Əvvəlcədən təyin olunmuş dəyərlilik əbədi deyil. Əvvəl-axır kibrit, fayl, təkər, çəkmə, saksafon, zavod, hətta qoruq da dəyərini itirir. Sivilizasiyalar da elədir. Şəhərlər də. Tarix yüzlərlə, minlərlə şəhərin məhvini arxivində saxlayır.
Ölmüş şəhərlərin daş skeleti soyğunçu, qarətçi və turistlərdən başqa heç kimə lazım olmayıb. Hər əsrin öz Pompeyi, Klondaykı olub, var və olacaq. On minlərlə əhalinin yaşadığı şəhərlərin kabus-şəhərə dönməsinin müxtəlif səbəbləri olur. Amma şəhər sakinlərinin taleyi eynidir. Onların yaddaşları şəhər yaşam tarixinin sonuna “qədər” və “sonra” acı xatirələrə bölünür. “Qədər” yaxşı günlərin xatirəsidir. “Sonra” bölümü isə geniş kütlə üçündür: ağlamalı, xatirə yaşatmalı, tarix üçün yazmalı dövr. Çox qəribədir ki, tarixdə ölümü gizlədilən şəhərlər də olub, onu dünyaya car çəkənlər də. Amma əksəriyyətində nəticə eynidir: sənin göz yaşların heç kimə lazım deyil. Böyük şey olub, min nəfər bir tualeti olan yataqxanada yaşayır. Amma kabus-şəhərin keçmiş sakinlərini bir-birinə calayan bağlar da var. Həmin şəhərlərin sakinləri indinin özündə də bir-birini axtarır, internetlə əlaqə saxlayır, təşkilatlanır, qəriblikdə keçən günlərindən danışır, hətta evlərinin xarabalıqları üzərində görüşüb, uşaqlıq göz yaşları ilə xatırlərini yada salırlar. Kabus şəhərlərin sakinlərinin həyatları çox oxşardır…
25 fevral 2007-ci il. Çexiya Lidiçe Memorial Kompleksi. Bu tarixin Lidiçeyə heç bir dəxli yoxdur. Amma orada çiyin-çiyinə dayanmış iki müxtəlif xalqın, dinin nümayəndəsinə var. İki kabus şəhərin sakinləri çiyin-çiyinə verib yandırdıqları şamın əriməsini gözləyirlər. Sonra üçüncü kabus-şəhər yaxınlaşır. Xocalı sakini Fəridlə Lidiçe sakini Fredin bir-birinə danışmağa sözləri çoxdur. Onlara daha biri qoşulur. Belorus Respublikası, Minsk vilayəti, Loqoski rayonu, Xatın kəndindən olan Fyodr Belkeviç. Onun da deməyə sözü var. Daha sonra başqa biri gəlir. Bosniya və Herseqovinadan, Srebreniça qəsəbəsindən. Sonra daha biri Fransanın Oradur qəsəbəsindən. Sonra başqa biri, sonra başqası… Şamlar yanır…
Kabus şəhərlərin sayı artmaqdadır. Səbəblər müxtəlifdir. İqtisadi, hərbi, tektonik… Böyük istehsalat müəssisəsinin yaxın ətrafında salınmış şəhərlərin ömürləri elə o müəssisələr qədər olur. Norveç Svalbardında olan Piramida, Ukraynada Kadıkçan, Halmer-Yu, Çilinin Hamberstoun və Syuel şəhərləri. Kabus şəhərlərin yaranmasının başqa bir səbəbi təbii fəlakətlərdir. Argentinanın pampaslarında melioratorların səhvi üzündən su altında qalan əfsanəvi spa-kurort Villa Epekuen buna bariz nümunədir. Kömür axtaranların İtaliyanın Kastelnuovo şəhərini xaraba qoymasını da əlavə etmək olar. İtaliyada zəlzələ nəticəsində Krako, Podjoreale şəhərləri, Çilidə isə Çayten şəhəri vulkanın qurbanı olub. Belə şəhərlərin sayı 20-dir. İnternet saytlardan birində hamısının adı verilib. Ən qəribəsi odur ki, xaraba qalmış şəhərlər turizm baxımından, filmçəkənlər üçün dekorasiya olunmuş hazır səhnə yönümündən əvəzsizdir. Yenə də yuxarıda qeyd etdiyimiz “sənin göz yaşların heç kimi maraqlandırmır” fikri.
26 fevral 2007-ci il. Praqa, Çexiya. Azərbaycan səfirliyinin binası. Xocalı faciəsi lə əlaqədar rəsmi anım tədbiri. Proqrama görə, qonaqlara faciə haqda məlumat verilməli (həm çex, həm ingilis dillərində), sonra film nümayiş olunmalı idi. Çıxışı orta boylu, nurani simalı bir nəfər edir. Azərbaycan şəhərlərinin adını olduğu kimi, heç bir fonetik pozuntu olmadan səsləndirir. Diqqətçəkicidir. Sonradan tanış oluruq. Tomaş Lanye türkoloq, Kladno Univerisitetinin professorudur. Uzun müddət Çexiyanın Türkiyədəki səfiri vəzifəsində çalışıb. Çox səlis tükcəsi var. Tomaş Lanye ilə söhbətimiz çox uzun çəkdi. Xocalı faciəsi haqda danışdıq. Tomaş Lanyenin orada işlətdiyi bir ifadə mənim bu faciəyə baxışımı dəyişdi.
– Levon Məlik-Şahnazaryanın “Xocalı işi: xüsusi qovluq” yazısını oxumusan?
– Təbii ki…Yalandır, cəfəngiyatdır…
– Onu bilirəm. Sadəcə soruşuram, çex dilində oxumusan?
– Xeyr…
Beləcə söhbət uzandı. Tomas de Vaalın “Qara Bağ” kitabı, Çex müxbir Yana Mazalovanın Mütəllibovdan götürdüyü müsahibə, Xatın və Lidiçe Memorial Kompleksləri, Tomas Qolts “Azərbaycan gündəliyi” kitabı, Kiril Stolyarovun “Çöküş: Qarabağdan Belovejsk çölünə qədər” oçerki, Xocalı faciəsinin tanınmamasına qədər çox şeydən danışdıq. Sonda Tomaş Lanye “indiyə qədər izlədiyim, oxuduğum, məlumat aldığım faciələrdə qətliama məruz qalan heç bir xalq özünü günahkar bilməyib” –dedi. Və bu çox şey demək idi. ***
Kabus-şəhərlərin yaranmasının, təzada bax, ən qorxulu səbəbi hərbi münaqişələrdir. Belə şəhərlər bir xalqın, nəslin, sivilizasiyanın yaddaşına qanla çəkilmiş cızıq, həm də gələcək nəsillər üçün öyüd, vəsiyyət və tarixdir. Ispaniyanın Belçite şəhəri, Fransanın Oradur-Sür-Qlan, Kiprin əfsanəvi kurort şəhəri olan Varoşa (türk-yunan sərhədində yerləşir) hazırda tarixdən silinmiş şəhərlər sırasındadır. Təbii ki, oxucunun ilk ağlına gələn Xocalı, Ağdam şəhərləri olur. Bizdə də var deyə. Narahat olmayın. Ağdam bu şəhərlərin sırasındadır. Bəli, Ağdam dünya tarixində hərbi münaqişə nəticəsində boşaldılmış, kabus- şəhərə çevrilmiş 3-4 şəhərdən biridir. “Qafqazın Xirosiması” da deyirlər bizim Ağdama. Indi Azərbaycan ərazisində gedən müharibənin sürrealist monumenti sayılan Ağdam. O şəhər ki, “Made in Armenia” minaları, artilleriya qurğuları ilə dağıdılıb. Şəhərdən nə varsa aparıblar, evlərdən qapı-pəncərələri, kərpicləri, hətta küçələrdəki döşəmə daşları da. Ağdam Qarabağın erməni bomjlarının sığınacağıdır. Bu gün Ağdam məscidinə turist, erməni hərbçilərindən başqa donuz və inəklər gedir. Bəs Xocalı? Hə, əzizlərimiz, Xocalı yaşayır, Xocalı kabus-şəhər deyil. Xocali hadisələrinin beynəlxalq qurumlar tərəfindən soyqırımı cinayəti aktı kimi tanınmasına hüquqi əsaslarımız var. Xocalı faciədir, soyqırımıdır. Amma faktiki Xocalı yaşayır. Maraq üçün OpenStreetMap, free-map.org.uk, www.navit-project.org, GlobeXplorer beynəlxalq naviqasiya sistemləri olan internet saytlarda axtarış verin. Xocalı? Yox, İvanyan. Bəli, bizim şəhərimizin adı indi belə adlanır. Xocalını işğal edən vəhşi ordunun generallarından birinin adını veriblər. İvanyan. Axtarın, orada həyatın davam etdiyinizi görəcəksiniz. Lap Srebrenniça, Oradur, Xatın kimi…
Qayıdaq Lidiçedə şam yandıranların yanına. Srebreniçadan olan 21 yaşlı Hacibehiç danışır ki, Yuqoslaviyada siyasətçilər patriotizmi millətçiliklə səhv saldıqları kimi, dədə-baba yurduna sevgini də etnik təmziləmə ilə səhv saldılar. Ona görə Srebrenniça hadisəsi baş verdi. “Srebrenniça boşnak kəndi idi. Bosniyada yerləşsə də, serblər çox yaşayırdı. 1995-ci ildə serblərin hücumları artmışdı. Boşnaklar müdafiə olunurdular. BMT sülhməramlıları müşahidə edirdilər. Hətta tərəflər arasında atəşkəs haqda müqavilə də bağlanmışdı. Serblər hücum etməyəcəklərinə söz verir, boşnaklar silahlarını təhvil verirlər. İki illik atəşkəs oldu. Serblər iki ildən sonra tank və ağır artilleriyanın dəstəyi ilə hücuma keçdilər. “Mavi dəbilqəlilər” onları qoruya bilmədilər. Nə BMT, nə NATO HHQ risk etmədi. 48 saatdan sonra hər şey qutardı. Məqsədə nail olundu: Srebrenniça etnik təmizləndi. Təkcə 2500 kişi və uşaq meyiti yalnız qəbiristanlıqdan tapıldı. Ölənlərin ümumi say 8 min nəfər idi”-dedi və boşnaq tələbə susdu. Fərid dillənir “lap bizdə, Xocalıdakı kimi”. “Yalnız dörd il sonra BMT Srebrenniça faciəsi haqda hesabat hazırladı. Özünüanaliz, yenə həmin fəlsəfə, yenə köhnə prinsiplər. Bilmirlər ki, etnik təmizləmənin bir formulu var: fərqli qan vəba kimidir. Atəş!” “Bəs, cinayətkarlar?” sualına “Radovan Karaciclə Mladiç həbs olunub, Haaqa tribunalına verildilər”cavabı gəlir. Sonra belorus tələbə danışdı. Fəridin “sizin günahınız nə idi?” sualına “Schutzpolizei” adlanan mühafizə polisinin 118-ci batalyonu partizanların içərsində alman zabiti olan maşını partlatdıqlarının əvəzini Xatın camaatından çıxıblar”. Bütün kənd yandırılıb. 149 nəfrədən 75-i uşaq olub” cavabı gəlir. “Bəs cinayətkarlar?” – “Müharibə bitəndən sonra həmin batalyonun qərargah rəsi Qırmızı Ordunun leytenantı Vasyura və Meleşko güllələnmə cəzasına məhkum ediliblər”.
Oradurdan olan tələbə də oxşar hadisəni danışır. Hazırda həmin şəhərdə 2188 şəhər sakini yaşayır. Əsl adı. Oradur-sür-Qlan. Almanlar Oradur-sür-Qlan qəsəbəsində əsir götürlmüş ştrumbanfürer Helmut Kampfın saxlanıldığı haqda məlumat aldıqdan sonra şəhəri mühasirəyə alırlar. Kişilər kənd inzibati binasında, qadın və uşaqlar isə kilsədə qətlə yetirilirlər. 197 kişi, 204 qadın və 205 uşaq. Bəs cinayətkarlar? “12 dekabr 1953-cü ildə Bordo şəhərində 65 əsgərə qarşı cinayət işi qaldırlıb. Onlardan yalnız 28 nəfəri məhkəmə qarşısında dayanıb. 7 alman, 21 elzaslı”.
Nəhayət ,Fərid danışır. Xocalıdan. Məhv edilən şəhərdən, gözü çıxarılan uşaqdan, anadan, oğuldan, qızdan, erməni vəhşiliyindən. “Hitler deyirdi biz Almaniyaya təhlükə törədən bütün xalqları qırmalıyıq. Mənim haqqım var soxulcan kimi çoxalan aşağı təbəqədən olan milyonlarla insanı məhv edim. Erməni generallar da belə fikirləşdirdilər. Onlar dayanmadan Dağlıq Qarabağın təhlükəsizliyini əsas gətirirdilər.
-“Səbəb nə idi?”- -“onlar azərbaycanlı idilər” …Uzunmüddətli pauza. “Bəs günahkarlar?” – Günahkarlardan biri Ermənistan müdafiə naziri, o biri baş nazir, başqa biri prezident seçildi. Bundan başqa, 366 alayın komandir müavini B.Baymukov, birinci batalyonun komandiri İ.Moiseyev, ikinci batalyonun komandiri S.Ohanyan, üçüncü batalyonun komandiri E Naboknik, birinci batalyonun qərargah rəisi Çitçiyan, alayın kəşfiyyat rəisi mayor Hayriyan, rota komandiri O.Mirzoyan, kəşfiyyat bölmə rəsii Xrinxua, tank rotasının komandiri Qarmaş, rota komandiri baş leytenant Hakonyan, batareya komandiri Əzizyan, kəşfiyyat komandirinin müavini Bondarev hələ də azadlıqdadır və Xocalının işğalı zamanı qazandıqlarını xərcləyirlər.
…Dostayevskinin “Karamazov qardaşları”nda maraqlı bir məqam var. Alyoşa Karamazov soruşur: “Əgər xoşbəxt bəşəriyyət üçün bina qurmaq istəsəniz, o bina bir uşağın göz yaşları bahasına başa gəlirsə, sən o evi qurarsan?” “İndi Qarabağ erməniləri xoşbəxtlik evini-qondarma azadlıq ideyasını Xocalı uşaqlarının göz yaşları üstündə qurdular. Amma yaddan çıxarırlar ki, qan üstündə qurulan xoşbəxtlik uzun çəkməz”… …Sonra söhbət qızışır. “Dünya ictimaiyyəti nə edə bilər? O nə etməyə bilməz? Nəyi etməlidir?” sualları, cavablar. Onsuz da biz bu sualı biz hər gün veririk. İndi İraq, Əfqanıstan, dünən Yuqoslaviya, o biri gün Dağlıq Qarabağ haqda. Və ümumiyyətlə, dünya ictimaiyyəti nədir? Proqressiv bəşəriyyətmi? Yoxsa dünyada baş verənlərə guya təsir etmək gücündə olan oyuncaqmı? …Deyirlər BMT müharibə aparmır, BMT sülh yaradır. Tərəflər arasında sülh. Əgər tərəflər bunu istəmirlərsə? BMT silah işlətmir və öz əsgərlərinin həyatı ilə risk etmir. Deyirlər, BMT-nin bir silahı var: dünya ictimaiyyətinin avtoriteti. Bəs rəqib bu avtoriteti qəbul emtəyəndə, bütün norma və prinsiplərə tüpürəndə necə? Erməni liderlər Köçəryan, Sarqsyan, Qukasyan kimi. Ferqusson qaydası yada düşür: Vəziyyət dönməz xarakter alanda “gəlin hər şeyi unudaq” demək olmaz”. …Lidiçe, Xatın, Srebrenniçanın coğrafi koordinatlarını daxil etməklə bu şəhəri peyklə izləmək olur. Təkcə Xocalıdan başqa. Bütün cinayətlərin üstü açılıb, cinayətkarlar cəzalarını alıblar. Təkcə Xocalı faicəsinin günahkarlarından başqa. Bizim istədiyimiz nədir? İcazə verin öz kabus-şəhərimizə gedək. İcazə verin dağılmış evlərimizin qarşısında toplaşa bilək. Heç olmasa uşaqlıq xatirələrimizi şəhərdə basdırmağa icazə verin. Biz kabus-şəhərimizə qayıtmaq istəyirik. Eşidirsiniz? Sənan Nəcəfov
Məqalə Azərbaycan Mətbuat Şurası “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin jurnalistlər arasında elan etdiyi müsabiqədə birinci yerə layiq görülüb
2010
http://qhtxeber.az/news/a-307.html