1905.az portalının növbəti həmsöhbəti ATV telekanalında yayımlanan “Turne” verilişin aparıcısı Mirsəməd Cəfərlidir.
– Mirsəməd müəllim, fəaliyyətinizin böyük bir hissəsi xariclə bağlıdır. Lider TV-də çalışdığınız dönəmdə də daha çox telekanalın Avropa bürolarında çalışmısınız. İndi isə ATV-də yayımlanan “Turne” verilişinin aparıcısınız. Xaricdən Qarabağ problemli Azərbaycan necə görünür?
-Lider televiziyasında işlədiyim müddətdə xüsusi müxbir olmuşam. Latviyada, Baltikyanı ölkələrdə, Yaxın Şərqdə çalışmışam. Belçikada bir müddət işləmişəm-Avropa İttifaqı yanında Daimi Nümayəndəlikdə.
– Hansı illərdə?
– 2004-2005, 2007-2008-ci illərdə. İndi də ATV telekanalında “Turne” verilişinin aparıcısıyam. Dağlıq Qarabağa gəldikdə isə problem haqqında nə qədər çox danışırsan, o qədər onun haqqında çox biləcəklər. Məncə bizdə problemi çatdırmada bəzi ləngiləmələr var. Məsələ burasındadır ki, biz dünya cəmiyyətinə Dağlıq Qarabağ probleminin mahiyyətini tam çatdıra bilməmişik. Bu nə ilə əlaqəlidir bilmirəm. Lobbiçilik zəifidir bəlkə? Elə ölkələr var ki, onlar bizim problemdən xəbərdardılar, elə xalqlar da var ki, heç Azərbaycanı yaxşı tanımırlar. Bizi daha çox beynəlxalq tədbirlərdən tanıyırlar. Yadınızdadırsa 2002-ci ildə Roma Papası Bakıya gəlmişdi. Onun gəlişi böyük səs-küy yaratmışdı. Papanın gəlişindən sonra Filippindən tutmuş, Meksikaya kimi bütün katolik ölkələrinin Azərbaycan haqqında məlumat oldu. Və ya “Avroviziya” yarışması. Bizim üçün “Avroviziya” adiləşib bəlkə də, ancaq Avropada Baku deyəndə dərhal “Avroviziya”deyirlər.
– Ancaq hələ də Bakını, Azərbaycanı tanımayan xalq varsa bu daha çox o xalqın məlumatsızlığıdır…
– Razıyam.
– Ermənilər blokada şəraitində yaşamaqlarından, 1915-ci ildə qondarma soyqırımına məruz qalmarından bütün dünyaya car çəkirlər. Necə düşünürsünüz, biz ermənilərin zərbəsini onlara qarşı istifadə edə bilərik?
– Xaricilər Dağlıq Qarabağ problemindən xəbərdardılar, ancaq onun mahiyyətini bilmirlər. Biz də Afrikada soyqırım törədilməsi, tayfalar arası çəkişmələr barədə eşitmişik, ancaq hansı birimiz o soyqırımın mahiyyətini bilirik? Dağlıq Qarabağ da elə. Hamı bilir ki, ortada bir münaqişə var. Amma problemin mahiyyətindən xəbərdar deyillər. Onlar məsələn bilmirlər ki, azərbaycanlıların böyük bir qismi Azərbaycanda yox, İranda yaşayır.
-Ancaq Azərbaycan Ruanda-Burundi, Tutsi və Xutu qəbilələri deyil. Yadınızdadırsa “Обыкновенный фашизм” filmi var idi. Orada Hitlerə tort gətirirlər. Tortun üstünə Bakı yazılıb. O kadrları hamımız görmüşük. Yəni Bakı Afrikanın ucqar nöqtəsi deyil, adı dünyada hallanan şəhərlərdəndir…
– Tamamilə razıyam. Dünyanın bizim regiona marağı var. Təbii ki, xaricdə cəmiyyətin aktiv hissəsinin bizim problemdən xəbəri var, mən sadə vətəndaşdan danışıram.
– Səfərlər vaxtı erməni əsilli şəxlər və ya onların tərəfini saxlayan adamlarla az da ola ünsiyyətdə olursunuz. Onlarla təmas necə yadınızda qalıb? Getdiyiniz ölkələrdə ermənilərin fəaliyyəti hiss edilir, ümumiyyətlə?
– İndi getdiyim səfərlər qısa müddət daşıdığı üçün çox da rastlaşmıram. Ancaq yadımdadır ki, mən Avropa Birliyində olanda Ermənistan və Gürcüstandan jurnalistlər gəlmişdi. Jurnalistlər arasında Ermənistan İctimai televiziyasından təmsil edən bir jurnalist var idi. Avropa Birliyi Daimi Komissiyasının “media library”də çalışan qadın biləndə ki, gələn jurnalist Ermənistandandır ona vizit kartını verdi. Dedi ki, həmin jurnalisti yeməyə dəvət edir, əməkdaşlıq imkanlarını araşdırmaq, müzakirə etmək üçün. Onda başa düşdüm ki, onların nə dərəcədə bir-biriylə sıx əlaqələri var. Ermənilərlə kontaktım az olub. Ümumiyyətlə, ünsiyyətə girməməyə çalışıram. Ermənilər çox hiyləgərdilər. Onlar xaricdə özlərini çox humanist göstərirlər.
– Mirsəməd müəllim, mən sizi həm də tok-şouların aparıcısı, ictimai-siyasi mövzulu yazıların müəllifi kimi tanıyıram. “Turne” verilişi sizə kiçik gəlmirmi? Bu veriliş hobbidir, yoxsa doğrudan da siz özünüzü bu sahədə görürsünüz?
– İndi tələbat budur. Mən çox istərdim xəbərlər proqramını aparım. Amma indiki xəbərləri yox. İndi xəbərlərin əhatə dairəsi məhdudlaşıb. Təəssüf ki, televiziyada problemlər çoxdur. “Turne” mənə ona görə maraqlıdır ki, başqa istiqamətdir. “Turne”də hər dəfə yeni bir məlumat öyrənirsən və onu tamaşaçıya çatdırırsan. Sosial şəbəkələrə gələn rəylər adamı ruhlandırır. Yazırlar ki, bu verilişə baxana qədər filan məlumatı bilmirlərmiş, çox sağ olun və s. Bu verilişlə televiziyada olan o boşluğu bacardığım qədər doldurmağa çalışıram. Çox istərdim televiziyamızda təhsil departamentləri olsun, dünya universitetləri, təqaüdlər haqqında məlumat verə biləcək verilişlərimiz olsun. Belə verilişlərin də öz auitoriyası var.
– Gələcək planlarınız.
-Əgər gələcəkdə ictimai-siyasi xarakterli proqramlar olsa məmnuniyyətlə həmin layihələrdə özümü sınayacam. “Turne” verilişinə gəldikdə rəhbərlik sağ olsun, bilirsiniz ki, bu layihə çətin başa gələn layihədir. Bunu həyata keçirməyə şərait yaradır. Çalışıram maraqlı məlumatlar tapım insanlara çatdırım. Mütləq xaricə gedəndə kiçik də olsa Azərbaycanla bağlı suvenirlər aparıram. “Turne” xariciləri həm də Qarabağ problemindən agah edir.
Getdiyim ölkələrdə tanış olduğum insanlara Qarabağla bağlı mümkün qədər informasiya verməyə çalışıram ki, bizim problemdən dünya ictimaiyyəti xəbərdar olsun. Dünüşürəm ki, bununla ictimai öhdəliyimi yerinə yetirmiş oluram.
– Minnətdarıq sizə, uğurlar!
Fuad Babayev, Aynur Hüseynova
1905.az