1905.az portalının suallarını “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin baş prodüseri Mübariz Hacıyev cavablandırır.
– Çalışdığınız nüfuzlu TV Qarabağ həqiqətlərini özünün 90 milyondan artıq tamaşaçını birləşdirən auditoriyasına çatdıra bilirmi?
– İcazənizlə, 1905.az saytının oxucularına “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi (DTRŞ AMN) haqqında qısa məlumat vermək istəyirəm. “Mir” DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyi 1993-cü ilin 24 dekabr tarixində mərhum prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə MDB məkanında Azərbaycan haqqında informasiya boşluğunu doldurmaq məqsədilə imzalanan Sazişlə 1994-cü 14 mart tarixindən etibarən fəaliyyət göstərir. Heydər Əliyevin göstərişi ilə “Mir” DTRŞ AMN-nin normal fəaliyyət göstərməsi üçün bina ayrılıb. Açılış mərasimində şəxsən iştirak edən prezident Heydər Əliyev kanalın Azərbaycanda fəaliyyət göstərməsinin vacibliyini vurğulamışdı. Geniş auditoriyaya malik olan “Mir” kanalı 9 MDB üzvü olan ölkənin ərazisində, o cümlədən Ermənistanda da açıq yayımlanır. Bu isə həssas bölgədə, ciddi bir kanalda fəaliyyət göstərdiyimizi deməyə əsas verir. Hal-hazırda “Mir” DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyinə Prezident Heydər Əliyevin xeyir-duası ilə bu vəzifəyə təyin olunan İlqar Paşazadə rəhbərlik edir. 2011-ci il 15 fevral tarixində isə “Mir” kanalına müsahibə verən ölkə prezidenti cənab İlham Əliyev kanalın fəaliyyətini yüksək qiymətləndirərək, ona gələcək işində uğurlar arzulamışdı. Qeyd olunanları nəzərə alaraq deyə bilərəm ki, “Mir” DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyi daha çox siyasi bir kanaldır. Bizim fəaliyyətimiz bu istiqamətdə olduğu üçün bizdən gözləntilər də bu səpkidə olmalıdır. Bəzən tamaşaçılar bizim kanal ilə yerli kanalları qarışdırırlar. Tamaşaçı tələbi və istəyi gözəldi. Ancaq söylədiyim kimi tələblər formata uyğun olmalıdı. Fikrimcə, yaşadığımız cəmiyyətin qaydalarına uyğun olaraq, dünyada olan reallıqlar çərçivəsində Qarabağ problemini lazımi ünvanlara çatdıra bilirik. Ola bilər insanların istədiyi kimi olmasın, ancaq bu iş gedir. Kanalın fəaliyyət sferası keçmiş SSRİ-nin ərazisinə aid olduğu üçün Qarabağda nələrin baş verdiyini əslində bu məkanda çox yaxşı bilirlər. Kimsə nəyisə görməzdən gələ bilər. Əminəm ki, hətta belələri reallığı daha yaxşı dərk edirlər. MDB ölkələrinin tamaşaçıları Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu çox gözəl bilirlər. Reallıqda nə sadə erməniyə, nə də Ermənistan hakimiyyətinə Qarabağ lazım deyil. Qarabağ “istəyi” bu ölkəni bir çox beynəlxalq layihələrdən kənarda saxladı. Nəticədə, inkişaf edən Ermənistan əvəzinə nimdaş və vətəndaşsız Ermənistan modeli yarandı. Artıq ermənilər Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu etiraf edirlər. İstənilən halda mən Qarabağı müharibə yolu ilə azad etməyimizin tərafdarıyam. Allahın köməyi ilə o gün uzaqda deyil…
– Bu gün çoxları medianın nüfuzunun aşağı düşməsi, jurnalist sözünün kəsərini itirməsi barədə mülahizələr yürüdür. Sizin qənaətiniz?
– Məşhur bir kəlam yadıma düşdü: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu deyimi mediaya da, hər hansı adi bir şəxsə də şamil etmək olar. Yəni iqtisadi cəhətdən çətinliyi və asılılığı olan insan və ya mətbuat orqanı müstəqil fikir daşıyıcısı ola bilməz. Müstəqil olmayan medianın ortaya keyfiyyətli məhsul qoyması mümkün deyil. Deməli, bütün problemlərin başında iqtisadi sıxıntı durur. Digər tərəfdən qəbul etməliyik ki, mətbuat da cəmiyyətin bir hissəsidir. İnkişaf edən cəmiyyətdə mətbuatın inkişafdan qalması qeyri-mümkündür, yəni burada cəmiyyətlə medianın inkişafı düz mütənasibdir. O ki qaldı medianı tənqid edən şəxslərə, onlar dönüb arxalarına baxsalar, pis olmaz. O zaman görəcəklər ki, onlar özləri daha çox inkişafdan geri qalıblar. Bəzən görürsən ki, yolu hardan gəldi keçən, avtomobildən küçəyə zibil atan, ictimai yerdə saqqız çeynəyib, siqaret çəkən və sonra onu yerə atan birisi mətbuatın inkişaf etməməsindən danışır. Rüşvət alanların sağ-solunda qaçan, onlara sədaqətini nümayiş etdirən birisi, onlardan 5-10 manat alan jurnalistə rüşvətxor deyir. Jurnalistə haqq qazandırmıram, amma rüşvətxoru qınayırıqsa onların arasında fərq qoymayaq. Bunu demək istəyirəm. Tanıdığım və oxucusu olduğum gözəl qələm sahibləri var ki, gecələrini gündüzlərinə qatıb bir neçə mətbuat orqanı üçün yazdıqları köşələr sayəsində yaşayırlar. Həm maddi, həm də mənəvi. Bu ağzıgöyçəkləri belə yazarların rüşvət almadan yaşamasına inandıra bilməzsən. Inansalar belə, o zaman onları cəmiyyətlə ayaqlaşmamaqda ittiham edəcəklər. İnandırım sizi, mediadan narazı olan adamların çoxu bu tip adamlardır. Media sahəsində problemlərin olmadığını iddia etmək fikrim yoxdur. Əsla. İstənilən sahədə dəyərini ala bilməyən məhsul rəfdə qalaraq qiymətdən düşür. Media da öz sahəsində məhsul istehsal edir. Bu məhsula dırnaqarası münasibət yazarı ruhdan salır. Nəticədə, növbəti yazı ruh düşkünlüyü ilə yazıldığı üçün əvvəlki keyfiyyətdə olmur. Bu normal bir prosesdir. Bütün sahələrdə belə hallar olur. Hal-hazırda prodüser vəzifəsində çalışdığım üçün məni narahat edən bir məsələyə toxunmaq istəyirəm. Bəzən bizləri ittiham edənin mediaya yaxın olan şəxs olması daha çox üzücü olur. Axı, bu şəxs media əhlinin durumundan xəbərdardır. Sadə bir xəbəri dəqiqləşdirib lazımi ünvana çatdırmaq üçün çəkilən əziyyəti, eləcə də, operativ xəbər üçün məktub yazmağı tələb edən dövlət qurumlarının olduğu unudulmamalıdır. Hələ mən mətbuata qapalı olan qurumları demirəm. Mən inanmaq istəyirəm ki, getdikcə medianın durumu düzələcək, ən azından buna ümid edirəm. Əsas odur oxucu və tamaşaçı problemimiz olmasın.
– Vətənpərvərlik mövzusu mediamızın tez-tez müraciət etdiyi mövzulardan deyil. Hər halda belə təsəvvür var çoxumuzda. Bu doğrudan da belədirmi? Və əgər belədirsə, vəziyyəti dəyişmək üçün nə etmək lazımdır?
– Fikrimcə vətənpərvərlik insanın içində olmalıdır. Bəlkə də, hansısa tədbirlər və vasitələrlə bu hissi insanlara aşılamaq olar. Ancaq bunun arzuolunan nəticə verəcəyinə inanmıram. Hesab edirəm ki, Vətənini sevən insanın övladı vətənpərvər kimi doğulur. Odur ki, ilk öncə öz üzərimizdə işləməliyik. Uşaqlarımıza Vətənin hardan başlayıb, harada bitməsini izah etməliyik. Himnimizin, bayrağımızın və gerbimizin mənalarını və dəyərlərini onlara izah etməliyik. Fikir verdinizsə, etməliyik dedim. Bax problem bundadır. Biz hər şeyi bilirik, ancaq əməl etmirik. Orta məktəb dərsliklərində bayrağın, gerbin anlamı düzgün yazılmayıbsa, bu artıq biabırçılıqdır. Bu gün şəhərdə sorğu keçirsək, işğal altında olan rayonların adı bir yana, heç bayrağın rənglərinin anlamını çox adam düzgün bilməyəcək. Bunun da günahı yenə bizim üzərimizə düşür. Mən də digərləri kimi, nöqsanları saydım. Bayaqdan fikirləşirəm ki, çıxış yolu kimi nəyi göstərim. Hələ ki, öz içimdəki suala cavab tapa bilməmişəm. Ancaq ilk ağlıma gələn bir-iki təklif verə bilirəm. Orta və ali məktəblərdə dərslər başlanmazdan əvvəl himnimiz səslənsin, bayraq və gerbimiz haqqında məlumatlar verilsin. Rübün sonunda imtahanlarda sual kimi salınsın. Şəhərin girişində, o cümlədən mərkəzində vətənpərvərliyi təbliğ edən reklam lövhələri asılsın. Rayon mərkəzlərində şəhidlərin şəkilləri asılsın. Bəlkə də daha optimal variantlar var, hansı ki, yadıma düşmür. Oktyabr ayının 17-də qafqazinfo.az saytında bir başlıq diqqətimi çəkdi. “Məktəbdə zəng yerinə vətənpərvərlik mahnısı səsləndi.” Sonra isə bunun bir yenilik olduğu yazılmışdı. Bunu etmək doğrudanmı bu qədər çətindi. Götürək bizim kanalları. Çox az yer ayırırıq vətənpərvərlik mövzularına. Olmaz ki, dövlət qurumları bu mövzuda materiallar hazırlayıb yayımlanması üçün kanallara versin? Təbii ki, reklam materialı kimi. Kanal bir ay dövlət hesabına bunu edərsə, əminəm ki, bir ay da öz hesabına bu reklamı efirə verər. Əsas odur ki, kimsə bu işə başlasın. Baş verənlərə rəğmən pessmist deyiləm. 2012-ci ilin fevral ayının 26-da ölkə prezidenti cənab İlham Əliyev Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə ümumxalq yürüşü etdi. Yəqin ki, sizlər də o yürüşdə iştirak etmisiniz. Yürüşdə müxalifət iqtidar demədən hamının iştirak etməsi, insan sayına görə möhtəşəm olması çox qürur verici idi. Bir də ki, içində vətənpərvərlik olmayanın orda olması az inandırcı görsənir. Çünki yürüşdə iştirak edən şəxs kimi deyə bilərəm ki, orada heç bir məcburiyyət yox idi. Mənim ətrafımda olan adamlar oldu ki, orada iştirak etmədilər. Ancaq biz orada yalnız öz ürəyimizin səsi ilə iştirak etdik. Digər bir fakt 2014-cü ilin avqust ayında cəbhə bölgəsində tez-tez atəşkəsin pozulması insanlarda müharibənin başlamasına dair fikir formalaşdırdı. Yenə də yürüşə gəlməyənlərdən fərqli olaraq, yürüşdə iştirak edənləri döyüşə hazır gördük. Yəni insanların içində bir kənarda olsa da vətənpərvərlik var. Yetər ki, bir balaca stimul olsun. Ancaq bu sahədə görüləsi işlərimiz çoxdu.
– İndi də Sizin indiyə qədər görə bildiyiniz, bundan sonra görməyi planlaşdırdığınız işlər barədə danışaq.
– Gördüyüm işlər haqqında danışmaq çətin olar mənim üçün. Ancaq görəcəyim əsas işi dəqiq bilirəm. Qarabağın müharibə yolu ilə azad olunması və köçkün adının üstümdən götürülməsi ən böyük arzumdu. Ehtiyatda olan zabit kimi son sözümü silahımla deməyə hazıram. Qarabağın işğaldan azad edən zaman şəhid olmasaq, o zaman 1905.az saytına gördüyüm işlərdən danışmağa dair kişi sözü verirəm.
– 1905. az saytına tövsiyələriniz.
– Hər gün işə gələndə baş verənləri izləmək və lazım olan informasiyaları almaq üçün inandığım saytlar kompüterdə gözümün qarşısında olur. Bu hal günün sonuna qədər davam edir. Bu saytların içində 1905.az saytının xüsusi yeri var. Diqqətimi çəkən məqam vətənpərvərlik və tariximizə dair mövzulara geniş yer ayırmağınızdır. Xocalı faciəsini yaşayan biri kimi, yəqin ki, bu qətlamın geniş oxucu kütləsinə çatdırdığınıza görə saytınızı özümə doğma sayıram. Bu sizin saytı digərlərindən fərqləndirən başlıca səbəbdi. Məşhur Azərbaycan filimində deyilən kimi, “sükanı belə saxlayın”.
– Minnətdaram, Mübariz müəllim.
Fuad Babayev
1905.az