
Mayın 2-də Dövlət Turizm Agentliyinin (DTA) təşəbbüsü, DTA tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Milli dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimini açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan milli mətbəxinin mədəniyyətimizin ayrılmaz hissəsi olduğunu, xalqımızın məişətini, adət-ənənələrini, dünyagörüşünü və həyat tərzini əks etdirdiyini söyləyib. AMEA rəhbəri bu zəngin mədəni irsin qorunması, sistemli şəkildə öyrənilməsi, dünyaya təbliği və gələcək nəsillərə ötürülməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd edib ki, son illərdə Azərbaycan Milli Elmlər Akademiyası ilə Dövlət Turizm Agentliyi arasında arxeoloji qazıntılara dair birgə əməkdaşlıq əlaqələri mövcuddur və əməkdaşlıq münasibətləri mətbəx sahəsində də elmi-praktik fəaliyyətlərlə genişləndiriləcək. Akademiyanın Tarix və Etnologiya, eləcə də Folklor institutlarında Azərbaycanın zəngin mətbəx mədəniyyətinin öyrənilməsinə başlanıldığını deyən akademik İsa Həbibbəyli bununla bağlı sözügedən müəssisələrdə daxili imkanlar hesabına yeni şöbələrin yaradılacağını, mətbəx irsimizin kompleks şəkildə tarix, folklor və etnoqrafik baxımdan tədqiq ediləcəyini, Dövlət Turizm Agentliyi tərəfindən isə həm respublika, həm də beynəlxalq səviyyədə təbliğinin həyata keçiriləcəyini diqqətə çatdırıb. AMEA rəhbəri bu istiqamətdə fəaliyyətin icrası məqsədilə qurumların birgə təşkilatçılığı ilə konfransların, təqdimat mərasimlərinin təşkili, eləcə də nəşrlərin hazırlanmasının qarşıya məqsəd qoyulduğunu söyləyib.
AMEA prezidenti, həmçinin milli mətbəx mədəniyyətimizin başqa xalqlar tərəfindən mənimsənilməsinə cəhdlər edildiyini və öz adlarına çıxmağa çalışdıqlarını deyib, kulinariya və mədəni irsimizin aparılacaq elmi tədqiqatlar və təbliğatlarla beynəlxalq miqyasda qorunacağını vurğulayıb.
Sonra çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihənin əsas məqsədinin milli kulinariya nümunələrinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsini təmin etmək olduğunu vurğulayıb.
Agentlik sədri diqqətə çatdırıb ki, layihə müddətində elmi yanaşmanın və dəqiqliyin təmin olunması əsas prioritetlərdən olduğundan Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq həyata keçirilib, toplanmış milli dadların tərkibi, hazırlanma üsulu, tarixi və mədəni əhəmiyyəti AMEA-nın məlumatları və tövsiyələri əsasında elmi əsaslandırılıb, etibarlı və dayanıqlı elmi baza formalaşdırılıb.
“Bu platformaya biz Azərbaycan kulinariyasının ən yeni ensiklopediyası da deyə bilərik”, – deyən Fuad Nağıyev ölkəmizin zəngin qastronomiya potensialının həm də qastroturizm sahəsini inkişaf etdirməyə imkan verdiyini, bununla yanaşı, zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək etdiyini söyləyib. Vurğulayıb ki, milli yeməklərimiz daha böyük mənada tariximizi, milli kimliyimizi əks etdirir və bu məqamı nəzərə alaraq, layihənin ikinci mərhələsində bu milli dadların formalaşmasının arxasında duran tarix, mədəniyyət və insanların həyat tərzi ilə bağlı məqamlar da araşdırılacaq: “Əlbəttə, bütün bu işlər folklorşünaslar, tarixçilər, etnoqraflar, dilçilər və kulinariya üzrə mütəxəssislərlə birlikdə həyata keçiriləcək. İnanırıq ki, yalnız mətbəx baxımından deyil, eyni zamanda milli kimliyin qorunması baxımından da strateji əhəmiyyət daşıyan “Milli dadlar” layihəsi milli mətbəximizin qorunması və tanıdılmasında əhəmiyyətli rol oynayacaq”.
Daha sonra Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova “Milli dadlar” onlayn platformasını təqdimatını edib.
Tədbirdə, həmçinin AMEA-nın Folklor İnstitutunun direktor müavini Afaq Ramazanova, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru İlhamə Məmmədova və AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Solmaz Məhərrəmova çıxış edərək milli mətbəximizin tədqiq olunmasının əhəmiyyətindən və təqdimatı keçirilən “Milli dadlar” onlayn platformasının önəmindən danışıblar.
Qeyd edək ki, “Milli dadlar” layihəsi çərçivəsində Azərbaycanın iqtisadi-coğrafi rayonlarından elmi əsaslarla sənədləşdirilmiş milli mətbəx nümunələri barədə məlumatlar toplanılıb. Layihənin ilkin mərhələsində müxtəlif yaş kateqoriyasından olan respondentlərlə sorğu aparılıb, toplanmış məlumatlara əsasən seçilmiş mətbəx nümunələri sənaye nümayəndələri, həmçinin ekspertlərin iştirakı ilə hazırlanaraq sənədləşdirilib və kataloqlaşdırılıb. Layihə çərçivəsində yaradılan eyniadlı onlayn platformada regional mətbəxlərin özünəməxsusluğu, mətbəx nümunələrinin adı, tərkibi, hazırlanma qaydası və digər məlumatlar əks olunub.
Layihənin ikinci mərhələsində mətbəx nümunələrinin kulinar aspektləri ilə yanaşı, sosial, mədəni və tarixilik istiqamətlərinın araşdırılması nəzərdə tutulur. Bu mərhələdə əsas məqsəd müxtəlif bölgələrə məxsus yemək və məhsullarla bağlı rəvayət, əfsanə, xalq inancları və digər şifahi və yazılı xalq ədəbiyyatı mənbələrində yer alan məlumatların toplanıb sistemləşdirilməsidir. Bu mərhələ də AMEA alimlərinin və kulinariya üzrə mütəxəssislərin əməkdaşlığı ilə həyata keçiriləcək və tədqiqatların sonunda əldə olunmuş məlumatlar onlayn platformada yerləşdiriləcək.