Çarizmin fəal köməyi ilə erməni-daşnak silahlı birləşmələrinin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırımı. Birinci rus inqilabı (1905 -07) başlanan dövrdə çarizm ucqar əyalətlərdə öz mövqeyini qoruyub saxlamaq məqsədilə milli qırğınlar üçün tədbirlər planı hazırlamışdı.
Azərbaycandakı qırğına qədər çarizm bu üsuldan Polşada, Baltikyanı ölkələrdə və digər milli ucqarlarda istifadə etmişdi. Lakin digər ucqarlardan fərqli olaraq, Azərbaycanda çarizmin bu mənfur siyasətindən öz maraqları üçün istifadə edən qatı millətçi “Daşnaksutyun” partiyası Bakıda, Şuşada, Naxçıvanda, Gəncədə, İrəvanda və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı kütləvi soyqırımları törətdilər.
Birinci rus inqilabı illərində Azərbaycanda və Cənubi Qafqazın müsəlmanlar yaşayan bölgələrində törədilən milli qırğınlar çar ordusunun və rəsmi dövlət adamlarının gözləri önündə baş verirdi. Ordu və polis bu milli qırğını cəllad soyuqqanlığı ilə seyr edirdi.”Daşnaksutyun” partiyası və erməni quldur dəstələri hökumətin bu “seyrçi” mövqeyindən istifadə edərək, az vaxt ərzində azərbaycanlılar yaşayan 158 kəndi dağıtmış, evləri yandırmış və yüzlərlə insanın həyatına son qoymuşdur. Təkcə 1905-06-cı illərdə erməni quldurları müsəlmanlara qarşı 500-ə qədər cinayət hadisəsi törətmişlər. Daşnaklar zahirən muxtariyyət tələbi ilə çıxış etsələr də, bunun arxasında “Böyük Ermənistan” yaratmaq xulyası dururdu. Onlar bu sərsəm niyyətlərini həyata keçiırmək üçün daha çox Rusiyadan istifadə etmək istəyirdilər.
1905-ci il fevralın əvvəllərində Bakıda milli qırğına başlamaq üçün bəhanə axtaran daşnaklar hər yerdə müsəlmanların qaniçən, vəhşi olmaları barədə təbliğat aparırdılar. Fevralın 2-də azərbaycanlı əhaliyə qarşı düşmənçilik ruhunda tərbiyə olunmuş ermənilər tərəfindən bir azərbaycanlı öldürüldü. Səhərisi ermənilər daha bir qətl törətdilər. Daha sonra erməni əsgəri istintaqa apardığı müsəlman dustağı yolda güllələdi. Bu qətllər əvvəlcədən hazırlanmış plana əsasən həyata keçirilirdi. Özünü müdafıə etmək məcburiyyətində qalan əliyalın müsəlmanlar küçələrə çıxdılar. Şiddətli döyüşlər başlandı. Evlər dağıdılır, mal-mülk qarət edilirdi. Qubernatorun ixtiyarında kifayət qədər əsgər və polis olsa da, o, baş verən qırğının qarşısını almaq istəmirdi. Fevralın 6-dan 10-na qədər Bakıda davam edən qırğın nəticəsində hər iki tərəfdən yüzlərlə insan öldürüldü. Bakıdakı qırğından sonra fevralın 18-də II Nikolayın fərmanına əsasən, Bakı quberniyasında hərbi vəziyyət elan edilsədə 1905-ci il avqustun 16-21-də Şuşada, avqustun 20-26-da Bakıda, noyabrın 18-də Gəncədə azərbaycanlıların soyqırımı həyata keçirildi.
Erməni quldurlarının növbəti hədəfı Naxçıvan oldu. Daşnaklar qəflətən hücum etməklə, azərbaycanlılar içərisində vahimə yaratmağa çalışırdılar. Naxçıvan əhalisinin ermənilərin cinayət əməllərindən İrəvan qubernatorunun müavini Baranovskiyə şikayətinə məhəl qoyulmadı. Bu, ermənilərin əl-qol açmasına imkan verdi Onlar şəhərin müsəlmanlar yaşayan məhəllələrini kütləvi şəkildə atəşə tutdular. Adamlar öldürülür, dükanlar yandırılır və qarət edilirdi. Döyüşü müşahidə edən polis rəisi Angil qırğına mane olmadı. Bir qədər sonra azərbaycanlılarla ermənilərin birlikdə yaşadığı Çəhri kəndində dəhşətli faciə baş verdi. Noyabrın 26-da kazaklarla birləşən erməni caniləri bir neçə ailəni qətlə yetirdikdən sonra, kəndi xarabalığa çevirdilər. Camaata bir daha aydın oldu ki, erməniləri qızışdıran və qırğına rəvac verən Rusiya hökumətidir.
Ermənilər Bakı və Naxçıvandan sonra öz məkrli niyyətlərini İrəvan şəhərində və onun ətrafındakı bölgələrdə yaşayan müsəlmanlara qarşı həyata keçirdilər. Bu məqsədlə onlar silahlı quldur dəstələri yaratmışdılar. Ermənilərin niyyətindən xəbərsiz olan İrəvan azərbaycanlıların lazımi müdafıə tədbirləri görməmişdilər. Mayın 24-də ermənilər şəhərin azərbaycanlılar yaşayan hissəsinə qəflətən hücum edərək, xeyli adamı qətlə yetirdilər. Azərbaycanlıları soyqırımından xilas etmək üçün qonşu qəzalardan, Türkiyədən və İrandan müsəlman könüllüləri İrəvana doğru hərəkət etdilər.
Məngüs kəndinin ağsaqqalı Novruz Kazım oğlu son gülləsinə qədər vuruşaraq, onlarca erməni quldurunu məhv etdi. Ermənilər Novruz kişini tutub qətlə yetirdilər və kəndə od vurdular. Onlar iyunun əvvəlində Güllücə və Kamal kəndlərini də viran qoydular, onlarca adam vəhşicəsinə qətlə yetirildi. İyunun 3-də Uşu kəndində 8 saat davam edən döyüşdə könüllülər erməni quldurlarını geri oturtdular. Ermənilər yaralıları və meyitləri səngərlərdə qoyub qaçdılar. Onlar iki gündən sonra böyük qüvvə ilə təzədən hücuma keçsələr də, yenə məğlubiyyətə uğradılar. İyunun 9-u və 10-da erməni quldurları yaxşı silahlanmış yeni qüvvələrlə Uşu və Təkyə kəndləri üzərinə hücuma keçdi. Düşmənin sayca çoxluğu və kənardan lazımi kömək göstərilməməsi əhalini hər iki kəndi tərk etmək məcburiyyətində qoydu.
Zəngəzurun erməni kəndlərindən və digər yerlərdən toplanan quldur dəstələri Sokratın başçılığı ilə qəflətən hücuma keçərək, Cəbrayıl qəzasının Veysəlli kəndini yandırdılar. 150 evdən ibarət olan Qacar kəndi 6 saatdan çox davam edən döyuşdə düşməni pərən-pərən saldı. Qonşu müsəlman kəndindən gələn yeni könüllü dəstələri döyüş meydanından qaçan erməniləri təqib etdilər və xeyli quldur əsir götürüldü. Daşnaklar 3 min quldurla Qacar kəndinə yenidən hücuma keçsələr də, döyüşdə qələbə çalan qacarlılar və könüllülər xeyli qulduru qətlə yetirdilər.
Müsəlman süvariləri Şeyxməli kəndində məşq edən min nəfərlik quldur dəstəsinə qəflətən hücum etdilər. Bütün günü davam edən döyüşün sonunda xeyli itki verdikdən sonra qaçıb, Düdüklü kəndinə sığınan ermənilər az sonra oradan da çıxarıldılar. Həmin günün səhəri müsəlman süvariləri Çəmənli kəndinə hücum edən erməniləri məğlubiyyətə uğratdılar. Bu məğlubiyyətdən və itkilərdən sonra ermənilər Xırmancıq kəndinə 2500 quldur topladılar. Onlar müsəlman könüllülərinin toplaşdığı Arış kəndini ələ keçirmək istəyirdilər. Lakin quldurlar döyüşdə atlarını və silahlarını da qoyub qaçdılar. Alınmaz hesab edilən Xırmancıq kəndi döyüşçülərimiz tərəfindən tutuldu. Pristav Davıdovun öz strajnikləri ilə ermənilərə köməyi də nəticə vermədi. Buna baxmayaraq, ermənilər Cəbrayıl və Qaryagin (indiki Füzuli rayonu) qəzalarında Veysəlli, Divanəlilər, Süleymanlı kəndlərini yandırmış, insanları kütləvi şəkildə qırmışdılar.
1905-ci il hadisələri içərisində Şuşa faciəsi daha dəhşətli idi. Qəzalardakı qırğının qarşısını almalı olan əsgərlər qəsdən Şuşada saxlanılırdı. Məqsəd müsəlmanların soyqırımında onlardan istifadə etmək idi. Ermənilər Şuşa döyüşünə böyük hazırlıq işləri görmüş və çoxlu canlı qüvvə toplamışdılar. Avqustun 8-də növbəti fitnə törədildi – Cənubi Azərbaycandan gəlmiş və bir məktəbin təmiri ilə məşğul olan 17 fəhlə qətlə yetirildi. Avqustun 16-da silahlı ermənilər azərbaycanlıları atəşə tutdular. Rus ordusunda qulluq edən 15 nəfər erməni əsgəri komandanlığın razılığı ilə silahlarını götürüb vuruşan quldurlara qoşuldu. Tiflisdən də 100 erməni köməyə gəlmişdi. Azərbaycanlılar müdafiə olunmaq üçün şəhərin müxtəlif yerlərində 5 səngər qurmuşdular. Hər səngərə bacarıqlı adamlar başçılıq edirdilər. Onlardan Abbas bəy Talıb oğlu, Əfrasiyab Hacı Əzim oğlu, Məşədi Abış Bəylər oğlu və b. xüsusilə fərqlənirdilər. Ətraf kəndlərdən şəhərə xeyli atlı dəstələri köməyə gəlmişdi. Elə həmin gün ermənilərin hücumlarının qarşısı alındı. İki-üç gün ərzində ermənilərin bütün mövqeləri ələ keçirildi. Ermənilərin yandırdıqları binalar içərisində teatr və qız məktəbinin binası da vardı. 1905-ci il avqustun 16-dan 21 -dək Şuşada ermənilərin törətdikləri milli qırğında daşnak qüvvələri istədiklərinə nail ola bilmədilər.
Ermənilərin türk-müsəlman əhalisinə qarşı törətdikləri qırğınlar sonrakı illərdə də təkrar olundu və 1918-ci ilin yazında azərbaycanlılara qarşı kütləvi soyqırımları Qarabağda, Qubada, Naxçıvanda, Şamaxıda, Zəngəzurda, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda davam etdirildi. XX əsrdə azərbaycanlıların ermənilər tərəfindən dəfələrlə məruz qaldığı soyqırımı siyasəti əsrin sonlarında Xocalı faciəsi ilə bir daha təkrar olundu. Azərbaycan əhalisinin 1 milyondan çoxu qaçqına çevrildi, ərazisinin 20%-i işğal edildi.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.200-201