XX əsrin sonlarının ixtiyari günü azərbaycanlıların qarşısında yeni-yeni vəzifələr qoyur. Və bu vəzifələrin tam əksəriyyəti “şirvan” parametrlidir. Görəsən, məmləkət jurnalistlərinin qarşısına qoyulan vəzifələrin paramertləri barədə nə demək olar?
Hər şeydən əvvəl aşağıdakı məqamları aksiom kimi qəbul etməyə çalışaq:
-məmləkət kütləvi informasiya vasitələrində çalışanların tam əksəriyyəti adi azərbaycanlılardır;
-adi azərbaycanlıları hər şeydən əvvəl dolanışıq problemləri düşündürdüyündən jurnalistləri, hər halda yazarların tam əksəriyyətini qlobal istiləşmə və yaxud ozon dəliyi ilə bağlı məsələlərin narahat etməsinə inanmaq çətindir;
-jurnalist beyninin “faydalı hissə”sinin əsasən “şirvan” parametrli məsələlərin həllinə işləməsini nəzərə alsaq, yaradıcılığın arxa plana keçməsi başadüşüləndir.
Əgər bütün bunları qəbul edə bildiksə, növbəti məqamlara diqqət yetirək. Daha dəqiq desək, XX əsrin sonlarının Azərbaycanında fəaliyyət göstərən kütləvi informasiya vasitələrində çalışan şəxslərin qarşısında qoyulan vəzifələrə.
Bu vəzifələri şərti olaraq iki böyük qrupa ayırmaq olar. Birinci qrupa minimum vəzifələr daxildir. Gəlin, minimum vəzifələrin ən təqribi siyahısını müəyyənləşdirək. Zənnimcə, aşağıdakı siyahı reallığa əsasən uygun gələn məqamlardan ibarətdir:
-“A” qəzetinin səhifələrində çap edilən və yaxud “B” kanalının efirində səslənən ad və soyadın şörək satıcısının “nisyə dəftəri”nə düşməsinə yol verməmək;
-media müstəvisində şəxsi koordinatların uğurlu yerləşməsinə nail olmaq, başqa sözlə desək, aylarla maaş verməyən nəşrdə deyil, donluğu, qonorarı babat səviyyədə, ən başlıcası isə vaxtında verən qəzetdə, jurnalda çalışmaq;
-peşəkar jurnalist imicini formalaşdıra bilmək. Heç olmasa ona görə ki, bu imic bu günün maliyyə burulğanlarında, dolanışıq qayığının hər an saya otura biləcəyi zaman xilasedici kəmər rolunu oynaya bilər;
-imkan dairəsində, təkrar edirəm, imkan dairəsində Azərbaycan adlı məmləkətin vətəndaşlarını narahat edən məqamlara da vaxt ayırmaq.
Vəssalam. Xatırladım ki, bu vəzifələr aşağıdakı qruplara aid olan jurnalistləri düşündürməyə bilər:
-maliyyə səciyyəli problemləri olmayanlar;
-şəxsi mövqeyi çalışdığı nəşrin mövqeyi ilə üst-üstə düşənlər.
Buradaca qeyd edim ki, soyadının “nisyə dəftəri”nə düşməməsi üçün qələmini “icarə”yə verməyə, mövqeyini təftiş etməyə ehtiyacı olmayan yazarlar da minimum vəzifələrin bəzilərini həyata keçirməlidirlər. Deyək ki, peşəkar jurnalist imicinin formalaşdırılması imkanlı jurnalistlər üçün də zərərli sayılmamalıdır.
İndi isə maksimum vəzifələrə keçək. Əsl jurnalistlərin minimum vəzifələri həll edə biləcəklərinə şübhə etməyə dəyməz. Minimum vəzifələrin həlli isə dərhal gündəliyə maksimum vəzifələri çıxaracaq. Bu vəzifələrin konkret konturları barədə nəsə demək çətindir. Aydin olan odur ki, həmin vəzifələr əsas vəzifənin – IV hakimiyyətin əsl hakimiyyətə çevrilməsinə nail olmağın “farvater”ində yer tutur.
Bu qədər. Azərbaycan IV hakimiyyətinin əsl hakimiyyətə çevrilməsini vaxtında yetişən armuda, bizi isə xəstəyə bənzətsək, hər şey yerini tutacaq. Əvvəlcə, minimum vəzifələr həyata keçirilməlidir. Çətinliklə dolanan jurnalistdən “Nyu-York tayms”ın və yaxud “Le Mond”un səhifələrinə layiq olan araşdırma gözləmək olmaz. Amma media mənsubları da iş görməlidirlər. Və deyək ki, İçərişəhərin müasir villalar konqlomeratına çevrilməsinin qarşısını ala bilməyən jurnalist elə həmin İçərişəhərdə tullantı yeşiklərinin neçə əsrin yadigarı olan qala divarlarının yaxınlığına yiğilması ilə mübarizə aparmalıdırlar. Əsas odur ki, mübarizə getsin. Yalnız irəliləyə-irəliləyə maksimum vəzifələrin həllinmə yetişmək olar. Xoşbəxtlikdən irəliləyənlərimiz az deyil.
Fuad Babayev
“Şərq” qəzeti, 25 noyabr 1999-cu il, № 123 (299)