“…Dördüncü ildir ki, Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibə aparır. Silahlı quldur dəstələri Azərbaycanın sərhədyanı kəndlərinə basqınlar edir, dinc sakinləri, SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının və Sovet Ordusunun əsgər və zabitlərini, respublikanın hüquq mühafizə orqanlarının əməkdaşlarını öldürürlər. Azərbaycanın yaşayış məntəqələrinin raket və top atəşinə tutulması adi hal olmuşdur. Nəticədə evlər dağıdılır və yandırılır, bütöv kəndlər viran qoyulur, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin sakinləri zorakılıqla qovulmuş və kənd Ermənistan tərəfindən ilhaq edilmişdir. Ermənistandan DQMV-yə çoxlu terrorçu quldur dəstələri göndərilir; onlar adamları qətlə yetirir, soyğunçuluq edir, evlərə od vurur, malqaranı aparırlar. İndiyədək başa düşmək istəmirlər ki, müharibə Ermənistan tərəfindən törədilmişdir və arası kəsilmədən Azərbaycan ərazisində davam etdirilir.
Bu il aprelin 20-dən erməni yaraqlılarının təcavüzkar basqınları nəticəsində respublikada vəziyyət xeyli mürəkkəbləşmişdir. Silahlı basqınlar zonasına DQMV ərazisindən savayı, respublikanın on bir rayonu və Naxçıvan Muxtar Respublikası daxil olmuşdur. Respublikanın 1000 kilometrlik sərhədyanı zonasının hər yerində yaşayış məntəqələri Ermənistan tərəfdən top atəşinə tutulur.
Yaxşı təlim görmüş quldur dəstələrinin həyasızlığı o yerə çatmışdır ki, onlar SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının və Sovet Ordusunun əsgər və zabitlərini tərksilah edirlər. Qanunsuz yaradılmış silahlı dəstələrin tərksilah edilməsi üçün ölkə rəhbərliyinin uzun müddət tədbirlər görməməsinin nəticəsi bax budur. 1988—1989-cu illər ərzində Ermənistandan iki yüz min Azərbaycanlı əhali əsrlər boyu yaşadığı ərazidən qəddarcasına qovulmuşdur. Azərbaycanlılar kütləvi surətdə qovulub çıxarılarkən onların bir çoxu qətlə yetirilmiş, qış vaxtı neçə-neçə qaçqın dağlarda soyuqdan ölmüşdür. İndi Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır. Erməni yaraqlıları Dağlıq Qarabağ Muxtar Vilayətində də xeyli azərbaycanlını öz evlərindən qovmuşlar. halbuki günü bu gün də Azərbaycanda 200 minə yaxın erməni yaşayır və işləyir. Ermənilərin həyatı üçün azərbaycanlılar deyil, erməni quldur dəstələri təhlükə törədir, onları girov vəziyyətinə salırlar.
Qanunsuz yaradılmış silahlı dəstələrin tərksilah edilməsi haqqında SSRİ Prezidentinin Fərmanına Ermənistan rəhbərliyi açıq-açığına etinasızlıq göstərmişdir və heç də gizlətmir ki, həmin dəstələr Azərbaycana qarşı təcavüz məqsədilə yaradılmışdır və bunun üçün də istifadə olunur. Ermənistandan göndərilən yaraqlı dəstələr ermənilərin yaşayış məntəqələrində yuva salıb yerli əhalini qorxu içərisində saxlayır, oradan azərbaycanlılar yaşayan şəhər və kəndlərə silahlı basqınlar edirlər. Respublikanın ərazisini silahlı erməni ekstremistlərindən təmizləmək zərurəti çoxdan yetişmişdir. Bu istiqamətdə görülən tədbirlər məhz SSRİ Konstitusiyasının və Azərbaycan Respublikası Konstitusiyasının fəaliyyət qüvvəsinin bərpasına, Azərbaycanlı və erməni əhalisi üçün normal həyat şəraiti yaradılmasına yönəldilmişdir.
Ermənistan Respublikasının Ali Soveti vəziyyəti normallaşdırmaq sahəsində Ermənistan hakimiyyət orqanlarının səylərindən riyakarcasına dəm vuraraq, erməni ekstremistlərinin təcavüzkar əməllərini və çoxdankı millətçi niyyətini — Azərbaycan ərazilərinin bir hissəsinə yiyələnmək niyyətini ümumittifaq və dünya ictimaiyyətindən gizlədir.
Başqa xalqa qarşı təcavüz, zorakılıq hərəkətləri Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirmək haqqında Ermənistan Ali Sovetinin qanunsuz, Konstitusiyaya zidd qərarı bugünədək ləğv edilməmişdir. SSR İttifaqı öz Konstitusiyasına sadiq qalaraq, hər bir respublikanın, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dönmədən təmin etməlidir…”
Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin qərarından çıxarış – 5 may 1991-ci il
http://e-qanun.az