Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistemli şəkildə raket zərbələri endirir.
Eyni zamanda, Ermənistanın müdafiə nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir.
Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir.
Azərbaycanın Müdafiə Nazirliyi raketlərin Ermənistan ərazisindən buraxıldığını təsdiqləyən videonu təqdim edib.