AŞPA prezidenti xanım Ann Brössora və Büro üzvlərinə
Surəti: AŞPA-nın Baş Katibi cənab Voysix Saviçkiyə,
Surəti: Avropa Şurasının Baş Katibi cənab Tyorbörn Yaqlanda
Strasburq, 23 iyun 2014-cü il
Hörmətli xanımlar və cənablar,
Aşpa rəhbərlərinə müraciəti
Mənim təşəbbüsümlə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi iyunun 18-i AŞPA-nın saytında dərc edildi. Qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandı.
Daha əvvəl səmimi ümidimi ifadə etmişdim ki, AŞPA rəhbərliyi və AŞPA Katibliyi ümumilikdə və xüsusilə təqdim olunmuş qətnamə layihəsi ilə bağlı Azərbaycana münasibətdə obyektivlik nümayiş etdirəcək.
Lakin bu gün Sədarət Komitəsinin iclasından öyrənirəm ki, AŞPA-nın Baş Katibi cənab Saviçki qətnamə layihəsinə qarşı son dəqiqədə prosedur etirazı qaldırıb. Onun 9-cu Qaydaya verdiyi şərhə əsasən, sanksiyaları xatırladan qətnamə layihəsində mandat məsələsinə istinad edilməlidir. Ümumiyyətlə, hər hansı prosedur etirazı halında aidiyyəti maddə iclasda dərhal Katiblik tərəfindən sözbəsöz sitat gətirilir. Lakin qətnamə layihəsi vasitəsilə sanksiyaların tətbiqinə çağırmağı qadağan edən hər hansı maddə (yaxud maddənin bir hissəsi) sitat gətirilə bilməz, sadəcə ona görə ki, heç bir qayda bunu qadağan etmir. Qaydaların heç bir maddəsində sanksiyaları müzakirə yaxud tətbiq etmək məqsədilə əvvəlcə mandatın sual altına qoyulmasının zəruriliyi göstərilməyib.
Biz Ermənistanın hazırki nümayəndə heyətinin mandatını şübhə altına almağı məqsədyönlü şəkildə istəmədik. Faktiki olaraq, hesab edirik ki, Assambleya mandatın sual altına qoyulmasına dair tələsik prosedur məruzəsi deyil, səlahiyyətli Komitənin lazımi qaydada hazırladığı məruzə əsasında ermənilərin səsləndirdiyi arqumentlər daxil olmaqla, işğal edilmiş Azərbaycan əraziləri məsələsini geniş müzakirə etməlidir. Bu, hər şeydən əvvəl, real faktdır. Bundan əlavə, ümumi prinsipə görə, Assambleya qərarların verilməsində suverendir, beləliklə, o, eyni zamanda real fakt əsasında sanksiyalar qəbul edə bilər. Əslində bunun əksi parlament demokratiyasının bütün prinsiplərinə, eləcə də sağlam düşüncəyə zidd olar.
Qətnamə layihəsi təqdim və dərc edilib, AŞPA-nın saytında yerləşdirilib, bu isə sənədin müvafiqliyini açıq-aydın sübut edir. Bu qətnamə layihəsi Assambleyanın rəsmi sənədidir.
Qayda 24.3. “Qaydalara müvafiq olan qətnamə layihəsi ən qısa vaxtda dərc ediləcək və paylanacaq.”
Ümumiyyətlə, qətnamə layihəsi müvafiq olmadıqda belə, aidiyyəti qeydlər və düzəliş üçün təkliflərlə birgə müəllifə geri göndərilir. Bu, Katibliyin rəhbərliyi ilə icra edilən vahid və müsbət təcrübədir. Lakin bu halda sənəd müəllifə geri göndərilməyib, əksinə, hər hansı qeyd olmadan dərc edilib. Katiblik cənab Siksto mənim tərəfimdən sessiyadan 17 gün əvvəl göndərilmiş 14 ölkəni təmsil edən 58 deputatın imzasını aldığını təsdiq etmişdir (Katibliyin məktubları əlavə olunur).
Bundan başqa, cənab Saviçki Sədarət Komitəsinin iclasında ilk dəfə qətnamə layihəsini Ermənistana dair hazırlanan cari monitorinq məruzəsinə daxil edilməsi üçün Monitorinq Komitəsinə yönləndirməyi təklif edib. Beləliklə, Katibliyin rəsmi istinad təklifi olub. Lakin Sədarət Komitəsi üzvlərinin bu istinadı deyil, fərqli bir istinadı dəstəklədiyi ortaya çıxan kimi, cənab Savitski tərəfindənqəflətən müəyyən prosedur maneəsi yarandı: O, rəsmi qaydalara görə yox, şəxsi qənaətinə görəqətnamə layihəsinin redaksiyası (artıq!) müvafiq deyil deyə israr etdi. Nəyə görə bu sənədin redaksiyası bir istinad təklifi üçün müvafiq olduğu halda, digər istinad təklifi üçün müvafiq deyil?
Nəticə etibarilə, Katiblik qətnamə layihəsinin məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirilməsinə o şərtlə razılıq verdi ki, mən bu layihəni yenidən yazmalı və yenidən imza toplamalıyam. Rəhbərliyin deputata qətnamə layihəsində hansı sözlərdən istifadə edib-etməməyi diqtə etməsini necə izah etməli? Hansı Qayda bunu məhdudlaşdırır? Qətnamə layihəsində sanksiya ifadəsinin qadağan olunması hansı qaydalarda yazılmışdır? Əgər Katiblik mənim redaksiyamı qadağan edən Qaydanı dəqiq sitat gətirə bilmirsə və mən Katibliyin mənə diqtə etdiyi sözləri yazmağa məcburamsa, şəxsən nümayəndə heyətimə Avropa Şurasını dərhal tərk etməyi təklif etməyi üstün tuturam.
Son anda Sədarət Komitəsinin üzvlərini çaşdırmaq cəhdindən asılı olmayaraq, aydındır ki, qətnamə layihəsi AŞPA-da normal siyasi proseduru keçməlidir: qətnamə layihəm Büronun cümə günü, iyunun 27-si keçiriləcək növbəti iclasının gündəliyində olmalı və həmin Büro iclasında yekun qərar verilməlidir.
Qayda 25.1. “Büro Qayda 23.2.c-də adı çəkilən (= “Üzvlər yaxud əvəzedicilər tərəfindən irəli sürülmüş qətnamə layihələri”) bütün sənədlərə dair qərar verir.”
Mən qətnamə layihəsinin müəllifi kimi, bütün Büro üzvlərinin çaşqınlığa düşməyərək, bu gün konsensusla razılaşdırıldığı kimi, qətnamə layihəsinin məruzə üçün – şübhəsiz, haqq qazandırılması mümkün olmayan bütün maneələri rədd edərək bu qətnamə layihəsinin lehinə səs verməyə qəti təkid etmək istərdim.
Dərin təəssüf hissi ilə belə bir nəticəyə gəlirəm ki, mövzu Azərbaycanın legitim tələbləri olduqda bir daha və yenidən ən son dəqiqədə administrativ maneələr ortaya çıxır.
Bununla bərabər, bütün həmkarlarımı bu qətnamə layihəsinin müzakirələrdən kənarlaşdırılması istiqamətində ədalətsizliyin və ayrı-ayrı qüvvələrin korporativ maraqlarının Avropa Şurasının baza prinsiplərindən üstün tutulmasının qarşısını almağa çağırıram.
Hörmətlə,
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü