1905.az saytının bu dəfəki müsahibi Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğludur.
– Azərbaycan fotoqrafları Ermənistanın təcavüzü ilə bağlı həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün lazım olan bütün işləri görə biliblərmi?
– Yox, görə bilməyiblər.
– Niyə?
– Bilirsiniz, hər şeyin bir səbəbi var. Əvvəllər insanlarda kameraya münasibət indikindən çox fərqli idi. İnsanlar düşünürdülər ki, fotoşəkli çəkilən adamı tutub apar abilərlər. Qəribə bir xof var adamlarda. Bu xof 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra azalmağa başladı. Heç kəs kameradan uzaqlaşmırdı, əksinə insanlar sinələrini qabağa çəkib, “məni çək” deyirdilər. O ki qaldı, səbəbə bilirsiniz, bunun üçün bir dövlət siyasəti olmayıb. O dövrdə fotoqrafların cəbhə zonasına getməsi və digər məsələlərin həyata keçirilməsi üçün heç bir sistem yox idi.
– Belə çıxır ki, Azərbaycan foto məktəbi Azərbaycanın məruz qaldığı təcavüzü qənaətbəxş səviyyədə lentin yaddaşına köçürə bilməyib və bunun səbəbi fotoqraflarla bağlı olmayıb. Maneələrdir günahkar.
– Bəli, maneələr. Mən erməni fotoqrafların işlərini çox görmüşəm. Onlar üçün yaradılan şərait, onlara verilən imkanlar heç vaxt bizdə olmayıb. Məsələn, fotoqraflarımız əgər cəbhə bölgəsinə getmək üçün Müdafiə nazirliyinə müraciət edirdilərsə o məktublar aylarla qalırdı masanın üzərində, baxan olmurdu. Adicə çadır düşərgələrinə gedirdin, oradakı həyatı çəkmək, yaddaşlara köçürmək istəyirdin, amma mümkün olmurdu. Mənim dəfələrlə əlimdən fotoparat alınıb, lentlərim korlanıb və mən müxtəlif rayonlardan çıxarılmışam.
– Amma bu sahədə heç bir işin görülmədiyini də demək olmaz…
– Əlbəttə, bizim fotoqraflar arasında da çox adam öz imkanından istifadə edərək hansısa işləri zamanında görə bilib.
– Bilirsiniz, sovet fotojurnalistikası ilə ondan sonrakı fotojurnalistika arasında fərq böyükdür. Sovet jurnalistikasında insanları bir növ təqdimat janrında, əyər-əskikliklər aradan qaldırıldıqdan sonra çəkirdilər. Yenidənqurmadan sonra isə Azərbaycan fotojurnalistləri müəyyən bir istiqamət götürməyə başladılar.
– Mirnaib müəllim, zamanında peşəkar fotoqraflar tərəfindən müharibə mövzusunda lentə alınan fotoları bir yerə toplamağa müəyyən qədər nail olmuşuq. Bəs sizcə, indi bu mövzuda çəkilən qeyri-peşəkar fotoları, yəni həvəskar fotoqrafların çəkdikləri fotoları bir yerə toplamaqla hər hansı nəticəyə nail ola bilərikmi? Bu, bizə nə isə verə bilərmi?
– Düşünmürəm ki, bu yüz faiz nəticə verə bilər. Bəlkə də o zamanlar kiminsə öz fotoalbomu üçün çəkdiyi şəxsi fotoları maraqlı ola bilər. Hər foto bir tarixdir.
– Bəs, Azərbaycan Fotoqraflar Birliyi belə bir təşəbbüs həyata keçirə bilərmi? Yəni müharibə mövzuda çəkilmiş qeyri-peşəkar, həvəskar fotoları bir yerə toplamaq təşəbbüsünü.
– Bu təşəbbüsü biz edə bilərik, ancaq onun qarşısında durmaq çətindir. Foto toplamaq üçün bizə bununla məşğul olan komanda lazımdır. Çünki axın çox olacaq, ancaq bu işi sona kimi görmək çox uzun prosesdir. Bundan ötrü baza olmalıdır. Bizim hələ ki, belə bir bazamız yoxdur.
1905.az