Moskvadakı Azərbaycan İcması Evində ermənilərin Qafqaza köçürülməsinə dair sənədli filmlərin nümayişi keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Ermənilərin Qafqaza köçürülməsinin xronikası”, “Xristianlığı ilk qəbul edən ölkələrin izi ilə”, “İrəvanda azərbaycanlılığın izi ilə” sənədli filmləri nümayiş olunub.
Tədbirdə Rusiyadakı milli mədəni təşkilatların nümayəndələri, rusiyalı qafqazşünaslar, şərqşünaslar, politoloqlar, yerli və xarici KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Lider TV-nin Rusiya müxbiri Anar Həsənov belə filmlərin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.
Filmlərin müəllifi, tanınmış tədqiqatçı Bakı Slavyan Universitetinin dosenti Şəlalə Həsənova çıxışında qeyd edib ki, filmlərdə ermənilərin ata yurdları olan Balkan yarımadası, Fesaliya və Frakiyadan Kiçik Asiyaya-Frigiya, daha sonra isə Yevfrat çayı və Van gölü ətrafına köçürülməsinin qədim tarixi əks olunub: “Antik müəlliflərə istinadlar sübut edir ki, Kiçik Asiya yarımadası, müasir Türkiyə ərazisi ermənilərin vətəni olmayıb. İlk dəfə olaraq vahid kinosüjetdə müasir Ermənistanın xristian dinini ilk qəbul edən ölkə olmadığını sübut edən faktlar toplanıb. Hansı ki, bu faktlar Ermənistanın dövlət səviyyəsində 301-ci ildə xristianlığı qəbul etməsinə dair mifi darmadağın edib. Bu haqda erməni tarixşünaslığının banisi A. Qaraqaşyan, amerikalı professor H.Qarsoyan və digərləri də yazıblar. Filmlər onlarla elmi mənbələrin, xəritələrin, nadir sənədlərin və eksklüziv fotoların əsasında hazırlanıb. Təqdim olunan faktlar istisnasız erməni və qərbli müəlliflərin sitatları ilə şərh olunub. Bu da həmin faktların əminliyindən və etibarlılığından xəbər verir. Tarixdə nüfuz sahibi ancaq faktlar ola bilər. Adıçəkilən filmlərdə elmi mənbələrdən toplanmış faktlar sübut edir ki, faktın gücü Azərbaycandan yanadır”.
Rusiyalı tanınmış tarixçi, siyasi ekspert Oleq Kuznetsov filmlərin ideyasının bu sadə olmayan müharibədə Azərbaycanın mövqeyini əks etdirməli olduğunu söyləyib: “Belə filmlər rusiyalılar qarşısında nümayiş olunmalıdır, çünki onların əksəriyyəti Dağlıq Qarabağ torpağının kimə məxsus olduğu haqda məlumatsızdırlar. Hesab edirəm ki, bu publisistik filmlər insanlarda məlum problemi öyrənməyə maraq oyada bilər. Azərbaycan elmi erməni tarixi irsini öyrənməkdə böyük uğurlar qazanıb. Bu uğurların yekunlarından biri də məhz bu filmlərdir”
“Rusiya-Azərbaycan Dostluq” Mərkəzinin rəhbəri Nataliya Kraskovskaya tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, bu filmlərin uğur qazanacağına əmin olduğunu söyləyib. Qeyd edək ki, sənədli filmlər Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanıb.