Azərbaycan dövlət müstəqilliyi qazandığı 1918-1920-ci illərdə qurulmuş Xalq Cümhuriyyəti Parlamentində aparılan müzakirələr ideya-məzmunu ilə yanaşı, nitq mədəniyyəti baxımından da böyük maraq doğurur. Xüsusilə ona görə ki, Azərbaycan türkcəsi uzun əsrlərdən sonra ilk dəfə olaraq xalqın (və ölkənin) iqtisadi, ictimai-siyasi və mədəni taleyinin müzakirə edildiyi ali dövlət təşkilatına – Cümhuriyyət Məclisi-Məbusanına hakim olur…
Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən az sonra türk (Azərbaycan) dilinin dövlət dili olması haqqında qərar qəbul etdi. Və bu qərarın de-fakto olaraq necə həyata keçməsi prosesini göstərən ən mötəbər (və ali!) mənbə Azərbaycan Məclisi-Məbusanının iclasıdır.
İclaslardakı çıxışların mütləq əksəriyyəti dövlət dilində olsa da, müəyyən qismi rusca edilmişdir; hərdənbir “Rusca! Rusca!” qışqıranların səsi gəlsə də, aparıcı tendensiya “türkcə”nin müdafiəsində inamla dayanmış və ümumiyyətlə, Azərbaycan Məclisi-Məbusanı Azərbaycan dilini yalnız de-yure deyil, de-fakto da dövlət dili səviyyəsinə yüksəldə bilmişdir.
Ancaq bu o qədər də asan olmamışdır…
1918-ci ilin 16 noyabrında Azərbaycan Cümhuriyyəti Parlamentinin təsis iclasını açarkən Milli Şura sədri M.Ə.Rəsulzadə, tamamilə təbiidir ki, tarixə bir nəzər salaraq demişdir: “Azərbaycanlılar, necə ki hamınıza məlumdur, heç vəqt hürriyyət və istiqlaliyyət fikrindən ayrılmayaraq daima bu uğurda çalışmış, mübarizə eləmişlərdir, Rusiya çarizmi dövründə onların fəaliyyəti yalnız milli ədəbiyyat, milli məktəb, milli mədəniyyət mübarizəsində təzahür etmişdir. Çarizmin süqutu ilə bütün millətlər əl-ələ verib müqəddərati-milliyyələrinin həlli, hüquq və istiqlaliyyətləri yolunda çalışırdılar”.
Parlamentin 7 dekabr 1918-ci il tarixli iclası barədəki “Təəssürat”ından isə Üzeyir Hacıbəyli yazır: “Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı”.
Və Üzeyir bəy həmin “vətən övladı”nın – M.Ə.Rəsulzadənin nitqinin mükəmməlliyindən bəhs edəndən sonra baş nazirə keçir:
“Növbət ministrlər rəisi Fətəli xan Xoyskiyə yetişdi.
Xudavəndi-aləm hər yerdə istibdad varsa, evini yıxsın, necə ki rus istibdadının evini yıxdı. Qoyurdularmı ki, vaxtında dilimizi ögrənək ki, yeri düşəndə danışarkən fikrimizi söyləməyə söz axtarmağa möhtac qalmayaq!
Bavücudin Fətəli xan çox da duruxa-duruxa danışmırdı, dilinə hətta rəvan demək də caizdir. Anasından ögrənmiş dilinə bir qədər də türk qəzetləri mütaliəsindən və bir də Osmanlı türk arkadaşlarımız ilə bir müddət təmasda bulunub deyunub deyib-danışmağ məcburiyyətindən hasil olan sözləri qatıb, bir dil düzəltmişdi ki, onunla ifadeyi-məram edirdi.
Fətəli xan zatən nitq söyləmirdi. O, məbuslar əfəndilərlə dərdləşmək istiyordu, dərdini söyləyib şikayət edirdi”.
Və bu nitqdən bir parça:
“Ən böyük zəlalətimiz bu idi ki, o vəqt hökumət göydən asılı kibi idi. Zira hürriyyət, ədalət, üxüvvət bayrağı daşıyanlar Bakıyı əlimizdən almış, bizi paytaxtsız qoymuşdular. Azərbaycanın kökünü təşkil edən, məmləkətin həqiqi sahibi olan müsəlmanlar qətliam edilərək Dağıstan, İran və Turana dağılmışlardı. Şəhərdə bir iş görəcək adamımız qalmamışdı… Şükürlər olsun ki, artıq məqsədlərimizin bir çoxuna çatdıq: Bakı əlimizə keçdi…”
Fətəli xan Xoyski Məclisin 26 dekabr 1918-ci il tarixli 5-ci iclasındakı hesabatında demişdir: “Məarif nəzarəti hər kəsə imkan verməlidir ki, öz ana dilində oxusun. Böylə imkan verilməmək bəlasındandır ki, bu gün bən sizinlə istədiyim kibi danışa bilmiyorum. Bizdə böylə olmamalıdır”.
Azərbaycan Cümhuriyyətinin dil məsələsində tutduğu demokratik yol bu sahədə müəyyən problemlər də yaratmışdır. Belə ki, bəzi millət vəkilləri rusca danışmağa üstünlük vermişlər ki, bu barədə Ü.Hacıbəyli öz “Təəssüf”lərindən birində yazır: “Raboçi klubda rus fəhlələri müsəlman natiqlərindən rusca danışmağı tələb edirmişlər. Parlamanda dəxi hərdən bunu tələb edənlər olmayır deyil, fəqət tələb edənlər ruslar degildir.
“Rusca, rusca!” – deyə hərdəm yerlərindən əmr verən məbus əfəndilərimizi mən başa düşürəm: istəyirlər ki, qeyri-müsəlman məbusanlarımız həqqində əvvəla adi “nəzakət” rəsmiyyəti icra edilsin və saniyən danışılan məsələlərdən, təklif olunan qərarlardan onlar da müxbir olub işdə iştirak etsinlər.
Buna heç bir sözümüz yox! Hələlik bu dilə möhtacıq və istimalına da məcburuq. Lakin rusca danışılmasın, rusca ancaq tərcümə edilsin”…
Ü.Hacıbəyli Məclisdə “adi söhbətlər” məsələsinə də toxunaraq göstərir ki, “məbuslar ilə rəis əfəndi arasında və ya məbuslarımızın öz aralarında təati edilən sözləri rusca sögləməyə heç bir ehtiyac yoxdur.
– Pozvolte mne dva slova!
– Vı o çem?
– Y na sçet zayavleniye çlena!..
Bunun kimi mükaliməyyi parlamanda rusca keçirtməgə nə hacət? Bir halda ki danışan da türkdür, danışdırılan da…”
Üzeyir bəy Məclis üzvü Səfikürdskinin “zapros” əvəzinə “sorğu” sözünü işlətməsini də təqdir etmiş və tamamilə doğru olaraq əlavə eləmişdir ki, “zatən bu sözü Səfikürdski cənabları özündən çıxarmayıbdır. Dilimizin mənbəi-sərvəti olan… kəndlərimizdə… “sorğu-sual” sözü vardır.
…Zənn edirəm, bu “sorğu” sözünü “zapros” yerinə Səfikürdski ilə bərabər hamımız dəxi işlətsək, uduzmarıq ki, udarıq. Türkiyə Məclisi-Məbusanında “zapros” sözünə “təqrir” denildiyi qəzetlərdən anlaşılmaqdadır”.
Ümumiyyətlə, müşahidələr göstərir ki, Cümhuriyyət Parlamentində hüquq terminlərinin milliləşdirilməsi meyli güclü olmasa da, hər halda yox deyildi.
Məsələn, 17 mart 1919-cu il tarixli iclasda Məclisi-Məbusan Nizamnaməsi qəbul edilərkən M.Ə.Rəsulzadə deyir:
“Nizamnaməni qəbul etdiniz. Lakin türkcə istilahının təshihata ehtiyacı vardır. Ona görə təklif edərdim ki, nizamnamə təshih üçün Təshih komisyonuna verilsin”.
Parlamentin 25 fevral 1919-cu il tarixli iclasında “hərbiyyə nəzarətinin müvafiq məmurlarına verilən isimlər barəsindəki qanun layihəsi” müzakirəyə çıxarıldı. Və Məclisə sədrlik edən Həsən bəy Ağayev məlumat verir:
“…Ərz etməliyəm ki, hərbiyyə nazirimiz həyatının qismi-əzəmini Rusiya daxilində keçirdiyindən və məruzədə bir çox xüsusi islahlar olduğundan onları türkcə deməyə qadir degildir. Ona görə də özü rica ediyor, bən də öz tərəfimdən təvəqqe ediyorum, bu günlüyə istisna olaraq izin verəsiniz, mətləbini rusca söyləsin. Çünki mətləb əhəmiyyətlidir və türk dilində mühüm mətləbləri izah edəmiyəcəkdir”.
Və yerlərdən səslər gəlir:
“Qəbuldur, qəbuldur!”
Hərbiyyə naziri Səməd bəy Mehmandarov çıxışına belə başlayır:
“Bən qabaqca parlamandan üzr istəməliyəm ki, rusca danışacağam. Çox utanıyorum ki, öz dilimi Məclisi-Məbusanda danışmaq qədər bilmədiyimdən rusca söyləməyə məcburam”.
Hərbiyyə nəzarətinin fəaliyyəti müzakirə edilərkən Məclis üzvü Rəfiyev bildirir ki, araqarışdıranlar “guya komanda türk dilində degil, rus dilindədir” yalanını yayırlar, halbuki “komanda türk dilindədir”.
Məclisin 14 aprel 1919-cu il tarixli iclasında Rəisi-Vükəla Nəsib bəy Yusifbəyli deyir:
“Məlumunuzdur: istiqlalımız həp məarifə bağlıdır. Əgər milli məarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim üçün fəlah və nicat ümidi qalmaz. Hökumət bunu biliyor. Bunun üçün ibtidai təhsilin ümumi olmasına əsas hazırlamaya və iş bu eylüldən etibarən mütəəddid ibtidai məktəblər açmaya təşəbbüs edəcəkdir… Mövcud edadilərdən bir qismi tədricən milliləşdiriləcək, digər qismi isə qeyri-müslim cocuqlar üçün rus lisanında ibqa ediləcəkdir. Hər millətin kəndi lisanında oxumasına heç bir maneə olmadığından onların cocuqları üçün hökumət hesabına məktəblər açılacaqdır.
…Tiflisdə bulunan Mavəzayi- Qafqaz darülfünununun paytaxtımıza nəqli üçün müzakirata girişlərək eylül ibtidalarında tədrisata burada dəvam edilməsinə səy və iqdam edilməkdədir.
Darülfünunumuzda, təbii, lisanımızın, tariximizin, ədəbiyyatımızın inkişafına xidmət edə biləcək kürsülər açıqdır”.
N.Yusifbəylinin bəyannaməsi müzakirə olunarkən parlament üzvü doktor Koxman söz alır: “Koxman: Hökumətin bəyannaməsi ruscaya tərcümə olunmadığına görə biz səs verə bilməyəcəgiz.
Səslər: Tərcümə edilsin… Veriniz tərcüməsini özləri oxusunlar…
Sədr: Belə olan surətdə belə eləmək olar: bəyannaməni verək özləri oxusunlar, o vəqtə qədər tənəffüs elan ediyorum”.
Tənəffüsdən sonra Koxman mövqeyini bildirir:
“Hökumət bəyannaməsi rusca tərcümə edilmədigindən və biz onun məzmununu bilmədigimizdən formulaya səs verə bilməyəcəgimizi xəbər vermişdik. Şimdi məzmununa aşina olduq. Ona görə də lehinə səs verəcəgiz”.
Məclisin 7 avqust 1919-cu il tarixli iclasında təbəəlik haqqında qanun layihəsi müzakirə edilərkən “qeyri-müsəlman məbuslar tərəfindən bir təklif varid oluyor. Məsələ mühüm olduğundan rusca danışılsın, yaxud türkcə irad olunan nitqlər ruscaya tərcümə edilsinlər”. Və bu zaman Məclis üzvü Mustafa Vəkilov yerindən deyir:
“Qətiyyən öylə şey olmaz. Məclisi-Məbusanda rusca nitq söyləmək qanunumuzda yoxdur”.
Slav-rus cəmiyyətinin nümayəndəsi Kravçenkov, təbii ki, rusca çıxış edərək məsələni yumşaltmağa çalışır:
“Burada sizin milli hissinizə toxunacaq bir şey də yoxdur… Xahiş ediyoruz, bu məsələ haqqındakı nitqlər rus dilində irad, yaxud türkcə söylənib də ruscaya tərcümə edilsinlər”.
Müsavatçı Mustafa Vəkilov məsələyə münasibətini daha kəskin bir şəkildə bildirməli olur:
“Bən başa düşmüyorum, həddindən ziyadə səbirli olduğumuzdanmı, yaxud hər şeyə kəmetinalıq göstərdiyimizdəndir ki, bu gün bizə Məclisi-Məbusanımızda bizdən əcnəbi dildə danışmağımızı tələb ediyorlar. Ümum millətlərdə, hər bir dövlətdə qəbul edilmiş və heç vəqt əl vurulmamış olan əsaslardan birisini biz də qəbul etmişik ki, Məclisi-Məbusanda öz dilimizdə danışaq. Bizim dilimiz var. O dildə danışmağa haqqımız var. Və danışmağa qərar vermişik. Qaldı ki, bizim uca səslə bu kürsüdən verilən dərsə də ehtiyacımız yoxdur. Milli hissiyyatımıza nə toxunar, nə toxunmaz, – onu özümüz yaxşı biliyoruz. Uca səslə demək lazım degildir. Bundan əlavə, bu vəqtədək Məclisi-Məbusanda bundan daha böyük, daha mühüm məsələlər müzakirə və həll edilmişdir…
…Burası Azərbaycan Məclisi-Məbusanıdır. Azərbaycanlıların öz dili var, öz Məclisində öz dilini danışmalıdı… bir də böylə təkliflər edilməməlidir. Nitqlərin türkcə irad edilib də ruscaya tərcümə edilməsinə ki, necə bu vəqtədək Parlamanda heç vəqt böylə şey olmamışdır, bundan böylə də olmamalıdır, ola da bilməz”.
Dil məsələsi özünü tamamilə fərqli (və yüksək intellektual) səviyyədə Azərbaycanda universitet açılıb-açılmaması ilə bağlı 21 avqust 1919-cu il tarixli iclasda ortaya çıxır…
Məclis üzvü keşiş Kravçenkov bu hadisədən şovinist məqsədlərlə sui-istifadə etmək istəyir:
“…Bizi vadar ediyor inanaq ki, cavan Azərbaycan darülfünunu rus ülum və fünununa dara və bu mənbədən çıxacaq, elmiyyə əxz edəcək olanların qəlbində rus mədəniyyətinə qarşı məhəbbət odu yandıra biləcək bir çox adamlar görəcəkdir. Doğrudur, elm beynəlmiləldir (səslər: “doğrudur!”), fəqət darülfünuna rus professorları cəlb edilməsi bizi ruhən şad ediyor ki, Bakıda tezlik ilə darülfünun açıla biləcək və rus elmi, rus mədəniyyəti qalib olacaqdır (gülüş, səslər, anlaşılmaz sözlər, səs-küy)”.
Və bu “səs-küy”ün içində nələrin “gizləndiyi”ni anlamamaq mümkün deyil…
M.Ə.Rəsulzadə keşişə dərhal cavab verib deyir:
“Yaxşı olardı ki, bu elm və mədəniyyət mənbəyi türkcə olaydı. Fəqət hələlik bu mümkün degildir. Fəqət bu maneədə heç vəqt və heç kəsi özgə dildə də olsa darülfünun açmaqdan daşındırmamışdır, daşındırammaz da… Kravçenko “rus-rus” deməklə bizi qorxudamaz… Bundan əlavə, məlumunuzdur ki, darülfünun açılan gündən milliləşdirmə binövrəsi qoyuluyor. Darülfünunda türkcə tədris ediləcək və tələbələrimiz türk mühiti içərisində öz millətinə yaxın olacaqdır”.
Daha müfəssəl (və professional) izahı isə maarif naziri Rəşid xan Kaplanov təqdim edir:
“…Bənligini dərk etmiş bir millət üçün heç bir imtahan qorxunc degildir… Bən zənn ediyorum ki, nəinki yalnız Azərbaycan, bəlkə bütün türk aləmində mövcud qüvveyi-elmiyyələr bu adı daşımaya layiq bir darülfünun açmaq üçün kifayət etsin. Fəqət o qədər qüvveyi-elmiyyəmiz olsa belə, məktəbi-aliyyədə mühazirələri türkcə anlamaq istedadına malik tələbələrimiz yoxdur. Heç kəsdən gizli deyil ki, cavanlarımızın əksəri ana dilini pək zəif biliyor. Bəziləri hal-hazırda milli darülfünun açmaq qeyri-mümkün olduğuna istinadən cavanlarımızın əcnəbi məmalik darülfünunlarına göndərilmələrini tərcih ediyorlar.
…Bu yaxunlarda hüzurunuza təqdim ediləcək olan layiheyi-qanuniyyədən görəcəksiniz ki, əcnəbi məmləkətlərə yüz tələbə göndərmək üçün tam bir darülfünun saxlamaq qədər xərc lazım oluyor.
…Bən tələbələrin əcnəbi məmləkətə göndərilməsi əleyhində degiləm… Amma bu yol bizi milli darülfünuna aparmaz. Onu yaratmaq üçün həqiqi çarə tez zamanda zəngin Avropa dillərindən birisində bir darülfünun açmaqdır. Yaşadığımız şərait altında bu dil rus dilidir… O darülfünun Azərbaycan dövlətinə və türk mədəniyyətinə xidmət edəcəkdir”.
Azərbaycan Cümhuriyyətinin maarif naziri onu da əlavə edir ki:
“Zira həmin darülfünunun fəaliyyəti ayılmış, yaşamaq istəyən, zəngin bir lisana malik, mədəniyyətcə bəşəriyyətin mühüm bir qismilə mərbut olan bir millətin milli arzu və amalı ilə dolmuş bir mühit içərisində cari olacaqdır… Böylə əlverişli bir mühit daxilində… türk lisanı tədrisini yaxşı bir şərait altına qoymaq və sairə kibi bir çox tədabir ilə darülfünunumuzu müntəzəmən milliləşdirə biləriz”.
Məclisdə universitet məsələsi müzakirə olunan günlərdə Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (21 sentyabr 1919-cu il) “Milliləşmək” məqaləsini dərc edir. Və həmin məqalə belə başlayır:
“Dövri-istibdaddan qalmış və bu gün Azərbaycan istiqlaliyyətinə yaraşmayan bir para işləri “likvidasiya” etmək, yəni aradan götürmək yolunda hökumətimiz ciddiyyətlə işləməkdədir. Bu… işlərin biri də rus dilidir ki, bu günə qədər aramızda hökumət lisanı hökmündə qalıb, Azərbaycan istiqlalının şərəfini azaltmaqla bərabər, Azərbaycan türkləri üçün dəxi az müşkülat törətmiyor”.
Və Üzeyir bəy belə bir tarixi (eyni zamanda müasir!) paradoksu xatırladır ki: “Azərbaycan türk dili Ümumqafqazda yaşayan müxtəlif lisanlı millətlər arasında ümumi bir dil olmaq kibi böylə bir beynəlmiləl əhəmiyyəti haiz olduğu halda, yəni bir erməninin bir dağıstanlı, bir malakanın bir gürcü ilə qonuşub danışmaq üçün türk dilinə müraciət etməyə məcbur olduqları bir halda, bu dilə malik olan türklərin rus dilinə möhtac qalması nə qədər qərib və nə qədər gülünc bir haldır”.
Bəs səbəb nə idi?
Dahi millət xadimi yazır:
“Bu qeyri-təbii hal, əlbəttə, rus istibdadının bərəkətindəndi ki, ruslaşdırmaq politikası sayəsində Azərbaycan türkləri öylə bir şərait içində yaşıyorlardı ki, həmişə rus dilinə möhtac qalırdılar… Türk dilinə dara olanlar bunu həyata tətbiq etmək və bundan məişət və güzaranları üçün bir faidə almaq imkanından məhrum edilmişlərdi. Rus istibdadı hər bir “bənd-bərə”ni kəsib dilimizə heç bir yerdə yol vermiyordu”…
Üzeyir bəy “milliləşmək xüsusunda” maarif naziri Rəşid xan Kaplanovun xidmətlərini yüksək qiymətləndirir:
“Milliləşmək xüsusunda maarif naziri tərəfindən iki böyük işə iqdam olunubdur: biri məktəblərin, digəri isə ümumhökumət müəssisələrinin milliləşdirilməsidir. Məktəblərin milliləşdirilməsi, doğrudan-doğruya, icra edilməkdədir. Müəssisələrin milliləşdirilməsinə isə bilavasitə iqdam edilib və vasitə olmaq üzrə bilatəfriq millət ümumməmurlarımız üçün türk dili kursları açılıbdır. Azərbaycan hökuməti dairələrində qulluq etmək istəyən və türk dilinə dara olmayan ümumməmurlar haman kurslara girib türk dili ögrənməyə məcburdurlar. Maarif naziri həzrətlərinin bu yolda ciddiyyətlə çalışmaları şayani-təbrik və layiqi-təhsindir. Bizə məlum olduğu üzrə nazir həzrətlərinin böylə milliləşdirmək tədbirlərinə qarşı protesto edən və bu iqtimatdan saki olanlar vardır. Lakin eşitdigimizə görə, nazir həzrətləri heç bir güzəştdə bulunmamağa qərar vermişlərdir”…
Bu sözlərin həqiqət olduğunu göstərən bir mühüm dəlil də ondan ibarətdir ki, bunu Üzeyir bəy deyir…
Məlum olduğu kimi, Cümhuriyyət Məclisindəki qeyri-müsəlman üzvlər, adətən, ümumxalq (ümumdövlət) marağından deyil, milli azlıq və ya icma maraqlarından çıxış etmişlər ki, onların biri də erməni Malxazyan olmuşdur… Məclislə hökumət arasında təfriqə yaratmaq istəyən bu adama maliyyə naziri Əliağa Həsənovun 17 noyabr 1919-cu il tarixdəki iclasda verdiyi cavab-izahat maraqlıdır: “Burada çox şey danışdılar… Malxazov cənabları dedilər ki, bu qanun layihəsi vəqtində büdcə komisiyonuna göndərilməyibdir və maliyyə naziri komisiyonda tez baxılmasına israr etməyibdir. Yaxşıdır ki, Malxazyan cənabları türkcə bilirlər, eşitsinlər, mən özümü bu barədə müqəssir bilmiyorum. Mən dəfəatla israr eləmişəm…”
Xalqın dilinin dövlət dili səviyyəsinə yüksəlməsinin, Məclisdə milli problemlərin məhz millətin öz dilində müzakirəsinin nə qədər önəmli olmasını parlament qəzeti “Azərbaycan” dəfələrlə vurğulamışdır. Əhməd Həmdi qəzetin 9 dekabr 1919-cu il nömrəsində Məclisin bir illik fəaliyyətini dəyərləndirərkən ən mühüm uğurlardan birini də göstərir: bu, ondan ibarətdir ki, keçən bir ildə Azərbaycan Parlamenti “lisani-milli ilə hər təsirini, hər fikrini söyləmiş, millətin həyəcan və hissiyyati-ümumiyyəsini bir mərkəzə toplayaraq tərcüman olmuş idi”…
Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti milli parlamentində – Məclisi-Məbusanda milli dil məsələsinə, tamamilə təbii (və qanunauyğun) olaraq həmişə böyüktəəssübkeşliklə yanaşılmışdır.
Nizami CƏFƏROV,
Milli Məclisin deputatı, akademik
“Azərbaycan” qəzeti 18 may 2018-ci il