Yanvarın 27-29-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə Ağcabədi, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Qazax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 10 (on) və Dövlət Sərhəd Xidmətindən 2 (iki) müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, daxil olmuş 12 çağırış əsasında qurumun xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 16 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 119 ədəd partlamamış hərbi sursat (PHS), 59 ədəd piyada əleyhinə mina, 17 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə minanın partladıcısı, 4 ədəd bombacıq, 3942 ədəd müxtəlif çaplı patronlar, 9 ədəd avtomat darağı (boş vəziyyətdə) və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 415 094 kv.m (1 441 ha) ərazi yoxlanılıb, 118 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 291 tikili yoxlanılıb.
Agentliyin partlayış qrupu tərəfindən 204 ədəd partlamamış hərbi sursat (PHS) və mina zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 97 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.