Hörmətli Prezidentlər,
Avropa Parlamentinin mahiyyətinə və obyektivliyinə ciddi kölgə sala biləcək bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu məsələyə diqqət yetirib, cavab verməyinizi xahiş edirəm.
Ötən illər ərzində Aİ-nin Şərq Tərəfdaşlığı Təşəbbüsü müstəvisində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əlaqələr yaxşılaşmışdır. Parlament səviyyəsində Avronest Parlament Assambleyası bizi daha da yaxınlaşdırmışdır. Bu səbəbdən Avropa Parlamentinin Prezidenti cənab Martin Şultsun Azərbaycana qarşı qərəzli münasibəti bizdə təəssüf hissi doğurur. Bu, bütövlükdə AP-yə kölgə salır.
Əvvəla, nümayəndə heyətimə hücumlar olunur. AP son vaxtlar bütövlükdə anti-Azərbaycan təsəvvürünü yaradan qətnamələr və bəyannamələrlə Azərbaycana bir sıra hücumlar etmişdir. AP deputatları və Avropalı diplomatların böyük əksəriyyətinin müsbət ismarışlarına baxmayaraq, Parlament kortəbii şəkildə anti-Azərbaycan siyasətinə xidmət edərək, yalnız zəif hazırlanmış mətnləri səsə qoymağı və qəbul etməyi seçir.
Eyni zamanda Ermənistanın Azərbaycan ərazisini işğal edərək, bütün beynəlxalq qaydalar və müqavilələri pozmasına və Aİ ilə əlaqələri dayandıraraq, Avrasiya Gömrük İttifaqına qoşulmasına baxmayaraq, o, heç bir halda tənqid edilmir. Əvəzində isə Aİ-dən daha çox maliyyə alır və Avronest Parlament Assambleyasının növbəti plenar sessiyası 2015-ci ildə Yerevanda keçiriləcək.
Avronest Parlament Assambleyası Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsində 04.11.2014-cü ildə müzakirə edilmiş “2014-2020-ci illər Avropa Qonşuluq Aləti vasitəsilə Aİ ilə Şərqi Avropa tərəfdaşı ölkələri arasında tərəfdaşlığın daha da gücləndirilməsi” adlı məruzənin böyük hissəsi Ukrayna hadisələrinə həsr olunsa da, Azərbaycanın işğal edilmiş ərazilərinə ümumiyyətlə toxunulmamışdır. Azərbaycan xalqı Avropa İttifaqının ərazi bütövlüyünün pozulması ilə bağlı Ukraynaya göstərilən dəstəyin eyni səviyyədə 20% ərazisi 23 ildən artıq müddət ərzində işğal altında qalmış Azərbaycana da göstərilməsini tələb edir.
Biz işğal, hücumlar və Ukrayna hadisələrinə yanaşma ilə (çox operativ surətdə Avropa Parlamentinin Rusiya Federasiyasına qarşı sanskiyaların tətbiqi və s.) Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalına münasibət arasında kəskin təzadla bağlı bir neçə məktub yazmışıq. Eyni zamanda, Prezident Şultsdan Azərbaycanın Avronest-də Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirməli olmasının səbəblərini soruşmuşuq. Bütün bu məsələlərlə bağlı heç bir cavab verilməmişdir.
İstərdim ki, Roma Papası Fransiskin 25 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasında etdiyi çıxışdan aşağıdakı sitatı diqqətinizə çatdırım: “Avropa Ittifaqının genişləndiyi son illərdə insanlar arasında uzaq və fərdi xalqlara qarşı laqeyd, bəzən isə onların ziyanına qanunların qəbulu ilə məşğul olan qurumlara qarşı inamsızlıq yaranmağa başlamışdır. Bir çox sahələrdə Avropa, artıq bərəkətini və gücünü itirmiş, yorğun və yaşlı “nənə” təəssüratı yaradır. Nəticədə isə bir zamanlar Avropanı ilhamlandıran böyük fikirlər artıq cazibəsini itirir və yerini qurumlardakı bürokratik məsələlərə verir”.
Zənnimcə əlavə şərhə ehtiyac yoxdur.
Prezident Şultsun nümayiş etdirdiyi qərəzlilik və laqeydliyə baxmayaraq, digər AP deputatları və Avropa Parlamenti rəhbərlərinin ölkəmizə qarşı obyektiv münasibətdə olacaqlarına ümid edirəm.
Hörmətlə,
Elxan Süleymanov
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri