Bu günlərdə 81 yaşlı general Mişel Aun Livanın prezidenti seçildi. Generalın adaşı Süleyman soyadlı keçmiş dövlət başçısının mandatı 2 il yarım bundan əvvəl başa çatsa da, Livan qanunvericiləri müsəlmanları və xristianları qane edə biləcək siyasi fiqur seçimini yalnız indi həyata keçirə bildilər.
Bu hadisə haqqında çox yazmaq olar. Diqqəti çəkən məqamlardan biri də generalın yaşıdır.
Livanın yeni prezidentinin yaşı yadıma təqribən 2 il bundan əvvəl baş vermiş iki hadisəni saldı.
Beləliklə, 2014-cü ilin sonlarında baş vermiş saysız-hesabsız hadisələrdən ikisini xatırlayaq. Əvvəlcədən qeyd edirəm ki, hər iki hadisə gerontologiya ilə sıx bağlıdır. Bildiyiniz kimi, bu elm insanın qocalmasının bioloji, sosial, psixoloji aspektlərini öyrənir.
2014-cü ilin dekabrında İtaliya Respublikasının prezidenti 89 yaşlı cənab Napolitano bəyan etdi ki, yaxın həftələr ərzində istefaya gedəcək.
Və 88 yaşlı cənab Əs-Səbsi Tunis Respublikasının prezidenti seçildi.
İtaliyalı siyasətçi vədini yerinə yetirdi. İtaliya Respublikasının 11-ci prezidenti 2015-ci ilin 14 yanvarında özünün istefası haqqında aktı imzaladı. Napolitano ikinci dəfə 2013-cü ildə prezident seçilmişdi və bu vəzifədə 2020-ci ilə qədər çalışmalı idi. 1925-ci ilin 25 iyununda Neapolda dünyaya gəlmiş cənab Napolitano səlahiyyət müddətinin bitməsinə 5 il qalmış kürsüsünü tərk etməsini yaşı və səhhəti ilə ilə əlaqələndirmişdi.
1926-cı ilin 26 noyabrında Sidi-Bu-Saiddə anadan olmuş Tunis prezidenti indi də vəzifəsinin başındadır. O bu ölkənin tarixində 4-cü prezidentdir.
İtaliya prezidentinin Konstitusiya statusu İtaliya dövlətinin parlament formalı idarəetməsi ilə tənzimlənir.
Tunis prezident respublikasıdır.
İtaliya Avropada yerləşir, Tunis Afrikada.
Təyyarə Sizi İtaliyanın paytaxtından Tunisin baş şəhərinə 1 saat 10 dəqiqəyə çatdıra bilər. 2 şəhər arasında məsafə cəmi 577 kilometrdir.
İtaliya hələ antik dövrdə əhalinin siyahıya alınmasının aparıldığı yeganə Avropa ölkəsidir.
Tunis əhali artımını tənzimləmək məqsədilə rəsmi demoqrafiya siyasəti həyata keçirməyə başlamış ilk Afrika ölkəsidir.
Lap unutmuşdum. “Ömrün gözlənilən uzunluğu” adlı bir göstərici var. Dünya Səhiyyə Təşkilatı səhiyyə sistemlərini dəyərləndirərkən bu indikatora çox önəm verir. Və bu göstərici İtaliyada 82,7, Tunisdə isə 75,3 il təşkil edir…
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist