Fevralın 28-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Rusiya Parlamentlərarası dostluq qrupunun üzvü Mixail Zabelin Rusiya Federal Məclisinin Federasiya Şurasında Ermənistan parlamenti sədrinin çıxışı ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: Fevralın 26-da Azərbaycanda ölkə tarixinin ən hüznlü günlərindən biri – Xocalı şəhərinin erməni terrorçuları tərəfindən yerlə-yeksan edilməsinin 27-ci ildönümü qeyd edilib.
Minlərlə insan öz evindən qovulub, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib.
Səkkiz ailə tamamilə məhv edilib. İyirmidən çox ailənin hərəsindən yalnız bir nəfər sağ qalıb. 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.
Bir sıra ölkələr bu faciəni Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanıyıb.
Fevralın 26-da Bakıda Xocalı soyqırımı abidəsinə ənənəvi ümumxalq yürüşü keçirilib. Ənənəyə görə, bu yürüşdə təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin nümayəndələri – gələcəkdə buna oxşar faciələrin təkrarlanmasının qarşısını almağı zəruri hesab edən hər kəs iştirak edir.
Builki yürüşün iştirakçıları arasında Rusiya nümayəndələri, o cümlədən Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, Dövlət Dumasının deputatları Oksana Puşkina, Olimpiya çempionu İrina Rodnina və başqaları da vardı.
İndi Ermənistan hakimiyyət orqanlarının rəsmi nümayəndələri, o cümlədən bu ölkənin Rusiya Federasiyasındakı səfiri və Ermənistan parlamentinin sədri inciklik bildirir və onlara iradlarını təqdim edirlər.
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan tribunadan çıxışında bəyan edib ki, o, “təəssüflə qeyd etməyə məcburdur ki, ölkələrimiz arasında qarşılıqlı müttəfiqlik əlaqələrinin yüksək səviyyəsinə, həmçinin Rusiya tərəfinin Qarabağ münaqişəsinin dinc yolla həlinə yönəlmiş ardıcıl səylərinə baxmayaraq, bəzi rusiyalı həmkarlarımız dünən Bakıda keçirilən, regionda davamlı sülhün və sabitliyin pozulmasına yönələn, açıq-aşkar antierməni aksiyada iştirak ediblər”.
Ermənistanın RF-dəki səfiri Vardan Toqanyan da onun sözünə qüvvət verir. O, öz diplomatik missiyası adından belə bir bəyanat yayıb: “Biz Bakıda keçirilən, açıq-aşkar antierməni xarakteri daşıyan və regionda etimad ab-havasını pozmaq məqsədilə istifadə olunan yürüşdə rusiyalı parlamentarilərin iştirakına görə hiddətlənmişik”.
Nə deyək, gəlin, məsələni araşdıraq. Açıq, vicdanla və umu-küsüsüz.
İrina Rodnina, Oksana Puşkina, Dmitri Savelyev və başqalarının iştirak etdiyi aksiya əsla “antierməni” aksiya deyil – eynilə Xatın, Liditse və Oradur faciələrinin anılması əsla “antialman aksiyası” olmadığı kimi.
Fevralın 26-da Bakıda qəddarlığına görə dəhşətli, əliyalın dinc insanlara bilərəkdən kütləvi şəkildə divan tutulmasının qurbanlarının xatirəsi yad edilib. Bu insanların yeganə “təqsiri” bu idi ki, onlar erməni kimi doğulmayıblar, amma ermənilərin göz dikdikləri torpaqda yaşayırdılar.
Ermənistanın sabiq prezidenti, həmin illərdə “səhra komandiri” olmuş Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaal ilə söhbətində lovğalanaraq deyib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi ardan qaldıra bildik. Məsələ belə olub”.
Bunun məhz necə olduğunu təsdiqləyən çoxsaylı sübutlar var. Onlardan yalnız birini göstərim: “O dəhşətli mənzərəni heç vaxt unutmaram. Təpədən dırnağa silahlanmış möhkəm bədənli erməni oğlanlar qalın qarın üstü ilə qaçışan köməksiz qadınlara və uşaqlara atəş açırlar”. Bu sözləri Xocalı sakini, milliyyətcə rus olan Sergey Bondarev deyib.
2018-ci ilin yazında xalq iğtişaşları nəticəsində Serj Sarkisyan rejimi devriləndə çoxları, o cümlədən bu sətirlərin müəllifi də ümid edirdi ki, indi Ermənistanda hakimiyyətə gələn yeni insanlar heç olmasa şəxsən bu cür cinayətlərin iştirakçıları olmayıblar.
Lakin Mirzoyanın və Toqanyanın indiki bəyanatları göstərir ki, bizim o vaxtkı nikbinliyimiz həddən artıq mübaliğə imiş.
Gəlin realist olaq: dünyanın 16 ölkəsinin parlamentinin soyqırımı kimi tanıdığı hadisənin – dinc əhalinin kütləvi şəkildə qırılması qurbanlarının anım mərasimində iştirak etmiş rusiyalı siyasətçilərə və deputatlara iradlar bildirmək anlaşılası məsələ deyil.
Üstəlik, “regionda davamlı sülhün və sabitliyin pozulması” barədə mühakimələr eşitmək təəccüblüdür.
Bunu belə başa düşmək olarmı ki, yuxarıda adlarını çəkdiyim cənabların fikrincə, “regionda sülhə və sabitliyə” gedən yol dinc əhaliyə vəhşicəsinə divan tutulmasından keçir?!
Xatırlatmağa məcburam: regionda sülhün və sabitliyin pozulmasına səbəb, ilk növbədə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi və rəsmi Yerevanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrini yerinə yetirməkdən imtina etməsidir. Yeri gəlmişkən, həmin qətnamələrin lehinə Rusiya da səs verib. Bu qətnamələr erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Həmin cənabların Rusiya ilə müttəfiqlik münasibətlərinə apellyasiya etmələrinə gəldikdə isə, ilk növbədə, Yerevanın emissarları bu barədə Rusiyaya iradlarını bildirməkdən əvvəl öz əməllərini araşdırmalı idilər. O cümlədən yada salmalı idilər ki, Yerevanın mərkəzində, hökumət binaları yerləşən məhəllədə hərbi cinayətkar, Hitlerin əlaltısı Qaregin Njdeyə heykəl qoyulub.
Onu yada salmalı idilər ki, Yerevanda ictimai həyatın bütün sahələrindən və ilk növbədə, təhsil sahəsindən rus dilinin planlı şəkildə sıxışdırılması siyasəti davam edir.
Ermənistanda rus dilində təhsil almağa praktiki olaraq imkan yoxdur.
Bu yaxınlarda isə orada “Çto? Qde? Koqda?” adlı sonuncu “rusdilli” televiziya verilişi bağlanıb.
İndi həmin veriliş yalnız erməni dilində efirə çıxacaq. Nəhayət, lap yaxın vaxtlarda Ermənistanda növbəti “CampCamp” seminarı keçirilib. Həmin seminarda MDB ölkələrindən olan gənc “müxalifətçilərə” Amerikanın pulları hesabına “rəngli inqilabları” necə təşkil etməyi öyrədirdilər.
Sonda sadə bir həqiqəti xatırladaq: müttəfiqlik münasibətləri heç də o demək deyildir ki, heç kəs öz müttəfiqini heç vaxt tərsinə sığallamayacaq. Xüsusən Xocalı faciəsi kimi hiddətləndirici hadisələrdən söhbət gedəndə.
Daha bir məsələ: Rusiyanın paytaxtı Yerevanda yox, Moskvada yerləşir”.