2000-ci ilin 26 fevralında biz İrəvanda idik.
Düz 13 il bundan qabaq.
Və Xocalı soyqırımından 8 il sonra…
O zaman Azərbaycan mediasının nümayəndələri tez-tez Ermənistana gedirdilər. Cürbəcür layihələr vardı. Biz də bu layihələrdən biri çərçivəsində gedib çıxmışdıq tarixi Azərbaycan şəhəri İrəvana. Və erməni həyasızlığını əyani şəkildə görmək imkanı əldə etmişdik. Erməni həyasızlığı da elə bir şeydir ki, onun hər hansı təzahürünü gördünsə, qurtardı. Əmin ola bilərsən ki, ömürlük yadından çıxmayacaq.
13 il bundan qabaq gerçəkləşmiş həmin səfərdən də mənim yaddaşımda məhz erməni həyasızlığı ilə bağlı nəsnələr qalıb .Köçəryanın bizimlə, yəni ölkəsinə gəlmiş Azərbaycan jurnalistləri ilə məhz Xocalı soyqırımının ildönümü günü görüşmək niyyətinə düşməsi həyasızlıq deyildimi? Hər halda, özünü əsl jurnaist kimi göstərməyə çalışan və deyəsən “əvvəl jurnalist, sonra vətəndaş” olmaları ilə fəxr edən, adlarını elə oradaca unutduğum gürcü jurnalistlərindən fərqli olaraq biz buna əmin idik. Və təbii ki, qrupumuzun ağsaqqalı, dəyərli həmkarım Kamal Əlinin təşəbbüsü ilə İrəvana çatar-çatmaz həmin görüşdən imtina etdik.
Köçəryanla görüşdən imtina etməyimiz səfərin təşkilatçılarını çətin duruma saldı. Biz də İrəvan küçələrində çəkiliş aparmaq üçün vaxt əldə etdik.
İndiki kimi yadımdadır, operator Eldar İsgəndərovla birlikdə yoldan keçənlərə yaxınlaşıb müxtəlif suallar verir, cavabları və təbii ki, Azərbaycandan gəldiyimizi bildikdə təəccüblənən adamların reaksiyalarını lentə alırdıq. Bizi görüb heyrətlənirdilər və heç birinin 8 il əvvəl törədilmiş Xocalı dəhşətindən xəbəri yox idi…
Bu qədər. 21 il keçdi. 1992-ci ildə anadan olmuş gənclərimizin böyük hissəsi artıq əsgərliyini çəkib qurtarıb. Az vaxt deyil 21 il. Bir igidin ömrüdür…
Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov şəhidlik zirvəsinə ucalanda cəmi 22 yaşı vardı. Mübariz İbrahimov Xocalıya qədər 4, Xocalıdan sonra 18 il yaşadı. Və həmişə sağ olacaq.
Əminəm, şəhid gizirimiz Xocalı soyqırımının ildönümü günü şəhidlərimizin xatirəsini elə Xocalıda anmağımızı istərdi.
Gəlin elə edək ki, buna layiq olaq. Bacaraq bunu.
Xocalı şəhidlərinin xatirəsini düşməndən təmizlənmiş Qarabağda, Xocalıda anmağa.
Allah rəhmət eləsin!
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 58-59)