AVCİYA-nın aprelin 6-da start verdiyi “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” petisiya layihəsi səsvermə üçün ayrılan bir aylıq müddətin yarısını artıq geridə qoydu. Bu müddət ərzində müxtəlif rayonlarda, qabaqcıl təhsil müəssisələrində görüşlər keçirildi, səsvermə prosesinin qaydaları başa salındı. Petisiya ilə bağlı növbəti tədbir Azərbaycan Dövlət Tibb Universitetində keçirildi.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin 1 dəqiqəlik sükütla qeyd olunması ilə başlanan tədbiri giriş sözü ilə universitetin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli açdı. Rektor qeyd etdi ki, artıq 25 ildən çoxdur ki, Qarabağ problemi, ərazilərimizin Ermənistan tərəfindən işğalı və onun nəticələri Azərbaycanın əsas problemi olaraq qalır. Mötəbər təşkilatların qərar və qətnamələrinə Ermənistanın cinayətkar rəhbərliyi etinasızlıqla yanaşır. Mövcud vəziyyət isə Azərbaycan üçün yeni-yeni humanitar və ekoloji fəlakətlərə yol açır. G.Gəraybəyli bildirdi ki, Ermənistanın təcavüzünün ağır nəticələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov böyük layihələr həyata keçirir və Ağ Evin rəsmi saytında açılmış petisiya layihəsi də bunlardan biridir.
Millət vəkili Elxan Süleymanov bildirdi ki, ermənilərlə mübarizə həm səngərdə, döyüş meydanında, həm də intellektual müstəvidə aparılmalıdır. Aprel ayının əvvəllərində ordumuz düşmənə özünün gücünü döyüş meydanında göstərdi. Bu uğurları həm də siyasi anlamda möhkəmləndirmək tələb olunur. Millət vəkili qeyd etdi ki, İslama qarşı qəzəb və nifrət mühitinin hökm sürdüyü AŞPA-da qətnamə qəbul etdirmək çox çətindir. Qətnamələrin qəbul etdirilməsi üçün prosedur qaydası da mürəkkəbdir. Lakin bununla belə, yanvarın sonlarında müqavimət və maneələri aşaraq, qəzalı vəziyyətdə olan Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnaməni qəbul etdirmək mümkün oldu. Qətnamənin əhəmiyyətinə toxunan E.Süleymanov söylədi ki, bu qətnamədə ermənilərin sudan bir növ silah kimi istifadə etmələri, Azərbaycan ərazilərini işğal altında saxlamaları, su anbarında baş verə biləcək qəza nəticəsində humanitar fəlakətə görə Ermənistanın məsuliyyəti məsələsi qabardılır. AVCİYA prezidenti qeyd etdi ki, bu məsələlər Ağ Evin rəsmi saytında açılan petisiyada da vurğulanır. Elxan Süleymanov bildirdi ki, bu petisiyanın əsas məqsədi 47 ölkənin səs verdiyi qətnaməyə ABŞ prezidentinin münasibətini öyrənməkdir. Millət vəkili tələbələri səsvermə prosesində fəal olmağa çağırdı.
AVCİYA-nın əməkdaşı İradə Yaqubova səsvermə qaydaları, Ağ Evin rəsmi saytında baş verən dəyişikliklərlə bağlı tələbələrə məlumat verdi.
Petisiyaya bu linkdən səs verin:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe