Vaxt vardı Türkiyə ilə Suriya sərhəddi dünyada ən yaxşı qorunan sərhədlərdən biri idi dünyada.
Çünki Ankara təhlükəsizliyini qorumaq və qaçaqçılığı önləmək üçün 1952-ci ildən etibarən Suriya sərhəddindəki əkin-biçin torpaqlarında 3,5 milyon dönümlük (1 dönüm – 0.1 hektardır) ərazidə eni bəzən 1 kilometrə çatan minalı şərid yaratmışdı.
2003-cü ildə Türkiyə Ottava müqaviləsini imzaladı.
Və 2003-cü ildə məlum oldu ki, 51 il ərzində sərhəd kəndlərində yaşayan 3 min adam qolunu ya da qıçını itirib bu minalı şəriddə. Və elə 2003-cü ildə, Hafiz Əsədin ölümündən 3 il sonra 51 yaşlı şəridin ləğvi məsələsi gündəmdə idi. Məlum olmuşdu ki, minaların təmizlənməsi bu bölgənin kənd təsərrüfatı potensialını əhəmiyyətli dərəcədə artıra bilər. 350 000 hektarlıq əkin sahəsi zarafat deyil axı.
Üstəlik, minalı şəridin öz missiyasını tam yerinə yetirə bilməməsi ilə bağlı fikirlər səslənməyə başlamışdı. Heç demə iki ölkənin sərhəddində basdırılmış 600 000 mina öz işində imiş, qaçaqmalçılar da öz işində. Suriya ilə sərhəddə 2 (!) Kipr adası boyda əkinə yararlı torpaqların uzun illər istifadəsiz qalmasının vurduğu zərər haqqında çox danışmaq olar. Üstəlik, bu minalar təkcə Suriya ilə sərhəddə basdırılmayıb axı.
2013-cü ilin mayında Türkiyənin müdafiə naziri İsmət Yılmaz 1 150 297 kvadratmetrlik ərazinin minalardan təmizlənməsi barədə açıqlama verib 10 951 minanın zərərsizləşdirildiyini dedi. Və qeyd etdi ki, 2004-2011-ci illərdə 204 türk hərbçisi minaların partlaması üzündən həlak olub, 742 hərbşi isə yaralanıb.
Ottava müqaviləsinə görə Türkiyə ötən ilin 1 martına qədər öz ərazisində torpağa basdırılmış minaları təmizləməli idi… Bu gün Türkiyə Suriya ilə sərhəddə beton divar tikməkdədir. 7 tonluq beton bloklar yan-yana düzülür.
Üstəlik, divarlar Avropada da hörülür.
Baş verənlər Fultonda Baltik dənizindən Adriatik dənizə qədər (Ştettindən Triyestə kimi) uzanan “dəmir pərdə”dən danışan Uinston Çörçillin sağlığında yaşansaydı, ingilis siyasətçisi bu divarlara nə ad verərdi görəsən?
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist