1968-ci ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov Azıx mağarasında çənə sümüyü tapdı. Alimlər sümüyü diqqətlə öyrənib aydınlaşdırdılar ki, bu 350-400 min il bundan əvvəl həmin ərazidə yaşamış 18-22 yaşlı qadının çənəsidir. İndi hamı bütün sümükləri lap çoxdan sürmə olmuş, yalnız alt çənəsinin sağ hissəsi salamat qalmış bu ibtidai insanı azıxantrop, yəni Azıx adamı kimi tanıyır.
Elmə hələlik məlum olmayan ən azı bir “adam” növü də var. Təvazökarlıqdan kənar səslənəbilər, amma deməliyəm ki, bu “adam” növünü mən tapmışam. Ona ad da vermişəm. Ad çox sadədir və xalis azərbaycancadır. Metro “adam”ı.
Metro “adam”ının nümunələrini mən Bakı metropoliteninin xidmətindən istifadə edən yüz minlərlə soydaşımın arasından çox çətinliklə tapmışam. Və istəyirəm ki, həmin “adam”ın xarakterik cəhətləri barədə sizlərə bir balaca məlumat verim.
Beləliklə metro “adam”ı kimdir? Bu şəhərdə normal, ən əsası isə təhlükəsiz çalışan yeganə ictimai nəqliyyat vasitəsinin sərnişinləri arasında onu necə aşkar etmək olar?
Metro “adam”ı bizim metroda ən uzun məsafəni (məsələn “Həzi Aslanov” stansiyasından ta “Dərnəgül”ə qədər) qət etməyi nəzərdə tutubsa belə, boş qatara minər-minməz hər stansiyada taybatay açılan qapılardan birinin ağzında özünə əlverişli mövqe seçir. Və boyunun, çəkisinin, xeyli dərəcədə də tərbiyəsinin bütün imkanlarından tam faydalanaraq qatara minən və qatardan düşən insanların işini maksimal dərəcədə əngəlləyir. Onun üzündə bir qayda olaraq özündənrazılığı ifadə edən təbəssüm, bəzən də qeyzli, həm də saymazyana ifadə olur.
Metro “adam”ı qatara minərkən qapılar açılar-açılmaz içəri dürtülməyə çalışır. Bu zaman onun qatardan düşmək niyyətli adamları qabaqlamaq istəməsi aydın hiss olunur.
Metro “adam”ı eskalatorda da özünəməxsus davranış sərgiləyir. Burada da onun əsas məqsədi digər sərnişinlərin hərəkətinə mane olmaqdır.
Yuxarıdakı hərəkətləri həvəslə icra edən metro “adam”ı populyasiyasının yaş strukturu barədə birmənalı söz demək çətindir. Şəxsən mən müşahidələr zamanı ən müxtəlif yaşlı metro “adam”larına rast gəlmişəm.
Belə. Siz də diqqətli olun, müşahidə edin. Kim bilir, bəlkə siz də buna bənzər kəşf edib adınızı elm tarixinə əbədilik yaza bildiniz?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 22–23)