Qeyri-rəsmi, sorğu-suala tutulacağı təqdirdə dediklərindən dərhal imtina edəcək mənbədən aldığım məlumata görə Rusiyanın böyük şəhərlərinin birində yekə bir bazar var imiş. Həmin şəhərin və bazarın Rusiyanın böyük şəhərləri və yepyekə bazarları arasında xüsusi yeri var imiş. Və ola bilsin ki, hələ də var.
Həmin bu bazarda da bir eloğlumuz kafe işlədirmiş. Bu kafedə də bazarda işləyən adamlar səhər yeməyi də yeyirlərmiş, nahar da edirlərmiş. Bazarda da azərbaycanlılar çox imiş. Və eloğlumuzun işi “xod”, özü də bərk gedirmiş.
Hə, günlərin bir günü işi “xod”, özü də bərk gedən eloğlumuz baxır ki, bazara gəlib-gedən alıcılar da, bazar ərazisində zaman-zaman toqqalarının altını bərkitməli olurlar. Amma, onun kafesinə yaxın gəlmirlər. Məlum olur ki, alıcılar eloğlumuzun kafesinə bütün gününü burada keçirən bəzi daimi müştərilərdən çəkindiklərinə görə gəlmirlər. Həm də onların çoxu bir növ ayaqüstü yemək yeməyə üstünlük verirmiş. Bu adamlar da acan kimi bazarın qapılarında qoyulmuş qril bişirilən qurğulara üz tuturlarmış.
Kafe işlədən soydaşımız dərhal qril qurğusu alıb bazar qapılarının birinin ağzında yerləşdirir və bir müddətdən sonra görür ki, bu iş elə də gəlirli iş deyil. Çünki, yuxarıda qeyd edildiyi kimi, bazarın digər yerlərində də qril qurğuları var və alıcıların da bir çoxu toyuğu daha yaxşı qızardan o biri sahibkarlardan alır.
Bunu görən eloğlumuz bir xeyli düşünəndən sonra bazar direktorunun yanına gedir. Və dostcasına bazarkomun strateji nöqtələrdə yerləşdirilmiş qril qurğularından ayda nə qədər gəlir əldə etməsi ilə maraqlanır. Bazarkom bu sualı səmimi cavablandırır. Kafe sahibi də dərhal bazarkomun ayda bütün qril qurğularından qazandığı pulun iki mislini təklif edir. Amma şərtini də bildirir.
Şərt də belə olur ki, bazar ərazisində olan bütün qril qurğularını eloğlumuz işlətməlidir.
Razılıq əldə olunur və eloğlumuz aşağı keyfiyyətli toyuq cəmdəklərini qızartdırıb satmaqla yaxşı pul qazanmağa başlayır. Hamı da ancaq ondan alır qrili. Çünki, başqa qril satan olmur daha…
Sonra da bəzi ağzıgöyçəklər deyir ki, guya bizimkilər işləməyi bacarmırlar.
Bacarırlar!
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 110-111)