ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışının Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfi vasitəçilərin sülh təşəbbüslərini həmişəki kimi əks-reaksiya verməklə qarşılayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında yer alıb.
Məlumatda bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin “atəşkəs rejiminə Ermənistan sərhədləri daxilində ciddi şəkildə əməl edəcəyi” fikri, faktiki olaraq hazırda işğal altında olan torpaqların ilhaqı kimi qələmə verilməsindən başqa bir şey deyil.
Bunu nəzərə alaraq, nazirlik beynəlxalq qurumları erməni tərəfinin bu hərəkətinə müvafiq qiymət verməyə çağırır və bildirir ki, Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən vasitələri tətbiq etməklə qoşunların təmas xətti boyu Ermənistanın terrorçu fəaliyyətinin qarşısının alınması üçün bütün tədbirləri görəcək.