Psixoterapevt Azad İsazadə və iqtisadçı Elçin Cəfərovla minimalizm barədə danışdıq.
Fuad Babayev: Minimalizm nədir və nəyə görə ona ehtiyac artır? Minimalizmin Azərbaycan mentalitetinə uyğunlaşdırılması prosesi nə qədər ağrılı ola bilər?
Elçin Cəfərov: Minimalizm XIX əsrin sonu XX əsrin əvvəllərindəkapitalist cəmiyyətinin ortaya atdığı bir anlayışdır. Minimalizmin mahiyyəti ondan ibarətdir ki, resurslar tükənir, tükənən resurslardan maksimum qənaətlə istifadə olunmalıdır. İnsan yaşam fəaliyyəti və öz təlabatını ödəmək üçün minimum resurslardan rahat istifadə etməlidir. Bu XX əsrin sonlarında artıq yeni bir konsepsiya ilə əvəz olundu və bütün dünyanı əhatə etdi. Buna Davamlı İnkişaf Konsepsiyası deyirdilər. Davamlı İnkişaf Konsepsiyasının əsasında isə ətraf mühit, insanın təlabatı və sosial ədalət prinsipləri durur. Yəni iqtisadi inkişaf o zaman mümkün olur ki, bu ətraf mühitə ziyan vurmasın, eyni zamanda insanların rifah halını yaxşılaşdırsın və cəmiyyətdə konfliktlər yaratmasın.
Qlobal götürülən bu modeli sonradan nisbətən lokallaşdırılaraq fərdi insan həyatına tətbiq etmək istədilər ki, hər bir insan öz həyatında o minimalizmi hiss etsin. Zaman keçdikcə minimalizm mədəniyyətin bütün sahələrinə, o cümlədən incəsənətə və kinoya da şamil olundu. Minimalizmin klassik nümunəsini Sokrat verib. Təbiətin qoynunda tələbələrinə dərs keçən Sokrat bazarda satılan əşyalara baxıb deyirdi ki, gör dünyada insanın onlarsız da keçinə biləcəyi nə qədər şey var. Bütün bu konsepsiyalar XIX əsrin sonlarında sənaye inqilabının inkişafı ilə minimalizmə gətirib çıxardı.
Beləliklə, ən müasir istehsal texnologiyalarında erqonomika deyilən anlayış meydana gəldi. İstər interyer, istərsə də eksteryer dizaynında minimalizmə meyillilik yarandı. Bu fəlsəfi baxışın əsas ideyaları “Az çoxdur” şüarına əsaslanır. Şirkətlərin korporativ mədəniyyətini təhlil edən müasir iqtisadçıların fikrincə qənaət məqsədilə əməkdaşların maaşının azaldılması şirkətin iflası deməkdir. Yəni əmək haqqını azaltmaqla şirkət qənaət edə biləz. Şirkət digər resurslara qənaət edərək əmək haqqını artırmaqla inkişaf edə bilər. Bu deyilənləri iqtisadi kontekstdə ümumiləşdirib belə bir qərara gələ bilərik ki, minimalizm insana lazım olan, onun rahatlığını təmin edən funksonal yaşam tərzidir. Bu yaşam tərzinin bizim həyatımızda da öz əksini tapması üçün çox böyük nümunələr var. İnsanlarımızın həyat tərzi və dünyagörüşü olan İslama görə də bu həyat bir körpüdür. Heç bir ağıllı adam körpünün üzərində ev tikməz. Minimalizm həyata rasional yanaşmanı, məntiqi təfəkkürlə ziddiyyət təşkil etməyən prinsiplər əsasında həyatın qurulmasını təmin edən konsepsiyadır. XXI əsrdə də minimalizm konsepsiyasına çox böyük önəm verilir.
Fuad Babayev: Azad müəllim, Elçin müəllim bizə yığcam şəkildə minimalizm haqqında danışdı. Minimalzimin psixoloji aspektləri barədə Sizin fikrinizi bilmək istəyirəm. Bizim mentalitetə minimalizm nə dərəcədə uyğundur?
Azad İsazadə: Əvvəla mentalitetdən danışmaq lazım deyil. Çünki mentalitet uydurma bir anlayışdır. Azərbaycan mentaliteti yoxdur.
Təmkin Məmmədli: Ümumiyyətlə, mentalitet yoxdur, yoxsa söhbət Azərbaycan mentalitetinin yoxluğundan gedir?
Azad İsazadə: Mentalitet şərti bir anlayışdır və Azərbaycan mentaliteti adlandırdığımız anlayış bizim gözümüzün qabağında illər ərzində dəyişib. Yəqin biz etnopsixologiyadan danışmalıyıq. Çünki xalqın etnopsixologiyasında dəyişməyən hansısa cəhətlər var. Minimalizmi təsəvvür etmək üçün onun əksi olan maksimalizmə nəzər salaq. Maksimalizmin də nümunələrindən biri pandemiyaya qədər bizim toylarımız idi. Bir il ərzində maksimalizmdən minimalizmə endik. Deməli, həyat özü insanı hansısa yeni formaya gətirə bilər. Toylarımızı mən rəmz kimi misal çəkdim. Minimalizm Elçin müəllimin də qeyd etdiyi kimi bir nəzəriyyə olaraq XX əsrin əvvəllərində formalaşıb. Amma yəqin ki, minimalizmin prinsip və ideyaları əvvəllər də mövcud olub. Misal üçün katoliklər və protestantlar arasında olan konflikti də minimalizmlə əlaqələndirmək olar. Puritanlar minimalizmin tərəfdarı idilər. Onlar Azərbaycan toyları kimi təmtəraqlı katolik məbədlərin əvəzinə sadə, praktik ibadətgahların olmasını istəyirdilər. Katolisizm və protestantizmin sərhədləri şimal ilə cənub əraziləri arasında keçdi. Katolisizmi seçən İtaliya, Fransa və İspaniya etnopsixoloji cəhətdən təmtərağı, dəbdəbəni xoşlayır. Şimala doğru getdikcə isə etnosların puritanizmə, protestant ideologiyasına meyli artırdı. Minimalizm dinə də, geyimə də, yeməyə də aidddir. Minimalizm ifrat dərəcəyə qədər tətbiq edilə bilən konsepsiyadır. Ona görə də burada ortaq məxrəci tapmaq çətin olur. Cəmiyyət bir-birinə zidd olan bu iki qütbün arasında qalır. Elə cəmiyyət var ki, orada minimalizm norma, maksimalizm isə patologiyadır. Bizim cəmiyyətdə isə əksinə maksimalizmə meyil daha çoxdur. Biz minamaizmə patologiya kimi baxmasaq da, onu qınayırıq. “Bir oğlu var, amma 100 nəfərlik toy edir”, “İşlədiyi yerə bax, sürdüyü maşına bax” kimi qınaqlara yəqin rast gəlmisiniz.
Fuad Babayev: Minimalizm savadın, iqtisadi hazırlığın təzahürüdür. Çox imkanlı adamın sadə həyat tərzi sürməsi bizdə çətin qəbul olunur. Yəni bizdə daha çox məcburi minimalizmdən söhbət getməlidir. Məcburiyyət qarşısında minimalizmə keçməyimizin iqtisadi fəsadları nə olacaq?
Azad İsazadə: Burada göz toxluğu anlayışı da yəqin ki, rol oynayır.
Elçin Cəfərov: Fuad müəllim, bu suala cavab verməzdən əvvəl minimalizmin bir dünyagörüşü olması barədə menecmentə düşmüş məşhur bir faktı misal çəkmək istəyirəm. Adamayovuşmaz, az ünsiyyətcil bir mühəndis olan Henri Ford (“Ford Motor Company” şirkətinin qurucusu – red.) daxili yanma mühərrikinin kəşfi istiqamətində axtarışlar aparırdı. Ford ömrü boyu səhər-səhər 3 peçenye ilə 1 stəkan süd içirmiş. Maraqlısı budur ki, həmin şəxs Ford şirkətinin sahibi kimi Amerikanın ən zəngin adamlarından biri olandan sonra da öz adətinə xilaf çıxmayıb.
Şirkət sahibi olan zəngin insanlar arasında keçirilən sorğuda onların nə üçün hər gün işə gəlib-getməsinin səbəbləri araşdırılıb.
Araşdırma zamanı məlum olub ki, ən yaxşı menecerləri yüksək maaşla işlətmək imkanı olan bu şəxslərin özlərinin bilavasitə idarəetmə prosesində iştirakının səbəbi onların həyəcanlı vəziyyətlərə düşüb oradan müvəffəqiyyətlə çıxmalarıdır. Bununla həmin zəngin insanlar özlərini ruhən təsdiq edirlər. Adi insanlar statistikada muzdlu işçilər adlanır. Sovet cəmiyyətində ideoloji təbliğat əmək qabiliyyətli Amerika əhalisinin 98 faizinin muzdlu işçilərdən ibarət olması üzərində qurulmuşdu. Bu təbəqədən olan insanlar isə siz nə üçün işləyirsiniz sualına iş vərdişdir, insan işləməsə nə edə bilər, səfil olmayacağam deyə cavablar veriblər.
İnsanların xoşbəxt yaşayışına lazım olan minimum şeyləri rahatlıqla əldə etmək imkanı vermək üçün minimalizm ön plana çıxır. Yəni insanın minimalizmi əldə etməsi qayğı və problemə çevrilməməlidir. Minimalizm cəmiyyətdə idarəetmə sistemini, ideoloji və iqtisadi sistemin özünü təkmilləşdirir. İqtisadi cəhətdən savadlı, sosial intellektin yüksək olduğu cəmiyyətlərdə minimalizmin elementlərini görürük. İnsan özü üçün əhəmiyyətli, ikinci dərəcəli və əhəmiyyətsiz olan şeyləri müəyyən etməlidir. Bunları ayırd edən cəmiyyətlərdə qanunlar qəbul olunur, onun üçün təbliğat aparılır. ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində, Çar Rusiyasının keçmiş paytaxtı Sankt–Peterburqda yollar həddindən artıq enlidir və burada çox böyük işıq dirəkləri var. Bütün bunlar minimalizmin əksi olan maksimalizmdir. Yəni gücün və əzəmətin nümayişidir.
Fuad Babayev: Misir fironlarının ehramları və Nyu-York göydələnlərini də bu siyahıya aid etmək olar.
Elçin Cəfərov: Bəli. Misir piramidaları qalıb, amma onu tikən əhaliyə məxsus evlərdən əsər-əlamət yoxdur. Maksimalizmə cəhd insana psixoloji olaraq tarixdə qalma şansı kimi də görünə bilər. BMT XX əsrdə insanın qazandığı nailiyyətlərə qiymət verərkən bunun güclü və zəif cəhətlərini müəyyənləşdirib. Birinci yerdə olan zəif cəhət elmin əldə etdiyi nailiyyətlərin insan həyatına tətbiq edilməsindəki böyük fasilədir. Yəni bu gün əldə edilən hər hansı bir elmi nailiyyət insan həyatına 25-30 ildən sonra gəlib çatır. Elmdə qazanılmış bir uğuru sənayeyə tətbiq etmək üçün Yaponiya elə bir iqtisadi sistem qurub ki, ona 24 saat kifayət edir. Keçmiş SSRİ-də isə buna 12 il vaxt lazım idi.
Təmkin Məmmədli: İnsanın fərd olaraq minimumla kifayətlənməsi iqtisadi inkişafın, məhsuldarlığın, təşəbbüskarlığın qarşısına sədd çəkmir? Yəni minimalizmə inkişafın qarşısını alan amil kimi baxılmasının tərəfdarı deyilsiniz?
Elçin Cəfərov: Burada minimalizmin könüllü və ya məcburi seçilməsi mühüm əhəmiyyət kəsb edir. Misal üçün həbsxanada olan bir insan minimalist ortamda yaşayır. Dünyanın hər yerində işsizlər ordusu var. Əmək qabiliyyətli əhalinin 5 faizə qədərinin işsiz olması normal hal kimi qəbul olunur. Yəni hamını işlə təmin etmək mümkün deyil. Demək həmin işsiz insanlar minimalist həyat tərzi yaşamağa məcburdur. Özünü az şeylə də qənaətlənməyin mümkünlüyünə inandıran imkanlı insanın seçimi isə könüllüdür. Bax bu kontekstən yanaşanda, əksinə siz əlavə resurslar, əlavə imkanlar yaradırsınız. Elmi nöqteyi-nəzərdən də könüllü minimalizm iqtisadi inkişafa səbəb olur. Cəmiyyətin daxili təlabatları ödənildikdən sonra siz bütün əlavə resurslarınızı kənarda sataraq daha çox gəlir əldə edirsiniz. Beynəlxalq biznesdə uğur qazanmaq üçün ona ehtiyacı olan hər kəsin yanına getmək lazımdır.
Fuad Babayev: Biz bu minimalizmə öyrəşə biləcəyik? Minimalizmin tətbiqi istər-istəməz iqtisadiyyatı zəiflədə, əmtəə dövriyyəsini aşağı sala bilər. Deyək ki, telefonların, televizorların, kondisionerlərin, mebellərin, xalçaların az satılması iqtisadiyyatımıza hansı təsiri göstərəcək?
Elçin Cəfərov: Belə bir statistika var. Bəşəriyyət 1950-ci ilə qədər əldə etdiyi, yəni insan oğlunun mağaradan çıxıb sinifli cəmiyyət qurduğu dövrdən 1950-ci ilə qədər qazandığı inkişaf səviyyəsini 1950-ci ildən 2000-ci ilə qədər əldə edib. Yəni 50 il ərzində insanların resurslardan istifadəsi bütün bəşəriyyətin keçib gəldiyi tarix yoluna bərabər olub. Əhalinin artımı ilə bağlı məşhur Maltus nəzəriyyəsinə görə resurslar ədədi, insanlar isə həndəsi silsilə ilə artır və bu bir gün konflikt yaradacaq.
Fuad Babayev: Artıq yaradıb.
Elçin Cəfərov: Pandemiya şəraitində insanlara yaşamaları üçün minimum müavinət verildi. “Nyu-York Tayms” yazırdı ki, bu əslində bəşəriyyəti sonrakı israfdan xilas etmək üçün insanlar üçün müəyyən edilmiş qlobal əmək haqqıdır. Yəni insana mövcudluğu üçün lazım olan məbləğdə pul verilir və ondan heç bir iş tələb olunmur. Gərəkli şəxslər işləyəcək və yüksək əmək haqqı alacaq. Bu bütün dünyada belə müəyyən edilib. “Nyu-York Tayms”da çıxan bu yazıdakı fikirlər gələcəkdə reallığa çevrilə bilər. Yəni mahiyyət ondan ibarətdir ki, bu qədər insanın çalışmasına, məhsul istehsal etməsinə, onu satışa çıxarmasına ehtiyac yoxdur. Təbiətə ziyan vuran bu fəaliyyətin qarşısını almaq lazımdır. Bunun üçün isə iqtisadi mexanizmlər işə düşür. Elə istehsal sahələri var ki, onların kütləvi şəkildə artırılmasının heç bir əhəmiyyəti yoxdur. Hazırda Bakıda temperaturun 2-3 dərəcə artıq olmasına səbəb amillərdən biri də kondisionerlərdir. Hər bir kondisionerin yanında ətraf mühitlə 5 dərəcə fərq edən əlavə istilik olur. Avtomobil mühərrikləri ilə bağlı vəziyyətə baxaq. İnsanlar avtomobildən nə üçün istifadə edirlər? Təbii ki, taxılı əkildiyi ərazidən çörək istehsalı üçün daşıyıb aparan traktor üçün mühərrik istifadə edilməlidir. Əgər siz dəniz kənarında günəş qəbul etmək üçün xüsusi bir avtobusda tək gedirsinizsə, bunun qarşısı alınacaq.
Fuad Babayev: Necə?
Elçin Cəfərov: Əvvəla, həmin insanları maarifləndirməklə. İkincisi isə onlara süni məhdudiyyətlər qoymaqla.
Azad İsazadə: Minimalizm bir ideologiyadır. Bu ideoogiyaya inanan olsa, onu öz həyat tərzinə çevirər. Biz isə bu ideologiyanı qəbul etməyəcəyik, onun hansısa elementlərindən istifadə edəcəyik. Bu da artıq minimalizm olmayacaq. Digər tərəfdən minimalizm heç də həmişə ucuz başa gəlmir. Bilirsiniz bu nəyə bənzəyir. Bəzən vegetarianın menyusu ət ilə qidalanan şəxsdən daha baha olur. Çünki bizdə iqtisadiyyat o məcraya yönəlməyib.
Fuad Babayev: Mən mentalitet söhbətinə qayıtmaq istəyirəm. Minimalizm bizim insanın özünü təsdiq imkanlarından birini əlindən aldığı üçün onun tətbiqi nə dərəcədə realdır?
Azad İsazadə: Mən heç bir prosesi nə mənfi, nə də müsbət qiymətləndirmirəm. Hər bir prosesin öz mənfi və müsbət cəhəti var. Minimalizmin adi məişət formasından birinə nəzər salaq. Bugünkü tədbirə bu isti havada heç birimiz şortda (qısa şalvar növü – red.) gəlməmişik. Əgər bu tədbir deyək Polşada olsaydı, heç bir problem olmadan biz şort geyə bilərdik. Biz qısaqol köynək geyinmişik. Halbuki babalarımız qısaqol köynəkdə küçəyə çıxmazdı. Bu da minimalizmdir, amma hansısa şərti qaydaları qəbul etməyə məcburuq.
Fuad Babayev: Elçin müəllim, Siz öz həyatınızda, məişətinizdə minimlizmin tərəfdarısınız?
Elçin Cəfərov: Mən onun tərəfdarıyam. Çünki mən təbiəti sevirəm. Minimalizmdən imtina etmək təbiətə çox böyük ziyan vurmaqdır.
Fuad Babayev: Bakıda Sizin minimalizm özünü nədə göstərir? Təbiəti necə qoruyursunuz?
Elçin Cəfərov: Evimdə nə qədər baha da olsa artıq əşyaların olmasını qəbul etmirəm. Deyək ki, nəhəng bir mebel evdə çox böyük yer tutur, nəfəs almağa mane olur. Minimalizmə görə ev 4 funksiyanı yerinə yetirməlidir: rahat yatmaq, rahat istitahət etmək, yemək bişirmək və şəxsi gigiyenaya qulluq etmək. Bu sırf dünyagörüşü və həyat tərzi məsələləridir.
Fuad Babayev: Azad müəllim, Siz necə?
Azad İsazadə: Fanatizmə keçməmək şərti ilə. Çünki minimalizmin fanatizmə keçmək təhlükəsi var. Mən puritanizmi və tərki-dünyalığı qəbul etməzdim. Amma israfçılığın da əleyhinəyem, daha çox minimalizmin tərəfdarıyam.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 7 iyul 2021-ci il tarixində baş tutub
Materialda “www.photohappy.ru” saytının fotosundan istifadə edilib