“Bukinist Mendel” rubrikasında bu dəfə “Amerika-İsrail kooperativ təşəbbüslər” qeyri-kommersiya təşkilatının icraçı direktoru, Yəhudi Vitual Kitabxanasının direktoru Mitçell Bardın “Miflər və faktlar. Ərəb-İsrail münaqişəsi haqqında soraqça” kitabını təqdim edirik.
Kitab 2007-ci ildə Moskvada “Yevreyskoe slovo” nəşriyyatında dərc olunub. Kitabın ön sözündə müəllif yazır: “Yaxın Şərq haqqında miflər yalnız 1950-ci illərdə peyda olmayıb və bu gün də yayılmaqda davam edir. Bu regionda baş verən coşqun hadisələr Ərəb-İsrail münaqişəsi haqqında yeni-yeni təhrif olunmuş miflərin meydana çıxmasına səbəb olur”.
Kitab müəllifin qeyd etdiyinə görə, yəhudilər, İsrail və onun ərəb dünyası ilə münasibətləri ilə bağlı yalan təsəvvürləri təkzib etmək üzərində qurulub. 477 səhifəlik kitabın “İsrailin tarixi kökləri”, “Fələstin ərazisinin bölünməsi”, 1948 və 1967-ci il müharibələri, “Qaçqınlar”, “İsrail-Livan münasibətləri”, “Ərəb və digər müsəlman ölkələrində yəhudilərə münasibət”, “Körfəz müharibəsi”, “Fələstin müharibəsi (2000-2005-ci illər)”, “Yerusəlim” və s. bölümlərində Ərəb-İsrail qarşıdurmasının tarixi, müxtəlif mərhələləri və aspektləri şərh olunur. Müəllif kitabın həcminin daha böyük olmasına yol verməmək üçün İsrailin Misir və İordaniya ilə süh müqavilələrinin mətnini, İsrail və Fələstin razılaşmalarını kitaba daxil etməyib.
Lakin kitabın adına rəğmən, onun obyektivliyindən danışmaq olmaz. Çünki müəllif hadisələrə birtərəfli münasibət sərgiləyib və İsrailin mövqeyindən çıxış edib. Buna görə də Mitçell Bardın çoxsaylı sitatlar gətirdiyi “Miflər və faktlar. Ərəb-İsrail münaqişəsi haqqında soraqça” kitabı müxtəlif xarakterli faktların bolluğuna rəğmən, Yaxın Şərqin ən mürəkkəb problemi haqqında obyektiv mənzərə yaratmır və yalnız müəllifin mövqeyini bölüşənlər üçün maraqlı ola bilər.
Hazırladı: Gündüz Nəsibov