Aprelin 20-də Azərbaycanın Moldovadakı səfirliyində ikitərəfli mədəni əlaqələrin inkişafı üzrə proqramın həyata keçirilməsi çərçivəsində rəsm əsərləri sərgisi, habelə diplomatik nümayəndəliyimizin nəşr etdiyi Moldova rəssamlarının əsərlərinin albom-kataloqunun təqdimatı keçirilib. Bu haqda AZƏRTAC-a Azərbaycanın Moldovadakı səfirliyinin mətbuat katibliyindən məlumat verilib.
Tədbir “Moldova incəsənəti – sülhə və ərazi bütövlüyünə dəstək” şüarı altında keçirilib və Moldova yaradıcı ictimaiyyətinin Ermənistanın təcavüzünə qarşı Azərbaycan xalqının mübarizəsinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə həmrəyliyini nümayiş etdirib.
Sərgidə tanınmış Moldova rəssamları, heykəltəraşları və fotoqrafları Elvira Çemortan-Voloşina, Semyon Odoynik, Natalya Prokop, Vasili Medinski, Qriqori Sultan, Tudor Fabian, Georgiu Neqru və Nikolay Minyukun əsərləri təqdim olunub.
Gözəl illüstrasiya olunmuş albom-kataloqa sərgi iştirakçılarının ən yaxşı rəsm, heykəl, qrafika və foto işləri daxil edilib. Nəşr Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin akkreditasiya olunduğu ölkənin dövlət dilində “İncəsənət dünyası torpaqların işğalına qarşı” sərlövhəli giriş məqaləsi ilə başlayır. Həmin məqalədə Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağın əhəmiyyəti və rolundan bəhs olunur, Moldovanın yaradıcı ziyalılarına sülhə və ölkənin ərazi bütövlüyü uğrunda ümumi mübarizəmizə verdiyi dəstəyə görə minnətdarlıq bildirilir.
Məqalədə xüsusi vurğulanır: “Beynəlxalq hüquq normalarına ciddi əməl olunması bəşəriyyətin gələcəyinin rəhnidir. Əks halda, separatizm, terrorizm baş qaldırır, qan axıdılır”. Albomda Moldova yaradıcı ziyalılarının müraciəti dərc edilib. Müraciətdə onlar erməni işğalçılarının vəhşi hərəkətlərinə son qoymağı və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyi tələb edirlər.
Sərginin açılışının rəsmi hissəsində səfir Namiq Əliyev, Moldovanın mədəniyyət naziri Monika Babuk, sabiq ombudsman, Moldova İctimai Palatasının sədri, tanınmış hüquq müdafiəçisi Aureliya Qriqoriu və rəssam Elvira Çemortan-Voloşina çıxış ediblər.
Tədbirdə Moldova Baş nazirinin müavini Georgi Balan, ölkənin daxili işlər naziri Aleksandr Jizqan, Qaqauz Yeri Muxtar Ərazi Qurumunun (Moldova Respublikası) başqanı, ölkə hökumətinin üzvü İrina Vlax, Gürcüstan və Qətər səfirləri, Qazaxıstanın baş konsulu, Kişineuda akkreditə olunan səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, dost ölkənin yaradıcı, elmi elitası, biznesmenlər, Moldova Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvləri, yerli və xarici KİV-lərin təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan musiqisi sədaları altında Moldova rəssamlarının ustalıqla naxış vurduğu Azərbaycan kəlağayıları nümayiş etdirilib.
Zeynal Ağazadə,
AZƏRTAC-ın xüsusi müxbiri, Kişineu