2 bölük isə Xudatda olub. Yalamadan təxminən Xaçmaza qədər olan ərazidə Cümhuriyyətin bölmələri müqavimət göstərməyə çalışıb. Bəzi yerlərdə hətta dəmir yolunun sökülməsi faktları da var. Amma təsəvvür edin ki, bolşeviklərin öz etiraflarına görə XI Qırmızı Ordunun tərkibində sərhədi 72 minlik qoşun keçib. Hələ bundan başqa Xəzər Donanması da hərəkətə keçmişdi. Xəzər Donanmasının şəxsi heyətinin sayı barədə isə bizim məlumatımız yoxdur.
–Mehman müəllim, o 4 bölüyü göndərməklə XI Qırmızı Ordunun qarşısını almağa inam var idi, yoxsa reallığı əks etdirən informasiya yox idi?
-XI Qırmızı Ordu sərhədi keçən ana qədər Azərbaycan hökumətinin rəhbərliyindən heç kim inanmırdı ki, bolşeviklər belə bir addım ata bilər. Digər tərəfdən sözsüz ki, Azərbaycanın bundan artıq hərbi qüvvə göndərmək imkanı da yox idi. Hətta 20 minlik qoşunun hamısını göndərsəydi belə XI Qırmızı Ordunun qarşısını almaq mümkün deyildi. Təsəvvür edin ki, aprel ayının 26-da Azərbaycan parlmenti hərbi qanun qəbul edib. Əgər Azərbaycan parlamentinin XI Qırmızı Ordunun həmin gün sərhədi keçəcəyi barədə məlumatı olsaydı, bu qanunu qəbul etməyə nə ehtiyac vardı.
–XI Qırmızı Ordunun Azərbaycandan keçərək Türkiyəyə yardıma gedəcəyi haqqında məlumat həqiqəti əks etdirirmi?
-XI Qırmızı Ordunun rəhbərlərinin və onlarla birlikdə sərhədi keçmiş Azərbaycan inqilabçılarının xatirələri qalıb. O xatirələrdə qeyd olunub ki, hətta zirehli qatar Yalama körpüsündən keçəndə belə oradakı mühafizəçilərimiz anlaya bilməyib ki, qatar hara gedir. Yəni hadisələrin belə olmayacağına, məsələlərin diplomatik yollarla həll ediləcəyinə ümid var idi. XI Qırmızı Ordu Dağıstan ərazisində fəallaşmağa başlayanda onlar Azərbaycandakı yerli bolşevikləri və həm də Azərbaycana Türkiyədən gəlmiş sosialist əqidəli insanları öz tərəflərinə cəlb etməyə başladılar. Sözsüz ki, Mustafa Kamal Atatürklə Lenin arasında əlaqə var idi. Türkiyə Milli Azadlıq Mücadiləsinin rəhbərləri belə fikirləşirdilər ki, əgər bolşevik Rusiyası kömək etsə onlar Türkiyənin istilasının qarşısını ala bilərlər. Təəssüf ki, bu fikirdən Azərbaycan daxilində ifrat dərəcədə istifadə olundu. Baxmayaraq ki, bunun həyata keçməsi reallıqdan çox uzaq idi. Amma Azərbaycanda olan bolşevik qüvvələri və həm də Azərbaycan gəlmiş türklər belə bir təbliğatı aparırdılar ki, XI Qırmızı Ordu Azərbaycandan keçərək burada dayanmadan birbaşa Gürcüstan ərazisi ilə dəmir yolu vasitəsilə Türkiyəyə keçəcək. Təbii ki, Azərbaycan Milli Mücadiləsinin rəhbərləri də başa düşürdilər ki, bu bolşevik siyasətidir. Reallıq da onu göstərdi ki, bolşevik hökumətinin qarşısında dayanan başlıca hədəflərdən biri Bakını ələ keçirmək olub. Bakı alınmasaydı bolşevik dövlətinin özünün mövcudluğu şübhə altına düşərdü. Türk hərbçilərinin, o cümlədən Bakının 1918-ci ilin sentyabrında azad edilməsində iştirak etmiş Xəlil Paşanın bolşevik qoşunlarına qoşulmasına mənəvi baxımdan qınamaq olar. Xəlil Paşa sonralar öz xatirələrində etiraf edir ki, biz Bakını azad etmişdik, sonradan onun işğalına vasitəçilik etdik. Amma bolşevik hökumətinin qarşısında elə bir vəzifə dayanırdı ki, onlar türk kommunistlərinin fəaliyyəti olmasa da, Azərbaycan bolşevikləri onlara yardım etməsələr də sərhədi keçəcəkdilər. Çünki, Azərbaycanın işğalı onların qarşısında duran başlıca vəzifə idi.
–Şübhəsiz.
-Amma mənəvi cəhətdən biz türk kommunistlərinin və Azərbaycan bolşeviklərinin bu işğala dəstək verməsini unuda bilmərik. Yeri gəlmişkən onu da deyim ki, sovet işğalını Azərbaycana gətirməyə kömək etmiş Azərbaycan bolşeviklərinin çoxu işğaldan sonra anladılar ki, səhv ediblər. Onlar Sovet işğalına qarşı mövqe tutmağa başlayanda isə hamısını 1937-ci ilə qədər məhv etdilər.
–Mehman müəllim, Cümhuriyyət ordusu mövzusunda film çəkən rejissorlar, kitab yazan müəlliflər Sizdən məsləhət alırlarmı?
-Təəssüf ki, yox.
–Tarixçi alimlər tarixi saxtakarlıqlara qarşı mətbuatda reaksiya verirmi?
-Əslində bu vətəndaşlıq mövqeyidir. Gərək hər kəs öz sahəsində bunu etsin. Dəfələrlə olub ki, yazdığım məqaləni çap etdirə bilməmişəm. Amma mən yenə ordumuzun tarixinə müraciət etmək istəyirəm. Səməd bəy Mehmandarov cəmi il yarım hərbi nazir olub. Bu il yarımın da bir neçə ayını xəstə olduğu üçün işə çıxa bilməmişdi. O vaxt ermənilərin hərbi baxımdan daha böyük üstünlüyə malik olmasına baxmayaraq Mehmandarov Qarabağı ermənilərdən azad edən ordu qura bildi. Yenicə yaranmaqda olan Azərbaycan ordusunun demək olar ki, heç nəyi yox idi, amma Çar Rusiyası ordusunun Qafqaz cəbhəsi bütünlüklə ermənilərdən təşkil olunmuşdu. Bu da Cümhuriyyət ordusunun bizim üçün tarixi əhəmiyyətidir. Mehmandarov bizim hərbimizin zirvəsidir. Qafqaz İslam Ordusu dağılanda, türklər Azərbaycanı tərk edəndə Azərbaycan ordusu iflic vəziyyətinə düşmüşdü. Çünki, Azərbaycan ordusu türklərin bazasında yaradılmışdı. Ordu rəhbərliyinə və bütün komandir vəzifələrinə türk zabitləri təyin edilmişdi. Amma məğlub duruma düşən Türkiyə Mudros müqaviləsinə görə qoşunlarını Azərbaycandan çıxarmağa məcbur oldu. Bundan sonra demək olar ki, Mehmandarov ordu quruculuğuna sıfırdan başladı. O il yarım ərzində öz ətrafında yığdığı insanlar, onlara verdiyi dəyər və təşkilatçılıq qabiliyyəti sayəsində Qarabağı bizə qaytarmağa nail olan ordu yarada bildi. Bunun üçün sözsüz ki, çox böyük işlər görməli oldu. Ordunun infrastrukturunu, qanunvericilik bazasını yaratmaq, onu rus və türk təcrübəsindən azad edərək milli təcrübə üzərində qurmaq lazım idi. Ümumiyyətlə, çağırış, səfərbərlik sistemini təşkil etmək lazım idi. Azərbaycan xalqını inandıraraq, onu maarifləndirərək orduya cəlb etmək, fərariliyin qarşısını almaq lazım idi.
Azərbaycanda, o cümlədən ordunun daxilində həm bolşeviklərin, həm də Çar Rusiyasının geniş agenturası var idi. Mehmandarov onlara qarşı çox sərt mübarizə aparırdı. Nağı bəy Şeyxzamanlının (1883-1967, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi olub – red.) xatirələrində Azərbaycan ordusu daxilində Denikin ordusunun kapitan Çernışov adlı xəfiyyəsinin tutulması haqqında fakt var. Çernışov günahı öz üzərindən atmaq üçün Mehmandarovun ona imkan yaratdığını bildirib. Bundan xəbər tutan Mehmandarov özü şəxsən Dövlət Təhlükəsizlik Komitəsinə gələrək həmin zabitlə görüşüb. Həmin görüşdə kapitan Çernışov Mehmandarovun qarşısında diz çökərək üzr istəmişdi. Mehmandarov Azərbaycanın müstəqilliyinə son dərəcə sədaqətli insan olub. O müstəqilliyə sadiq olduğu üçün də ətrafına Azərbaycanın müstəqilliyinə sədaqətli insanları toplayaraq ordumuzu formalaşdıra bildi.
Cümhuriyyət ordusunun Süleyman bəy Əfəndiyev adlı generalı olub. General Əfəndiyev 1919-cu ilin əvvəllərində Ağdamda Azərbaycan 1-ci piyada diviziyasının komandiri olub. O zaman bu piyada diviziyasında öldürücü yatalaq xəstəliyinin yayılmasına baxmayaraq Süleyman bəy Əfəndiyev əsgərlərini tərk etmir, onları xilas etməyə çalışır, ruhdan düşməyə qoymurdu. Hətta belə bir vaxtda ona böyük oğlunun Qazaxda vəfat etməsi xəbəri gələndə də əsgərlərini tərk etmir. Övladını itirən general deyib ki, baxmayaraq ki, oğlu artıq vəfat edib gərək o heç olmasa buradakı övladlarını xilas etsin. Əsgərlərinin yanında qalan General Əfəndiyev özü də yatalaq xəstəliyinə tutularaq 1 aydan sonra vəfat edib. Cümhuriyyətin ordusuna belə etiqadı olan insanlar toplaşmışdılar. Onların fədakar, dastanlara sığmayacaq fəaliyyəti nəticəsində il yarım ərzində Cümhuriyyət ordusunu formalaşdırmaq mümkün oldu.
Fuad Babayev, Təmkin Məmmədli, 1905.az
25 iyun 2020-ci il