AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Əlişanoğlu və filologiya elmləri doktoru Bədirxan Əhmədli ilə Mir Cəlal haqqında danışdıq.
Fuad Babayev: Çox istərdim ki, oxuculara Mir Cəlal Paşayevi sizin vasitənizlə həm alim həm də yazıçı kimi təqdim edə bilək.
Tehran Əlişanoğlu: Mir Cəlal XX əsr ədəbiyyatımızın, elmimizin görkəmli nümayəndələrindən biridir. Hətta mən yazımda da Mir Cəlalın XX əsr ədəbiyyatımızın korifeylərindən biri olduğunu vurğulamışam. Bu yalnız mənim fikrim deyil. Son illər Mir Cəlal haqqında tədqiqatçılarımız gözəl əsərlər yazıblar. O cümlədən akademik Nizami Cəfərovun “Mir Cəlalın milli idealları” adlı monoqrafiyası var. Mir Cəlalın gözəl tədqiqatçılarından biri də Nərgiz Paşayevadır. O, Mir Cəlalın əsərlərini 5 cilddə çapa hazırlayıb. Mir Cəlal Paşayev XXI əsrdə yenidən oxucularına qovuşur. Bu da təsadüfi deyil. Ədibin yaradıcılığı, bütövlükdə fəaliyyəti buna imkan verir. Çünki son illərdə bəzən sovet dönəmində yaşayıb-yaratmış yazıçıların, sənətkarların yaradıcılığına bir qədər soyuq münasibət yaranıb. O dövrdə yaşayan böyük yazıçı və alimlərimizin Azərbaycan dəyərlərini, Azərbaycan mədəniyyətini, Azərbaycan irsini bizə çadırmaları nəzərə alınmır. Onlar bizdən daha çətin dövrdə yaşayıblar və onların üzərinə daha çox yük düşüb. Bu məqamı hələ Yazıçıların 1997-ci ildə keçirilmiş X qurultayında Ulu Öndərimiz Heydər Əliyev məxsusi vurğulayaraq göstərir ki, bu dövrün yazıçıları, şairləri olmasaydı Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini kim inkişaf etdirəcəkdi. Heydər Əliyev o dövrün klassikləri olan Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Süleyman Rəhimovun, Əli Vəliyevin, Mir Cəlalın və başqalarının adlarını çəkərək qeyd edir ki, bu insanlar XX əsr azərbaycançılığını Cümhuriyyətin iflasından sonrakı çox çətin bir dövrdə, Sovetlər dönəmində yaşadıb, inkişaf etdirib və bizə çatdırıblar. Bu baxımdan Mir Cəlalın fəaliyyəti daha genişdir. Mir Cəlalın həm yazıçı, həm alim, həm də pedaqoq kimi böyük uğurları var. O, bu sahələrin hər birinə öz möhürünü vurub, Mir Cəlal imzasını yarada bilib. Mir Cəlal Paşayev yazıçı kimi yüzlərlə hekayə və 6 roman müəllifidir. Mir Cəlal “Füzulinin sənətkarlıq xüsusiyyətləri və poetikası” monoqrafiyasını ortaya qoyan böyük tədqiqatçıdır. O, XX əsrin əvvəllərinin romantizm və realizm ədəbiyyatını ilkin olaraq sistemli şəkildə öyrənən alimlərdən biridir. Mir Cəlal müəllim bütün bu bilikləri elə zamanında tələbələrə çatdıran böyük pedaqoq idi. Mən özüm Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti – red.) filologiya fakültəsini bitirmişəm. Mənə Mir Cəlalı 3 dərsdə görmək şəxsən müyəssər olub. O, 1978-ci ildə bizə bir ay dərs deyib.
Fuad Babayev: Mir Cəlal elə həmin ildə rəhmətə gedib.
Tehran Əlişanoğlu: Bəli. Biz Mir Cəlalın bircə aylıq dərsindən də dərs ala bildik. Mir Cəlaldan sonra onun tələbələri bizə dərs deyib. O, universitetin filologiya fakültəsində pedaqoqlar məktəbi yaratdı. Təsadüfi deyil ki, hazırda filologiyada Ədəbiyyat kafedrası Mir Cəlal Paşayevin adını daşıyır.
Bədirxan Əhmədli: İndiki dövr təxminən Mir Cəlal Paşayevin yaradıcılığa başlamasının 100 illiyi ərəfəsidir. Yəni Mir Cəlal yaradıcılığa 1920-ci illərdə başlayıb.
Fuad Babayev: 1926-ci ildə ilk hekayəsi işıq üzü görüb, kitabı isə 1932-ci ildə çıxıb.
Bədirxan Əhmədli: “Gəncə” qəzetində şeirlər də çap etdirirdi. O, yaradıcılığa şeirlə, publisistika ilə başlayıb. Əgər biz bu gün onun yaradıcılığı haqqında danışırıqsa, əgər bu gün onu ədəbiyyat tarixinə daxil ediriksə, bu Mir Cəlal Paşayevin özünün yaradıcılığının çoxşaxəliliyindən və uzunömürlülüyündən xəbər verir. Hər bir yazıçı ədəbiyyat tarixinə düşmür. Bəzən 5 roman müəllifi bu gün ədəbiyyat tarixinə düşə bilmir. Ancaq 3 şeir müəllifi olan Həsənoğlu ədəbiyyat tarixinə daxil edilib. Bu yazmaqdan daha çox necə yazmaqdan asılıdır. Yazıçını, şairi ədəbiyyat tarixinə daxil edən xüsusi faktorlar vardır. Bu faktorların demək olar ki, bütün parametrləri üzrə Mir Cəlal Paşayev ədəbiyyat tarixinin daimi sakinidir, daimi nümayəndəsidir. Bu Mir Cəlalın ötən əsrin 20-70-ci illərində Azərbaycan nəsrinin və hekayəsinin inkişafındakı roludur, ziyalı kimi hadisələrə münasibət bildirməsidir.
VəMirzə Cəlildən sonra satirik hekayəni yeni bir mərhələyə daşıması, romanlar müəllifi olması və alimliyidir. Alim kimi Mir Cəlal həm ədəbiyyat tarixçisi, həm də ədəbiyyat nəzəriyyəçisidir, “Ədəbiyyatşünaslığın əsasları” kitabının müəllifidir. Bütün hallarda Mir Cəlalın Azərbaycan ədəbiyyat tarixində, Azərbaycan nəsrinin və hekayəsinin formalaşmasında özünəməxsus yeri və rolu var. Əgər yüz il sonra o, öz yerini qoruyub saxlayıbsa, düşünürəm ki, bundan sonrakı ədəbi inkişafda da onun yeri və rolu böyük olacaq. Onun satirik hekayələrinin hər biri yeni yazmağa başlayayanlar üçün vəsaitdir. Mirzə Cəlil və Çexovdan sonra satirik hekayənin ən yaxşı nümunələrindən biri elə Mir Cəlalın yaradıcılığında baş verir və onu yeni mərhələyə daşıyır.
Fuad Babayev: Bu sahənin mütəxəssisi olmayan oxucular alim Mir Cəlalın yaradıcılığı haqqında nəyi bilməlidirlər?
Tehran Əlişanoğlu: Mir Cəlal sovet dövründə ilk dəfə Füzuli yaradıcılığını tədqiq edən alimdir. Onun alim kimi ilk missiyası Füzulini Azərbaycan oxucusuna təqdim etmək olub. Bu barədə məşhur bir əhvalat da var. Filologiya elmləri doktoru Firudin Hüseynovun xatirələrində oxumuşam ki, Hüseyn Cavidin gənc Mir Cəlala rəğbəti var imiş. Mir Cəlalla görüşlərinin birində Hüseyn Cavid Mir Cəlalın Azərbaycan ədəbiyyatında qadın şairələrin yaradıcılığını araşdırdığını öyrənir. O zaman Hüseyn Cavid Füzulidən yazmağı Mir Cəlala tövsiyə edir. Bu məsləhətdən sonra Mir Cəlal ilkin tədqiqat işini saxlayaraq Füzuli sənətkarlığını araşdırmağa başlayır. Fuzuli sənətkarlığı haqqında gözəl əsər yazır. O, 1939-cu ildə filoloji elmlər namizədi adını almaq üçün Fuzuli sənətkarlığı və xüsusiyyətləri mövzusunda dissertasiyasını müdafiə edir, daha sonra bu tədqiqat işi geniş monoqrafiya şəklində 1958-ci ildə nəşr olunur. Bu günə qədər də o monoqrafiya Füzuli haqqında ən sanballı, səhih və beynəlxalq nüfuz qazanmış tədqiqatlardan biridir. Hətta bu günlərdə o monoqrafiya alman dilinə də tərcümə olunub. “Füzuli sənətkarlığı və xüsusiyyətləri” monoqrafiyası təkcə mütəxəssislər üçün deyil, adi oxucular üçün də elmi dəyərə malik mənbədir. Bu monoqrafiyaya müraciət edən oxucu görəcək ki, Mir Cəlal Füzulini böyük klassik olmaqla yanaşı bizim müasirimiz kimi nə qədər sadə dildə, aydın şəkildə təqdim edib, Füzuli qəzəllərinin yaşarlılığını müasir oxucuya çatdıra bilib. Yeri gəlmişkən, Mir Cəlal Firudin Hüseynovla birlikdə həm də “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin müəllifidir. Bugün filoloji fakültələrdə başqa dərsliklərlə yanaşı biz mütləq “XX əsr Azərbaycan ədəbiyyatı”ndan da istifadə edirik. Çünki bu dərslik ötən əsrin 70-80-ci illərində yaransa da obyektivliyi ilə öz dəyərini qoruyub saxlayıb.
Bədirxan Əhmədli: Mir Cəlalın yaradıcılıq dövrü nəsrdə də, elmdə də, publisistikada da yeni mərhələ adlanır. Ötən əsrin 20-30-cu illərini əhatə edən bu yeni mərhələdə Mir Cəlalın özünəməxsus bir rolu var. Tehran müəllim Mir Cəlalın elmi fəaliyyətindən danışdı. Elmin əhatə dairəsi poeziya və nəsrlə müqayisədə bir qədər məhduddur. Ancaq Mir Cəlal məhdud dairədə belə öz sözünü deyib. Mən Mir Cəlalın elmi yaradıcılığına üç istiqamətdə baxmaq istəyirəm. Mir Cəlal nəzəriyyəçi kimi, Mir Cəlal ədəbiyyat tarixçisi kimi və nəhayət Mir Cəlal dərslik müəllifi kimi. Mən nəzəriyyəni ona görə önə çəkdim ki, Mir Cəlal bütün yaradıcılığında, hətta bədii yaradıcılığında da nəzəriyyənin bütün parametrlərinə əməl edib. 1926-cı ildə Mir Cəlalın “Dağıstan füqərası” qəzetində “Ədəbiyyatda romantizm” məqaləsi çap olunub. Mən hələ aspirant vaxtı bu məqalə ilə tanış olmuşdum. Çox möhtəşəm məqalədir.
Tehran Əlişanoğlu: Siz yəqin onun bir hissəsi ilə tanış olmusunuz. Çünki bütöv halda o məqalə tapılmırdı.
Bədirxan Əhmədli: Bəli, bu yaxınlarda o tapıldı və bütövlükdə kitab şəklində çap edildi.Ümumiyyətlə, 1920-ci illərdə romantizmin adını çəkmək mümkün deyildi. Romantizm bir mərhələ kimi 1920-ci ildə öz ömrünü başa vurdu. Əlbəttə, hər hansı ədəbi cərəyanın bir tarixi hadisə ilə başa çatması mümkün deyildi. Amma sovet dövründə bütün mətbuat bolşeviklərin əlində olduğu üçün dərhal senzura tətbiq olundu.
Tehran Əlişanoğlu: “Doloy (rədd olsun –red.) romantizm”, “Doloy Füzuli” kimi şüarlar var idi.
Bədirxan Əhmədli: Romantizmin banisi Əli bəy Hüseynzadə xaricdə yaşadığı üçün bu cərəyana münasibət də dəyişmişdi. Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” məqaləsində dünya ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı birlikdə araşdırılırdı. Orada Hüseyn Caviddən misallar gətirilirdi. 18 yaşlı Mir Cəlalın dünya ədəbiyyatını bu qədər bilməsi çox maraqlıdır. İndinin özündə belə “Ədəbiyyatda romantizm” kimi mükəmməl məqalə yazılmır.
1926-cı ildə Mehdi Hüseynin “Dan ulduzu” jurnalında sərbəst şeir haqqında “Ədəbiyyatda futurizm” adlı məqaləsi çap olunanda 16 yaşı var idi. Görün bu nəsil yeni dövrə uyğun necə potensiala malik olub. Ümumiyyətlə, “Ədəbiyyatda romantizm” məqaləsi sovet dövründə romantizm nəzəriyyəsinin önə çıxdığı ilk, həm də son araşdırmadır. Əziz Mirəhmədovun da Məhəmməd Hadiyə həsr olunan dissertasiyasına müdafiə ərəfəsində mürtəce romantizm damğası vurub ləğv etmişdilər. O vaxt Məhəmməd Hadimürtəce romantizmin nümayəndəsi hesab olunurdu.
Fuad Babayev: Məhəmməd Hadi də bizim talesiz yazarlarımızdandır.
Bədirxan Əhmədli: Bəli. Yəni ədəbiyyatda romantizm və Hüseyn Cavidi dünya romantikləri ilə bir sırada təqdim etmək Mir Cəlala müyəssər olmuşdu. “Azərbaycanda ədəbi məktəblər” Mir Cəlalın doktorluq dissertasıyasıdır. O zaman doktorluq dissertasiya 800-1000 səhifə həcmində olurdu.
Tehran Əlişanoğlu: 2004-cü ildə həmin monoqrafiya yenidən çap olundu.
Bədirxan Əhmədli: “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyası da çox mükəmməl tədqiqat əsəridir.
Fuad Babayev: Yəni Mir Cəlalın namizədlik dissertasiyası Füzuliyə, doktorluq dissertasiyası isə ədəbi məktəblərə həsr olunub.
Tehran Əlişanoğlu: Bəli.Tədqiqatçılar göstərirlər ki, Mir Cəlalın doktorluq disssertasiyasında Əli bəy Hüseynzadə və romantizmlə bağlı məqamlar yer aldığı üçün ötən əsrin 40-cı illərində onun müdafiəsinə maneələr yaradılıb. Ona görə də Mir Cəlal müəllim o dövrdə qəbul olunmayan materialları və mürtəce romantizm adlandırılan məqamları dissertasiyadan çıxarmağa məcbur olub. Çox maraqlıdır ki, Mir Cəlal müəllimin o dövrdə XX əsrin ədəbi məktəbləri haqqında verdiyi təsnifat bu günə qədər də davam edir. Həmin təsnifat romantizm, realizm və maarifçi didaktik ədəbiyyata bölünərək tədqiqata daxil edib. Burada Mir Cəlal Paşayev Məhəmməd Hadi, Hüseyn Cavid, Səid Səlmasi, Əbdülxaliq Cənnəti kimi romantizmin hətta mürtəce adlandırılan nümayəndələrini də reablitasiya edərək mütərəqqi romantizm adı altında bu dissertasiyada verə bilib. Bu XX əsrin əvvəllərində romantizm və realizm ədəbiyyatının intişarında Mir Cəlalın bir alim kimi əsas rollarından biridir.
Bədirxan Əhmədli: Bundan başqa Mir Cəlal “Ədəbiyyatşünaslığın əsasları” və “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliklərinin müəllifidir. Mən 3 cildlik “Ədəbiyyat tarixi”ni yazanda Mir Cəlalın “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinə bir daha nəzər saldım və gördüm ki, bizim bugünkü ədəbiyyat tarixçiliyi məhz həmin dərsliyin üzərində dayanır. Əlbəttə, dövrün “klişe”lərini və ideoloji məsələləri çıxmaq şərtilə bu dərslikdə hər şey mükəmməl idi. Bütün bunlar bəlkə də Mir Cəlal yaradıcılığının yalnız elm adamlarına məlum olan bir qədər məhdud sahəsidir.
Fuad Babayev: Mir Cəlal ilk növbədə hekayə ustasıdır, yoxsa romançıdır?
Bədirxan Əhmədli: Mən Mir Cəlalı ilknövbədə hekayə ustası adlandırıram.
Tehran Əlişanoğlu: Mən müasir dövrdə Mir Cəlal müəllimin yaradıcılığına müraciət edərkən onun romançı kimi bir qədər kölgədə qaldığını hiss etdim. Bu məqamı xüsusi vurğulayaraq səbəblərini də yazılarımda araşdırıb üzə çıxarmışam. Bizdə Mirzə Cəlil, Haqverdiyev kimi gözəl hekayəçilər var. Mir Cəlal da Cəlil Məmmədquluzadə, Haqverdiyev irsindən təsirlənərək özünəməxsus hekayə tipi yaradıb.
Fuad Babayev: Mir Cəlal özü də deyibmiş ki, biz Cəlil Məmmədquluzadənin “Poçt qutusu”ndan çıxmışıq.
Tehran Əlişanoğlu: Bəli, onun sözüdür. Dostoyevski də deyirdi ki, biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq. Bu da Mir Cəlalın elmi fikirlərini yığcam, aforistik şəkildə çatdırmasının bir nümunəsidir. XX əsr ilk növbədə roman dövrüdür. Mən belə hesab edirəm ki, Mir Cəlal müəllimin bütün digər sahələrdəki yaradıcılıq uğurları ilə yanaşı onun bədii yaradıcılığının leytmotivini məhz romanlar təşkil edir. 1935-ci ildə bizim ilk inqilabi romanların yazılmasından başlayaraq 70-ci illərə qədər Mir Cəlal müəllimin roman yaradıcılığı davam edib. Mir Cəlalın bütün dövrlərə yazıçı kimi cavab verən romanları var. 1920-30-cu illər yeni epoxa idi. Yeni dövr təkcə Sovetin gəlməsi, bolşevizm ilə bağlı deyildi. XX əsrin özü böyük inqilablar əsri idi. Birinci dünya müharibəsindən sonra bütün dünya qaynayırdı. Bir çox millətlər kimi Azərbaycan xalqı da 1918-ci ildə Cümhuriyyət bayrağını qaldıraraq dünya dövlətləri sırasına daxil oldu. Bundan sonra isə bolşevik işğalı gəldi. Burada əsas məsələ Azərbaycanın bir millət olaraq özünü yaşatması idi. Elə bu günlərdə 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev deyirdi ki, başa düşəndə ki, rejimə gücün çatmayacaq o rejimin içərisində ondan istifadə edərək öz xalqın üçün iş görmək lazımdır. Yeni quruluş yeni ədəbiyyat tələb edirdi. Yeni ədəbiyyat axtarışları sonradan sosializm realizmi adlandırıldı. 1920-30-cu illərin əsas tələb və şüarları məhz sosializm realizmi idi. Bu zaman klassik irsə ifrat inkarçı münasibət yaranmışdı.
Bədirxan Əhmədli: Mikayıl Rəfili də Füzulinin əleyhinə şeir yazmışdı.
Tehran Əlişanoğlu: Yeni quruluşun tələblərindən çıxış edərək klassik irsədoğru münasibət formalaşdırmaq, Azərbaycan və türk dəyərlərini yaratmaq o dövrün müasirlərinin üzərinə düşürdü.
Fuad Babayev: O cümlədən Mir Cəlalın.
Tehran Əlişanoğlu: Bəli. Mir Cəlal müəllimin klassik irsə obyektiv münasibəti özünü həm elmi, həm də bədii yaradıcılıqda göstərirdi. Mir Cəlalın 1930-cu illərdə yazdığı məşhur “Açıq kitab” romanında iki xətt var. Biri Sabir satirası, digəri Füzuli lirikası xətti. “Dirilən adam” romanında ədib Cəlil Məmmədquluzadə realizminin ənənələrini davam etdirməyə çalışıb. Yeni sosialist ədəbiyyatını klassik dəyərlər üzərində dərk edən Mir Cəlal onu öz yaradıcılığına tətbiq etmək üsullarını axtarırdı.
Bədirxan Əhmədli: Ötən əsrin20-ci illəri ədəbiyyatda ümumiyyətlə bir durğunluq dövrüdür. Bu durğunluq 1928-ci ilə qədər davam edib. Yazıçılar nədən və necə yazmaq məsələsi üzərində fikirləşirdilər. Çünki dövr dəyişmişdi.
Fuad Babayev: Dövrün nəbzini tutmaq problematik idi.
Bədirxan Əhmədli: Bütün ictimai formasiyalar dəyişəndə həmişə belə olur. Elə 90-cı illərdə də bizdə də həmin proses yaşandı.
Tehran Əlişanoğlu: 90-cı illərdəCəlil Məmmədquluzadənin, Sabirin, Axundzadənin inkarına qədər gəlib çıxdılar.
Bədirxan Əhmədli: Bəli. Belə bir vaxtda Mir Cəlal satirik hekayələr yazmağa başladı. Ümumiyyətlə, həmin dövrdə satiranın taleyi sual altında idi. 1928-1929-cu illərdə Moskva qəzetlərində “Bizə satira lazımdırmı” başlıqlı məqalələr dərc olunurdu. Çünki satira deyəndə tənqidi realizm, tənqidi realizm deyəndə isə mövcud ictimai quruluşu dəyişən bir cərəyan nəzərdə tutulurdu. Belə bir çətin dövrdə yalnız Mir Cəlal ilə Sabit Rəhman satira yazırdı. Sabit Rəhmanın 1932-ci ildə “Pozğun” adlı hekayələr kitabı çapdan çıxdı. Mir Cəlalın satirik hekayələrində satira ilə lirika vəhdətdə verilirdi. Misal üçün Cəlil Məmmədquluzadənin satirik hekayələrində lirikaya belə demək mümkünsə iyirmi faiz yer verilirdi. Amma Mir Cəlal yeni dövrün xüsusiyyətinə uyğun olaraq, həm də daha çox Çexov lirizminə söykənərək “Həkim Cinayətov”, “İstifadə”, “Anket Anketov”, “Bostan oğrusu”, “Təzə toyun nəzakət qaydaları”, “Kəmtərovlar ailəsi” kimi hekayələr yazdı. “Həkim Cinayətov” cəmi 2 səhifədən ibarət hekayədir, amma bir romanın materialını açır.
Fuad Babayev: Bu hekayələr harada dərc edilirdi?
Bədirxan Əhmədli: “Ədəbiyyat” qəzetində, “Ədəbiyyat cəbhəsində” və “Hücum” jurnallarında dərc edilirdi. Həmin dövrdə qəzetlərin sayı elə də çox deyildi. “Ədəbiyyat” qəzeti 1934-cü ildə çap olunmağa başladı. Ona qədər “Ədəbiyyat cəbhəsində” və “Hücum” jurnalları, “Yeni yol” qəzeti var idi. Bu nəşrlər də ədəbiyyata müəyyən qədər yer ayırırdılar.
Fuad Babayev: Bu hekayələr Mir Cəlalın 1932-ci ildə çıxan ilk kitabına daxil edilib?
Tehran Əlişanoğlu: Xeyr, orada əsasən publisistika yer alıb. Bu hekayələr 30-cu illərdə yaranıb. Mir Cəlal hekayədən romana keçəndən sonra da hekayə janrına müraciət edib.
Bədirxan Əhmədli: Ömrünün axırına kimi hekayə yazıb.
Tehran Əlişanoğlu: Mir Cəlal müəllim ilk növbədə hekayəçi olub. Onun hekayələri öz tipi etabarilə praktik hekayələrdir. Çünki Mir Cəlal sovet dönəmində Azərbaycan insanının rastlaşdığı müxtəlif situasiyalardan, hətta oçerk materialından da hekayə düzəldə bilirdi. Nərgiz Paşayeva yazılarında vurğulayır ki, Mir Cəlalın hekayələrində yazıçı, müəllim və alim birləşir. O, müəllim olmaqla yanaşı hekayənin nəzəriyyəsini də, praktikasını da bilirdi. Mir Cəlalın hekayələrində özündən əvvəlki realizm, lirizm ənənələri və bizim maarifçi ədəbiyyatın didaktikası birləşib. Yazıçının hekayələrində onun müəllim kimi mövqeyini ortaya çıxaran müəyyən didaktik nəticə görünür. O, kitablarındakı silsilə hekayələrinə mövzu baxımından “İnsanlıq fəlsəfəsi”, “Həyat hekayələri”, “Fəlsəfi hekayələr”, “Vətən yaraları”kimi adlar verərək təsnif edib.
Təmkin Məmmədli: Mir Cəlalın sovet senzurasından keçməyən əsərləri olub?
Bədirxan Əhmədli: Mənim o barədə məlumatım yoxdur. Amma Mir Cəlal toxunduğu məsələləri öz hekayələrində əridib verirdi. Mir Cəlal Paşayev çox cəsarətli yazıçı idi. 1930-cu illərdə o hekayələrin yazılması çox böyük cəsarət tələb edirdi. Misal üçün o, “Kəmtərovlar ailəsi”ndə yeni münasibətlər sistemini, yeni dövrü, yeni sovet adamını tənqid edirdi. Halbuki sovet adamını tənqid etmək mümkün deyildi.
Tehran Əlişanoğlu: “Kəmtərovlar ailəsi” hekayəsi əsasında çəkilmiş film (“Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında çəkilmiş “İki yad adam” filmi Pekində keçirilən “Grand Asian” Film Festivalında “Ən Yaxşı Sosial Film” nominasiyasında qalib gəlib – red.) artıq bir neçə xarici ölkədə də nümayiş olunub.
Bədirxan Əhmədli: Bu hekayədə bir neçə yerdə işləyən və eyni evdə yaşamaqlarına baxmayaraq bir-birini görə bilməyən ər-arvadın maraqlı ünsiyyətindən bəhs olunur.
Fuad Babayev: Bu hekayənin ekran həllinə baxmaq maraqlı olardı.
Tehran Əlişanoğlu: Hekayədə zəhmətkeş sovet adamının yığdığı sərvət axırda oğruya qismət olur. Mir Cəlalın satirik hekayələrində rejimə qarşı birbaşa tənqid yox idi, amma əsərin ideyası, məzmunu mövcud rejimin mahiyyətini açırdı. Biz bəzən sovet dönəminə statik şəkildə yanaşırıq. Zaman dəyişdikcə sovet qurluşunu yaşatmaq üçün hakimiyyətin özü də dəyişməyə meyilli idi.
Bədirxan Əhmədli: Mir Cəlalın hekəyələrinin əksəriyyəti novelladır. Hekayənin necə bitməsi axıra kimi məlum olmur. Misal üçün “Həkim Cinayətov”da yazıçı laqeydlik və tənbəlliyi, bürokratizmi amansız tənqid atəşinə tutur. O dövrdə yazılan əksər hekayələrdə sinfi mübarizə əks olunurdu. Amma Mir Cəlalın heç bir hekayəsində obrazlar sinfi mübarizəyə uyğun olaraq yaradılmayıb. Mir Cəlalın 2 romanından başqa heç bir əsərində Çümhuriyyət dövrü təsvir edilməyib. Onun bütün hekayələrində 1930-cu illərdə insan münasibətləri, sistem, sistemin gətirdiyi nöqsanlar və bir az da ənənədən gələn qüsurların hamısı tənqid olunur. 1936-cı ildə keçirilən “Naturalizm” konfransında yazıçını naturalizmdə, həyatı bütün çılpaqlığı ilə göstərməkdə günahlandırdılar.
Tehran Əlişanoğlu: Repressiyalar dövrü idi. 70-ci illərə qədər ən azı mənəvi repressiyalar davam edirdi.
Bədirxan Əhmədli: Mən düşünürəm ki, Mir Cəlal hekayəçilikdəədəbiyyat tariximizdə yeni bir dövr müəyyənləşdirdi. O mərhələ bizim hekayəçiliyin əsas xüsusiyyətlərindən biri oldu. Romanda onun yolunu davam etdirənləri görmədim. Amma Mir Cəlal hekayəsində onun qoyduğu yol 1980-ci illərə qədər gəldi.
Tehran Əlişanoğlu: Yazıçının ilk romanı olan “Dirilən adam” möhkəm tənqid olunmuşdu. Halbuki Mir Cəlal bu əsərində yeni dövrdə Azərbaycan romanı necə olmalıdır məsələsini həll etməyə çalışırdı. Çox təəssüf ki, Mir Cəlal Paşayevin yeni yaratmaq istədiyi roman tipi ədəbiyyatımızda intişar tapa bilmədi. Çünki yazıçılardan sosialist inqilabı, sinfi mübarizə sxeminə əsaslanan roman yazmaq tələb olunurdu. O dövrün ədəbi prosesində olan kəskin davalar yazarları repressiyalara, sürgünlərə və ölümə aparırdı. Sosrealizm ədəbiyyatı romantizm və satiranı qadağan etdiyi üçün yazıçılar necə yazmaq axtarışında idilər. 1920-30-cu illərdə Azərbaycan bayrağında simvolizə olunan türkçülük və islamı dəyərlərdən söz açmaq qeyri-mümkün idi. Həmin dəyərləri yalnız yeni həyat quruculuğunun təsvirində, müasirlik adı altında vermək olardı. “Bir gəncin manifesti” romanı sadəcə bir gəncin deyil, həm də Azərbaycanın, yeni nəslin manifesti idi. Mir Cəlalın “Açıq kitab” satirik romanı 1941-ci ildə çap olunub. “Gəldiyevçilik nədir” məqaləsində akademik Məmməd Cəfər bu romanı yüksək qiymətləndirib. Sonrakı illər II dünya müharibəsi dövrünə düşdüyü üçün bu əsər çox tənqidə məruz qalmadı. Müharibədən sonra repressiyaların növbəti dalğası baş qaldıranda Azərbaycan ədəbiyyatında tənqidi realizm meyllərinin güclənməsi tənqid olunur. Süleyman Rəhimovun “Saçlı” və Mir Cəlalın “Açıq kitab” romanlarında tənqidi realizm meylərinin olması xüsusu vurğulanır. Yazıçılar pozitiv meylləri, yeni həyat quruculuğunu ən müxtəlif şəkildə göstərə biliblər. Amma biz 1930-cu illərdəki basqılara rəğmən repressiya motivlərini ədəbiyyatda əks etdirən əsər tapa bilmirik. Yalnız Mikayıl Müşfiqin son şeirlərində şəxsi taleyi ilə bağlı repressiya motivlərinə rast gəlmək mümkündür. 1930-cu illərdə repressiya mühitini hiss etmək üçün “Açıq kitab” romanı gözəl material verir. Yeni quruluşu göstərmək məqsədilə yazılmış romandakı hadisələr Layihə institutunda cərəyan edir. Əsərdə bir-birini sevən iki gənci ayırmağa çalışan Gəldiyev prorektor olmasına baxmayaraq həm də tələbədir. O, rayonda partiya sıralarına daxil olduqdan sonra institutda da rəhbər vəzifə tutmağa nail olub. Yazıçı burada repressiyalar nəticəsində yaranmış kadr çatışmazlığına işarə edir. Mir Cəlal Paşayevin əsas niyyəti yuxarıdan gələn şüarları əldə rəhbər tutaraq yerlərdə kor-koranə təzyiqlərə rəvac verənləri ifşa etmək olub. Yuxarıdan gələn hər hansı bir qərarı dərhal institutun rektoru Verdiyevin qabağına qoyan Gəldiyev dövrün dili ilə desək “çistkaya” (partiya sıralarının təmizlənməsi, 1930-cu illərdə SSRİ-də aparılan repressiyalara verilən adlardan biri – red.) şərait yaradır. Gəldiyev namuslu insanlara böhtan atan, istedadların yolunu kəsən, ailələr dağıdan adamların ümumiləşdirilmiş obrazıdır. Adından göründüyü kimi Mir Cəlalın hər şeyi açıq danışdığı bu əsərin sonunda yeni həyat qalib gəlir, “gəldiyevçilik” ifşa olunur.
Qeyd etmək lazımdır ki, Mir Cəlalın roman yaradıcılığı öz dövründə daim tənqid olunub. Amma bu tənqid obyektivlikdən uzaq olub. 1935-ci ildə “Dirilən adam” romanı çap olunarkən tənqidə məruz qalıb. Çünki bu əsərdə yaradılan müsbət bolşevik obrazı rupora, təbliğatçı qəhrəmana çevrilə bilməyib. Ondan sonra Mir Cəlal müəllim “Bir gəncin manifesti”ni yazıb. Bu əsərdə yazıçı həm yeni həyat uğrunda vuruşan Mərdan obrazını, həm də klassik dəyərlərdən gələn realizm xəttini, Sonanın simasında Azərbayan qadını obrazını yarada bilib.
Bədirxan Əhmədli: “Dirilən adam” Mir Cəlalın ən yaxşı romanıdır. O əsərdə çox böyük ideya var. 1930-cu illərdə hələ sosrealizm tam olaraq təsqiq olunmamışdı. Bu dövrdə yazılan əsərlər müasir dövrdən daha çox 20 il əvvəlin tarixini əks etdirir. “Dirilən adam” romanında da Cümhuriyyət dövrü təsvir olunur. Amma yazıçı burada kənarda dayanaraq ona öz münasibətini bildirmir. Mənə elə gəlir ki, Mir Cəlal bu romanında dövrün təsvirində ədalətli davranıb, ideologiyaya çox az meyl edib.
Tehran Əlişanoğlu: Mən deyərdim ki,ideologiyaya bəlkə də heç meyl etməyib. Çünki əsərdə yazıçı Mirzə Cəlildən gələn satirik xətti ön planda verib.
Bədirxan Əhmədli: Bəli, bu romanda Qoqoldan, Mirzə Cəlildən gələn meyllər çoxdur. Əsərdə satira ilə yanaşı lirika da var. Amma lirika, ideologiya “Bir gəncin manifesti”ndə daha çoxdur. 1930-ci illərin axırında, repressiyadan sonra yazıçılar yeni həyata bağlılıqlarını, sosrealizmə, sosailist cəmiyyətinə xidmət etdiklərini əsərləri ilə təsdiq etmək istəyirdilər. Mir Cəlalın “Açıq kitab” romanı çox gözəldir. Amma satirik roman özünü təsdiq etmədi. “Açıq kitab”dan sonra satirik roman yazılmadı.
Təmkin Məmmədli: Sosial sifariş olmadı?
Bədirxan Əhmədli:Sosial sifariş də olmadı.
Tehran Əlişanoğlu: Yəni ictimai-siyasi rejim qoymadı, yoxsa sosial sifariş həmişə var.
Bədirxan Əhmədli: Dünya ədəbiyyatında satirik roman o qədər də əhəmiyyətli yer tutmur. Hətta satiranın özünə bəzən şübhə ilə yanaşırlar.Misal üçün“Don Kixot” əsərində satiradan daha çox insan taleyi və lirizm var. Qoqolun “Ölü canlar”ında da satirik bədii təsvir və ifadə vasitələrindən daha çox psixologizm üzə çıxır. Mir Cəlalın da hekayə və romanlarından danışada psixologizmi mütləq önə çəkmək lazımdır. Onun bütün əsərlərində psixologizm var. Amma o psixologizmin çəkisi, onun özünün və başqa yazıçların yaradıcılığında nə dərəcədə əks olunması şübhə altına alına bilər. Çünki psixologizmə imkan verilmirdi. Yazıçılar Birliyində psixologizm, naturalizm, formalizm əleyhinə daim konfranslar keçirilirdi, onları tənqid edirdilər.
Tehran Əlişanoğlu: Psixologizm insan həqiqətini üzə çıxarırdı.
Bədirxan Əhmədli: İnsan həqiqəti məhz psixologizmdə üzə çıxır.
Tehran Əlişanoğlu: Mir Cəlal müəllimin yazıçı cəsarəti həm də onun alimliyindən irəli gəlirdi. O yazıçılıq nədir və nə etməlidir sualının cavabını gözəl bildiyi üçün onları romanına gətirirdi. “Dirilən adam” romanında əks olunan geridə qalmış milli cəmiyyət, oradakı sosial ədalətsizlik Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatı”nda da var idi. Mir Cəlal bu xətləri romanına daxil etməklə köhnə həyatın dəyişməsi ideyasını ədəbiyyata gətirməyə çalışırdı. Əsərin qəhrəmanı olan Qədirin dirilməsi əslində Azərbaycan insanının taleyinə işarə edən məcaz idi.
Fuad Babayev: Müasir dövrdə hansısa məşhur yazıçını ostrakizmə məruz qoymaq çox asandır. Çox maraqlıdır ki, 1920-30-cu illərdə qaynar ədəbi mühit var idi. Mir Cəlalın əsərləri müzakirə və tənqid olunurdu. Bu müzakirə və tənqidin özü də ədəbiyyata marağı artırırdı.
Bədirxan Əhmədli: O dövrdə həm repressiv, həm də ədəbi mühit var idi. 1920-30-cu illər ədəbiyyatımızda, ictimai fikrimizdə çox böyük mərhələ idi.
Tehran Əlişanoğlu: Həmin dövrdə dövlət ədəbiyyata böyük önəm verirdi.Dövlət bir tərəfdən ədəbiyyatı nəzarətdə saxlayırdı, digər tərəfdən ondan öz məqsədi üçün istifadə edirdi. Həqiqi yazıçılar, sənətkarlar isə bu məqamdan bəhrələnərək rejimə deyil, öz xalqına xidmət etməyə çalışırdı. Yazıçılar öz sözlərini çox zaman məcazlarla, sətiraltı mənalarla, bəzən də rejimə hansısa güzəşt formasında xalqa çatdırmalı olurdular.
Fuad Babayev: “Yolumuz hayanadır” Mir Cəlalın son romanıdır?
Tehran Əlişanoğlu: Mir Cəlal Paşayevin son romanı “Yaşıdlarım”dır.
Bədirxan Əhmədli: “Yolumuz hayanadır” romanını Abbas Zamanov möhkəm tənqid edib.
Tehran Əlişanoğlu: “Yolumuz hayanadır” romanı 1950-ci illərdə Xruşovun “mülayimləşmə” dövründə qələmə alınıb. Abbas Zamanov sabirşünas idi. O bu romanda Sabir obrazının zəif verilməsini tənqid edirdi. Amma Mir Cəlalın məqsədi romanda Sabirin həyatını vermək deyil, dövrün mənzərəsini yaratmaq olub. “Yolumuz hayanadır” əsəsri bioqrafik roman janrında yazılmayıb.
Bədirxan Əhmədli: Abbas Zamanov başqa bir məqaləsində də Əzizə Cəfərzadənin Şah İsmayıla həsr etdiyi romanını tənqid edərək deyirdi ki, mən tanıdığım Xətai burada yoxdur. Amma nə üçün yazıçının təsvir etdiyi tarixi şəxsiyyət kiminsə təsəvvürünə uyğun gəlməlidir?
Tehran Əlişanoğlu: Hərənin öz versiyası ola bilər.
Bədirxan Əhmədli: Bəli, bu bədii təxəyyüldür. Ona görə də Abbas Zamanov “Yolumuz hayanadır” romanını tənqid edərkən bu əsərdə məhz özünün araşdırdığı Sabiri görmək istəyiridi.
Tehran Əlişanoğlu: Bizim sovet dönəmində mövcud olan ədədbiyyatımıza yad münasibət aradan qaldırılmalıdır. Bu dövrün mətnlərinə sosialist damğası vuraraq üstündən keçmək olmaz. Ədəbiyyat elə bir sənət növüdür ki, bütün rejimlərdə yaşaya bilir.
Təmkin Məmmədli: Mir Cəlalın əsərlərinin xarici dillərə tərcüməsi nə yerdədir?
Tehran Əlişanoğlu: Sovet dövründəböyük rezonansa səbəb olan “Bir gəncin manifesti” oxşar taleləri yaşayan rus, çex, gürcü, erməni xalqlarının dillərinə tərcümə olundu.
Fuad Babayev: Onu qeyd edim ki, Mir Cəlalın İçərişəhərdə vaxtilə yaşadığı evdə fəaliyyət gösrərən “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunda çox maraqlı layihələr həyata keçirilir. Orada mütamadi olaraq hekayə müsabiqələri təşkil edilir, hekayələr səsləndirilir. Müasir oxucu daha çox dinləyici olmağa meyillidir. Bu mənada səsli kitablar çox aktualdır.
Tehran Əlişanoğlu: “Ədibin evi” Mir Cəlal irisini layiqli şəkildə tanıtmaqla yanaşı hekayə müsabiqəsi keçirməklə müasir ədəbiyyata da öz töhfəsini verməyə çalışır. Müasir dövrün tələbi olan bu müsabiqələr yeni yaranmış əsərlərə diqqət cəlb edir. Hekayəçi kimi Mir Cəlal müəllimin irsi məlumdur. Mir Cəlal yaradıcılığından söz açmaq bizə həm də həmin dövrdə mövcud olan ədəbiyyatımızı və dəyərlərimizi yada salmağa imkan verir. Sovet dövrünə yalnız “klişe”lərlə yanaşmaq olmaz. Bizim Cümhuriyyətdən başlayan müstəqillik dəyərlərinin bütün çətinliklərə rəğmən 1990-cı illərə qədər gəlib çıxmasında Mir Cəlal kimi yazıçıların və ədəbiyyatımızın böyük rolu olub.
Bədirxan Əhmədli: Mən düşünürəm ki, Mir Cəlal “Ədibin evi” olsa da, olmasa da yaşayacaq. Mir Cəlalı yaşadan onun yazıçılığıdır, alimliyidir, şəxsiyyətidir, ziyalılığıdır. Mir Cəlalın üslubu, yumor və satira ustası olması, ədəbiyyatımıza yeni obrazlar gətirməsi onu bir yazıçı kimi yaşadan əsas amillərdir. Bütün bu amillər Mir Cəlal yaradıcılığını həmişəyaşar edəcək və onu yeni əsrə daşıyacaq. Gənc yazarlar da həmişə ona örnək kimi müraciət edəcəklər.
Hazırladı: Təmkin Məmmadli, 1905.az
Söhbət 13 dekabr 2023-cü ildə baş tutub
Materialda “yeniazerbaycan.com” saytının şəklindən istifadə edilib.