–İllərinizi operatorluğa sərf etmisiniz. Hazırda da operator kimi fəaliyyət göstərirsiniz. Yaradıcılığınızı neçə mərhələyə bölərdiniz?
– 1997-ci ildə ilk dəfə ANS, bir il sonra Space, sonra ABA telekanalında operator kimi işləmişəm. Televiziya ilə bir neçə il əməkdaşlıqdan sonra 2000-ci ildən təxminən kino sahəsinə gəldim. 2008-ci ildə bir bədii film üzərində işləməyə başladım. Filmin adı “Bir addım” idi. Sonra “Dolu” filminin üzərində işləmişəm. Ondan sonra da bir neçə sənədli və bəddi filmlər olub.
– Bəs, çalışdığınız illəri mərhələlərə bölsək yaradıcılığınızda hansı mərhələlər var?
– Televiziyada xəbər operatoru mərhələsi, reklam-klip, sənədli və bədii filmlər mərhələsi.
– İndi hansı film üzərində işləyirsiniz?
– Hazırda bir sənədli film üzərində işləyirəm. “Azərbaycanfilm” kinostudiyasında 7 qat dünya çempionu Ceyhun Məmmədov haqqında film hazırlanır. Çəkilişlər demək olar bitib, indi montaj işləri gedir.
MÜHARİBƏDƏN SONRA ÇOX AĞIR SARSINTI KEÇİRMİŞDİM
– Bilirik ki, Qarabağ problemi hamımızın həyatında müəyyən dərəcədə öz ağrılı izini qoyub. Kimsə müharibədə öz doğmasını, kimsə isə elini-obasını itirib. Elə adamlar da var ki, mənəvi travma alıblar. Bəs, sizin yaradıcılığınızda Qarabağ mövzusu hansı izləri buraxıb?
– Müharibədə televiziya işçiləri ilə tanış olmuşam. Qarabağ hadisələrindən əvvəl fotoqraf kimi çalışırdım. Müharibədə Vahid Mustafayev, İlqar Mikayıloğlu, Asif Bağırovla tanış oldum. Onlar hərbi operator kimi çalışırdılar. Müharibədən sonra çox ağır sarsıntı keçirmişdim. İşsiz idim. Gəldim onların yanına. Dostların köməkliyi ilə xəstəxanada müalicə aldım. Sonra ANS-də operator kimi fəaliyyətə başladım. Demək istəyirəm ki, bəlkə də müharibə olmasaydı mən heç operator olmazdım. Və foto sənətimi davam etdirərdim.
– Müharibə həqiqətləri sizin kameranızda hansısa formada əks edilibmi? Bu xəbərlərdə, klipdə və ya hər hansı sənədli, bəddi filmdə ola bilər.
– Deyərdim ki, “Dolu” filmində. “Dolu”nun quruluşçu operatoru Nadir Mehdiyevdir. Filmin çəkilişlərinin ilk günləri idi. O filmdə sırf döyüş səhnələrini çəkmək üçün dəvət edilmişdim. Təxminən 20 gün işlədim bu film üzərində. Hesab edirəm ki, məni filmin çəkilişinə müharibədə olduğuma görə yox, uzun fokusda sərrast işləyən operatorlardan biri olduğum üçün dəvət etmişdilər.
SANKİ HAMI PUL QAZANMAĞA GƏLMİŞDİ…
– Bədii film müstəvisində Qarabağ müharibəsini əks etdirən filmlərimizin sayı demək olar ki, yox dərəcəsindədir. Siz razısınız bu fikirlə?
– Keçən il Altay Yaşar Xocalı haqqında bir film çəkmək istədiyi barədə status yazdı və bildirdi ki, kim könüllü olaraq hər hansı köməyi edə bilərsə müraciət etsin. Təsəvvür edin ki, maddi tərəfdən kömək edənlərin sayı yox dərəcəsində idi. Təqaüd alan bir yaşlı qadın öz təqaüdündən 60 manat, bir türkiyəli vətəndaş isə 1000 manat civarında pul vermişdi, vəssalam. Mən də ona demişdim ki, 2 gün davam edəcək çəkilişlərdə öz avadanlıqlarımı pulsuz verib, çəkilişdə iştirak edəcəm. Filmin adı, “Düşmən laylası”dır. Xocalıda baş verən hadisələrdən bir epizod əsasında çəkilən bir filmdir. Çəkiliş baş tutdu. Mən də öz avadanlığımla gəldim. Amma çox məyusedici bir mənzərə ilə qarşılaşdım. Sanki hamı pul qazanmağa gəlmişdi. Həqiqətən, çox məyus olmuşdum. Çünki bu, elə bir mövzudur ki, heç olmasa 1-2 gün belə filmlərin çəkilişində əlimizdən gələni etməliyik. Pul tərəfini düşünməli deyilik. Heç kimi qınamaq lazım deyil, doğrudur. Amma hər bir azərbaycanlı bu mövzuda əlindən gələn nəyi isə etməlidir. Amma film çətinliklə də olsa ərsəyə gəldi. Qısametrajlı, 10-15 dəqiqəlik bir filmdir.
– Kanallarımızda həmin film yayımlanıb?
– Bəli, 26 fevral, Xocalı günü “Düşmən laylası” kanalların birində yayımlandı. Amma sonra görmədim.
– Sizcə, doğrudanmı Xocalı haqqında filmin kanallarımızda yayımlanması üçün biz mütləq Xocalının ildönümünü gözləməliyik?
– Yox, əlbəttə. Yadımdadır, Amerikada 11 sentyabr hadisələrindən sonra müxtəlif müsabiqələr, təşəbbüslər olmuşdu. Onlardan ən çox yadımda qalanı 11 sentyabr haqqında 11 film təşəbbüsü idi. 11 sentyabrla bağlı hadisəyə yanaşma tərzi fərqli çox baxımlı filmlər çəkildi. Və həqiqətən də bütün dünyada baxıldı. Xocalıda hər hansı epizodu canlandırmaq üçün əlimizdə faktlar çoxdur. Ancaq biz özümüz laqeyidik belə mövzulara, təəssüf ki. Məncə, insanın bir şeyi etməsi üçün onu istəməsi lazımdır. İstəsək, edə bilərik.
Fuad Babayev,
Aynur Hüseynova
1905.az