1905.az saytının bu dəfəki müsahibi Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğludur.
– Biz belə düşünməyə öyrəşmişik ki, erməni diasporu çox güclüdür, bütün dünya mediasını erməni təbliğatı bürüyüb, onların qarşısına çıxmaq çox çətindir. Bu doğrudanmı belədir, yoxsa biz dünya erməniliyinin gücünü həddindən artıq şişirdirik?
– Qeyd edim ki, SSRİ dövründə bizim bir millət kimi özümüzü tanıtmaq, dünyaya təqdim etmək imkanlarımız məhdud olub. Dünya yalnız ayrı-ayrı şəxsiyyətlərimizi – Heydər Əliyevi, bəzi mədəniyyət xadimlərimizi və s. tanıyırdı. Halbuki hələ SSRİ dağılmamışdan bir neçə il öncə ABŞ prezidentlərinin ikisinin köməkçisi, Kaliforniya ştatının qubernatoru, bir neçə konqresmen erməni millətinə mənsub şəxslər idi. Elə bu sayaq insanlar da erməni diasporunun özəyini təşkil edirdilər. Lakin indi əminliklə demək olar ki, erməni diasporu zəifləyib, bioloji-fizioloji yaşlanma dövrünü keçirir. Əgər əvvəllər, xüsusilə də 1976-1986-cı illərdə Konqressdə 5-6 nəfər milliyyətcə erməni konnqressmen var idisə, indi heç biri də yoxdur. Dediyim kimi, bioloji-fizioloji qocalıq, saylarının azalması, assimilyasiya öz işini görür. Dünyada baş verən proseslər ermənilərin xeyrinə deyil. Onların nəinki sayları azalır, həm də təmərküzləşmə mərkəzləri dağılır. Məsələn, Fransua Ollandın prezident seçkilərindən sonra verdiyi vədlərə əməl etməməsi erməni diasporuna çox mənfi təsir göstərdi, bir növ onları silkələdi. Onlar Azərbaycan Prezidentinin Fransaya səfəri ərəfəsində böyük mitinq keçirəcəklərini bildirsələr də, yalnız 500 nəfər meydana çıxara bildilər.
Bütün bunlar onların diaspor fəaliyyətinə sarsıdıcı zərbələr vurdu. ABŞ-da prezident seçkilərində həm Barak Obama, həm də Mitt Romni fəal seçki kampaniyası keçirdilər. İlk dəfə idi ki, prezidentliyə namizədlərin hər ikisi ermənilərə diqqət ayırmadı. Onlar sanki ermənilərin hiperaktivliyindən bezmişdilər. Hətta seçkiyə 15-20 gün qalmış ermənilərin namizədlərə göndərdikləri sorğular da diqqətdən kənarda qaldı. Başqa sözlə desək, erməni diasporu bu gün itirən diaspordur və zəifləyib.
– Erməniləri zəiflədiyini bildirdiniz. Bəs biz necə, güclənmişikmi?
– Birmənalı olaraq bəli. Mən bizim Xarici İşlər Nazirliyinin, yaxud Diaspor Komitəsinin hesabatlarından danışmayacağam. Bizim diasporun güclənməsini ermənilər özləri etiraf edirlər. Hər il erməni səfirlərinin illik toplantısı keçirilir və onlar ilk növbədə Azərbaycan diasporundan şikayətlənirlər. Onlar bizim diasporun neytrallaşdırılması yollarını arayırlar. Yalnız səfirlər deyil, Ermənistan prezidenti də xaricə səfərləri zamanı Azərbaycan diasporunun gücündən gileylənir.
Bizim diaspor hələ indi-indi ayağa durur. Hələ təşkilatlanmalı, stumullaşdırılmalı, mərkəzləşdirilməliyik. Yaxın 5 il ərzində diasporla bağlı quruculuq sözünü işlətməliyik. Yalnız bundan sonra diasporun fəaliyyətini yönləndirmək məsələsi haqqında düşünmək olar.
– Mübariz müəllim, erməni diasporu nə qədər zəifləsə də Amerika cəmiyyətində bu amil mövcuddur. Bir neçə gün sonra ermənilərin qondarma soyqırımlarımların növbəti ildönümü gəlir. Amerika Konqressində həm respublikaçı çoxluğun, həm də demokratik azlığın liderləri ermənipərəst konqressmenlərdir. ABŞ-la Türkiyə arasında münasibətlərin son vaxtlar arzuolunandan xeyli uzaq olduğunu və eləcə də Konqressə növbəti seçkilərin yaxınlaşdığını da nəzərə alsaq, erməni “soyqırımı” haqqında sənəd parlamentdən keçirilə bilərmi?
– SSRİ-nin dağılmasından ən çox fayda götürən dövlət Türkiyədir. Mərkəzi Asiya ölkələrində Türkiyənin böyük maraqları var. Həm də bu maraqlar yalnız türkdilli dövlətlərdə deyil, Tacikistanda da mövcuddur. Türkiyə bu ölkələrin iqtisadiyyatında çox geniş təmsil olunur. Bütün bunlar əlbəttə ki, ABŞ-ın xoşuna gəlmir.
Soyqırımını tanımaq yalnız bir addımdır. Lakin bu addımı atdıqdan sonra ABŞ-ın Türkiyəyə təzyiq imkanları son dərəcə məhdudlaşır. Buna görə də bu imkanı həmişə əlində saxlamağa, onun ətrafında qorxu PR aksiyası, imici yaratmağa çalışır. ABŞ-dakı erməni diasporu da bunu başa düşür.
Ermənilərin ABŞ Konqressindən keçirmək istədikləri qətnamənin adı ermənilərin “soyqırımı”nın tanıdılması ilə bağlı deyil. Həmin qətnamənin adı “Soyqırıma ədalətli münasibət”dir. Nə qətnamənin başlığında, nə də içində “erməni soyqırımı” ifadəsi yoxdur. ABŞ-dakı ermənipərəst qüvvələr və təşkilatlar bu yolla bir çox konqressmenləri aldatmağa çalışırlar. Guya bu yolla onlar ABŞ-ın dövlət maraqlarını, ABŞ-Türkiyə münasibətlərinin vacibliyini anladıqlarını və ona qarşı getmədiklərini göstərir, dünyanın soyqırımı siyasətini pisləməsini istəyirlər. Halbuki alt qatda yenə də öz düşüncələrini ön plana çıxarırlar. İndi bu dəqiqə həmin sənədin Konqressdən keçməsi mümkün deyil.
– Bəs “erməni soyqırımı”nın 100 illiyində necə?
-Əvvəla, Ermənistanın hazırki mövqeyi ABŞ-ı qətiyyən qane etmir. Sentyabrın 3-də Ermənistan Gömrük İttifaqına üzv olmaqla bağlı qərar qəbul etdi. Amma ABŞ-da belə bir təsəvvür vardı ki, Ermənistan Avropa Birliyi ilə assosiativ saziş imzalayacaq. Ardınca isə Ukrayna məsələsi ilə bağlı BMT-dəki səsvermədə ABŞ əmin idi ki, Ermənistan neytral qalacaq. Bu gözlənti də özünü doğrultmadı.
SSRİ-nin dağılmasından və Rusiyanın zəifləməsindən sonra Türkiyənin mövqeyi NATO-da zəifləmişdi. Lakin Rusiyanın Krımı işğal etməsi ilə öz güclənməsinin, ikiqütblü dünya yaranmasının və “soyuq müharibə”nin bərpa edilməsinin mesajını verməklə, Türkiyənin əhəmiyyətini daha da artırdı. Çünki Krımı birləşdirməklə Rusiya Qara dəniz və Aralıq dənizi hövzəsində mühüm qüvvəyə çevrildiyini göstərir. Aralıq dənizi hövzəsində Rusiya gəmilərinin hərəkətini nizamlayan bir müqavilə var – Montre müqaviləsi. Həmin müqavilə də Türkiyə ilə əlaqədardır. Rusiya gəmiləri ancaq Türkiyə boğazlarından keçməklə Aralıq dənizinə çıxa bilər. Müqavilə boğazdan keçən gəmilərin ağırlığını, hansı silahlarla təchiz olunduğunu nizamlayır. Yəni bu lokal məsələdə Türkiyənin rolu əvəzsizdir. Rusiya qarşısında durmaq üçün Türkiyənin rolu ABŞ üçün çox vacibdir. Türkiyə mövcud reallıqda Qərb üçün əvəzedilməz ölkədir. Ona görə də belə düşünürəm ki, ermənilərin “soyqırım”la bağlı çabaları sadəcə olaraq çaba kimi də qalacaq. Hətta mən bir məsələni də vurğulamaq istərdim. Barak Obamanın 2012-ci il və 2013-cü ildə həmin hadisələrlə bağlı müraciətinin leksikası Türkiyənin xeyrinə, ermənilərin isə ziyanına doğru dəyişib. Bu baxımdan mən nikbinəm və gələn il də ermənilərin bu qətnaməni keçirə biləcəklərini gözləmirəm.
Amma Türkiyə-Ermənistan münasibətlərində diqqət yetirilməsi məqam başqa yerdədir. Sanki hədəf dəyişib. Amerika Türkiyədə özünə lazım ola biləcək qüvvəni, bir növ beşinci kolonna formalaşdırıb. Bəzən Türkiyə ziyalıları, qeyri-hökumət təşkilatlarının nümayəndələri “soyqırım”la bağlı heç ermənilərin xəyal edə bilməyəcəkləri bəyanatlar səsləndirirlər. Məsələn, Qrant Dinkin ölümünün ildönümü ilə bağlı bəzi Türkiyə ziyalıları ermənipərəst mövqeli bir bəyanatla çıxış etdilər. Elə ermənilərin içərisində də Türkiyəmeylli qüvvələr yetişib. Onlar həmin “soyqırım” məsələsi ilə al-ver edilməsinin əleyhinədirlər və Türkiyə ilə normal münasibətlərin tərəfdarı kimi çıxış edirlər.
– Bu yaxınlarda mətbuatda Böyük Britaniyanın Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqun qurulması üçün hər birinə 1,5 milyon funt sterlinq məbləğində vəsait ayrılması faktı qeyd olundu. Sizcə, bu fakt iki icma arasında dialoqun yaradılmasına kömək edəcəkmi?
– Məncə, bu dialoqun yaradılması çox vacibdir. Dağlıq Qarabağ probleminin həlli bu bölgədə erməni icması ilə azərbaycanlı icmasının dinc yanaşı yaşaması deməkdir. Yeniləşmiş Madrid prinsiplərinin altı maddəsinin sonu məhz buna gətirib çıxaracaq. Dağlıq Qarabağ azərbaycanlıları öz torpaqlarına qayıdıb, burada yaşayan ermənilərlə dil tapıb, bir cəmiyyət quracaqlar. Bundan sonra isə onun statusunu müəyyənləşdirəcəklər. Ona görə də bu dialoqun yaradılmasının tezləşməsi həm də statusun müəyyənləşdirilməsinin tezləşməsidir. Dağlıq Qarabağ problemində ən vacib məqam da elə budur.
Düzdür, bu icmalararası münaqişə deyil. Erməni icması bildirir ki, onlar referendum keçiriblər. Bizsə deyirik ki, onlar əvvəlcə azərbaycanlıları deportasiya ediblər, sonra referendun keçiriblər. İndi azərbaycanlılar oraya qayıtdıqdan, ermənilər və azərbaycanlılar bir yerdə yaşadıqdan, bir-birini tanıyıb, qəbul etdikdən sonra Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olar. Dinc tənzimləmə də elə budur. Bütün bu problem Ermənistanın ortaya atdığı ərazi iddiasından qaynaqlanır.
– Mübariz müəllim, belə fikirlər də səslənir ki, Azərbaycan Dağlıq Qarabağ problemini Rusiya Krım məsələsini həll etdiyi kimi aradan qaldırmalıdır. Bu, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Rusiya və Ermənistana qarşı müharibəyə girməsi anlamına gəlmirmi?
– Dağlıq Qarabağ probleminin həllinin düyünə düşməsi üçün Ermənistanın bizə qarşı istifadə etdiyi mühüm arqumentlərdən biri, Rusiya xofudur. Bizim cəmiyyətdə də bu fikir hakim olub ki, müharibə olacağı təqdirdə Azərbaycan Ermənistanla yox, Rusiya ilə döyüşəcək. Halbuki KTMT-nin baş katibi Bordyuja dəfələrlə bəyan edib ki, bu qurum Dağlıq Qarabağ münaqişəsinə qarışmayacaq. Sadəcə Rusiya xofu ilə bağlı yazılanlar erməni jurnalistlərinin uydurmasıdır. Bordyuja hətta bəyanat verdi ki, Azərbaycan KTMT-yə dost dövlətdir. Elə bir neçə gün öncə Ermənistanın müdafiə naziri S.Ohanyan da bəyanat verdi ki, onların Rusiya ilə əlaqələri yalnız Türkiyənin mümkün hücumunun qarşısını almağa yönəlib. Başqa sözlə, KTMT ilə əlaqələr Azərbaycana qarşı nəzərdə tutulmayıb.
1905.az