1905.az saytının bu dəfəki müsahibi Amerika Birləşmiş Ştatlarında Azərbaycan diasporu fəalı Mehriban Nəsibdir.
-Mehriban xanım, sadə amerikalıları Azərbaycanın problemləri, Ermənistanın ərazimizin 20 faizinin müvəqqəti olaraq itirilməsi ilə nəticələnmiş təcavüzü, azərbaycanlıların soyqırımları və s. ilə bağlı informasiyalar maraqlandırmır. Hər halda belə təsəvvür var. Bəs hazırlıqlı, post sovet məkanında baş verənlərlə maraqlanan insanları necə informasiya ilə təchiz edə bilirikmi?
– Fuad bəy, siz sadə amerikalılardan danışdınız və dediniz ki, sadə amerikalıları Azərbaycanın problemləri, Ermənistanın ərazimizin 20 faizinin müvəqqəti olaraq itirilməsi ilə nəticələnmiş təcavüzü, azərbaycanlıların soyqırımları və s. ilə bağlı informasiyalar maraqlandırmır. Əslində düz fikirləşmisiniz. Sadə amerikalını bu o qədər də maraqlandırmır. Təbii ki, hamısını deyil. Bəlkə də bir çox amerikalılar maraqlanırlar bu kimi məlumatlarla, amma bu informasiyanı onlara çatdıranlar yoxdur ya da yox dərəcəsindədir. Sadə amerikalı erməni və Ermənistan haqqında daha çox məlumatlıdır nəinki Azərbaycan, işgal olunmuş torpaqlarımız və bir milyondan artıq məcburi köçkün və qaçqınlarımız haqqında. Mən Kolumbiya Universitetində oxuyanda hər hansı bir tədbirdə bu barədə danışdıqda ya da sosial şəbəkələrdə məlumatları paylaşdıqda, onlar mənə bundan xəbərsiz olduqlarını dəfələrlə deyiblər. Yadımdadır ki, 20 Yanvar faciəsi haqqında mən yazı paylaşmışdım və qrup yoldaşlarım belə hadisənin baş verməsindən xəbərsiz olduqlarını mənə bildirdilər.
Amerikada uşaqdan böyüyə hər kəs Ermənistanı tanıyır və təəssüf hissi ilə bildirirəm ki, Azərbaycanı tanımırlar. Bu da təsadüfi deyil. Amerikada erməni lobbisi yüz illərdir fəaliyyət göstərir və çox güclüdür. Azərbaycanlılar ən çox 30-40 ildir yaşayırlar ABŞ-da və çox təəssüflər olsun ki, güclü lobbimiz yoxdur. Azərbaycanın ilk diaspor təşkilatı olan Azerbaijani Society for America (ASA) və onun başkanı Tomris xanım bu yolda xeyli işlər görüblər və görməkdədir. Tomris xanımın və Cavid Hüseynovun birlikdə rəhbərlik etdiyi Pax Turcica İnstitutunun (PTI), Azerbaijani Youth North Amerika (AYNA) Gənclər Şəbəkəsi kifayət qədər işlər görür və Xocalı Soyqırımı tanıdılması ilə əlaqədar tədbirlərin keçirilməsində böyük rol oynayır. Adlarını çəkdiyim bu təskilat və qurumlar Azərbaycan və ümumiyyətlə, türk dünyası haqqında maarifləndirmə aparır, ABŞ-ın siyasi-ictimai həyatında fəal iştirak edir. Təsadüfi deyil ki, Amerikanın bir çox ştatlarında Xocalı Soyqırımını tanınması məhz Azərbaycan diasporunun fəaliyyəti nəticəsində mümkun olub. Mən Tomris xanımın və Cavid Hüseynovun bu sahədə gördükləri isi təqdir edir, bir Azərbaycan gənci və fəalı kimi belə insanlarımızın və təşkilatlarımızın olmasını Azərbaycan üçün uğur sayıram. Bundan başqa Azerbaijan New York Association (ANA), New York Azərbaycan Qadın Təşkilatları da bəzi işlər görürlər. Fürsətdən istifadə edib həmin təşkilatın da rəhbərinə, üzvlərinə və fəallarına təşəkkürümü bildirirəm. O ki qaldı, o insanların məlumatlandırılmasına, düzü mənim nəzərimdə biz bələdiyyələrlə, orta məktəblərlə, universitetlərlə, yəni təhsil ocaqlarında maarifləndirmə aparmalıyıq. Amerika mediasını bu işə cəlb etməliyik. Bu işə Amerikadakı azərbaycanlı iş adamlarını, tələbələri cəlb etməliyik. Azərbaycan haqqında mədəni-siyasi tədbirlər, konfranslar təşkil olunmalıdır. İnanın, bu çox vacibdir. XXI əsrdə Amerikada Azərbaycanı tanımayan tələbələr var, bu biabırçılıqdır, hansı ki, “Armenia” sözünü hər kəsin dilindən eşitmək olar. Bizim ölkənin adını nəinki eşitməyiblər, heç düzgün tələffüz belə edə bilmirlər. Çox işləməliyik, çox…
– Amerikada məskunlaşmış ermənilər, məşhur erməni diasporu doğrudanmı çox qüdrətlidir? Və onlar doğrudanmı bizim həqiqətlərin Amerika auditoriyasına çatdırılmasını əngəlləmək iqtidarındadırlar?
– Güclü deyil desək, çox böyük yanlış olar. “Çox güclüdürlər” desək bu hələ zəif olar. Çox, hədsiz çox qüdrətlidirlər! Bunu hər addımda hiss edirik. Əngəlləyirlər, bəli. Məsələn, bizim Azərbaycan diasporasının New York Times qəzetində məlumat yayması nə qədər çətindirsə, ermənilərdə bu bir o qədər asandır…
Ümumiyyətlə, götürsək, bütün dünyada oldugu kimi ABŞ-da da erməni lobbisi çox güclüdür və çox güclü fəaliyyət göstərir. Çox böyük təəssüflə qeyd etmək istəyirəm ki, hər şeydə bizdən üstündürlər və çox birgədirlər, çox dəstək olurlar bir-birlərinə. Əgər birinin Senata girmək şansı varsa, o birilər ona dəstək olurlar və ona ora daxil olmaga kömək edirlər, hansı ki, biz eləmirik… Və çox təəssüflər ki, bizdə “mən”, onlarda “biz” çox inkişaf edib… Ermənilərlə mübarizə aparmaq üçün kifayət qədər gücümüz yoxdur: nə insan resursları, nə də maliyyə cəhətdən. Xocalı Soyqırımı ilə ASA və Pax Turkica təşkilatları Xocalı Soyqırımını Amerikanın yüksək səviyyəli orqanlarında tanıtmaq üçün işləyirlər, ermənilər isə onlara mane olmaq üçün əllərindən gələni edirlər. Ya da basqa misal deyim sizə. Noyabr ayı 2012-ci ildə ermənilər Kolumbiya Universitetində konfrans kecirdilər. Konfrans çox yüksək şəkildə təşkil olunmuşdu. Zalda ən azından 150 adam vardı, Amerika ziyalıları: professor, muəllim və tələbə kollektivi. Bundan basqa qonaqlar çox yüksək səviyyəli təşkilatların nümayəndələri idilər. Human Rights Watch-dan gələn xanım qondarma erməni soyqırımından və türklərin yüz il öncə erməniləri necə qırmaqlarından danışdı. Sonra Ermənistandan gəlmis bir QHT rəhbəri olan qadın qeyd etdi ki, Ermənistan həmişə qonşularının hücumuna məruz qalıb… İllərlə Osmanlı İmperiyasının və Türkiyənin, 20 il öncə isə Azərbaycanın. Azərbaycan onların mədəni irsini məhv edib və s. Təbii ki, bu cür seyləri eşidəndə biz Azərbaycan türkləri kimi cavab verdik. Mən söz aldım və dedim ki, ermənilər öz yalanlarına özlərini inandırıblar və indi də başqa millətləri bu yalanlara inandırırlar. Onların qeyd etdikləri kimi 100 il öncə baş vermiş qondarma erməni soyqırımını kimsə görməyib, yəni heç bir sübut belə yoxdur, amma 20 il öncə Ermənistanın Dağlıq Qarabağda, eləcə də Xocalıda törətdiyi cinayət və soyqırımı hər kəs görüb və görməyənlər də bu barədə oxuyub ya da eşidib. Sonda onu da qeyd etdim ki, bu zalda oturan insanlara yalan məlumat vermək əvəzinə doğrunu söyləyə bilərdiniz. İşğal olunan məhz Azərbaycan torpaqları olduğu üçün bizim mədəni irsimiz məhv edilib, Ermənistanın mədəni irsi deyil… Zalda Azərbaycan türkünün olacağını gözləməyən və mənim çıxışımdan bir az çaşan qadın dedi ki, təbii ki, müharibədə hər iki tərəf itki verib. Mənə ondan sonrakı 2 gün ərzində söz deməyə imkan vermədilər və hətta Türkiyə vətəndaşı olan və Nyu-York Universitetində doktorantura tələbəsi olan Ayda Erbal adlı erməni qadın mənim üstümə hücum elədi, təhqir elədi… Düzdür, mənə toxunmadı, çünki polis çağıra bilərdim, hazır idim buna, amma doğrudan da toxunmadı mənə. Hər kəs də ona dəstək oldu, sakitləşdirdi. Mən o qədər erməninin arasında yeganə türk idim. Konfransla baglı bir çox Azərbaycan və Türkiyə türklərinə müraciət eləsəm də heç kəs konfransa gəlmədi ya da gəlib 10-15 dəqiqə oturub getdilər… Demək istəyirəm ki, erməni lobbisi ilə mübarizədə çox zəifik. Hətta bir dəfə eşitdim ki, ermənilər bütün dünyada çox aktiv olan Azərbaycan və Türkiyə türklərini müxtəlif ölkələrdə öldürməyə cəhd ediblər və Amerikada ermənilərə qarşı çox aktiv mübarizə aparan insanları öz nəzərlərində saxlayırlar. Biz fevral ayında erməni konsulluğunun qarşısında etiraz aksiyası keçirərkən ermənilərin şəkillərimizi çəkdiklərinin şahidi oldum. Lakin bütün bunlar məni və bu yolda olan insanları qorxutmur, əksinə daha mübariz olmağa sövq edir.
– Qondarma erməni soyqırımının növbəti ildönümü ərəfəsində erməni diasporun fəallığı artmışdımı?
– Çox artıb! Əslində, onlar hər zaman fəaldırlar, ilin bütün vaxtlarında, ancaq son vaxtlar fəallıqları daha da artıb. Bu da 2015-ci ilə hazırlıqla əlaqəlidir. Artıq 2012-ci ildən başlayıblar hazırlaşmağa soyqırımın yüzilliyini yüksək şəkildə qeyd etməyə. Ştatlarda çoxlu görüşlər keçirirlər, Senata qondarma erməni soyqırımıin yüzilliyi ilə bağlı müraciətlər edirlər. Amerikada çoxdan yaşayan və artıq orda neçənci nəsil olan nümayəndələri senatda, federal hökumətdə vəzifəyə hazırlayırlar, dəstək verirlər onların hökumətdə yaxşı vəzifələri tutmağa. Doğrusu, çox bacarıqlıdırlar, hər yola əl atırlar və kifayət qədər də amerikalılardan dəstəkləri var. Təəssüflə qeyd edim ki, artıq ştatların çoxunda bunu soyqırım kimi qəbul etdiriblər və ondan da böyük bir təəssüflə qeyd etmək istəyirəm ki, artıq qondarma Dağlıq Qarabağ respublikasını 4 ştatda tanıyıblar…
– İndi də Sizin öz fəaliyyətinizdən, işlərinizdən, planlarınızdan danışaq.
– Mənim planlarım Amerikada fəaliyyətimi davam etdirməkdir. Mən bu 3 ilə yaxın müddətdə diasporada çox fəal olmuşam, amma çox iş görə bilməmişəm əslində, çünki mən tələbə idim və qarşımda universiteti bitirmək kimi vacib məsələ vardı. Amma bununla yanaşi Amerikada diasporda bacardığım qədər aktiv fəaliyyət göstərirdim. Bundan sonra planlarım bələdiyyələrlə, orta məktəblərlə, kollec və universitetlərlə əlaqə yaratmaq, Azərbaycanın tanıdılması yolunda əlimdən gələni əsirgəməmək, bacardığım qədər ordakı aktiv diasporumuza və diaspor işində aktiv olan gənclərə dəstək olmaqdır. Ən ümdəsi isə, güclü lobbinin formalaşmasında əlimdən gələni eləməkdir. Çalışıb hökumətə yaxşı vəzifələrə girməliyik: ştat səviyyəsində və federal hökumət səviyyəsində. Planlar çoxdur, indidən bu barədə deməyim, İnşaallah alınar, onda bir daha müsahibə verərəm.
– 1905.az portalına nəyi tövsiyyə edərdiniz?
– Fuad bəy, tövsiyyəm yox, sizlərə minnətdarlıq borcum var, belə bir sayt üçün. Sizə və sizinlə bərabər bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Belə bir saytı 20 il öncə yaratmalı idik, hansı ki, yarada bilmədik. Amma gec də olsa belə bir sayt var və sizlər olmasaydınız bəlkə heç olmayacaqdı, ona görə də sizə böyük uğurlar arzulayıram və “Allah sizləri qorusun!” deyirəm. Sizinlə əməkdaşlıq edəcəyik inşaallah. Mən artıq bu saytdan istifadə edəcəyəm və əminəm ki, bizə – Azərbaycandan kənarda yaşayan və Azərbaycan lobbiciliyi ilə məşğul olan hər kəsə yardımçı olacaq. Sizə balaca bir tövsiyyə xarakterli xahiş: çalışın sayt açılanda ingiliscə açılsın və orda Languages/Dillər bölümü olan yerdə hər kəs özu 12 dilə çevirsin, yəni istədiyi dilə, ancaq sayt özü Azərbaycan türkcəsində yox, ingilis dilində olsa daha yaxşı olar. Təbii ki, qərarı siz verirsiz, mənə sadəcə, xahiş etmək düşər. Müsahibə üçün təşəkkürümü bildirirəm!
Fuad Babayev,
1905.az